AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏRKƏZİ BANKININ QƏRARI

Qəbul edildiyi tarix

10.07.2012

Qeydiyyat nömrəsi

16/2

Adı

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydalarının təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

24.07.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201207100162

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

23.07.2012

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının 1.5-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti:[1]

 

Q Ə R A R A   A L I R:

 

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları təsdiq edilsin (əlavə olunur);

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qaydaları 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;

3. Mərkəzi Bankın İdarə Heyətinin 17.07.2009-cu il tarixli qərarı ilə (21 nömrəli protokol) təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 01.09.2009-cu il tarixdə 3467 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları ləğv edilsin.

 

Sədr

Elman Rüstəmov

 


 

 

Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar  16/2

10 iyul 2012-ci il

 

Sədr

________________________

Elman Rüstəmov

 

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarının uçotu

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarına uyğun olaraq hazırlanmışdır. Qaydalar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) çıxarışlarının uçotu qaydalarını müəyyən edir.

1.2. KÖMİS-in çıxarışları sistem vasitəsi ilə istənilən ödəniş alətlərindən (nağd pul, bank hesabları və ödəniş kartları) istifadə edilməklə ödəniş aparılarkən avtomatik rejimdə generasiya olunan mədaxil qəbzləridir.

1.3. KÖMİS-in çıxarışları sistemə qoşulmuş dövlət qurumlarının, fiziki və hüquqi şəxslərə xidmət göstərən müəssisələrin müəyyən etdiyi müvafiq hesablara aparılmış ödənişlərin təsdiqidir.

1.4. KÖMİS-in çıxarışlarının bu Qaydalarda müəyyən edilmiş rekvizitləri özündə əks etdirən forması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

1.5. KÖMİS-in çıxarışlarının istifadəsinə nəzarət Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

1.6. KÖMİS-in çıxarışlarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etməyə yol verilmir.

 

2. KÖMİS çıxarışlarının rekvizitləri

 

2.1. KÖMİS-in çıxarışları ödəyicinin hansı ödəniş alətindən istifadə etməsindən asılı olmayaraq eyni formaya malikdir və aşağıdakı rekvizitləri özündə əks etdirir:

2.1.1. sistemin operatorunun adı;

2.1.2. mədaxil qəbzinin unikal nömrəsi və tarixi;

2.1.3. dövlət qurumunun və ya xidmət müəssisəsinin adı;

2.1.4. ödəyənin KÖMİS-də unikal kodu və adı;

2.1.5. dövlət qurumunun və ya kütləvi xidmət müəssisəsinin daxili informasiya sistemində ödəyicinin (abonentin) kodu, adı, ünvanı, istehlak qrupu, hüquqi şəxsin və ya fərdi sahibkarın VÖEN-i;

2.1.6. qaimə borcu, qaimə üzrə ödənilməli məbləğ, qaimə üzrə ödənilən məbləğ rəqəm və yazı ilə, ödəniş üçün xidmət haqqı (tutulduqda), cəmi məbləğ, qalıq borcu;

2.1.7. qaimə nömrəsi;

2.1.8. təsnifat kodu (büdcə təsnifatının kodu);

2.1.9. büdcə səviyyəsi (büdcə səviyyəsinin kodu);

2.1.10. büdcə təşkilatı (büdcə təşkilatının kodu);

2.1.11. ödəniş vasitəsi;

2.1.12. tranzaksiya nömrəsi (yalnız ödəniş kartları vasitəsilə aparılan ödənişlər zamanı);

2.1.13. ödənişi qəbul edən təşkilatın adı və VÖEN-i;

2.1.14. əməliyyatçının və ödəyənin adı (yalnız nağd ödənişlər zamanı).

2.2. Əməliyyatların xarakterindən asılı olaraq, KÖMİS-in çıxarışlarına əlavə rekvizitlər daxil edilir.

 

3. KÖMİS-in çıxarışlarının nömrələnməsi

 

3.1. KÖMİS-in çıxarışlarının sıra nömrəsi sistem tərəfindən avtomatik rejimdə generasiya olunur.

3.2. KÖMİS-in çıxarışlarının sıra nömrələrinin sistemdə unikallığı mərkəzləşdirilmiş qaydada təmin olunur.

 

4. KOMIS-in çıxarışlarının uçotunun aparılması

 

4.1. KÖMİS vasitəsilə aparılan ödənişlər üzrə çıxarışların uçotu sistemdə avtomatlaşdırılmış qaydada aparılır.

4.2. KÖMİS-də aparılan ödənişlər haqqında məlumatlar qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə elektron imza ilə təmin olunmuş elektron sənəd şəklində saxlanılır.

4.3. KÖMİS-də aparılan ödənişin təsdiqi barədə çıxarış dərhal və ya istənilən vaxt, o cümlədən təkrar əldə edilə bilər.

4.4. KÖMİS-in çıxarışları 2 (iki) nüsxədən ibarət çap olunmaqla 1 (bir) nüsxəsi ödəyənə təqdim olunur, 1 (bir) nüsxəsi isə ödənişi qəbul edən təşkilatda saxlanılır (ödəniş sistem vasitəsilə bilavasitə ödəyici tərəfindən aparıldığı hal istisna olmaqla).


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       03 avqust 2016-cı il tarixli 34/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201608030343, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 avqust 2016-cı il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 03 avqust 2016-cı il tarixli 34/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201608030343, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 avqust 2016-cı il) ilə ləğv edilmişdir.