AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Qəbul edildiyi tarix: 11.04.2013
Qeydiyyat nömrəsi: 3/14
Adı: “Bələdiyyə seçkilərində seçki fondlarına daxil olmuş pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 76
Qüvvəyə minmə tarixi: 24.04.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.230.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 22201304110314
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 23.04.2013


“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 18 iyun 2010-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin bəzi müddəalarına dəyişikliklər edilmişdir. Bununla əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının qüvvədə olan müvafiq normativ xarakterli aktları həmin Qanuna uyğunlaşdırılmalı və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.1-ci və 75.2-ci maddələrinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 dekabr 2011-ci il tarixli 15/50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydaları”nın 3.4-cü bəndinə uyğun olaraq qərara alır :

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 avqust 2009-cu il tarixli 23-6 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində seçki fondlarına daxil olmuş pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədən ”229” rəqəmi çıxarılsın.

1.2. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:

“Seçki Məcəlləsinin 230-cu maddəsində və bu Təlimatın 5-ci bəndində nəzərdə tutulmayan qeydə alınmış namizəd yekun maliyyə hesabatının verilməsi ilə yanaşı müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə götürürsə, bələdiyyə büdcəsinin geri qaytarılası vəsaitini səsvermə günündən başlayaraq 6 ay müddətində müvafiq bələdiyyənin hesabına qaytara bilər”.

1.3. 9-cu hissədə “Məcəllə” sözü “Seçki Məcəlləsi” sözləri, “vəsaitlərin” sözü isə “vəsaitinin” sözü ilə əvəz edilsin, “Mərkəzi Seçki Komissiyası, ictimai”, “dövlət və” sözləri çıxarılsın.

2. Təlimat edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin.

 

 

Sədr

Məzahir Pənahov

 

 

Katib

Arifə Muxtarova

 

 

Katib

Mikayıl Rəhimov

 

 


 

Razılaşdırılmışdır:

 

Azərbaycan Respublikası

Mərkəzi Bankının sədri

 

____________ E.S.RÜSTƏMOV

Azərbaycan Respublikası Mərkəzi Seçki

Komissiyasının 24 avqust 2009-cu il tarixli

23-6 saylı Qərarı ilə təsdiq edilmiş, 23 avqust 2011-ci il tarixli 6/15-7 saylı və 11 aprel 2013-cü il tarixli 3/14 saylı Qərarları ilə dəyişikliklər edilmişdir.

 

Mərkəzi Seçki Komissiyasının sədri

 

___________________ M.M.PƏNAHOV

 

 

Bələdiyyə seçkilərində seçki fondlarına daxil olmuş

pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında

 

Təlimat

 

1. Bələdiyyə seçkiləri zamanı bələdiyyə üzvlüyünə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına daxil olan pul vəsaitlərinin geri qaytarılması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 90.5 – 90.7-ci, 226.4-cü, 230-cu, 232-ci və 233-cü maddələri ilə müəyyən edilir.

2. Müvafiq seçki komissiyasında qeydə alınmamış namizəd, namizədləri qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku  yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytara bilər. Qeydə alınmamış namizəd, namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu hüquqdan istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.

3. Qeydə alınmış namizədə, namizədi qeydə alınmış siyasi partiyaya, siyasi partiyaların blokuna ictimai teleradio təşkilatına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini ödəyənədək onların seçki fonduna pul ianəsi köçürmüş vətəndaşlara və hüquqi şəxslərə seçki fondlarının xərclənməmiş pul vəsaitini qaytarmaq qadağandır.         

4. Namizədin, qeydə alınmış namizədin irəli sürüldüyü bələdiyyə dəyişdikdə, o, xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytarmalıdır.

5. Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilmiş səslərinin azı 3 faizini toplamış namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək Seçki Məcəlləsinin 73-1.3-cü maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri götürmüş qeydə alınmış namizəd, bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 15 gün müddətində bələdiyyənin onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş hissəsini həmin bələdiyyəyə qaytarmağa borcludur.

Bu müddət başa çatdıqda müvafiq bank müvafiq bələdiyyənin məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onların hesabına köçürməlidir.

6. Namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvəkkil bank səsvermə günündən 30 gün keçdikdən sonra müvafiq bələdiyyə büdcəsinin mədaxilinə köçürməlidir.

7. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda bələdiyyə pul vəsaitinin qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku tərəfindən qaytarılması, habelə siyasi partiyalara, siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.

8. Seçki Məcəlləsinin 230-cu maddəsində və bu Təlimatın 5-ci bəndində nəzərdə tutulmayan qeydə alınmış namizəd yekun maliyyə hesabatının verilməsi ilə yanaşı müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə götürürsə, bələdiyyə büdcəsinin geri qaytarılası vəsaitini səsvermə günündən başlayaraq 6 ay müddətində müvafiq bələdiyyənin hesabına qaytara bilər.

9. Seçki Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmayan və həmin maddənin tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların bloku Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş müddətdə teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, bələdiyyə büdcəsinin vəsaitlərinin, habelə istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 6 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.    

10. Bu Təlimatın 8-ci və 9-cu bəndlərində nəzərdə tutulan öhdəliklər yerinə yetirilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır.

11. Seçki Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Təlimatın 8-ci və 9-cu bəndlərində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı verilənədək  göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.

12. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizədin, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur.

Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, siyasi partiyanın, siyasi partiyalar blokunun üzərinə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur.  

_________