AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ QƏRARI

Qəbul edildiyi tarix

06.02.2013

Qeydiyyat nömrəsi

2

Adı

Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.02.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.020.140

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

24201302060002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.02.2013

 

 

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.1-ci və 12.0.13-cü maddələrini rəhbər tutaraq, Məhkəmə-Hüquq Şurası

 

Q Ə R A R A  A L I R:

 

1. Məhkəmə-Hüquq Şurasının 11.03.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nın 3.45-ci bəndinin birinci cümləsində “qərarlarından” sözü “qərarından həmin qərar təqdim edildiyi gündən 10 gün müddətində” sözləri ilə əvəz edilsin.

2. Məhkəmə-Hüquq Şurasının Aparatı (C.Hüseynov) “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nı bu dəyişikliklə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

 

 

Sədr                                                                                              Fikrət Məmmədov

 

 


 

 

Məhkəmə-Hüquq Şurasının 11 mart 2005-ci il tarixli qərarı ilə təsdiq edilmişdir

 

 

VAKANT HAKİM VƏZİFƏLƏRİNƏ HAKİM OLMAYAN NAMİZƏDLƏRİN SEÇİLMƏSİ

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinə, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinin ikinci hissəsinin və 93-3-cü maddəsinin səkkizinci hissəsinin tələblərinə cavab verən hakim olmayan namizədlərin (bundan sonra - namizədlər) vakant hakim vəzifələrinə seçilməsi prosedurlarını müəyyən edir.[1]

 

2. Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi

 

2.1. Vakant hakim vəzifələrinə namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən seçilir.

2.2. Vakant hakim vəzifəsinə namizədlərin seçilməsi namizədlərin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü, hakim vəzifəsinə yararlı və layiqli olmasını müəyyən etmək məqsədi ilə şəffaf surətdə yazılı və şifahi imtahanlar, ilkin uzunmüddətli tədris kursları (hakimlər üçün baza təhsili) və yekun müsahibə yolu ilə həyata keçirilir.

2.3. İmtahanların nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə öz tərkibindən formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər. İmtahan zamanı ad hoc komissiyanın üzvləri Hakimlərin Seçki Komitəsi üzvünün bütün hüquq və vəzifələrinə malik olurlar.

2.4. Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda Hakimlərin Seçki Komitəsinin üzvü həmin namizədlə aparılan imtahanda və ya müsahibədə iştirak etmir. Bu əsaslar olduqda namizəd imtahan başlanmazdan ən geci 1 gün əvvəl Komitə üzvlərinin hər hansı birinə etiraz edə bilər. Etiraza Hakimlərin Seçki Komitəsinin iclasında baxılır.

2.5. Yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçən namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. Təlim mərhələsi tədris müəssisəsində təşkil olunur.

2.6. Təlim mərhələsi başa çatdıqdan sonra hər bir namizəd qiymətləndirilir. Namizədin qiymətləndirilməsi tədrisin yekunları və namizədin Hakimlərin Seçki Komitəsi üzvləri ilə yekun müsahibənin əsasında həyata keçirilir.

2.7. Namizədlərin qiymətləndirilməsi bal sistemi ilə aparılır. Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən topladıqları ballara uyğun sıralanırlar.

2.8. Namizədlərin qiymətləndirilməsinin nəticələri və ixtisaslaşdırılması haqqında rəylər (mülahizələr) Məhkəmə-Hüquq Şurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası hakim vəzifəsinə seçilmiş namizədlər barəsində Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxır, onların seçilməsində qanunvericiliyin və bu Əsasnamənin tələblərinə əməl olunmasını aydınlaşdırır və namizədlərlə söhbət aparır.

2.9. Söhbətin nəticələrinə və Hakimlərin Seçki Komitəsinin müvafiq rəyinə (mülahizəsinə) əsaslanaraq Məhkəmə-Hüquq Şurası namizədlərin ixtisaslaşdırılmasını aparır və hakim vəzifəsini tutmaq üçün müəyyən etdiyi minimum və daha çox bal toplamış namizədlərin vakant hakim vəzifələrinin sayına uyğun olaraq hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir.

