AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Qəbul edildiyi tarix: 02.04.2013
Qeydiyyat nömrəsi: 2/7
Adı: “Bələdiyyə seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 68
Qüvvəyə minmə tarixi: 13.04.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.230.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 22201304020027
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 12.04.2013


“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin bəzi müddəalarına dəyişikliklər edilmişdir. Bununla əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının qüvvədə olan müvafiq normativ xarakterli aktları həmin Qanuna uyğunlaşdırılmalı və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.1-ci və 75.2-ci maddələrinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 dekabr 2011-ci il tarixli 15/50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydaları”nın 3.4-cü bəndinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 avqust 2009-cu il tarixli 23-7 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”ın 4.2-ci bəndində “35” rəqəmi “ 30” rəqəmi ilə əvəz edilsin.

2. Təlimat edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin.

 

 

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov

 

 

 


 

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 avqust 2009-cu il tarixli 23-7  saylı Qərarı ilə təsdiq edilmiş, 23 avqust 2011-ci il tarixli 6/15-8 saylı və 2 aprel 2013-cü il tarixli 2/7 saylı Qərarları ilə dəyişikliklər edilmişdir.

 

 

Bələdiyyə seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında

 

T Ə L İ M A T

 

1. Ümumi müddəalar

 

1.1. Bu Təlimat Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində (bundan sonra – bələdiyyə seçkiləri) kütləvi informasiya vasitələrindən istifadə etməklə seçkiqabağı təşviqatın aparılması qaydalarını müəyyən edir.

Təlimat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin, Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi), “Kütləvi informasiya vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun hazırlanmışdır.

1.2. Təlimatda istifadə olunan bəzi anlayışların izahı:

1.2.1. televiziya və radio (bundan sonra – teleradio) vasitələri ilə seçkiqabağı təşviqat – seçiciləri hər hansı namizədin lehinə səs verməyə təbliğ etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada və formada məlumatların teleradio vasitələri ilə yayımlanması;

1.2.2. dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqat – seçiciləri hər hansı namizədin lehinə səs verməyə çağırmaq məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada və formada məlumatların dövri nəşrlərdə yerləşdirilməsi;

1.2.3. kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın növləri – çıxış, müsahibə, mətbuat konfransı, açıq müzakirə, debat, “dəyirmi masa”, siyasi reklam, namizəd haqqında teleoçerklər və videofilmlər (bədii filmlər istisna olmaqla);

1.2.4. çıxış – seçkiqabağı proqram və platformanın teleradio verilişləri vasitəsilə seçicilərə açıqlanması;

1.2.5. müsahibə – qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin*, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin KİV nümayəndələri ilə görüşləri zamanı həmin nümayəndələr tərəfindən verilən sualların cavablandırılması;

1.2.6. mətbuat konfransı – qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, onların səlahiyyətli nümayəndələrinin və qanunla müəyyən edilmiş digər şəxslərin kütləvi informasiya vasitələrində suallara cavablar da daxil olmaqla, namizədin seçkiqabağı proqramının şərh edilməsi;

1.2.7. açıq müzakirə – seçkiqabağı proqram və platformanın digər subyektlərlə müzakirə edilməsi;

1.2.8. debat – qeydə alınmış iki və ya daha çox namizədin, habelə siyasi partiya, siyasi partiyaların bloku adından onların buna vəkil edilmiş nümayəndələrinin seçkiqabağı proqramları ilə əlaqədar açıq fikir mübadiləsi;

1.2.9. “dəyirmi masa” – seçkiqabağı təşviqat tədbirləri çərçivəsində qeydə alınmış namizədlərlə, siyasi partiyaların, siyasi partiyalar bloklarının nümayəndələri ilə kütləvi informasiya vasitələrinin nümayəndələri, televiziya tamaşaçıları, radio dinləyiciləri arasında sual-cavab və fikir mübadiləsi;

1.2.10. siyasi reklam – ictimai rəyin seçki proqramının və ya platformasının lehinə formalaşdırılması məqsədilə reklam materiallarının qanunla müəyyən edilmiş qaydada kütləvi informasiya vasitələrində yerləşdirilməsi.

