AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Qəbul edildiyi tarix: 02.04.2013
Qeydiyyat nömrəsi: 2/6
Adı: “Dövlət avtomatlaşdırılmış informasiya sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 68
Qüvvəyə minmə tarixi: 13.04.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.100.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 22201304020026
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 12.04.2013


Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 1803 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzi Komissiya Katibliyinin tərkibinə daxil edilmiş və həmin Sərəncamın icrası məqsədi ilə Mərkəzi Seçki Komissiyası 23 dekabr 2011-ci il tarixli 17/54 saylı qərarı ilə Mərkəzi Seçki Komissiyası Katibliyinin struktur və ştat vahidlərində dəyişikliklər etmişdir.

Bununla əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyası 16 iyul 2003-cü il tarixli 15/87 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət avtomatlaşdırılmış informasiya sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi haqqında Təlimat”a müvafiq dəyişiklik etməli və onu Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərməlidir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.1-ci və 75.2-ci maddələrinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 dekabr 2011-ci il tarixli 15/50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydaları”nın 3.4-cü bəndinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16 iyul 2003-cü il tarixli 15/87 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət avtomatlaşdırılmış informasiya sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü bənddə “nəzdində fəaliyyət göstərən “Seçkilər” və “Seçkilər” sözləri müvafiq olaraq “Katibliyinin” sözü ilə əvəz edilsin;

1.2. 4-cü və 11-ci bəndlərdə “Seçkilər” sözü “Katibliyinin” sözü ilə əvəz edilsin.

2. Təlimat edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin.

 

 

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov

 

 

 


 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16 iyul 2003-cü il tarixli 15/87 saylı Qərarı ilə təsdiq edilmiş, 2 aprel 2013-cü il tarixli 2/6 saylı Qərarı ilə dəyişiklik edilmişdir.

 

Dövlət avtomatlaşdırılmış informasiya sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi haqqında

 

T Ə L İ M A T

 

1. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərində, Azərbaycan Respublikası Prezidentinin seçkilərində, Azərbaycan Respublikasında bələdiyyə seçkilərində və Referendumda Dövlət avtomatlaşdırılmış informasiya sistemindən (DAİS) istifadə edilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin 110-cu maddəsi ilə müəyyən olunur.

2. DAİS-dən seçkilər (referendum) keçirilərkən, o cümlədən seçicilər qeydə alınarkən, seçicilərin siyahıları tərtib edilərkən, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında müəyyənləşdirilərkən məlumatların vaxtında alınması, verilməsi və yenidən işlənib hazırlanmasında istifadə oluna bilər.

3. DAİS-in funksiyalarını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən “Seçkilər” Katibliyin İnformasiya Mərkəzi yerinə yetirir. Dairə və məntəqə seçki komissiyalarında isə həmin vəzifələr müvafiq komissiyaların yanında kompüter operatoru (operatorları) rəhbərliyi “Seçkilər” Katibliyin İnformasiya Mərkəzi həyata keçirir.

4. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46.11-ci və 46.12-ci maddələrinə əsasən Azərbaycan Respublikası üzrə seçicilərin vahid siyahısı DAİS-dən istifadə etməklə Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib olunur. DAİS-ə daxil edilmiş seçicilər haqqında məlumatların yayılmamasına dövlət təminat verir və bu məlumatların yayılmaması üçün “Seçkilər” Katibliyin İnformasiya Mərkəzi məsuliyyət daşıyır.

5. DAİS-dən və ya ayrılıqda onun texniki vasitələrindən istifadə edilməsinə nəzarət məqsədilə müvafiq seçki komissiyası öz qərarı ilə seçki komissiyasının həlledici səs hüquqlu və məşvərətçi səs hüquqlu üzvlərindən ibarət xüsusi qrup yaradır. Nəzarət qrupu avtomatlaşdırılmış vasitələr kompleksinin işə hazır olmasını, seçki komissiyalarının protokollarından çıxarılan və sistemə verilən, eləcə də protokola əlavə edilən məlumatların düzgünlüyünü yoxlayır, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə, bu Təlimata və başqa normativ sənədlərə əməl olunmasına, müvafiq seçki komissiyasının reqlamentinə və planlarına əsasən DAİS-dən istifadə edilməsi üçün nəzərdə tutulmuş hərəkətlərin sənədləşdirilməsinə nəzarət edir. Nəzarət qrupu avtomatlaşdırılmış informasiya sistemləri sahəsindəki mütəxəssisləri öz işinə cəlb edə bilər.

6.        Nəzarət qrupu üzvlərinin aşağıdakı hüquqları vardır:

6.1.           texniki rabitə kanalı ilə müvafiq seçki komissiyasına verilən hər hansı məlumatla tanış olmaq;

6.2.           DAİS-in texniki sənədləşdirilməsi ilə əlaqədar və sistemin bütün texniki heyətinin hərəkətlərinə aid izahat tələb etmək;

6.3.           əllə və texniki vasitələrlə işlənmiş məlumatları müqayisə etmək;

6.4.           hərəkətləri qanuna zidd olduqda, sistemin işçi heyətinin hər hansı biri və ya müşahidəçilər barədə seçki komissiyasının sədrinə məlumat vermək və pozuntuların qaldırılması, yaxud həmin pozuntulara yol vermiş şəxslərin kənarlaşdırılması barədə təklif vermək.

Nəzarət qrupunun keçirdiyi yoxlamanın nəticələri müvafiq seçki komissiyasının cari sənədlərində əks olunmalıdır.

7. Seçki komissiyalarının bütün üzvlərinin, müşahidəçilərin, kütləvi informasiya vasitələri nümayəndələrinin DAİS-ə daxil edilən və oradan çıxarılan hər hansı məlumatla, operatorun (operatorların) işinə mane olmamaq və hər kəsin şəxsi toxunulmazlıq hüququnu gözləmək şərtilə tanış olmaq hüququ vardır.

8. Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə seçki komissiyalarının protokolları imzalananadək, aşağı seçki komissiyalarının yuxarı seçki komissiyalarına məlumat verməsi əsasında müvafiq seçki komissiyaları DAİS-dən səsvermənin gedişini və nəticələrini müşahidə etmək üçün istifadə edirlər. Bu müddətdə yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsi qadağandır.

9. Nəzarət qrupları səsvermənin gedişi və seçkilərin nəticələri barədə məlumatların DAİS-ə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi hesabat saatlarına uyğun olaraq, seçicilərin artan yekunla səsverməsi nəzərə alınmaqla təxirəsalınmadan təqdim etməlidir. Məlumatlar eyni hesabat saatlarına uyğun olaraq hissə-hissə də ötürülə bilər.

10. Səsvermənin gedişi və onun nəticələri barədə DAİS vasitəsilə alınan məlumatlar hüquqi əhəmiyyət daşıyan ilkin məlumatlar hesab olunur.

11. Seçki komissiyalarından alınan məlumatlar dərhal kompüterə daxil edilir və printerdə çap olunaraq, rəsmi təsdiqlənmək üçün nəzarət qrupuna təqdim edilir. Nəzarət qrupunun üzvləri və məlumatın hazırlanması (verilməsi) üçün məsul olan şəxs məlumatların düzgünlüyünü imzaları ilə təsdiq etdikdən sonra məlumat “Seçkilər” Katibliyin İnformasiya Mərkəzinə ötürülür.

12. Seçki komissiyasının katibində saxlanılan seçki komissiyasının protokoluna DAİS-ə daxil edilmiş məlumatların kompüter vasitəsi ilə çap olunmuş mətni əlavə edilir.