 

3. Yazılı və şifahi imtahanlar

 

3.1. Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifələrini tutmaq istəyən şəxslərdən ərizələrin qəbulunun başlanma tarixini və son müddətini, bu şəxslər tərəfindən təqdim edilməli olan sənədlərin siyahısını, imtahan suallarının annotasiyasını (imtahan suallarının əhatə etdiyi sahələr barədə məlumat), onların tərtibində istifadə edilmiş qanunların və digər normativ-hüquqi aktların siyahısını, habelə vakant hakim vəzifələrinə namizədlərin seçilməsi ilə bağlı başqa məlumatları mütəmadi olaraq kütləvi informasiya vasitələrində və internetdə dərc edir.

3.2. Yazılı və şifahi imtahanlarda iştirak etmək arzusunda olan, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinin ikinci hissəsinin və 93-3-cü maddəsinin səkkizinci hissəsinin tələblərinə cavab verən hüquqşünaslar Hakimlərin Seçki Komitəsinə aşağıdakı sənədləri təqdim edirlər:

3.2.1. Hakimlərin Seçki Komitəsinə ərizə;

3.2.2. şəxsiyyət vəsiqəsi və onun surəti;

3.2.3. kadrların şəxsi uçot vərəqəsi;

3.2.4. tərcümeyi-hal;

3.2.5. ali təhsil haqqında sənəd (diplom) və onun surəti;

3.2.6. əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadrlar şöbəsində) surəti;

3.2.7. fiziki və əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;

3.2.8. 4x6 ölçüdə 4 ədəd fotoşəkil.

3.3. Surətləri ilə müqayisə edildikdən sonra şəxsiyyət vəsiqəsi və ali təhsil haqqında sənəd (diplom) geri qaytarılır.

3.4. Ərizələrin qəbulu müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir.

3.5. Sənədlərin qəbulu Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən aparılır.

3.6. Məhkəmə-Hüquq Şurasının Aparatı sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır və sənədləri ərizələrin qəbulu jurnalında qeydiyyata alır.

3.7. Natamam və ya bu qaydalara uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar izah olunur. Qəbul edilmiş sənədlərdə sonradan uyğunsuzluq aşkarlanarsa, sənədlər əsaslandırılmış cavabla geri qaytarılır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər ərizələrin qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim oluna bilər.

3.8. Təqdim edilmiş sənədlər bu Qaydaların tələblərinə uyğun olduqda namizəd ümumi siyahıya salınır, ona sənədlərin qəbulu barədə qəbz və “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” verilir. Yaddaş kitabçasında yazılı və şifahi imtahanların, təlim mərhələsinin və yekun müsahibənin prosedur məsələləri, habelə vakant hakim vəzifəsinə namizədlərin seçilməsi ilə bağlı digər zəruri məlumatlar əks etdirilir.

3.9. Qeydiyyata alınmış hər bir namizədə şəxsi eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və namizədin sənədlərinin anonimliyinin qorunmasına xidmət edir.

3.10. Yazılı imtahana 2 gün qalmış hər bir namizədə “İmtahana buraxılış vərəqəsi” verilir. Bu sənədə namizədin fotoşəkli yapışdırılır. “İmtahana buraxılış vərəqəsi”ndə habelə namizədin şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, tarix, saat, auditoriyanın nömrəsi, auditoriyadakı sıra və yer nömrəsi göstərilir.

3.11. Yazılı imtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur. “İmtahana buraxılış vərəqəsi”nə namizədin adının, soyadının və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş namizəd imtahandan kənarlaşdırılır.

3.12. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq imtahana gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda namizəd imtahana buraxılmır. “İmtahana buraxılış vərəqəsi”ni itirmiş yaxud həmin sənədə düzəliş etmiş şəxs imtahana buraxılmır və ona yeni “İmtahana buraxılış vərəqəsi” verilmir.

3.13. İmtahanlar qabaqcadan təyin olunmuş tarixdə Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilir.

