AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Qəbul edildiyi tarix: 05.06.2013
Qeydiyyat nömrəsi: 5/24
Adı: “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsinə dair
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 122
Qüvvəyə minmə tarixi: 20.06.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.110.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 22201306050524
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 19.06.2013


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 iyun 2003-cü il tarixli 3/11 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi Seçki Komissiyası yanında nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin struktur elementlərinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılması, həmin Əsasnamə ilə tənzimlənən münasibətlərin daha da təkmil nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən düşmüş hesab edilməlidir

Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin Əsasnamənin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu Əsasnamə qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 21 iyun 2003-cü il tarixli 3/11 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi Seçki Komissiyası yanında nəzarət-təftiş xidməti haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində təsdiq edilmiş Əsasnamənin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

 

 

Sədr                                                                          Məzahir Pənahov

 

Katib                                                                        Arifə Muxtarova

 

Katib                                                                        Mikayıl Rəhimov

 

 


 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/24 saylı Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

nəzarət-təftiş xidməti haqqında

 

ƏSASNAMƏ

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) nəzarət-təftiş xidmətinin yaradılması, hüquqi vəziyyəti, vəzifələri və fəaliyyət qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 97-ci maddəsi və bu Əsasnamə ilə tənzimlənir.

 

1. Ümumi müddəalar

 

1.1. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsi və bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyəti həyata keçirmək üçün (seçki komissiyalarına  ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə) nəzarət-təftiş xidməti yaradır.

1.2. Nəzarət-təftiş xidməti Mərkəzi Seçki Komissiyasının səlahiyyəti müddətinə təşkil olunur.

1.3. Nəzarət-təftiş xidmətinin tərkibinə Mərkəzi Seçki Komissiyasının üzvləri və onun Katibliyinin əməkdaşları, habelə müvafiq dövlət orqanlarının (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikasının Hesablama Palatasının) Mərkəzi Seçki Komissiyasının sədri ilə razılaşdırılmış nümayəndələri daxil edilir.

1.4. Nəzarət-təftiş xidmətinin tərkibinə daxil olan Mərkəzi Seçki Komissiyasının üzvlərindən biri onun rəhbəri təyin olunur.

1.5. Nəzarət-təftiş xidməti öz fəaliyyətində Seçki Məcəlləsini, bu Əsasnaməni və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi digər hüquqi aktları rəhbər tutur.

1.6. Nəzarət-təftiş xidmətinin fəaliyyətinin təşkilati, hüquqi, maddi-texniki təminatı Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilir.

1.7. Nəzarət-təftiş xidmətinin rəsmi yazışmaları üçün Mərkəzi Seçki Komissiyasının blankından istifadə olunur.

 

2. Nəzarət-təftiş xidmətinin formalaşdırılması qaydası

 

2.1. Nəzarət-təftiş xidmətinin rəhbəri Mərkəzi Seçki Komissiyasının təmsilçiləri olan üzvləri komissiyanın qərarı ilə təyin və azad edilirlər.

2.2. Nəzarət-təftiş xidmətinə cəlb edilmiş digər qurumların nümayəndələri həmin qurumların rəhbərləri ilə razılaşdırılmaqla Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən xidmətin tərkibinə daxil edilirlər. 

2.3. Seçkilərin təyin olunması haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq nəzarət-təftiş xidmətinin tərkibinə daxil edilmək üçün müvafiq orqanlar tərəfindən Mərkəzi Seçki Komissiyasının sərəncamına seçkilər müddətinə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi sayda mütəxəssislər göndərilməlidir.

2.4. Nəzarət-təftiş xidmətinin üzvləri əsas işlərindən müvəqqəti azad edildikdə, əsas iş yerləri üzrə əmək haqları və digər ödənişlər saxlanılmaqla, Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada və həcmdə əlavə əmək haqqı alırlar.

2.5. Nəzarət-təftiş xidmətinin tərkibinə daxil edilən mütəxəssislər nəzarət-təftiş xidməti rəhbərinin təqdimatı əsasında Mərkəzi Seçki Komissiyası sədrinin sərəncamı ilə Mərkəzi Seçki Komissiyasının vəsaiti hesabına xidməti ezamiyyətə göndərilə bilərlər.