 

2. Seçkiqabağı təşviqatın müddəti və subyektləri

 

2.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqat  səsvermə gününə 23 gün qalmış başlayır və səsvermə gününə 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün saat 8.00-dan başlayaraq hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

2.2. Seçkiqabağı təşviqat aparmaq hüququna malik olan subyektlər aşağıdakılardır:

2.2.1. qeydə alınmış namizədlər;

2.2.2. namizədləri qeydə alınmış siyasi partiyalar;

2.2.3. namizədləri qeydə alınmış siyasi partiyaların blokları;

2.2.4. bu Təlimatın 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərində göstərilən subyektlərin adından seçkiqabağı təşviqat onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən onlara verilmiş səlahiyyətlər daxilində aparıla bilər.

2.3. Seçkiqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım imkanlarına görə iştirakı nəzərdə tutulan teleradio verilişləri təşkilatları aşağıdakılardır:

2.3.1. ictimai teleradio verilişləri təşkilatları – Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna, yaxud azına yayımlanan ictimai teleradio verilişləri təşkilatları;

2.3.2. özəl teleradio verilişləri təşkilatları – təsisçiləri fiziki və hüquqi şəxslər olan və xüsusi mülkiyyətə əsaslanan teleradio verilişləri təşkilatları;

2.3.3. bələdiyyə teleradio verilişləri təşkilatları - təsisçiləri bələdiyyə qurumları hesab edilən teleradio təşkilatları.

2.4. Seçkiqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım imkanlarına görə iştirakı nəzərdə tutulan dövri nəşrlər aşağıdakılardır:

2.4.1. dövlət dövri mətbuat nəşrləri – təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və ya dövlət büdcəsindən maliyyələşdirilən Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna, yaxud yarısından azına yayımlanan dövri nəşrlər;

2.4.2. özəl dövri nəşrlər – təsisçiləri ayrı-ayrı fiziki və ya hüquqi şəxslər olan dövri nəşrlər;

2.4.3. bələdiyyə dövri nəşrləri – təsisçiləri bələdiyyə qurumları hesab edilən dövri nəşr redaksiyaları.

2.5. Bu Təlimatın 2.3.1, 2.3.3, 2.4.1 və 2.4.3-cü bəndlərində göstərilən teleradio verilişləri təşkilatları tərəfindən seçkiqabağı təşviqat üçün ayrılan efir vaxtı, eləcə də dövri nəşrlər tərəfindən ayrılan yer ödənişsiz və ya ödənişli əsaslarla, bu Təlimatın 2.3.2-ci və 2.4.2-ci bəndlərində göstərilən qurumlar tərəfindən isə yalnız ödənişli əsaslarla həyata keçirilir.

 

3. Ödənişsiz əsaslarla teleradio verilişləri təşkilatlarında efir vaxtının, habelə dövri nəşrlərdə dərc üçün yerin ayrılması qaydaları və şərtləri

 

3.1. Respublika üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan ictimai teleradio verilişləri təşkilatında ödənişsiz efir vaxtı, Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan, həftədə azı bir dəfə çıxan dövlət dövri nəşrlərində ödənişsiz dərc üçün müvafiq yer almaq hüququ vardır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) həmin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlər redaksiyalarının siyahısını seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsi günündən sonra 20 gündən gec olmayaraq Milli Televiziya və Radio Şurasının, habelə Azərbaycan Mətbuat Şurasının təqdimatına əsasən dərc edir.

