AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

Qəbul edildiyi tarix

02.04.2013

Qeydiyyat nömrəsi

2/8

Adı

“Seçki komissiyalarının seçici siyahıları ilə iş qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair

Rəsmi dərc edildiyi mənbə

"Azərbaycan" qəzeti ą 68

Qüvvəyə minmə tarixi

13.04.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

22201304020028

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.04.2013

 

 

Seçki prosesinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qüvvədə olan müvafiq normativ xarakterli aktlarına dəyişikliyin edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının müvafiq normativ xarakterli aktlarına dəyişiklik edilməli və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərməlidir.

Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.1-ci və 75.2-ci maddələrinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 dekabr 2011-ci il tarixli 15/50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydaları”nın 3.4-cü bəndinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-1 saylı Qərarı ilə təsdiq edilmiş “Seçki komissiyalarının seçici siyahıları ilə iş qaydaları haqqında Təlimat”ın 5.2-ci bəndinin 1-ci cümləsindən sonra aşağıdakı məzmun əlavə edilsin:

“Seçici siyahıları seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir. Məlumatlar yerləşdirilərkən onların tam və hərtərəfli əks olunmasının mümkünlüyü, habelə hava və digər xarici təsirlər nəticəsində yaranan təhlükədən qorunması hökmən təmin edilməlidir. Məlumat lövhələrinin ölçüləri orada yerləşdirilməli olan seçici siyahılarının həcminə uyğun gəlməli, habelə həmin lövhələr təkrar istifadə üçün yararlı olmalıdır”.

2. Təlimat edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin.

 

 

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov

 

 

 


 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-1 saylı Qərarı ilə təsdiq edilmiş, 23 iyul 2010-cu il tarixli 15/58-5 saylı və 2 aprel 2013-cü il tarixli 2/8 saylı Qərarları ilə dəyişikliklər edilmişdir.

 

 

Seçki komissiyalarının seçici siyahıları ilə

iş qaydaları haqqında

 

T Ə L İ M A T

 

Seçki komissiyaları tərəfindən seçici siyahılarının tərtib edilməsi, dəqiqləşdirilməsi və ictimailəşdirilməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 45–48-ci maddələri və bu Təlimatla nizamlanır. Seçici siyahıları müvafiq seçki (referendum) dairəsinin seçki (referendum) məntəqəsi ərazisində yaşayan və seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının siyahılarıdır. Seçici siyahıları rəsmi seçki sənədlərindən biri sayılır.

 

1. Vahid seçicilər siyahısı

1.1. Hər il seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı məlumatları məntəqə seçki komissiyaları dairə seçki komissiyaları vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim edir. Buna əsasən Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısını tərtib edir. Azərbaycan Respublikası üzrə seçicilərin vahid siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilir.

1.2. Vahid seçicilər siyahısına Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan seçki məntəqələri məntəqə seçki komissiyalarının təsdiq etdikləri seçici siyahılarının məlumatları daxil edilmir. Həmin məlumatlar Mərkəzi Seçki Komissiyası tərəfindən onun müəyyən etdiyi qaydada təqdim edilir və seçicilərin müvəqqəti siyahısında cəmləşdirilir. Müvəqqəti seçici siyahıları vahid seçicilər siyahısına əlavə edilir.

 

2. Daimi və müvəqqəti seçici siyahılarının tərtib edilməsi qaydası

2.1. Seçici siyahıları daimi və müvəqqəti seçici siyahıları formasında tərtib olunur. Daimi seçici siyahısına müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları) və bələdiyyə qurumları başçılarının, hərbi hissələrin komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.

2.2. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir.

2.3. Müvəqqəti seçici siyahısına konsul idarələri rəhbərlərinin və ya diplomatik nümayəndələrin, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.

2.4. Seçici siyahıları 2 nüsxədə tərtib edilir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar siyahıda əlifba qaydasında və ya digər qaydada (yaşayış məntəqələri, küçələr, evlər, mənzillər üzrə) yerləşdirilir. Siyahılarda seçicinin soyadı, adı, atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün – əlavə olaraq, doğulduğu ay və gün), daimi yaşadığı yerin ünvanı (küçə, binanın və mənzilin nömrəsi, evin nömrəsi, yaşayış yeri müvəqqəti məskunlaşma yeridirsə – xəstəxananın, sanatoriyanın, istirahət evinin və ya digər yerin ünvanı) və seçki məntəqəsinin nömrəsi göstərilir.

