AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: YERLİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 12.08.2013
Qeydiyyat nömrəsi: 01
Adı: Xızı Rayon İcra Hakimiyyətinin fəxri fərmanının təsis edilməsi ,onun nümunəsinin və həmin fərmanla təltifetmə qaydasının təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 20.08.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.220.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 27201308120001
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 19.08.2013


    Xızı rayonunun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü yarımbəndlərini əldə rəhbər tutaraq

 

QƏRARA ALIRAM :

 

1. Xızı Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təsis edilsin.

2. “Xızı Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltifetmə qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Xızı Rayon İcra Hakimiyyətinin fəxri fərmanının nümunəsi təsdiq edilsin (əlavə olunur).

4. Hüquq şöbəsinə (A.Xanməmmədov) tapşırılsın ki, bu Qaydanın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

        

Xızı Rayon İcra

Hakimiyyətinin başçısı:

 

Xəzər Aslanov


 

 

Xızı rayon İcra Hakimiyyəti başçısının                                                                                 “12”  avqust  2013-cü  il  tarixli                                                                                     “01” nömrəli qərarı ilə təsdiq edilmişdir

                                                                                       

                                                                                                       

Xızı Rayon İcra Hakimiyyətinin fəxri  fərmanı ilə təltifetmə

 

Q A Y D A S I

 

1.     Ümumi müddəalar

 

   Bu Qaydada  Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci il 6 iyun tarixli 648 nömrəli  Fərmanı ilə təsdiq  edilmiş “Yerli icra hakimiyyətləri haqqında  Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü bəndinə uyğun olaraq, Xızı Rayon İcra Hakimiyyətinin fəxri  fərmanı  (bundan sonra-fəxri fərman) ilə təltif edilməsi məsələlərini tənzimləyir.

 

2.     Fəxri  fərmanın  verilməsi

 

2.1. Fəxri fərman  Xızı Rayon İcra Hakimiyyəti başçısının  təşəbbüsü və ya bu Qaydanın  2.4-cü bəndində  göstərilən qurumların vəsatəti əsasında  rayonun  sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında və digər  sahələrdə  yüksək nailiyyətlər qazanmış və fərqlənən rayon sakinlərinə və rayon ərazisində fəaliyyət göstərən  digər  şəxslərə verilir.

2.2. Fəxri fərman Xızı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilir.

2.3. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı eyni yüksək nailiyyətlərə görə  fəxri fərman eyni  şəxslərə təkrar verilmir.

2.4. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində  fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə fəxri fərman almış şəxsin həmin bənddə nəzərdə tutulmuş digər sahələrdə fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə yenidən fəxri fərmanla təltif olunması mümkündür.

2.5. Şəxsin fəxri fərmanla təltif edilməsi haqqında vəsatət onun işlədiyi təşkilat, yaşadığı ərazidə təşkil edilmiş bələdiyyə, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi, rayonun ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı, təhsil müəssisələri tərəfindən qaldırılır.

2.6. Fəxri fərmanla təltif olunmaq üçün təqdim edilən şəxs barədə vəsatətə həmin şəxsin müvafiq sahədə qazandığı yüksək nailiyyətlər barədə əsaslandırılmış arayış  əlavə olunmalıdır.

2.7. Fəxri fərmanda şəxsin fəxri fərmanla təltif olunmasına əsas olan yüksək nailiyyətlərinin qısa xülasəsi qeyd olunur.

2.8.  Fəxri fərman Xızı Rayon İcra Hakimiyyəti başçısının  və onun müəyyən etdiyi digər  şəxslər tərəfindən təntənəli şəraitdə  və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə təqdim edilir.

2.9.  Fəxri fərmanın verilməsi iki nüsxədən  ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu fəxri fərman alan şəxs imzalayır  və  protokola təqdim etməni keçirən orqanın möhürü vurulur. Protokolun bir nüsxəsi fəxri fərman alan şəxsə, digər nüsxəsi  isə Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatına təqdim edilir.

2.10. Fəxri fərman almış şəxs fəxri fərmanı saxlanılması üçün işlədiyi quruma və ya nümayiş etdirmək üçün muzeylərə, arxivlərə verə bilər.

 

3.     Fəxri fərmanın itirilməsi və fəxri fərmandan məhrum etmə

 

3.1. Fəxri fərman itirildikdə dublikatları verilmir. Həmin fəxri fərman döyüş şəraitində, təbii fəlakət nəticəsində, yaxud fəxri fərmanla təltif olunmuş şəxs onların itməsinin qarşısını ala bilmədiyi digər şəraitdə itirildikdə Xızı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə onların dublikatları verilir.

3.2. Fəxri fərmanla təltif olunmuş şəxs fəxri fərmandan yalnız ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, habelə onu ləkələyən hərəkətlərə yol verdikdə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmuş qurumların vəsatətinə əsasən və ya Xızı Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə məhrum edilir.

3.3. Fəxri fərmanla təltif olunmuş şəxs Xızı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin fərmandan məhrum edilir.

3.3. Fəxri fərmanla təltif edilmiş kollektiv üzvü tərəfindən bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hərəkətlərə yol verilməsi həmin kollektivin fəxri fərmandan məhrum edilməsinə əsas vermir.

3.4. Fəxri fərmandan məhrum edilmiş şəxsə məxsus olan fəxri fərman Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatına qaytarılmalıdır.

 

4.     Yekun müddəalar

 

4.1. Fəxri fərman almış şəxslər öldükdə fəxri fərman yadigar kimi saxlamaq üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir.

4.2. Fəxri fərman almış şəxs öldükdə vərəsələrinin razılığı ilə fəxri fərman saxlamaq və nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilir.

4.3. Fəxri fərman almış şəxs öldükdə vərəsələri olmazsa, fəxri fərman Xızı rayon İcra Hakimiyyəti başçısı aparatına qaytarılır.

 

 


Xızı Rayon İcra Hakimiyyəti

 

 FƏXRİ FƏRMAN

 

____________________________________________________________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

___________________________________________________________________________________________________________________________________________

 

            Xızı Rayon  İcra Hakimiyyəti başçısının ___________ il _______________tarixli _______ nömrəli sərəncamı ilə təltif olunmuşdur.

 

                                                       Xızı   Rayon

                                              İcra  Hakimiyyətinin başçısı                                               

 

                                                           M.Y

 

                                      001