3.2. Azərbaycan Respublikasının ərazisinin yarısından az hissəsində verilişləri yayımlanan ictimai teleradio verilişləri təşkilatları, Azərbaycan Respublikasının ərazisinin yarısından az hissəsində yayımlanan dövlət dövri nəşrlərin redaksiyaları bələdiyyələrin 1/3-dən çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müvafiq inzibati ərazi vahidində seçkiqabağı təşviqat aparmaq imkanı yarada bilərlər. Həmin teleradio verilişləri təşkilatlarının, dövri nəşr redaksiyalarının siyahısı seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc edildikdən sonra ən geci 30 gün ərzində Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının və Azərbaycan Mətbuat Şurasının təqdimatı ilə müvafiq dairə seçki komissiyası tərəfindən dərc edilir. 

3.3. Bələdiyyə teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları həmin bələdiyyə üzvlüyünə qeydə alınmış bütün namizədlər üçün, həmçinin namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloklarına təşviqatın aparılmasına bərabər şərait və imkanlar yaratmağa borcludurlar.

3.4. Bu Təlimatın 3.1, 3.2 və 3.3.-cü bəndlərində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları seçkilər başa çatdıqdan sonra səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin 3 faizindən az səs toplamış qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin ödənişsiz efir vaxtının və dərc üçün yerin haqqının ödənilməsinin təmin olunması məqsədilə seçkiqabağı təşviqat başlananadək müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına və ya dairə seçki komissiyalarına ödənişsiz efir vaxtının həcmi və dəyəri barədə məlumat verirlər.

3.5. Seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları arasında onların verdikləri ərizə əsasında bu Təlimatın 3.1, 3.2, 3.3-cü bəndlərində göstərilən teleradio verilişləri təşkilatlarında ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədilə müvafiq teleradio verilişləri təşkilatları tərəfindən püşkatma keçirilir.

3.5.1. Ümumi qeydəalma başa çatdıqdan sonra təşviqat subyektləri tərəfindən bu Təlimatın 3.5-ci bəndində göstərilən müddətdən əvvəl püşkatmanı keçirən orqana müraciət edilə bilər. Teleradio verilişləri təşkilatları həmin ərizələr əsasında püşkatmanı vaxtından əvvəl keçirə bilər.

3.5.2. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında məlumat püşkatma keçirən orqan tərəfindən püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmış rəsmi dərc edilir.

3.5.3. Püşkatmanın keçirilməsində müvafiq seçki komissiyasının üzvləri, namizədlər, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri, qanunvericiliklə müəyyən olunmuş qaydada müşahidəçi statusu almış Azərbaycan Respublikasının vətəndaşları, KİV nümayəndələri və beynəlxalq müşahidəçilər iştirak edə bilərlər.

3.5.4. Püşkatma müvafiq teleradio verilişləri təşkilatlarının yaratdığı püşkatma komissiyası tərəfindən təşkil edilir və həyata keçirilir. Püşkatma, püşkatma komissiyasının elan etdiyi gündə, saatda və efir vaxtından istifadə etmək üçün müraciət etmiş qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri arasında, teleradio verilişləri təşkilatları nümayəndələrinin və bu Təlimatın 3.5.3-cü bəndində göstərilən subyektlərin iştirakı ilə keçirilir.

3.5.5. Püşkatma üçün aralarında püşkatma keçirilməli olan subyektlərin sayına müvafiq miqdarda eyni ölçülü, bir-birindən fərqlənməyən dördkünc kağız parçaları hazırlanır. Həmin kağız parçaları efir vaxtının, habelə dövri nəşrlərdə dərc üçün ayrılmış yerin həcmi göstərilməklə nömrələnir, dörd yerə bükülür və qutuya salınaraq qarışdırılır. Sonra püşkatma komissiyası üzvlərinin hər biri  növbə ilə qutudan bir büküm çıxararaq, orada yazılmış nömrəni elan edir. Bu iş püşkatmada iştirak edən namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin arzusu ilə onlara da həvalə edilə bilər.

3.5.6. Püşkatma nəticəsində efir vaxtının verilməsi müvafiq protokolla rəsmiləşdirilərək buna dair cədvəl (Təlimata 1 saylı əlavə) tərtib olunur, həmin cədvəl  püşkatmanı təşkil etmiş seçki komissiyasına təqdim edilərək onun tərəfindən qanunla müəyyən edilmiş qaydada dərc edilir.