3.14. Yazılı imtahanın keçirilməsini təmin etmək məqsədi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən imtahan rəhbəri və imtahan nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə ən azı iki nəfər olmalıdır.

3.15. Namizəd yazılı imtahanın keçirilmə qaydalarını pozduqda, yəni saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə yaxud imtahanın keçirilmə qaydalarına zidd digər hərəkətlərə yol verdikdə imtahanın rəhbəri və nəzarətçi bu barədə akt tərtib edir və namizəd imtahandan kənarlaşdırılır. Müvafiq pozuntular imtahan başa çatdıqdan sonra aşkar edilərsə, namizədin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən ləğv edilir.

3.16. Yazılı imtahanda yol verilməyən hərəkətlər, habelə yazılı imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı Hakimlərin Seçki Komitəsi tərəfindən təsdiq edilir və “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası”na daxil edilir.

3.17. İmtahanların şəffaflığının təmin edilməsi məqsədilə Hakimlərin Seçki Komitəsi beynəlxalq, habelə hökumət və qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini imtahanları müşahidə etməyə dəvət edir. Dəvət olunmuş və ya imtahanları müşahidə etmək təşəbbüsü ilə müraciət etmiş təşkilatlar və kütləvi informasiya vasitələri öz nümayəndələrinin siyahılarını yazılı imtahana ən geci 7 gün qalmış Hakimlərin Seçki Komitəsinə təqdim edirlər. Təqdim edilmiş nümayəndələr Komitə tərəfindən akkreditə olunurlar.

3.18. Müşahidəçilər tərəfindən imtahanın gedişinə müdaxilə edilməsi, habelə namizədlərin fikrinin yayındırılması və onların imtahan prosesindən ayrılması yol verilməzdir. Müşahidəçilər belə hərəkətlərə yol verərlərsə, namizədlər bu faktı imtahan rəhbərinin nəzərinə çatdıra bilərlər.

3.19. Yazılı imtahan çox seçimli sual vərəqəsi üzrə idarə olunan elektron-hesablayıcı maşın (kompüter) vasitəsilə həyata keçirilən və bu Qaydaların 3.37-cı və 3.38-ci bəndlərində nəzərdə tutulmuş prosedurlarla seçilmiş inşa mövzuları üzrə aparılan yazılı sınaq fazalarından ibarət olmaqla təşkil edilir.

3.20. Yazılı imtahanın birinci fazasının sualları konfidensiallıq gözlənilməklə Hakimlərin Seçki Komitəsi tərəfindən tərtib edilir. Komitə suallar toplusunun tərtib edilməsinə hüquq sahəsi və digər sahələr üzrə mütəxəssislər cəlb edə bilər. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 dəfə çox olmalıdır.

3.21. Elektron-hesablayıcı maşın (kompüter) vasitəsilə həyata keçirilən yazılı imtahanın sual vərəqəsi 100 sualdan ibarət olur və imtahan 4 saat müddətində keçirilir.

3.22. Yazılı imtahanın birinci fazasının suallarının hazırlanması imtahana ən azı 3 gün qalmış başa çatdırılmalıdır. Suallar toplusuna Hakimlərin Seçki Komitəsinin qapalı iclasında baxılıb təsdiq edildikdən sonra həmin suallar toplusu zərfə qoyulub möhürlənməklə xüsusi yerdə saxlanılır.

3.23. Hakimlərin Seçki Komitəsi həmçinin yazılı imtahanın birinci fazasının suallar toplusuna dair düzgün cavabların konfidensial siyahısını tərtib edir. Siyahı Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən imzalanır, ayrıca zərfə qoyularaq möhürlənir və Komitədə xüsusi yerdə saxlanılır.

3.24. Namizəd imtahanın başlanmasına azı bir saat qalmış imtahan verəcəyi binanın qarşısına gəlməli (ünvan “İmtahana buraxılış vərəqəsi”ndə göstərilir), binanın girişində “İmtahana buraxılış vərəqəsini” və şəxsiyyət vəsiqəsini mühafizə işçisinə təqdim edib binaya daxil olmalı və “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən auditoriyada öz yerini tutmalıdır. Hər parta arxasında bir namizəd əyləşir.