2.5. Seçki məntəqəsi üzrə tərtib olunmuş ilkin seçici siyahılarının birinci nüsxəsi müvafiq akt tərtib edilməklə məntəqə seçki komissiyasında saxlanılır, ikinci nüsxəsi isə hər il fevralın 5-dən gec olmayaraq, lakin səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyasına verilir. Seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır və komissiyanın möhürü ilə təsdiq edilir.

2.6. Seçki dairəsi üzrə tərtib olunmuş ilkin seçici siyahıları hər il martın 5-dən gec olmayaraq iki nüsxədə tərtib edilir, dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır, komissiyanın möhürü ilə təsdiqlənir və aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

2.7. Mərkəzi Seçki Komissiyası seçici siyahılarında uyğunsuzluqlar aşkar etdikdə, onlara düzəliş olunur və sonradan, mayın 25-dək məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilir.

2.8. Yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu başçılarının seçicilər haqqında verdikləri məlumatlar əsasında səsvermə gününə azı 25 gün qalmış, seçki məntəqəsi səsvermə gününə 5 gün qalmış yaradılmışsa, seçici siyahıları məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra dəqiqləşdirilir.

2.9. Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissənin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahıları hərbi hissələrin komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir. Hərbi hissədə seçki məntəqəsi yaradılmayıbsa, hərbi hissənin komandiri, istintaq təcridxanalarının rəhbərləri və müvafiq cəzaçəkmə müəssisələrinin rəhbərləri Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir və Seçki Məcəlləsində başqa qayda nəzərdə tutulmayıbsa, səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər. İstintaq zamanı barələrində həbs qəti imkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici siyahılarına daxil edilirlər. Bu cür məlumatlar səsvermə gününə ən azı 2 gün qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks edilməlidir.

2.10. Seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində), səsvermə günü üzən gəmilərdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları seçicinin müvəqqəti olduğu müəssisənin rəhbərinin, gəmi kapitanının seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki komissiyasında yoxlanılmış məlumatlar əsasında məntəqə seçki komissiyası tərəfindən səsvermə gününə azı 5 gün qalmış təsdiq edilir.

2.11. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinin və ya konsul idarəsinin rəhbərlərinin seçicilər haqqında verdiyi məlumatlar əsasında, səsvermə gününə azı 25 gün qalmış müvafiq məntəqə seçki komissiyası tərəfindən təsdiq edilir.         

 

3. Vətəndaşların daimi seçici siyahılarına daxil edilməsinin və çıxarılmasının əsasları

3.1. Aktiv seçki hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları seçici siyahılarına qeydiyyatda olduğu yer üzrə və ya müvafiq seçki məntəqəsinin ərazisində seçkilərin elan olunması günündən əvvəlki 12 ayın 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması faktı əsasında (bu fakt vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqan tərəfindən müəyyənləşdirilir) daxil edilir. Seçici yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər. Seçki komissiyası seçicinin birdən çox məntəqədə seçici siyahısına daxil edilməsini aşkar etdikdə, bunun səbəblərini araşdırıb seçicinin bir siyahıda saxlanmasını təmin etməlidir. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət doğurur.

 

Qeyd: vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatına dair məsələlər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Həmin qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən, o, yaşayış yeri üzrə qeydiyyata alınır.

Şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

Həmin qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (bazar və bayram günləri istisna olmaqla) ərizə - anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

Vətəndaş olduğu yerdən getdikdə və ya olduğu yerdə qalacağı müddət qurtardıqda və həmin müddət uzadılmadıqda müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Müddətin qurtarması və onun uzadılmaması həmin qeydiyyatın başa çatdığını göstərir.