3.6. Dövri nəşrlərdə dərc üçün yerin ayrılması ilə bağlı püşkatma bu Təlimatın 3.5-ci bəndində nəzərdə tutulmuş qaydada və müddətdə keçirilir.  Püşkatmanın nəticələri ilə bağlı protokol və cədvəl tərtib olunur və dərc edilir (Təlimata 2 saylı əlavə).

3.7. Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan ictimai teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır. Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində verilişləri yayımlanan ictimai teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi həftədə 1 saat 30 dəqiqədən az olmamalıdır, həmin teleradio verilişləri təşkilatlarının verilişlərinin ümumi vaxtı gün ərzində 2 saatdan az olarsa, göstərilən efir vaxtı verilişlərin ümumi həcminin 1/4 hissəsindən az olmamalıdır.

3.8. Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsinə, yarısına, yaxud yarısından çoxuna yayımlanan dövlət dövri nəşrlərindən hər birində pulsuz ayrılan nəşr səhifələrinin həcmi seçkiqabağı təşviqat dövrünədək həftəlik nəşr səhifələrinin ümumi həcminin azı 10 faizini təşkil etməlidir. Müvafiq dövri nəşrlərin səhifələrində ayrılmış yerdən hər bir təşviqat subyektinə düşən istifadə normalarını müəyyən etmək məqsədilə, təşviqat üçün ayrılmış ümumi həcmin bu dövri nəşrlərdə seçkiqabağı materialları pulsuz dərc etdirmək hüququ olan qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

3.9. Ödənişsiz əsaslarla teleradio verilişləri təşkilatlarında efir vaxtından, habelə dövri nəşrlərdə dərc üçün ayrılmış yerdən namizəd, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən efirəçıxma və ya dərcetmə vaxtınadək imtina edilərsə, istifadə edilməmiş efir vaxtından və dərc yerindən seçkiqabağı təşviqat da daxil olmaqla digər məqsədlər üçün istifadə edilə bilməz. Bu zaman ayrılmış, lakin istifadə edilməmiş efir vaxtı həmin müddət ərzində, dərc yeri isə həmin həcmdə boş saxlanılmalı, orada istifadə edilməməyin səbəbləri göstərilməlidir.

3.10. Teleradio verilişləri təşkilatlarının ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcminin 1/3 hissəsi müvafiq olaraq bələdiyyələrin 1/3-dən çoxunda və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müzakirələrin, dəyirmi masaların digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılmalıdır. Qeydə alınmış namizədlərin, bələdiyyələrin 1/3-dən və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının həmin təşviqat tədbirlərində iştirakdan imtina etməsi ödənişsiz olaraq təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

Qeyd: bələdiyyə teleradio verilişləri təşkilatları üçün bu bənddə göstərilmiş tələblər məcburi deyil.

3.11. İctimai teleradio verilişləri təşkilatının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı, həmin teleradio verilişlərində seçkiqabağı təşviqat aparmaq hüququna malik olan siyasi partiyalar, siyasi partiyaların blokları üçün ayrılır, hesablanır və ayrı-ayrılqda həyata keçirilir. Ayrılmış ödənişsiz efir vaxtından siyasi partiyalar, siyasi partiyaların blokları bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir siyasi partiya, siyasi partiyaların bloku tərəfindən istifadə edilən vaxtın həcmi ayrıca müəyyənləşdirilir.