3.25. Yazılı imtahan bir auditoriyada keçirilir. Bu mümkün olmadıqda şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesi digər auditoriyalara “random” (təsadüfi görüntü) rejimində birbaşa (canlı) video translyasiya olunur.

3.26. Yazılı imtahanın birinci fazasının sualları bilavasitə imtahan başlamazdan əvvəl, imtahan keçirilən auditoriyaların birində aşkar surətdə ümumi suallar toplusundan seçilir. Bunun üçün suallar toplusu olan zərf müşahidəçilərin iştirakı ilə açılır və elektron hesablayıcı maşına (kompüterə) daxil edilir. Elektron hesablayıcı maşın (kompüter) verilmiş proqrama uyğun olaraq ümumi sual bankından 100 sual seçir. Seçilmiş suallar yerindəcə, bu mümkün olmazsa, seçilmiş sualların nəzarət nüsxəsi namizədlərin gözü qarşısında konfidensial saxlanılmaqla qısa müddətdə müvafiq mətbəədə namizədlərin sayına uyğun olaraq çoxaldılır və imtahan verənlərə ötürülmək üçün imtahan rəhbərinə verilir. Sualların seçilməsi və çoxaldılması imtahan keçirilən auditoriyaların birində həyata keçirildikdə bu prosedur imtahan keçirilən digər auditoriyalara birbaşa (canlı) video translyasiya olunur.

3.27. Suallar seçildikdən sonra imtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır və onun doldurulması qaydalarını izah edir. Daha sonra namizədlərə sual kitabçaları paylanır.

3.28. Hər auditoriyada imtahanın başlanma vaxtı sual kitabçası paylanıb qurtardığı andan hesablanır.

3.29. Cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanır.

3.30. İmtahan qurtardıqdan sonra namizəd doldurduğu cavab kartını imtahan nəzarətçilərinə təhvil verir və auditoriyanı tərk edir.

3.31. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Protokol nəzarətçilər və iki nəfər namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə verilir. İmtahan rəhbəri möhürlənmiş zərfi Hakimlərin Seçki Komitəsinin sədrinə təqdim edir.

3.32. Cavab kartlarının yoxlanılmasını Hakimlərin Seçki Komitəsi həyata keçirir.

3.33. Çox seçimli sual vərəqəsi üzrə yazılı imtahanın cavab kartlarının yoxlanılması və balların hesablanması müvafiq mütəxəssislər cəlb edilməklə avtomatlaşdırılmış rejimdə elektron hesablayıcı maşınlar (kompüterlər) vasitəsilə həyata keçirilir. Bunun üçün möhürlənmiş cavab kartları və imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir.

3.34. Hər bir imtahan sualına düzgün cavab 1 balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması “0” bala bərabər tutulur.

3.35. Cavab kartlarının yoxlanılması başa çatdıqdan sonra imtahanın nəticələri cavab kartları ilə birlikdə Hakimlərin Seçki Komitəsinə təqdim edilir.

3.36. Yazılı imtahanın birinci fazasının yekununa görə 60 və ya daha çox bal toplamış namizədlər yazılı imtahanın ikinci fazasına buraxılırlar. Yazılı imtahanın ikinci fazasına buraxılmış namizədlərin siyahısı kütləvi informasiya vasitələrində və internetdə dərc edilir.

3.37. Yazılı imtahanın ikinci fazası Məhkəmə-Hüquq Şurasının toplaşaraq Hakimlərin Seçki Komitəsi tərəfindən yazılı imtahana təqdim edilməli olan inşa mövzularının sayının müəyyən edilməsi ilə başlayır. İnşa mövzularının sayı cinayət, cinayət prosessual, mülki, mülki prossesual qanunvericiliyi bərabər əhatə etmək şərti ilə cüt rəqəmlə ifadə olunmalıdır. Məhkəmə-Hüquq Şurasının iclasından sonra Şuranın üzvlərindən biri qəbul edilmiş qərarı dərhal imtahan verilən auditoriyaya yaxın otaqda keçirilən Hakimlərin Seçki Komitəsinin qapalı iclasında açıqlayır (imtahan bir neçə auditoriyada keçirildikdə Komitənin iclası inşa mövzularının seçiləcəyi auditoriyaya yaxın otaqda təşkil edilir). Bundan sonra Komitə üzvləri həmin iclasda 2 saat ərzində Şura tərəfindən müəyyən edilmiş sayda inşa mövzuları hazırlayırlar. Həmin inşa mövzuları Hakimlərin Seçki Komitəsinin yekdil qərarı ilə təsdiq edilir.