Şəxsin olduğu yer üzrə qeydiyyatdan keçməməsi, yaxud qeydiyyataalma və qeydiyyatdançıxma qaydalarına əməl etməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən inzibati məsuliyyət yarada bilər. [1]

 

3.2. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən vətəndaşların seçici siyahılarından çıxarılması üçün əsas kimi vətəndaşın daimi yaşayış yerini dəyişməsi (daimi yaşayış yerindən qeydiyyatdan çıxaraq digər yerdə qeydiyyata düşməsi və ya ölkədən kənarda daimi yaşayış yeri seçməsi) və vətəndaşın müvəqqəti olduğu yer üzrə seçkilərin təyin edilməsi günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində yaşadıqda seçici siyahılarına daxil olunması göstərilmişdir.

3.3. Bu Təlimatın 2.2-ci bəndində göstərilən əsaslar istisna olmaqla vətəndaşların adlarının qeydiyyatda olduqları yer üzrə seçici siyahılarından çıxarılması yolverilməzdir.

3.4. Seçici siyahıları təsdiq edildikdən sonra vətəndaş seçici siyahısından rəsmi sənədlər əsasında çıxarılır və bu haqda seçiciyə məktubla məlumat verilir. Belə halda, seçici siyahısında vətəndaşın siyahıdan çıxarılmasının tarixi və səbəbi göstərilməlidir. Bu fakt məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiq edilir.

3.5. Müvafiq məntəqə seçki komissiyası vətəndaşların olduğu yer üzrə qeydiyyatını aparan orqanların verdiyi məlumat əsasında həmin seçki məntəqəsinin ərazisində seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində yaşamış vətəndaşın adını məlumat alındıqdan dərhal sonra müvəqqəti qeydiyyat müddəti göstərilməklə seçici siyahısına daxil edir və bu barədə orada xüsusi qeyd aparır. Sonra həmin məlumat şəxsin barəsində məlumat cədvəlinə (cədvəl seçicilər siyahısındakı göstəricilərə uyğun hazırlanır; Təlimata 1 saylı əlavə) daxil edilir və həmin cədvəl seçicilər siyahısına əlavə edilərək, onun bir nüsxəsi həmin şəxsin daimi qeydiyyatda olduğu ərazidə yerləşən dairə seçki komissiyasına, digər nüsxəsi isə bu prosesə mərkəzləşdirilmiş qaydada nəzarəti həyata keçirmək üçün İnformasiya Mərkəzinə göndərilir. Şəxsin daimi qeydiyyatda olduğu yer üzrə dairə və məntəqə seçki komissiyası cədvəldəki məlumat əsasında məlumat alındığı gündən gec olmayaraq müvafiq qeydiyyat aparmaqla, onu seçicilər siyahısından çıxarmalıdır. Şəxsin daimi yaşayış yeri və müvəqqəti olduğu yer üzrə fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyaları şəxsi seçicilər siyahısına daxil edib-çıxararkən, onun seçki müddəti və səsvermə günü harada (müvəqqəti qeydiyyata alındığı yerdə və ya daimi qeydiyyatda olduğu yerdə) olacağına xüsusi diqqət yetirməlidir.

3.6. Vətəndaş daimi qeydiyyatda olduğu yerə qayıtdıqda, onun müvəqqəti qeydiyyatdan çıxmasını təsdiq edən arayış əsasında müraciət edildiyi gündən gec olmayaraq müvafiq dairə və məntəqə seçki komissiyası tərəfindən əvvəllər adının olduğu seçicilər siyahısına daxil edilir (bərpa edilir) və bu barədə olduğu yer üzrə müvafiq seçki komissiyasına məlumat verilir. Əgər şəxs belə arayış almamışdırsa, anket-sorğuda göstərilən müddətin başa çatması onun adının həmin yaşayış yeri üzrə (qeydiyyatda olduğu yerdə) seçicilər siyahısına daxil edilməsi üçün əsas götürülür. Eyni zamanda şəxsin olduğu yer üzrə seçici siyahılarından çıxarılması üçün müvafiq seçki komissiyası şəxsin olduğu yer üzrə dairə seçki komissiyasına bu barədə məlumat verir.

Qeyd: bu müddəa aktiv seçki hüququna malik olan və Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təyin edilməsinədək (həmin gün də daxil olmaqla) 5 ildən az olmayaraq Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslərə də aid edilir.