 

4. Teleradio verilişləri təşkilatlarında və dövri nəşrlərdə ödənişli əsaslarla efir vaxtının ayrılması və dövri nəşrlərdə dərc üçün ödənişli yerin ayrılması qaydaları və şərtləri

4.1. Bu Təlimatın 3.1-ci bəndində nəzərdə tutulan ictimai teleradio verilişləri təşkilatları və dövri nəşrlər təşviqat aparmaq məqsədilə yalnız namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müqavilə əsasında pullu efir vaxtı və dövri nəşrlərin redaksiyaları öz səhifələrində ödənişli əsaslarla yer ayırmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdırlar. Seçkiqabağı təşviqat materiallarının yayımlanması və ya dərci özəl  və bələdiyyə teleradio verilişləri təşkilatları və dövri nəşrlər üçün könüllülük prinsipinə əsaslanmalıdır. Həmin qurumları seçkiqabağı təşviqatda iştiraka məcbur etmək yolverilməzdir. Əgər özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təşviqatda iştirak etməyə razılıq versələr, seçkiqabağı təşviqat materiallarının efirə verilmə və ya dərc olunma şərtləri bütün namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları üçün eyni olmalıdır.

Qeyd: bu qaydalar qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən təsis olunan dövri nəşrlərə şamil edilmir.

4.2. Özəl və bələdiyyə teleradio verilişləri təşkilatları və dövri nəşr orqanları seçkiqabağı təşviqat üçün efir vaxtı və dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, müvafiq olaraq bu barədə Mərkəzi Seçki Komissiyasına və ya dairə seçki komissiyalarına bildirişlər göndərir, efir vaxtının verilməsi və nəşr səhifələrində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsinə görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatı seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 35 30 gün keçənədək dərc edir. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir. Ödənişli efir vaxtının ayrılması reklam haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

4.3. Bu Təlimatın 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulan teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin ayırdıqları pullu efir vaxtının və dərc üçün yerin dəyərinin ödənilməsi seçkiqabağı subyektlər üçün bərabər əsaslarla və şərtlərlə həyata keçirilir.

4.4. İctimai teleradio verilişləri təşkilatında ödənişli seçkiqabağı təşviqat üçün ayrılan efir vaxtının ümumi həcmi pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfə artıq ola bilməz, təsisçiləri fiziki və hüquqi şəxslər olan dövri nəşrlər istisna edilməklə, digər nəşrlərin səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi ayrılan pulsuz nəşr səhifələrinin həcmindən az olmamalıdır.

4.5. İctimai teleradio verilişləri təşkilatlarının, efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin müvafiq teleradio təşkilatlarında təşviqat aparmaq hüququna malik olan subyektlərin ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir.

4.5.1. Dövlət dövri nəşr səhifələrində ödənişli əsaslarla seçkiqabağı təşviqat üçün ayrılmış yerdən istifadə norması onun ümumi həcminin müvafiq dövri nəşrdə seçkiqabağı təşviqat aparmaq hüququna malik olan bütün qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Həmin yerdən bələdiyyənin üzvlüyünə namizədlər müvafiq ödəniş müqabilində istifadə edirlər.

4.6. Seçkiqabağı təşviqat materiallarının efirə çıxarılması tarixi və vaxtı qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyaların bloklarının və ya onların buna vəkil edilmiş nümayəndələrinin verdikləri bildiriş əsasında püşkatma subyektlərinin arasında bu Təlimatın 3.5.3-cü bəndində göstərilən şəxslərin iştirakı ilə keçirilən püşkatma nəticəsində teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları tərəfindən müəyyən edilir.

4.7. Efir vaxtının və dövri nəşrlərdə yerin ayrılması üçün püşkatma bu Təlimatda göstərilən müddətdə və qaydada keçirilir.

4.8. Püşkatma keçirildikdən sonra efir vaxtı və dövri nəşrdə dərc üçün yer bağlanmış müqavilə əsasında təqdim edilir. Müqavilədə aşağıdakılar nəzərdə tutulur:

4. 8.1. seçkiqabağı təşviqatın forması;

4.8.2. efirəçıxma vaxtı, tarixi və ya dərcetmə tarixi;

4.8.3. verilən efir vaxtının müddəti, dərc üçün ayrılan yerin həcmi, ödəniş  qaydası və həcmi;

4.8.4. aparıcı jurnalistin teleradio verilişləri prosesində iştirakı forması və şərtləri.