3.38. İnşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri həmin inşa mövzuları ilə birlikdə, kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya daxil olurlar. Burada inşa mövzuları cinayət hüquqi və mülki hüquqi sahələr üzrə diferensiasiya edilir və onların içindən namizədlərin biri püşk yolu ilə hər sahəyə aid bir inşa mövzusu seçir. Seçilmiş inşa mövzuları elan edilir və inşa mövzularının işlənilməsi üçün namizədlərə 4 saat vaxt verilir. İmtahan bir neçə auditoriyada təşkil edildikdə inşa mövzularının seçilməsi və elan edilməsi proseduru imtahan keçirilən digər auditoriyalara birbaşa (canlı) video translyasiya olunur. Namizədlər inşa mövzularını ifadə edərkən müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmaq və onun izahını vermək bacarıqlarını nümayiş etdirməli, qanunun konsepsiyasını ifadə edə bilməlidirlər. İnşa mövzularının ifadə edilməsinə dair izahatlar və inşaların qiymətləndirilməsi zamanı diqqət yetiriləcək məqamlar “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası”nda əks etdirilir. Yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanılır. Ümumi nəticə hər iki yoxlama yekununda verilmiş balların toplanması və 2-yə bölünməsi yolu ilə müəyyən edilir.

3.39. Yazılı imtahanın ikinci fazasında hər bir inşa mövzusu ən çoxu 100 bal ilə qiymətləndirilir. Hər inşa mövzusuna görə 60 və ya daha çox bal toplamış namizəd yazılı imtahanın bu fazasından keçmiş hesab edilir.

3.40. Yazılı imtahanın nəticələri kütləvi informasiya vasitələrində və internetdə dərc edilir.

3.41. Hər namizədə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir.

3.42. Hakimlərin Seçki Komitəsi seçki prosesi ilə bağlı aidiyyəti sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə saxlanılmasını təmin edir.

3.43. İmtahan nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Hakimlərin Seçki Komitəsinə müraciət edə bilər. Məsələ ərizəçinin iştirakı ilə araşdırılır. Bu müddəa namizədi ümumi qaydada şikayət etmək hüququndan məhrum etmir.

3.44. Cavab kartı düzgün qiymətləndirildikdə ərizəçiyə əsaslandırılmış rəsmi cavab verilir. Balların düzgün hesablanmadığı aşkar edildikdə yenidən hesablanma aparılır.

3.45. Hakimlərin Seçki Komitəsinin qərarından həmin qərar təqdim edildiyi gündən 10 gün müddətində Məhkəmə-Hüquq Şurasına şikayət verilə bilər. Məhkəmə-Hüquq Şurası həmin şikayətlərə “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxır.

3.46. Şifahi imtahan barədə namizədlər Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən 5 gün əvvəl xəbərdar edilir və imtahanın keçirildiyi yer, tarix və vaxt barədə onlara məlumat verilir.

3.47. Şifahi imtahanda hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar verilir.

3.48. Şifahi imtahan açıq, hər bir namizədlə fərdi qaydada söhbət formasında, bir qayda olaraq 30 dəqiqəyədək aparılır. Şifahi imtahan zamanı hər namizədə 5 sual verilir.

3.49. Hakimlərin Seçki Komitəsinin üzvləri namizədin cavabları ilə bağlı fikir mübadiləsi apara bilərlər.

3.50. Namizədə verilən suallar və bu suallara namizədin cavabları Komitə üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək Hakimlərin Seçki Komitəsinin sədrinə təqdim edilir.