3.7. Əgər şəxs olduğu yer üzrə səsvermədə iştirak etmək üçün müraciət etmişdirsə və müraciət təmin olunmuşdursa, bununla bağlı həmin məntəqə seçki komissiyası tərəfindən seçki məntəqəsinin aid olduğu dairə seçki komissiyasına bu barədə məlumat verilir. Dairə seçki komissiyası isə dərhal seçicinin daimi qeydiyyatda olduğu yer üzrə dairə seçki komissiyasına və ya həmin dairə seçki komissiyasının ərazisindəki müvafiq məntəqə seçki komissiyasına məlumat verir və müvafiq məntəqə seçki komissiyasının qərarının surətini ona çatdırır. Məlumat alan seçicini siyahıya daxil etmiş dairə və ya məntəqə seçki komissiyası həmin şəxslə bağlı seçicilər siyahısında onun müvəqqəti olduğu yer üzrə səsvermədə iştirak etməsi barədə xüsusi qeyd aparır.

3.8. Məntəqə seçki komissiyasının qərarı məlumat löhvəsində yerləşdirmək yolu ilə dərhal dərc olunur və onun surəti ərizəçiyə çatdırılır.

3.9. Vətəndaşın adının seçicilər siyahısına daxil edilməsi barədə müraciəti müvafiq məntəqə seçki komissiyası tərəfindən təmin edilmədikdə, ona məntəqə seçki komissiyasının qərarından qanunla müəyyən olunmuş qaydada və müddətdə bilavasitə şəxsin özü və ya həmin qərarı qəbul etmiş məntəqə seçki komissiyası vasitəsilə yuxarı seçki komissiyasına şikayət vermək hüququ izah olunur.

 

4. Seçici siyahılarına düzəlişlərin edilməsinin əsasları və qaydaları

4.1. Məntəqə seçki komissiyası seçici siyahılarını dəqiqləşdirdikdən sonra vətəndaşların şəxsi müraciətləri əsasında edilən və ya edilməli olan dəyişiklikləri yoxlayıb nəzərə alır, habelə vəzifəli şəxslərin, bələdiyyə qurumlarının, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların, vətəndaşların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların təqdim etdikləri müvafiq sənədlər əsasında araşdırır.

4.2. Seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşmış və hər hansı səbəbdən siyahıya daxil edilməmiş seçici adının seçicilər siyahısına daxil edilməsi barədə məntəqə seçki komissiyasına müraciət edə bilər. Bu müraciət şəxsin özü tərəfindən yazılmış ərizənin verilməsi, habelə dairə və ya məntəqə seçki komissiyalarının vətəndaşa verdiyi Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş formada hazırlanmış ərizəni (Təlimata 2, 2a, 3, 3a saylı əlavələr) doldurmaq yolu ilə rəsmiləşdirilir, 3 gün müddətində komissiyanın iclasında baxılır və onun təmin edilib-edilməməsi barədə qərar qəbul olunur. Məntəqə seçki komissiyası vətəndaşın müraciətini təmin etdikdə, onun adı seçicilər siyahısına daxil edilir, əks halda isə vətəndaşa həmin qərardan bilavasitə şəxsin özü və ya həmin qərarı qəbul etmiş məntəqə seçki komissiyası vasitəsilə yuxarı seçki komissiyasına şikayət vermək hüququ izah edilir.

4.3. Səsvermə günü adının seçicilər siyahısına düşmədiyini müəyyən edən seçici müvafiq məntəqə seçki komissiyasına müraciət edə bilər. Vətəndaşın arzusu olduğu halda, onun müraciəti məntəqə seçki komissiyasının ona verdiyi ərizə formasını (Təlimata 2, 2a, 3, 3a saylı əlavələr) doldurmaq yolu ilə rəsmiləşdirilir və təxirə salınmadan komissiyanın iclasında baxılır. Müraciətdə göstərilən əsaslar qanuni olduqda, vətəndaşın adının seçicilər siyahısına daxil edilməsi barədə qərar qəbul olunur və səsvermə günü şəxsin səsvermədə iştirakı təmin edilir. Bu barədə isə müvafiq dairə seçki komissiyasına məlumat verilir. Şəxsin adının seçicilər siyahısına daxil edilməsi üçün qanuni əsaslar olmadığı müəyyən edildikdə, vətəndaşın müraciəti təmin olunmur. Belə olan halda vətəndaşa müraciətin təmin edilməməsi haqqında qərardan bilavasitə özü və ya həmin qərarı qəbul etmiş məntəqə seçki komissiyası vasitəsilə yuxarı seçki komissiyasına şikayət vermək hüququ izah edilir.