 

3. Nəzarət-təftiş xidmətinin vəzifələri

 

3.1. Nəzarət-təftiş xidməti Mərkəzi Seçki Komissiyasının tapşırığı ilə aşağıdakı vəzifələri həyata keçirir:

3.1.1. Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyalarının maliyyə hesabatlarını yoxlayır;

3.1.2. namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarını yoxlayır;

3.1.3. icra hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, hüquqi və fiziki şəxslərdən nəzarət-təftiş xidmətinin səlahiyyətinə aid məsələlər və seçkilərin maliyyə təminatı ilə əlaqədar zəruri məlumatları alır;

3.1.4. seçkilərin maliyyələşdirilməsində aşağı seçki komissiyalarında yol verilmiş maliyyə pozuntuları barədə müvafiq sənədlər tərtib edir;

3.1.5. yoxlamanın keçirilməsi və ekspert rəylərinin hazırlanması üçün ekspertlər cəlb edir;

3.1.6. seçkilərin maliyyələşdirilməsinin qanunvericiliyə uyğun aparılması ilə bağlı digər məsələləri yoxlayır;

3.1.7. yoxlamanın nəticələri haqqında akt, yaxud arayış tərtib edərək Mərkəzi Seçki Komissiyasının sədrinə təqdim edir;

3.1.8. seçkilərin maliyyələşdirilməsində yol verdikləri pozuntulara görə vətəndaşlara və hüquqi şəxslərə, namizədlərə, qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına qarşı müvafiq məsuliyyət tədbirlərinin tətbiq edilməsi haqqında Mərkəzi Seçki Komissiyası qarşısında məsələ qaldırır.

 

4. Nəzarət-təftiş xidmətinin hüquqları

 

4.1. Nəzarət-təftiş xidməti aşağıdakı hüquqlara malikdir:

4.1.1. müvafiq subyektlərdən öz səlahiyyətlərinə aid bütün məsələlər üzrə məlumat və arayış tələb etmək;

4.1.2. müraciətlərinə 10 gün müddətində, səsvermə gününə 5 gün qalmış və səsvermə günü isə dərhal cavab almaq;

4.1.3. seçki komissiyalarına ayrılmış pul vəsaitindən təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;

4.1.4. namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitin daxil olmasına, bu vəsaitin uçotuna və təyinatı üzrə xərclənməsinə nəzarəti həyata keçirmək.

Qeyd: Nəzarət-təftiş xidmətinin müraciətləri üzrə cavab və materiallar icra hakimiyyəti orqanları, bələdiyyə qurumları, hüquqi və fiziki şəxslər tərəfindən 10 gün müddətində, səsvermə gününə 5 gün qalmış və səsvermə günü isə dərhal verilir.

 

5. Nəzarət-təftiş xidməti rəhbərinin hüquq və vəzifələri

 

5.1. Nəzarət-təftiş xidmətinin rəhbəri aşağıdakı hüquqlara malikdir:

5.1.1. müvafiq idarə və təşkilatlara sorğular vermək, məlumatlar almaq;

5.1.2. xidmətin tərkibinə daxil olan şəxslərə və həmin xidmətin işinə cəlb edilmiş mütəxəssislərə (ekspertlərə) tapşırıq vermək.

5.2. Nəzarət-təftiş xidmətinin rəhbəri aşağıdakı vəzifələri həyata keçirir:

5.2.1. xidmətin fəaliyyətini təşkil edir və bu barədə Mərkəzi Seçki Komissiyasına hesabat verir;

5.2.2. xidmətin tərkibinə daxil olan şəxslər və həmin xidmətin işinə cəlb olunan mütəxəssislər (ekspertlər) arasında vəzifə bölgüsü aparır, onlara verilmiş tapşırıqların icrasına nəzarət edir;

5.2.3. Mərkəzi Seçki Komissiyasının tapşırığı ilə yoxlamaların keçirilməsi və ekspert rəylərinin hazırlanması üçün ekspertlər cəlb edir.

 

6. Yekun müddəalar

 

6.1. Bu Əsasnamə qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 21 iyun 2003-cü il tarixli 3/11 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi Seçki Komissiyası yanında nəzarət-təftiş xidməti haqqında” Əsasnamə qüvvədən düşmüş hesab edilir.