AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Qərarı

Qəbul edildiyi tarix

10.06.2013

Qeydiyyat nömrəsi

02

Adı

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən göstərilən elektron xidmət üzrə inzibati reqlamentin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

14.06.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

120.120.090

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201306100002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

13.06.2013

 

 

Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 nömrəli “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 9.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi[1]

 

qərara alır:

 

1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən göstərilən elektron xidmətə dair “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament” təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq-müqavilə şöbəsi 3 gün müddətində bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin (İcraçı: İsmayıl Kərimov).

3. Bu Qərardan irəli gələn digər məsələlər mövcud qanunvericiliyə uyğun həll edilsin.

4. Qərarın surətini Nazirliyin Aparatının aidiyyəti bölmələrinə göndərilməsini Ümumi şöbə təmin etsin (İcraçı: Bəxtiyar Əsədov).

5. Qərarın icrasına nəzarət nazir müavini Yəhya Musayevə həvalə edilsin.

Əsas: 1. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23.05.2011-ci il tarixli, 429 nömrəli Fərmanı.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında 24.11.2011-ci il tarixli 191 nömrəli qərarı.[2]

 

 

Nazir                                                                                                     Yavər Camalov

 

 


 

 

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 10 iyun 2013-cü il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament[3]

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən aidiyyəti üzrə ixrac nəzarətinə düşən ikili təyinatlı malların ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranzit əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar xüsusi icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron qaydada qəbul edilməsini və nəticəsi barədə istifadəçiyə məlumat verilməsini əhatə edir.

1.3. Elektron xidmətin hüquqi əsası:

- Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun 7-ci maddəsi;[4]

- Azərbaycan Respublikasının “İxrac nəzarəti haqqında” 26.10.2004-cü il tarixli, 772-IIQ nömrəli Qanununun 9-cu maddəsi;

- Azərbaycan Respublikası Pråzidåntinin 27.09.2006-cı il tarixli, 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndi;

- Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23.05.2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci bəndi;[5]

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.12.2005-ci il tarixli, 230 nömrəli Qərarı ilə təsdiq edilmiş“ İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları” və “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının” Siyahının 3-cü kateqoriyası və 10-İML kateqoriyasının ML8-ci bölməsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 18.1-ci bəndi.[6]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən.

1.7. Elektron xidmətin icra müddəti: 15 iş günü.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İxrac nəzarətinə düşən mallar üzrə xüsusi icazənin verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-gov.az/az/services/read/2892/0, http://mdi.gov.az/?/az/content/834/. [7]

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://mdi.gov.az/?/az/content/834/, info@mdi.gov.az, http://www.e-gov.az, telefon: +(994 12) 510 63 47.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:[8]

- Xüsusi icazə almaq üçün ərizə (bu reqlamentə əlavə olunur).

- Hüquqi şəxslər üçün: hüquqi şəxsin adı, hüquqi ünvanı və xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü.

- Fiziki şəxslər üçün: adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, tarix və vəsiqəni verən təşkilatın adı və ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü.

Ərizəyə əlavə olunan sənədlər:

- malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat;

- malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.12.2005-ci il tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları” ilə müəyyən edilmiş hallarda);

- bağlanmış müqavilə (kontrakt);

- ixrac edilən malın mənşə sertifikatı;

- sifarişçilərin (ərizəçilərin) vergi orqanları tərəfindən qeydiyyata və (və ya) uçota alınması haqqında şəhadətnamə.

Qeyd: 2.6-cı bəndində qeyd olunan sənədlərin əsli və (və ya) notarial qaydada təsdiq edilmiş surəti xidmətin nəticəsinin əldə edilməsi zamanı bilavasitə təqdim edilir.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:

 

3.1. İnteraktiv elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırılmır.

3.2. İnteraktiv xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Sorğu forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (bu reqlamentin 2.4-cü bəndi) yüklənərək doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə həmin elektron ünvana göndərilir.

3.2.2. Sorğunun qəbulu: sorğu bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sənədlər bu reqlamentin 2.6-cı bəndinə uyğun təqdim edilmədikdə, sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə istifadəçinin elektron poçtuna 3 gündən gec olmayaraq əsaslandırılmış bildiriş göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Xüsusi icazənin alınması üçün müraciət və sənədlər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (bundan sonra - Nazirlik) elektron xidmətlər sistemi vasitəsilə qəbul edilir. Adıçəkilən sistem Nazirliyin Ümumi şöbəsi tərəfindən idarə olunur və sorğunun qəbuluna məsul bölmə olaraq cavabdehlik daşıyır.

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Nazirlikdə xüsusi icazənin verilməsi ilə bağlı yaradılmış komissiyaya təqdim edilir. Komissiya tərəfindən təqdim olunmuş sənədlərin tamlığı və düzgünlüyü yoxlanılır və yoxlamanın müsbət nəticələrinə uyğun olaraq xüsusi icazənin verilməsi barədə qərar qəbul edilir.[9]

Sorğunun icrası üçün Nazirliyin İxraca nəzarət və lisenziya sektorunun müdiri məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: Müraciət və sənədlər sistemə daxil olduğu andan etibarən icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir. Ən geci 1 iş günü ərzində sorğu qeydə alınaraq xüsusi icazənin verilməsi ilə bağlı yaradılmış komissiyaya icra üçün təqdim edilir. Komissiya tərəfindən sorğunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə 15.12.2005-ci il tarixli, 230 nömrəli Qərarı”nın tələblərinə uyğunluğu araşdırılır.

Xüsusi icazənin verilməsi ilə bağlı sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 3 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.

İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.

Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.12.2005-ci il tarixli, 230 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10-İML kateqoriyasının ML8-ci bölməsinə müvafiq olaraq Azərbaycan Respublikasının Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri.[10]

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Bu reqlamentin 3.3.1–ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina edilmədikdə xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir. Bundan sonra xüsusi icazə blankının verilməsi barədə dərhal istifadəçinin elektron poçtuna bildiriş göndərilməklə məlumat verilir və xüsusi icazə blankı rəsmiləşdirilərək istifadəçiyə şəxsən təqdim olunur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Nazirliyin Ümumi şöbəsi həyata keçirir.

3.5.1. Nəzarət forması: kargüzarlıq.

3.5.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 


 

Hüquqi şəxslər üçün

(Hüquqi şəxsin blankında)

 

Azərbaycan Respublikasının

Müdafiə Sənayesi Nazirliyinə

 

Xüsusi icazənin verilməsi üçün

 

Ə R İ Z Ə

 

Hüquqi şəxsin adı : ______________________________________________________________

Hüquqi ünvanı: _________________________________________________________________

Xüsusi icazə alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü: ______________

________________________________________________________________________________

Tel:_____________________________________________________________________________

Faks:____________________________________________________________________________

Elektron poçt ünvanı:_____________________________________________________________

Əlavə olunan sənədlər:

1. malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat;

2. malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.12.2005-ci il tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları” ilə müəyyən edilmiş hallarda);[11]

3. bağlanmış müqavilə (kontrakt);

4. ixrac edilən malın mənşə sertifikatı;

5. Sifarişçinin (ərizəçinin) vergi orqanları tərəfindən dövlət qeydiyyatına alınması haqqında

şəhadətnamə.

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.

 

____________________________                     ____________________________

(ərizəçinin imzası)                                                      (rəhbərin adı, soyadı)

                                                                        “ __ “____________20 _____

Qeyd: Ərizə möhürlə təsdiq olunmalıdır.

 

 

 


 

Fiziki şəxslər üçün

 

Azərbaycan Respublikasının

Müdafiə Sənayesi Nazirliyinə

 

Xüsusi icazənin verilməsi üçün

 

Ə R İ Z Ə

 

__________________________________________________________________________________

(ərizəçinin adı, atasının adı, soyadı)

 

Xüsusi icazə alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü: ________________

__________________________________________________________________________________

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar: __________________________________________________________________________________

      (seriya, nömrə, tarix və vəsiqəni verən təşkilatın adı və ünvanı)

Ünvan: ___________________________________________________________________________

Tel: ______________________________________________________________________________

Faks: _____________________________________________________________________________

Elektron poçt ünvanı:_______________________________________________________________

Əlavə olunan sənədlər:

1. malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat;

2. malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.12.2005-ci il tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları” ilə müəyyən edilmiş hallarda);

3. bağlanmış müqavilə (kontrakt);

4. ixrac edilən malın mənşə sertifikatı;

5. Sifarişçinin (ərizəçinin) vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə.

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirəm. 

 

     ____________________________                         “ ____ “ _____________ 20___

                       (ərizəçinin imzası)

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       01 dekabr 2015-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512010001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 dekabr 2015-ci il)

2.       6 noyabr 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711060001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 noyabr 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711060001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il) ilə preambulada “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[2] 6 noyabr 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711060001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il) ilə “Əsas”ın 1-ci hissəsində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, 2-ci hissəsində “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[3] 01 dekabr 2015-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512010001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 dekabr 2015-ci il) ilə İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in adında “üzrə” sözü (ikinci halda) “haqqında” sözü ilə əvəz edilmişdir.

 

[4] 01 dekabr 2015-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512010001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 dekabr 2015-ci il) ilə İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3-cü bəndinin 1-ci abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 10.06.1997-ci il tarixli, 314-IQ nömrəli Qanununun 7-ci maddəsi;

 

[5] 6 noyabr 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711060001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il) ilə “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 1.3-cü bəndinin beşinci abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[6] 6 noyabr 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711060001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il) ilə “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 1.3-cü bəndinin yeddinci abzasında “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[7] 01 dekabr 2015-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512010001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 dekabr 2015-ci il) ilə İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.4-cü bəndindəki http://www.e-gov.az linki https://www.e-gov.az/az/services/read/2892/0 linkinə, http://www.mdi.gov.az/?/az/exportapp/ linki http://mdi.gov.az/?/az/content/834/ linkinə, 2.5-ci bəndindəki http://www.mdi.gov.az/?/az linki isə http://mdi.gov.az/?/az/content/834/ linkinə edilmişdir.

 

[8] 6 noyabr 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711060001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il) ilə “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 2.6.1-ci yarımbəndində “dövlət orqanlarının” sözləri “dövlət qurumlarının” sözləri ilə əvəz edilmişdir və “texniki təsnifatı haqqında məlumat” sözlərindən sonra “(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.12.2005-ci il tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları” ilə müəyyən edilmiş hallarda)” sözləri əlavə edilmişdir.

 

[9] 01 dekabr 2015-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512010001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 dekabr 2015-ci il) ilə İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 3.4.1-ci və 3.5.2-ci yarımbəndlərindəki “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilmişdir.

 

[10] 6 noyabr 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711060001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il) ilə “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 3.4.3-cü yarımbəndində “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilmişdir.

 

[11] 6 noyabr 2017-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711060001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il) ilə Xüsusi icazənin verilməsi üçün ərizə” formalarında “texniki təsnifatı haqqında məlumat” sözlərindən sonra “(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.12.2005-ci il tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları” ilə müəyyən edilmiş hallarda)” sözləri əlavə edilmişdir.