4.4. Səsvermə otağından kənarda səs vermək üçün müvafiq məntəqə seçki komissiyasına müraciət etmiş vətəndaşın adının seçicilər siyahısına düşmədiyi müəyyən edildikdə və müraciət etmiş şəxsin arzusu olduğu halda məntəqə seçki komissiyası onun adının siyahıya daxil edilməsi əsaslarını yoxlayır. Vətəndaşın siyahıya daxil edilməsi üçün qanuni əsaslar olduqda məntəqə seçki komissiyası bu barədə qərar qəbul edir və onun səsvermə hüququnun həyata keçirilməsi üçün müvafiq tədbirlər görür. Məntəqə seçki komissiyası vətəndaşın müraciətini təmin etmədikdə, ona bu Təlimatın 4.3-cü bəndinə müvafiq olaraq şikayət vermək hüququ izah edilir.

 

5. Seçicilərin seçici siyahıları ilə tanış edilməsi

5.1. Hər bir vətəndaşın sorğusuna əsasən müvafiq seçki komissiyası onun seçici siyahısına daxil edilib-edilməməsi haqqında məlumat verməlidir.

5.2. Məntəqə seçki komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını, seçicilərə bu barədə məlumat verməklə, səsvermə gününə azı 35 gün qalmış təqdim edir və bunun üçün müvafiq şərait yaradır. Seçici siyahıları seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir. Məlumatlar yerləşdirilərkən onların tam və hərtərəfli əks olunmasının mümkünlüyü, habelə hava və digər xarici təsirlər nəticəsində yaranan təhlükədən qorunması hökmən təmin edilməlidir. Məlumat lövhələrinin ölçüləri orada yerləşdirilməli olan seçici siyahılarının həcminə uyğun gəlməli, habelə həmin lövhələr təkrar istifadə üçün yararlı olmalıdır. Azərbaycan Respublikası seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq seçici siyahıları Mərkəzi Seçki Komissiyasının internet saytında da yerləşdirilir.

 

6. Seçici siyahılarının düzgün tərtib edilməməsinə görə məsuliyyət

6.1. Seçicilər haqqında məlumatları təqdim edən icra orqanlarının rəhbərləri müvafiq məlumatların düzgünlüyünə, tamlığına və vaxtında verilməsinə görə qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar.

6.2. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb oluna bilər.

 


Təlimata 1 saylı əlavə

 

Şəxsin olduğu yer üzrə məlumat cədvəli

 

Sıra sayı

Seçicinin soyadı, adı, atasının adı

Doğulduğu il

(18 yaşı

tamam

olmuşlar üçün

doğulduğu ay və gün)

Daimi qeydiyyatda olduğu yerin

ünvanı

Olduğu

yerin

ünvanı

Olduğu

yerdə

qalacağı

müddət

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

_______saylı seçki dairəsinin _______saylı

seçki məntəqəsi məntəqə seçki

komissiyasının sədri                                              ________________________________

 

 

 

 


 

 

Təlimata 2 saylı əlavə

 

_____saylı _____________________________seçki

dairəsinin dairə seçki komissiyasına

____________________________________________

(yaşayış yerinin ünvanı,

____________________________________________

şəxsiyyət vəsiqəsinin ya onu əvəz edən

____________________________________________

sənədin seriyası, nömrəsi və verilmə tarixi,

____________________________________________

soyadı, adı, atasının adı)

tərəfindən

 

 

 

Ə R İ Z Ə

 

Mən, __________saylı ______________________________seçki dairəsi __________saylı seçki məntəqəsinin ərazisində yuxarıda göstərilən ünvanda daimi qeydiyyatda olmaqla yaşamağıma baxmayaraq adım seçicilər siyahısına düşməmişdir.

Xahiş edirəm ki, səsvermə hüququmu həyata keçirmək üçün adımın ___________saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil edilməsini təmin edəsiniz.

