AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

14.12.2012

Qeydiyyat nömrəsi

19

Adı

“Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına dair” Qaydalar təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

25.12.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201212140019

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

24.12.2012

 

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanını və 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

QƏRARA ALIR:

 

1. “Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına dair” Qaydalar təsdiq edilsin (Əlavə olunur). [1]

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaları 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Tədavülün tənzimlənməsi şöbəsinə (A.Xudaverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. QKDK sədrinin 08 dekabr 2004-cü il tarixli “Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaların qarşısının alınması” Qaydaları və 05 oktyabr 2004-cü il tarixli “Qiymətli kağızlar bazarında xidməti məlumatın saxlanması, istifadəsi və təqdim edilməsi” Qaydaları qüvvədən düşmüş hesab edilsin.

5. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

6. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

Sədr                                                                                            R.Aslanlı

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 19

“14” dekabr 2012-ci il

 

Sədr

 

_______________

 

R.Aslanlı

 

Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına dair

 

QAYDALAR

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə ”Azərbaycan Respublikası Prezidentinin 29 mart 2004-cü il tarixli 44 nömrəli Fərmanının 2.2-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar xidməti məlumatın saxlanmasını, istifadəsini, təqdim edilməsini, açıqlanmasını, insayderlər tərəfindən özünə məxsus qiymətli kağızlar ilə apardığı əməliyyat barədə məlumatın açıqlanmasını və qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına dair tədbirləri müəyyən edir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya digər dövlət orqanları tərəfindən pul, dövlət borc və valyuta tənzimi siyasətinin həyata keçirilməsi məqsədilə aparılan əməliyyatlara şamil edilmir.

1.4. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar:

1.4.1 qiymətli kağızlar bazarında sui-istifadə - xidməti məlumatdan istifadə etməklə əqdlərin bağlanması və qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaların həyata keçirilməsidir;

1.4.2. İnsayderlərə aşağıdakı şəxslər aid edilir:

1.4.2.1. emitentin direktorlar (müşahidə) şurasının (bu orqanlar olduqda) və icra orqanlarının üzvləri;

1.4.2.2. emitentin fəaliyyətinə nəzarət edən şəxslər;

1.4.2.3. xidməti məlumatı tutduğu vəzifəyə, müqaviləyə, yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxslər;

1.4.2.4. emitentin nizamnamə kapitalının on faizindən artıq hissəsinə malik olan şəxslər;

1.4.2.5. son altı ay ərzində bu Qaydaların 1.4.2.1-1.4.2.4-cü bəndlərinin təsiri altına düşən şəxslər.

 

2. Xidməti məlumatın təqdim edilməsi və açıqlanması

 

2.1. Xidməti vəzifələrin həyata keçirilməsi ilə əlaqədar xidməti məlumatın açıqlanması halları istisna olmaqla, digər şəxslərə həmin məlumatın təqdim edilməsinə yol verilmir.

2.2. Qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilən emitent (bundan sonra - emitent), yaxud dolayı yolla onun adından çıxış edən şəxs tərəfindən xidməti məlumat digər şəxsə təqdim edildikdə, emitent həmin məlumatın öz internet səhifəsində (olduqda) və fond birjası fəaliyyətini həyata keçirən şəxsin (bundan sonra – fond birjası) internet səhifəsində açıqlanmasını təmin edir. Həmin məlumatda dəyişikliklər baş verdikdə, emitent dərhal bu barədə məlumatın açıqlanmasını təmin edir.

2.3. Fond birjası emitent tərəfindən açıqlanma üçün təqdim edilən məlumatı daxil olan andan dərhal açıqlanmasını təmin edir. Məlumat azı 6 (altı) ay müddətində ictimaiyyət üçün açıq olur.

2.4. Açıqlanan məlumat dəqiq və səlis ifadə olunur. Natamam, qeyri-dəqiq, təhrif edilmiş və iki mənalı məlumatların açıqlanmasına yol verilmir.

2.5. Emitent xidməti məlumatın saxlanmasına, açıqlanmasına və açıqlanmış məlumatların tamlığına və dürüstlüyünə görə məsuliyyət daşıyır.