3.51. Namizədlərin cavabları hər bir sual üzrə 20 ballıq şkala ilə qiymətləndirilir və hər bir namizəd ən çoxu 100 bal toplaya bilər. 60 və ya daha çox bal toplamış namizəd şifahi imtahandan keçmiş hesab olunur.

3.52. Şifahi imtahanı müşahidə etməyə gələnlər özləri ilə şəxsiyyətlərini təsdiq edən sənəd gətirməlidirlər. İmtahan vermiş namizəd şifahi imtahanı dinləyici kimi izləyə bilər. Bu zaman imtahanın keçirilməsinə mane olmaq yolverilməzdir.

 

4. Təlim mərhələsi və yekun müsahibə

 

4.1. Yazılı və şifahi imtahandan müvəffəqiyyətlə keçmiş namizədlər tədris müəssisəsində təşkil olunan ilkin uzunmüddətli tədris kurslarına göndərilirlər. Tədris kurslarının müddəti Hakimlərin Seçki Komitəsi tərəfindən müəyyən edilir.

4.2. İmtahanlardan müvəffəqiyyətlə keçmiş və tədris kurslarına göndərilən namizədlərin siyahısı kütləvi informasiya vasitələrində və internetdə dərc edilir.

4.3. Namizədlər üçün tədris proqramı Hakimlərin Seçki Komitəsi və tədris müəssisəsi tərəfindən hazırlanır və Məhkəmə-Hüquq Şurası ilə razılaşdırılmaqla Komitə tərəfindən təsdiq edilir.

4.4. Tədris kursları başa çatdıqdan sonra tədris müəssisəsi tərəfindən təlim mərhələsinin nəticələri (namizədlərin müvəffəqiyyət dərəcəsi, davamiyyəti, davranışı) Hakimlərin Seçki Komitəsinə təqdim edilir.

4.5. Tədrisin yekunları üzrə hər bir namizəd yazılı və şifahi imtahan verir. Bu imtahanlar namizədin qanunvericiliyin normalarını təhlil etmək, müəyyən qanunun müddəalarının yazılı şərhini vermək yaxud hüquqi kazus üzrə məhkəmə qərarının layihəsini tərtib etmək qabiliyyətinin müəyyən edilməsinə xidmət etməlidir.

4.6. Tədrisin yekunları üzrə imtahanlar Hakimlərin Seçki Komitəsi tərəfindən tədris müəssisəsi ilə birlikdə keçirilir. Komitə bu işə hüquq sahəsi üzrə mütəxəssislər cəlb edə bilər.

4.7. Tədrisin yekunu üzrə hər bir imtahan 100 ballıq şkala ilə qiymətləndirilir. Hər imtahandan 60 və ya daha çox bal toplamış namizəd təlim mərhələsini müvəffəqiyyətlə bitirmiş hesab edilir.

4.8. Tədrisin yekunları üzrə imtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlərlə yekun müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən aparılır. Yekun müsahibə namizədlərin hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsini müəyyən etmək məqsədilə keçirilir.

4.9. Yekun müsahibə hər bir namizədlə fərdi qaydada və 1 saatadək aparılır. Hər namizədə 10 sual verilir. Hakimlərin Seçki Komitəsinin üzvü namizədə bir sualla müraciət edə bilər.

4.10. Hakimlərin Seçki Komitəsi üzvləri namizədin cavabları ilə bağlı fikir mübadiləsi apara bilərlər.

4.11. Namizədə verilən suallar və bu suallara namizədin cavabları Komitə üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilir. Yekun müsahibənin ümumi nəticəsi Hakimlərin Seçki Komitəsinin sədrinə təqdim edilir.

4.12. Namizədlərin cavabları hər bir sual üzrə 10 ballıq şkala ilə qiymətləndirilir və hər bir namizəd ən çoxu 100 bal toplaya bilər. 60 və ya daha çox bal toplamış namizəd yekun müsahibədən keçmiş hesab olunur.