 

 

İmza  ____________________      ___________________________________________

                                                                 (ərizəçinin soyadı, adı, atasının adı)

 

“______” _____________________20 _______il

 

 

 

 


 

 

Təlimata 2a saylı əlavə

 

_____saylı _____________________________seçki

dairəsi ___________saylı seçki məntəqəsinin

məntəqə seçki komissiyasına

____________________________________________

(yaşayış yerinin ünvanı,

____________________________________________

şəxsiyyət vəsiqəsinin ya onu əvəz edən

____________________________________________

sənədin seriyası, nömrəsi və verilmə tarixi

____________________________________________

soyadı, adı, atasının adı)

tərəfindən

 

 

 

Ə R İ Z Ə

 

Mən, __________saylı ______________________________seçki dairəsi __________saylı seçki məntəqəsinin ərazisində yuxarıda göstərilən ünvanda daimi qeydiyyatda olmaqla yaşamağıma baxmayaraq adım seçicilər siyahısına düşməmişdir.

Xahiş edirəm ki, səsvermə hüququmu həyata keçirmək üçün adımın ___________saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil edilməsini təmin edəsiniz.

 

 

İmza  ____________________      ___________________________________________

                                                                  (ərizəçinin soyadı, adı, atasının adı)

 

“______” _____________________20 _______il

 

 

 

 


 

 

Təlimata 3 saylı əlavə

 

_____saylı _____________________________seçki

dairəsinin dairə seçki komissiyasına

____________________________________________

(daimi qeydiyyatda olduğu yerin ünvanı,

____________________________________________

şəxsiyyət vəsiqəsinin ya onu əvəz edən

____________________________________________

sənədin seriyası, nömrəsi və verilmə tarixi,

____________________________________________

soyadı, adı, atasının adı)

tərəfindən

 

 

 

Ə R İ Z Ə

 

Mən, __________saylı ______________________________seçki dairəsi __________saylı seçki məntəqəsinin ərazisində __________________________________________________________ünvanda

olduğu yerin ünvanı

(seçkilərin elan edilməsi günündən əvvəlki 12 ayın azı 6 ayından artıq müddət ərzində) yəni "____" ________________________-ci ildən yaşamağıma baxmayaraq adım seçicilər siyahısına düşməmişdir.

Xahiş edirəm ki, səsvermə hüququmu həyata keçirmək üçün adımın ___________saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil edilməsini təmin edəsiniz.

 

İmza  ____________________      ___________________________________________

                                                                  (ərizəçinin soyadı, adı, atasının adı)

 

“______” _____________________20 _______il

 

 

 

 


 

 

Təlimata 3a saylı əlavə

 

_____saylı _____________________________seçki

dairəsi ___________saylı seçki məntəqəsinin

məntəqə seçki komissiyasına

____________________________________________

(daimi qeydiyyatda olduğu yerin ünvanı,

____________________________________________

şəxsiyyət vəsiqəsinin ya onu əvəz edən

____________________________________________

sənədin seriyası, nömrəsi və verilmə tarixi,

____________________________________________

soyadı, adı, atasının adı)

tərəfindən

 

 

 

Ə R İ Z Ə

 

Mən, __________saylı______________________________ seçki dairəsi __________saylı seçki məntəqəsinin ərazisində ________________________________________________________ünvanda

olduğu yerin ünvanı

(seçkilərin elan edilməsi günündən əvvəlki 12 ayın azı 6 ayından artıq müddət ərzində) "_____" ___________________-cı ildən yaşamağıma baxmayaraq adım seçicilər siyahısına düşməmişdir.

Xahiş edirəm ki, səsvermə hüququmu həyata keçirmək üçün adımın ___________saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil edilməsini təmin edəsiniz.

 

İmza  ____________________      ___________________________________________

                                                      (ərizəçinin soyadı, adı, atasının adı)

 

“______” _____________________20 _______il

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       03 iyun 2016-cı il tarixli 8/32 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 22201606030832, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 iyun 2016-cı il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 03 iyun 2016-cı il tarixli 8/32 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 22201606030832, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 iyun 2016-cı il) ilə “Seçki komissiyalarının seçici siyahıları ilә iş qaydaları haqqında Təlimat”ın 3.1-ci bəndin “Qeyd” hissəsinin 7-ci abzasında 327.1 rəqəmi 563.1 rəqəmi ilə əvəz edilmişdir.