4.9. Göstərilənlərdən əlavə seçkiqabağı təşviqatın qanunauyğun həyata keçməsini təmin etmək məqsədilə müqavilə ilə digər şərtlər də müəyyən edilə bilər.

4.10. Müqavilə şərtləri yerinə yetirilərək ayrılmış efir vaxtından (dərc üçün yerdən) istifadə edildikdən sonra verilişin (dərc materialının) adı və efirəçıxma (dərcedilmə) vaxtı göstərilməklə, efir vaxtından (dərc üçün yerdən) istifadə edilməsi barədə akt tərtib olunur.

4.11. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku efir vaxtının və dövri nəşr səhifələrində ayrılmış yerin dəyərinin ödənilməsi üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəniş tapşırığını efir vaxtının verilməsi və ya təşviqat materiallarının dərcetmə gününə ən geci 48 saat qalmış müvafiq banka təqdim etməlidir. Bank pul vəsaitini gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin müddəti 2 (iki) bank günündən çox olmamalıdır.

4.12. Efir vaxtının haqqı və dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri yalnız bələdiyyə üzvlüyünə namizədlərin xüsusi seçki fondu və ya siyasi partiyaların, siyasi partiyalar bloklarının vahid seçki fondu vəsaitləri hesabına ödənilməlidir.

4.13. Püşkatma keçirildikdən sonra ayrılmış efir vaxtından və dövri nəşrlərin səhifələrindəki yerdən imtina edilərsə, bu zaman efirə çıxmağa  2 gün qalmış müvafiq teleradio təşkilatına, dərcetmə gününə isə azı 5 gün qalmış bu barədə müvafiq dövri nəşrin redaksiyasına məlumat verilməlidir. Teleradio verilişləri təşkilatları və dövri nəşrin redaksiyaları sərbəstləşmiş efir vaxtından və yerdən seçkiqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməzlər. Bu qurumlar, seçkiqabağı təşviqat istisna olmaqla, həmin sərbəstləşmiş imkanlardan öz mülahizələri üzrə istifadə edirlər.

4.14. Müqavilə ləğv edildikdə, teleradio verilişləri təşkilatları sərbəstləşmiş efir vaxtından, habelə dövri nəşrlərin səhifələrindən seçkiqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməzlər.

 

5. Seçkiqabağı təşviqat üçün teleradio təşkilatlarının ayırdığı pulsuz və ya pullu efir vaxtı, yaxud dövri nəşr səhifələrində ayrılmış ödənişsiz və ödənişli yerin qeydiyyatı

 

Seçkiqabağı təşviqat üçün teleradio təşkilatlarının ayırdığı pulsuz və ya pullu efir vaxtı və ya dövri nəşr səhifələrində ayrılmış ödənişsiz və ödənişli yer Seçki Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən müvafiq  teleradio təşkilatında və dövri nəşrin redaksiyasında qeydə alınmalıdır. Qeydiyyat ayrıca kitab formasında aparılmalı və orada hər bir qeydə alınmış namizəd, siyasi partiya, yaxud siyasi partiyaların bloku üçün yerin ayrılması tarixi, dərc olunmuş təşviqat materialının xarakteri göstərilməlidir. Qeydiyyat barəsində səsvermə gününə ən geci 5 gün qalmış və səsvermə günündən ən tezi 5 gün sonra Mərkəzi Seçki Komissiyasına məlumat verilməlidir. Məlumat, kitabdan çıxarışı əks etdirməklə, məktub formasında verilir.

 

6. Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması ilə bağlı məhdudiyyətlər

 

6.1. Aşağıdakı subyektlərə seçkiqabağı təşviqat aparmaq qadağandır:

6.1.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;

6.1.2. Seçki Məcəlləsinin 77.1-ci maddəsində göstərilənlər istisna olmaqla dövlətə məxsus teleradio verilişləri təşkilatlarına;

6.1.3. xarici vətəndaşlara;

6.1.4. vətəndaşlığı olmayan şəxslərə;

6.1.5. 18 yaşına çatmamış vətəndaşlara;

6.1.6. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxslərinin nizamnamə kapitalında xarici dövlətlərin və xarici hüquqi şəxslərin, xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;

6.1.7. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;

6.1.8. dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;

6.1.9. dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;

6.1.10. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;

6.1.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;

6.1.12. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında  və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə;

6.1.13. dövlət və bələdiyyə qulluqçularına;

6.1.14. hərbi qulluqçulara;

6.1.15. seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə.