2.6. Xidməti məlumat müqavilə əsasında onun qorunmasını təmin etmək öhdəliyi olan digər şəxsə təqdim edildikdə, həmin məlumatın açıqlanması tələb olunmur.

2.7. Emitent xidməti məlumatların saxlanması, açıqlanması və əldə edilməsinə dair daxili qaydaları qəbul edir.

2.8. Qiymətli kağızlar bazarında broker fəaliyyətini həyata keçirən şəxs (bundan sonra – broker) qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müştəri tərəfindən ona təqdim edilmiş və ya icra prosesində olan sifariş haqqında məlumatları, digər şəxslərə təqdim etməməlidir.

2.9. Broker müştəri tərəfindən ona təqdim edilmiş sifarişdə olan məlumatları öz maraqları üçün istifadə etməməlidir.

 

3. İnsayder siyahısı

 

3.1. Emitent xidməti məlumatı əldə etmək imkanına malik olan şəxslər haqqında məlumatları əks etdirən insayder siyahısını tərtib edir.

3.2. İnsayder siyahısında aşağıdakı məlumatlar əks olunur:

3.2.1. xidməti məlumatı əldə etmək imkanına malik olan şəxs haqqında məlumat (fiziki şəxs olduqda - adı, atasının adı, soyadı, hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, VÖEN və həmin hüquqi şəxsin adından çıxış edən fiziki şəxsin adı, atasının adı, soyadı);

3.2.2. şəxsin siyahıya daxil edilmə səbəbi;

3.2.3. siyahının tərtib edildiyi və yeniləndiyi tarix.

3.3. Emitent insayder siyahısını QKDK-nın sorğusu əsasında sorğu alınan gündən sonra 1 (bir) iş günü ərzində təqdim edir.

3.4. İnsayder siyahısında əks olunan məlumatlarda aşağıdakı dəyişikliklər baş verdikdə, insayder siyahısı dərhal yenilənir:

3.4.1. hər hansı bir şəxsin siyahıya daxil edilmə səbəbi dəyişdikdə;

3.4.2. siyahıya yeni şəxs daxil edildikdə;

3.4.3. siyahıya daxil edilmiş şəxsin xidməti məlumata artıq daxilolma imkanı olmadıqda;

3.4.4. siyahıya daxil edilmiş şəxs haqqında məlumatlarda dəyişikliklər baş verdikdə.

3.5. Emitent hər hansı bir şəxsi insayder siyahısına daxil etdikdə və ya siyahıdan çıxartdıqda bu barədə həmin şəxsi məlumatlandırır.

3.6. Emitent insayder siyahısının 5 (beş) il müddətində saxlanılmasını təmin edir.

 

4. İnsayder əqdləri haqqında məlumatların açıqlanması

 

İnsayder öz hesabına aidiyyatı olduğu emitentin səhmləri ilə və ya baza aktivi həmin səhmlər olan törəmə qiymətli kağızlarla əqd bağladıqda,İnsayder əqdi haqqında məlumat”ı (Əlavə ¹ 1) əqdin bağlandığı tarixdən etibarən 1 (bir) iş günü ərzində QKDK-ya və həmin emitentə təqdim edir. Emitent məlumatı aldığı gündən sonra 1 (bir) iş günü ərzində bu Qaydaların 2.2-ci bəndində müəyyən olunmuş qaydada açıqlanmasını təmin edir.

 

5. Qiymətli kağızlar bazarında sui-istifadələrin

qarşısının alınmasına dair tədbirlər

 

5.1. Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması məqsədi ilə aşağıdakıların həyata keçirilməsinə yol verilmir:

5.1.1. qiymətli kağızlar bazarında yanlış və ya təhrif olunmuş məlumatın açıqlanmasına;

5.1.2. kütləvi informasiya və ya hər hansı digər vasitələr ilə qiymətli kağızlara dair yanlış və yayındırıcı təsəvvür yaradan və ya yarada biləcək xəbərlərin, şayiələrin və digər məlumatların yayılmasına;

5.1.3. xidməti məlumat əsasında digər şəxslərin qiymətli kağızların alınmasına (satılmasına) və ya alınmasından (satılmasından) imtina edilməsinə təhrik edilməsinə və ya tövsiyələrin verilməsinə;

