AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Qəbul edildiyi tarix: 05.06.2013
Qeydiyyat nömrəsi: 5/23
Adı: “Dairə və məntəqə seçki komissiyalarının birinci iclasının keçirilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 122
Qüvvəyə minmə tarixi: 20.06.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.110.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 22201306050523
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 19.06.2013


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 iyul 2003-cü il tarixli 11/64 saylı Qərarı ilə təsdiq edilmiş “Dairə və məntəqə seçki komissiyalarının birinci iclasının keçirilməsi qaydaları haqqında Təlimat”ın struktur elementlərinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılması, həmin Təlimatla tənzimlənən münasibətlərin daha da təkmil nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən düşmüş hesab edilməlidir.

Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. “Dairə və məntəqə seçki komissiyalarının birinci iclasının keçirilməsi qaydaları haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 12 iyul 2003-cü il tarixli 11/64 saylı Qərarı ilə təsdiq edilmiş “Dairə və məntəqə seçki komissiyalarının birinci iclasının keçirilməsi qaydaları haqqında Təlimat”ı qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində təsdiq edilmiş Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

 

Sədr                                      Məzahir Pənahov

 

Katib                                     Arifə Muxtarova

 

Katib                                     Mikayıl Rəhimov

 


 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/23 saylı Qərarı ilə təsdiq edilmişdir.

 

 

Dairə və məntəqə seçki komissiyalarının birinci iclasının keçirilməsi qaydaları haqqında

 

T Ə L İ M A T

 

Dairə və məntəqə seçki komissiyalarının birinci iclasının keçirilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 19.3-cü, 23-cü, 30.2-ci, 34.4-cü, 36-cı və 39.4-cü maddələri, “Dairə seçki komissiyası katibliyinin Əsasnaməsi” və bu Təlimatla tənzimlənir.

 

1. Ümumi müddəalar

 

1.1. Seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Seçki Məcəlləsi ilə nəzərdə tutulan hallarda seçki komissiyası buraxılıb yenidən təşkil edilərsə, yenidən təşkil edilmiş seçki komissiyasının səlahiyyət müddəti buraxılmış seçki komissiyasının səlahiyyət müddəti ilə məhdudlaşır. Müvafiq seçki komissiyasının üzvünün səlahiyyəti onun təyin edilməsi barədə qərarın qüvvəyə minməsi ilə başlanır və komissiyanın səlahiyyət müddətinin başa çatması ilə bitir.

1.2. Dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvlərini Mərkəzi Seçki Komissiyası təyin edir.

1.3. Dairə seçki komissiyasının iclası onun həlledici səs hüquqlu üzvlərinin 2/3-i təyin edildikdə səlahiyyətlidir.

1.4. Məntəqə seçki komissiyası 6 üzvdən ibarətdir. Məntəqə seçki komissiyasının üzvlərini dairə seçki komissiyası təyin edir.

1.5. Məntəqə seçki komissiyasının iclası komissiyanın həlledici səs hüquqlu üzvlərinin 2/3-i təyin edildikdə səlahiyyətlidir.

1.6. Müvafiq seçki komissiyası onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən ən geci 5 gün ərzində birinci iclasına toplaşır.

1.7. Seçki komissiyalarının birinci iclasının keçirilməsi barədə iclasdan dərhal sonra Mərkəzi Seçki Komissiyası yazılı şəkildə məlumatlandırılır, iclas baş tutmadıqda, müvafiq komissiyaların reqlamentində nəzərdə tutulmuş qaydada davranılır.

 

2. Dairə seçki komissiyasının birinci iclasının keçirilməsinə və qərarların qəbul edilməsinə dair ümumi tələblər

 

2.1. Komissiyanın birinci iclasının keçirilməsinin təşkili təyin edilmiş komissiya üzvlərinin təşəbbüsü ilə və ya Mərkəzi Seçki Komissiyasının Katibliyi tərəfindən həyata keçirilir. Bu prosesə Mərkəzi Seçki Komissiyası nəzarət edir.

2.2. Komissiyanın iclasının keçiriləcəyi yer və vaxt barədə bütün komissiya üzvləri iclasa ən azı 24 saat qalmış şəxsən məlumatlandırılır. Qanunla müəyyən olunmuş müddətdə komissiya üzvləri ilk iclasın keçirilməsi üçün toplaşmağa borcludurlar. İclas dairə seçki komissiyasının binasında keçirilir. Seçki komissiyasının iclası səlahiyyətli tərkibdə formalaşmış komissiyanın həlledici səs hüquqlu üzvlərinin azı 2/3-i iştirak etdikdə səlahiyyətli hesab edilir.

2.3. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanın, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaların və müstəqil deputatların təmsilçilərindən birinci iclasda açıq səsvermə yolu ilə seçilirlər.

2.4. Dairə seçki komissiyasının qərarı komissiyanın iclasında 9 üzv iştirak etdikdə – azı 6 üzvünün, 8 və ya 7 üzv iştirak etdikdə – azı 5 üzvünün, 6 üzv iştirak etdikdə – azı 4 üzvünün lehinə səs verməsi nəticəsində qəbul edilir.

2.5. Katibliyin baş  məsləhətçisi iclasın keçirilməsi ilə bağlı zəruri sənədləşmə işini təşkil edir.

2.6. İclasın gedişi protokolla rəsmiləşdirilməli, gündəliyə uyğun olaraq qərar qəbul edilməli və müvafiq qaydada rəsmiləşdirildikdən sonra dərc olunmalıdır. Dairə seçki komissiyasının qərarı 24 saat ərzində məlumat lövhəsindən asılmaq yolu ilə dərc edilməlidir. Qərar qüvvəyə mindikdən sonra dairə seçki komissiyasının sədri və katibləri seçilmiş hesab edilirlər.

 

3. Məntəqə seçki komissiyasının birinci iclasının keçirilməsinə və qərarların qəbul edilməsinə dair ümumi tələblər

 

3.1. Məntəqə seçki komissiyasının birinci iclasının keçirilməsini dairə seçki komissiyasının sədri təmin edir. Dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin həmin iclaslarda iştirakı da mümkündür.

3.2. Dairə seçki komissiyasının katibliyi məntəqə seçki komissiyasının ilk iclasının keçirilmə yeri və vaxtı barədə məntəqə seçki komissiyasının üzvlərinin iclasa ən azı 24 saat qalmış məlumatlandırılmasını təmin edir.

3.3. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanın, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaların və müstəqil deputatların təmsilçiləri seçilirlər.

3.4. Məntəqə seçki komissiyasının qərarları komissiyanın iclasında 6 və ya 5 üzv iştirak etdikdə – azı 4 üzvün, 4 üzv iştirak etdikdə – azı 3 üzvün onun lehinə səs verməsi nəticəsində qəbul edilir.

3.5. Məntəqə seçki komissiyasının ilk iclasının protokolunu komissiyaya sədrlik edənin tapşırığına əsasən komissiya üzvlərindən biri tərtib edir. Məntəqə seçki komissiyasının qərarı ən geci 12 saat müddətində məlumat lövhəsindən asılmaq yolu ilə dərc edilməlidir. Qərar qüvvəyə mindikdən sonra məntəqə seçki komissiyasının sədri və katibləri seçilmiş hesab edilirlər.

 

4. Yekun müddəalar

 

4.1. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 12 iyul 2003-cü il 11/64 saylı Qərarı ilə təsdiq edilmiş “Dairə və məntəqə seçki komissiyalarının birinci iclasının keçirilməsi qaydaları haqqında” Təlimat qüvvədən düşmüş hesab edilir.