4.13. Yekun müsahibədən müvəffəqiyyətlə keçmiş namizəd Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir.

4.14. Namizədin qiymətləndirilməsi tədrisin yekunları üzrə imtahanların və yekun müsahibə nəticəsində yığılmış balların toplanılması yolu ilə həyata keçirilir.

4.15. Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirmə nəticəsində topladıqları ballara uyğun sıralanırlar.

 

5. Namizədlərin təsnifatlaşdırılması və onların hakim vəzifəsinə təyin edilməsinə dair təklifin verilməsi

 

5.1. Təlim mərhələsinin və yekun müsahibənin nəticələri əsasında Hakimlərin Seçki Komitəsi namizədlərin müvafiq məhkəmələrdə (ümumi və ya ixtisaslaşdırılmış) hakim vəzifəsinə uyğunluğuna dair rəy (mülahizə) tərtib edir.

5.2. Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə seçilmiş namizədlərə dair Məhkəmə-Hüquq Şurasına təkliflər verir.

5.3. Hakim vəzifəsinə seçilmiş namizəd barəsində təklifdə aşağıdakı məlumatlar əks etdirilir:

5.3.1. adı, atasının adı, soyadı;

5.3.2. tərcümeyi-hal və xarakterizəedici məlumatlar;

5.3.3. ilkin tədrisin və yekun müsahibənin nəticələri;

5.3.4. hakim vəzifəsinə uyğunluğu barədə məlumat, o cümlədən ixtisaslaşdırma haqqında rəy (mülahizə).

5.4. Məhkəmə-Hüquq Şurası hakim vəzifəsinə seçilmiş namizədlər barəsində Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxır, namizədlərin seçilməsində qanunvericiliyin və bu Əsasnamənin tələblərinə əməl olunmasını aydınlaşdırır və namizədlərlə söhbət aparır.

5.5. Söhbətin nəticələrinə və Hakimlərin Seçki Komitəsinin müvafiq rəyinə (mülahizəsinə) əsaslanaraq Məhkəmə-Hüquq Şurası namizədlərin ixtisaslaşdırılmasını aparır və mövcud vakant hakim vəzifələrinə təyin olunmaları məqsədilə onları Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

5.6. Vakant hakim vəzifəsinə təyin edilmə haqqında təqdimatda namizəd barəsində aşağıdakı məlumatlar göstərilir:

5.6.1. adı, soyadı, atasının adı;

5.6.2. tərcümeyi-hal və xarakterizəedici məlumatlar;

5.6.3. ilkin tədrisin və yekun müsahibənin nəticələri;

5.6.4. hakim vəzifəsinə uyğunluğu barədə məlumat, o cümlədən ixtisaslaşdırma haqqında rəy;

5.6.5. təyin edilməsi təklif olunan vəzifə.

5.7. Məhkəmə-Hüquq Şurası tədris kurslarını bitirmiş və yekun müsahibədən uğurla keçmiş, lakin vakansiya olmadığına görə hakim vəzifəsinə təklif olunmamış namizədlərin ədliyyə orqanlarına inzibati vəzifəyə və ya prokurorluq orqanlarına prokurorluq işçisi kimi xidmətə qəbul edilməsini həmin orqanlara tövsiyə edə bilər. Qeyd edilən namizədlərin hakim vakansiyası yarandıqda həmin vəzifəyə təyin edilmələri bu Qaydaların 5.4-5.6-cı bəndlərinə müvafiq həyata keçirilir.

 

 

 

21 iyun 2005-ci il, 17 avqust 2005-ci il, 11 aprel 2008-ci il, 06 fevral 2013-cü il və 07 fevral  2017-ci il tarixlərdə edilmiş dəyişikliklərlə

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 7 fevral 2017-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 24201702070001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 mart 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 fevral 2017-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 24201702070001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 mart 2017-ci il) ilə “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nın 1.2-ci və 3.2-ci bəndlərində “93-cü maddəsinin ikinci hissəsinin” sözlərindən sonra “və 93-3-cü maddəsinin səkkizinci hissəsinin” sözləri əlavə edilmişdir.