AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

Qəbul edildiyi tarix

05.06.2013

Qeydiyyat nömrəsi

5/31

Adı

“Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

"Azərbaycan" qəzeti ¹ 122

Qüvvəyə minmə tarixi

20.06.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

22201306050531

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.06.2013

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 oktyabr 2008-ci il tarixli 27/132 saylı Qərarı ilə təsdiq edilmiş “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydalar”ının struktur elementlərinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılması, həmin Qaydalarla tənzimlənən münasibətlərin daha da təkmil nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən düşmüş hesab edilməlidir.

Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin Qaydaların rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qaydalar qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 8 oktyabr 2008-ci il tarixli 27/132 saylı Qərarı ilə təsdiq edilmiş “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydalar”ı qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində təsdiq edilmiş Qaydaların rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

 

Sədr                                      Məzahir Pənahov

 

Katib                                     Arifə Muxtarova

 

Katib                                     Mikayıl Rəhimov

 


 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/31 saylı Qərarı ilə təsdiq edilmişdir.

 

 

Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair

 

QAYDALAR

 

Bu Qaydalar Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 40.1-ci və 110-cu maddələrinə müvafiq olaraq hazırlanmış, Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumlarda) aşkarlıq institutunun daha geniş təmin edilməsi məsələlərini əhatə edir.

 

1. Seçki məntəqələrində veb-kameraların quraşdırılmasının məqsədi və təyinatı

 

1.1. Seçki Məcəlləsinin 40.1-ci maddəsinə müvafiq olaraq seçki prosesi aşkar olmalıdır. Səsvermə günü ictimaiyyət tərəfindən səsvermənin gedişinin izlənməsi yolu ilə aşkarlığın geniş təmin edilməsi və seçkilərə ictimai inamın daha da artırılması məqsədilə seçki prosesində yeni texniki vasitə - veb-kamera (bundan sonra – kamera) tətbiq edilir. Məntəqə seçki komissiyaları üzvlərinin öz vəzifələrini lazımınca icra etmələri, onlar tərəfindən seçki sənədləri ilə işin aparılması, seçicilərə öz iradələrini heç bir qanunsuz təsir olmadan azad ifadə etmək üçün zəruri şəraitin yaradılması, seçicilər tərəfindən seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, səsvermənin nəticələrinin müəyyən edilməsi və digər proseslər bu qurğu vasitəsilə müşahidə olunaraq seçki məntəqələrində seçkilərin qanunun tələbinə uyğun keçirilməsi nümayiş etdirilir.

1.2. Seçki prosesində kameraların tətbiq edilməsi heç bir halda seçkilər və referendum zamanı səsvermənin gizliliyinə xələl gətirməməli, habelə seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna etməlidir.

1.3. Kamera səsvermə günü, səsvermə kabinəsi istisna olmaqla, seçki məntəqəsinin içərisində gedən prosesləri müşahidə etmək və əldə edilən görüntülərin birbaşa Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) internet səhifəsində yerləşdirilməklə kütləvi şəkildə nümayiş etdirmək üçün nəzərdə tutulan müvafiq texniki qurğudur.

1.4. Kameralar Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən quraşdırılır.[1]

 

2. Kameraların quraşdırılmasına, istifadəsinə və əldə olunmuş məlumatların saxlanmasına dair tələblər

 

2.1. Kameralar tələb olunan qaydada quraşdırılaraq yerləşdirilməli, səsvermə günü fasiləsiz fəaliyyət göstərməli, məlumatlar təhlükəsiz şəkildə əldə edilməli, ötürülməli və müəyyən olunmuş müddətdə saxlanılmalıdır.

2.2. Kameraların tətbiqi və onunla bağlı digər məsələlər Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə müəyyən edilir. Kameraların qanunauyğun tətbiqi və fəaliyyəti üzərində nəzarəti Mərkəzi Seçki Komissiyası həyata keçirir.

2.3. Seçki məntəqəsində stasionar qaydada, hərəkət etməyən, yalnız yönəldiyi ərazini izləmək imkanı verən kamera quraşdırılır. Kameralar seçki məntəqələrində elə yerləşdirilməlidir ki, onun vasitəsilə seçicilərə seçki bülletenlərini verən və seçki sənədləri ilə iş prosesini həyata keçirən məntəqə seçki komissiyası üzvlərinin əyləşdikləri və səslərin sayılması həyata keçirilən masa və daşınmaz seçki qutusunu izləmək mümkün olsun.

2.4. Kameralar səsvermə günü seçki məntəqələrinin açılması anından, səsvermənin yekunlarının müəyyənləşdirilməsi və səsvermənin nəticələri haqqında protokolun doldurulmasından sonra seçki məntəqələrinin bağlanması anınadək fasiləsiz olaraq fəaliyyət göstərir. Kameraların texniki cəhətdən saz vəziyyətdə olmalarına əminlik məqsədilə səsvermə gününə 2 gün qalmış onlar müvafiq qaydada sınaqdan keçirilir.

2.5. Quraşdırılma yekunlaşdıqdan sonra kameraların hərəkət etməsi, başqa istiqamətə yönəldilməsi, onların fəaliyyətinin fasiləsizliyinin pozulması, məlumatların əldə edilməsi, ötürülməsi və saxlanılması prosesinə, habelə  bu məqsədlə istifadə edilən texniki qurğulara və vasitələrə qanunsuz müdaxilə, eləcə də kameralar vasitəsilə səsvermə kabinələrinin və kabinələrin içərisinin çəkilməsi qadağandır. Bu tələblərin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.

2.6. Kameraların fəaliyyəti dövründə əldə edilən bütün videogörüntülər mərkəzləşdirilmiş qaydada yazılır. Bu cür videoyazılar şikayətlərin araşdırılması zamanı sübut kimi istifadə edilə bilər və onların 5 il müddətində saxlanılmasını həmin qurğuları quraşdıran tərəf təmin edir.

 

3. Yekun müddəalar

 

3.1. Bu Qaydalar qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 8 oktyabr 2008-ci il tarixli 27/132 saylı Qərarı ilə təsdiq edilmiş “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi” Qaydaları qüvvədən düşmüş hesab edilir.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 may 2014-cü il tarixli 1/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 22201405290015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 iyul 2014-cü il)

2.       7 aprel 2017-ci il tarixli 2/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 22201704070026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 aprel 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 may 2014-cü il tarixli 1/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 22201405290015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 iyul 2014-cü il) ilə Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ın 1.4-cü bəndində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 aprel 2017-ci il tarixli 2/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 22201704070026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 aprel 2017-ci il) ilə “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ın 1.4-cü bəndinə “Respublikasının” sözündən sonra “Nəqliyyat,” sözü əlavə edilmişdir.