5.1.4. xidməti məlumatdan istifadə etməklə öz və ya digər şəxslərin hesabına birbaşa və ya dolayı yolla qiymətli kağızların alqı-satqısına və ya belə əqdlərin keçirilməsinə cəhd edilməsinə;

5.1.5. şəxs tərəfindən eyni qiymətli kağızların bir vaxtda alınması və satılması üzrə tapşırıqların verilməsinə;

5.1.6. yanlış təsəvvürün yaradılması məqsədi ilə qiymətli kağızlar üzrə ticarətin süni olan aktivliyinin nümayiş etdirilməsinə;

5.1.7. qiymətli kağızların qiymətinə və ya onlara olan tələb və təklifə dair yanlış və ya aldadıcı məlumatları verən və ya verə bilən əqdlərin bağlanması və ya tapşırıqların verilməsinə;

5.1.8. saxta vasitələrdən istifadə etməklə və ya qiymətli kağızlarla saxtakarlıqla müşayiət olunan əqdlərin bağlanması və ya belə əqdlərin bağlanması üçün tapşırıqların verilməsinə.

5.2. Fond birjası sui-istifadə hallarının aşkar edilməsi və qarşısının alınması üçün daxili qaydaları qəbul edir.

5.3. Qiymətli kağızlarla əqdlərin bağlanması zamanı sui-istifadə halları barədə şübhə olduqda, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları şübhə yaradan səbəblər göstərilməklə QKDK-ya dərhal məlumat verməlidirlər. Həmin məlumatların digər şəxslərə açıqlanmasına yol verilmir.

5.4. Bu Qaydaların 4.1-ci və 5.3-cü bəndlərində göstərilən məlumatları təqdim edən şəxs qeyri-dürüst məlumatları əks etdirdiyini aşkar etdikdə, o 1 (bir) iş günü ərzində dəqiqləşdirilmiş məlumatı QKDK-ya təqdim edir.

5.5. Qiymətli kağızlar bazarında sui-istifadə halları aşkar edildikdə QKDK aşağıdakı tədbirləri həyata keçirir:

5.5.1. əqdin bağlanmasını və ya icrasını dayandırır;

5.5.2. əqdin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırır;

5.5.3. peşəkar fəaliyyət ilə məşğul olmaq üçün verilmiş lisenziyanın fəaliyyətini dayandırır və ya ləğv edilməsi üçün məhkəmədə iddia qaldırır;

5.6. Sui-istifadə nəticəsində zərər çəkmiş şəxs, sui-istifadəni həyata keçirən şəxsdən ona dəyən maddi zərərin ödənilməsini tələb edə bilər.
 

 


 

“Qiymətli kağızlar bazarında sui-istifadələrin

qarşısının alınmasına dair Qaydalar”a

Əlavə ¹ 1

 

“İnsayder əqdləri haqqında məlumat”

 

1.

Emitentin tam adı

 

2.

Əqdi bağlayan fiziki şəxs olduqda - adı, soyadı, atasının adı; hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı

 

3.

Məlumat vəkil edilmiş şəxs tərəfindən təqdim edildikdə - fiziki şəxs olduqda - adı, atasının adı, soyadı; hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı və onun adından çıxış edən şəxsin adı, atasının adı, soyadı

 

4.

Məlumatın təqdim edilməsi səbəbi

 

5.

Qiymətli kağızın növü

 

6.

Qiymətli kağızların sayı

 

7.

Bir qiymətli kağızın qiyməti

 

8.

Əqdin məbləği

 

9.

Əqdin istiqaməti (alqı/satqı)

 

10.

Əqdin bağlanma tarixi və yeri

 

11.

Əqdin bağlanmasından sonra şəxsin mülkiyyətində olan həmin emitentin qiymətli kağızlarının sayı və emitentin nizamnamə kapitalında payı (faizlə)

 

12.

Məlumatın təqdim edilmə tarixi

 

 

 

______________________       ___________________________________

(imza)                                                     (adı, soyadı)

 

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 sentyabr 2015-ci il tarixli 09-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509290009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2015-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 sentyabr 2015-ci il tarixli 09-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509290009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2015-ci il) ilə 2012-ci il 14 dekabr tarixli 19 nömrəli Qərarın birinci hissəsi ləğv edilmişdir.