AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: YERLİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 13.08.2013
Qeydiyyat nömrəsi: 01
Adı: Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəxri fərmanının təsis edilməsi, onun nümunəsinin və həmin fərmanla təltifetmə qaydasının təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 20.08.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.220.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 27201308130001
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 19.08.2013


Bakı şəhəri Pirallahı rayonunun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü yarımbəndlərini rəhbər tutaraq

QƏRARA ALIRAM :

1.      Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təsis edilsin.

2. “Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltifetmə qaydası” təsdiq edilsin (əlavə olunur).

            3. Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəxri fərmanının nümunəsi təsdiq edilsin (əlavə olunur).

4. Baş məsləhətçiyə (hüquqşünasa) tapşırılsın ki, bu Qaydanın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Vasif  İmanov


 

 

Bakı şəhəri Pirallahı Rayon

İcra Hakimiyyəti başçısının

13 avqust 2013-cü il tarixli

01 nömrəli qərarı ilə təsdiq

edilmişdir

 

 

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin

fəxri fərmanı ilə təltifetmə

Q A Y D A S I

1.     Ümumi müddəalar

            Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü yarımbəndlərinə uyğun olaraq, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəxri fərmanı (bundan sonra - fəxri fərman) ilə təltif edilməsi məsələlərini tənzimləyir.

2.      Fəxri fərmanın verilməsi

2.1.     Fəxri fərman Bakı şəhəri, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və ya bu qaydanın 2.5-ci bəndində göstərilən qurumların vəsatəti əsasında rayonun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında və digər sahələrdə nailiyyətlər qazanmış və fərqlənən rayon sakinlərinə və rayon ərazisində fəaliyyət göstərən digər şəxslərə verilir.

2.2.     Fəxri fərman Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilir.

2.3.     Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı eyni yüksək nailiyyətlərə görə fəxri fərman eyni şəxslərə təkrar verilmir.

2.4.     Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə fəxri fərman almış şəxsin həmin bənddə nəzərdə tutulmuş digər sahələrdə fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə yenidən fəxri fərmanla təltif olunması mümkündür.

2.5.     Şəxsin fəxri fərmanla təltif edilməsi haqqında vəsatət onun işlədiyi təşkilat, yaşadığı ərazidə təşkil edilmiş bələdiyyə, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi, rayonun ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı, təhsil müəssisələri tərəfindən qaldırılır.

2.6.     Fəxri fərmanla təltif olunmaq üçün təqdim edilən şəxs barədə vəsatətə həmin şəxsin müvafiq sahədə qazandığı yüksək nailiyyətlər barədə əsaslandırılmış arayış əlavə olunmalıdır.

2.7.     Fəxri fərmanda şəxsin fəxri fərmanla təltif olunmasına əsas olan yüksək nailiyyətlərinin qısa xülasəsi qeyd olunur.

2.8.     Fəxri fərman Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının və onun müəyyən etdiyi digər şəxslər tərəfindən təntənəli şəraitdə və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə təqdim edilir.

2.9.     Fəxri fərmanın verilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu fəxri fərman alan şəxs imzalayır və protokola təqdim etməni keçirən orqanın möhürü vurulur. Protokolun bir nüsxəsi fəxri fərmanı alan şəxsə, digər nüsxəsi isə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatına təqdim edilir.

2.10.   Fəxri fərman almış şəxs fəxri fərmanı saxlanılması üçün işlədiyi quruma və ya nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilə bilər.

3. Fəxri fərmanın itirilməsi və fəxri fərmandan məhrum etmə

            3.1.     Fəxri fərman itirildikdə dublikatları verilmir. Həmin fəxri fərmanın döyüş şəraitində, təbii fəlakət nəticəsində, yaxud fəxri fərmanla təltif olunmuş şəxs onların itməsinin qarşısını ala bilmədiyi digər şəraitdə itirildikdə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə onların dublikatları verilir.

            3.2.     Fəxri fərmanla təltif olunmuş şəxs fəxri fərmandan yalnız ağır və ya xüsusi ilə ağır cinayət törətməyə görə məhkum olunduqda, habelə onu ləkələyən hərəkətlərə yol verdikdə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmuş qurumların vəsatətinə əsasən və ya Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə məhrum edilir.

            3.3.     Fəxri fərmanla təltif olunmuş şəxs Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin fərmandan məhrum edilir.

            3.4.     Fəxri fərmanla təltif edilmiş kollektiv üzvü tərəfindən bu qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hərəkətlərə yol verilməsi həmin kollektivin fəxri fərmandan məhrum edilməsinə əsas vermir.

            3.5.     Fəxri fərmandan məhrum edilmiş şəxsə məxsus olan fəxri fərman Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatına qaytarılmalıdır.

4. Yekun müddəalar

            4.1.     Fəxri fərman almış şəxslər öldükdə fəxri fərman yadigar kimi saxlamaq üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir.

            4.2.     Fəxri fərman almış şəxs öldükdə vərəsələrinin razılığı ilə fəxri fərman saxlamaq və nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilir.

            4.3.     Fəxri fərman almış şəxs öldükdə vərəsələri olmazsa, fəxri fərman Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatına qaytarılır.


NÜMUNƏ

gerb

 

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti

 

 

FƏXRİ FƏRMAN

 

___________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

___________________________________________________________________________________

 

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının _________ il __________________ tarixli

__________ nömrəli sərəncamı ilə təltif olunmuşdur.

 

Bakı şəhəri Pirallahı Rayon

İcra Hakimiyyətinin başçısı

 

                                              M.Y

         001