6.2. Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparılarkən aşağıdakı hərəkətlərin edilməsi qadağandır:

6.2.1. təşviqat materialının verilməsini malların, işlərin və xidmətlərin reklamları ilə və ya digər proqramların verilməsi ilə dayandırmaq;

6.2.2. seçkiqabağı təşviqat materialının teleradio verilişləri təşkilatının kanallarında verilməsini digər teleradio proqramlarının verilməsi ilə dayandırmaq;

6.2.3. seçkiqabağı tədbirlərin keçirilməsi barədə məlumatlar üçün ödəniş tələb etmək;

6.2.4. seçkiqabağı təşviqat materiallarında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışların, vətəndaşların şərəf və ləyaqətlərini təhqir edən mülahizələrin yerləşdirilməsi (bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun tətbiq edilməlidir);

6.2.5. sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasından istifadə;

6.2.6. əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqatın aparılması;

6.2.7. “Reklam haqqında” Qanunun 19-cu maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq müvafiq olaraq teleradio verilişləri təşkilatlarında seçkiqabağı təşviqat materiallarının yayımlanması zamanı ayrı-ayrı fiziki şəxslərin, kommersiya və qeyri-kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti nəticəsində istehsal olunmuş əmtəələrin markalarının (modellərinin, artikullarının), kommersiya təşkilatlarının və sahibkarlıqla məşğul olan fiziki şəxslərin adlarının göstərilməsi.

6.3. Seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmış teleradio verilişləri təşkilatları və dövri nəşrlər, eləcə də seçkiqabağı təşviqatın digər subyektləri müqavilə ilə öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar.

 

7. Efir vaxtından və dövri nəşrlərdən istifadə zamanı təşviqat prosesinin subyektləri müqavilədə müəyyənləşdirilmiş şərtləri pozduqda teleradio verilişləri təşkilatları efir vaxtının verilməsi və dövri nəşrlərdə dərc üçün yerin ayrılması haqqında müqavilənin ləğvi barədə məhkəməyə müraciət edə bilərlər.

 

8. Seçki Məcəlləsində, habelə bu Təlimatda dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqat haqqında müəyyən edilmiş qaydalara riayət edilməsi üzərində nəzarəti Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.

 

9. Bu Təlimatda göstərilən şərtlərə əməl olunmaması qanunla müəyyən olunmuş qaydada məsuliyyət yaradır.

 

 

 


Təlimata 1 saylı əlavə

 

Seçkiqabağı təşviqat üçün ayrılmış efir vaxtının bölünməsi

üzrə püşkatmanın nəticələri haqqında

CƏDVƏL

 

Sıra sayı

Efir vaxtı ayrılmış subyektin adı

Püşkatma bükümünün nömrəsi

Ayrılmış efir vaxtının həcmi

Efir vaxtının tarixi və vaxtı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Təlimata 2 saylı əlavə

 

Seçkiqabağı təşviqat zamanı dövri nəşrlərdə dərc üçün ayrılmış yerin bölünməsi

üzrə püşkatmanın nəticələri haqqında

CƏDVƏL

 

Sıra sayı

Dərc üçün yer ayırmış dövri nəşrlərin adı

Püşkatma bükümünün nömrəsi

Dərc üçün ayrılmış yerin həcmi

Dərc olunma tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



* Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri seçkiqabağı təşviqatda iştirak edərkən onlara verilmiş səlahiyyətlər həddində fəaliyyət göstərməli və bu səlahiyyətin icrasına heç bir qanuni maneə olmamalıdır.