2011-ci il 17 fevral tarixdə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununu qüvvəyə minmişdir. Həmin Konstitusiya Qanununun XIV fəslində hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydası, Dövlət Reyestrinə daxil edilən hüquqi aktların rekvizitləri və Dövlət Reyestrinin strukturu ilə bağlı müddəalar əks olunmuşdur.

    Bu Konstitusiya Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrini yaratmaq və hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırığı verilmişdir.

        Bu tapşırığa uyğun olaraq Ədliyyə Nazirliyi tərəfində hazırlanmış müvafiq Əsasnamə layihəsi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Qeyd edilən Fərmanla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin 2011-ci il noyabrın 1-dən fəaliyyətə başlamasını təmin edilməsi tapşırığı verilmişdir.

        Beləliklə, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı olan bu sayt həmin tarixdən etibarən fəaliyyət göstərir.

      Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri (bundan sonra – Dövlət Reyestri) Azərbaycan Respublikasında qəbul edilən normativ hüquqi aktları, normativ xarakterli aktları, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarını, həmçinin onların rekvizitlərini əks etdirən dövlət informasiya ehtiyatıdır.

       Dövlət Reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Hüquqi aktları qəbul etmiş orqanlar onları Dövlət Reyestrinə daxil edilmək üçün həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək Ədliyyə Nazirliyinə göndərirlər.

        Azərbaycan Respublikası ədliyyə nazirinin 2011-ci il 26 dekabr tarixli 24-T nömrəli əmri ilə Qanunvericilik baş idarəsinin strukturunda Hüquqi Aktların Dövlət Reyestri şöbəsi yaradılmışdır. Həmin şöbə tərəfindən Dövlət Reyestrinin formalaşdırılması, aparılması, idarə olunması, tamlığı, müvafiq internet informasiya ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi açıqlığı və mühafizəsi təmin edilir.

 
 
HÜQUQİ AKTLARIN AZƏRBAYCAN RESPUBLİKASININ
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ
DAXİL EDİLMƏSİ QAYDALARI HAQQINDA ƏSASNAMƏ
 
   
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ
AKTLARIN DÖVLƏT REYESTRİNİN
ELEKTRON VARİANTINDAN İSTİFADƏ QAYDALARI