AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: YERLİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 13.09.2013
Qeydiyyat nömrəsi: 01
Adı: Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanının təsis edilməsi, onun nümunəsinin və həmin fərmanla təltifetmə qaydasının təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 19.09.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.220.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 27201309130001
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 18.09.2013


Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü bəndlərinin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 2013-cü il 26 iyul tarixli 2/727 nömrəli məktubunu rəhbər tutaraq qərara alıram: 

 

1. Rayonun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxsləri təltif etmək məqsədi ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təsis edilsin.

2. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanının nümunəsi təsdiq edilsin (əlavə olunur).

3. “Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltifetmə qaydası” təsdiq edilsin (əlavə olunur).

4. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinə (T.Zeynalov) tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

 

 

T.Budaqov

 


 

 

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının “13” sentyabr 2013-cü il tarixli “01” nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltifetmə

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

Bu qayda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü bəndlərinə əsasən hazırlanmışdır və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanı (bundan sonra fəxri fərman) ilə təltifetmə məsələlərini tənzimləyir.

2. Fəxri Fərmanın verilməsi

2.1.             Fəxri fərman Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və ya bu Qaydanın 2.5-ci bəndində göstərilən qurumların vəsatəti əsasında rayonun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında və digər sahələrdə yüksək nailiyyətlər qazanmış rayon sakinlərinə və rayon ərazisində fəaliyyət göstərən digər şəxslərə verilir.

2.2.             Fəxri fərman Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilir.

2.3.             Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı yüksək nailiyyətlərə görə fəxri fərman eyni şəxslərə təkrar verilmir.

2.4.             Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı yüksək nailiyyətlərə görə fəxri fərman almış şəxsin həmin bənddə nəzərdə tutulmuş digər sahələrdə fərqlənməsinə görə yenidən fəxri fərmanla təltif olunması mümkündür.

2.5.             Şəxsin fəxri fərmanla təltif edilməsi haqqında vəsatət onun işlədiyi təşkilat, yaşadığı ərazi üzrə bələdiyyə, qəsəbə və ya müvafiq sahə inzibati ərazi dairəsi üzrə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi, rayonun ərazisində fəaliyyət göstərən qeyri-hökümət təşkilatı, təhsil müəssisələri tərəfindən qaldırılır.

2.6.             Fəxri fərmanla təltif olunmaq üçün təqdim edilən şəxs barədə vəsatətə həmin şəxsin müvafiq sahədə qazandığı yüksək nailiyyətlər barədə əsaslandırılmış arayış əlavə olunmalıdır.

2.7.             Fəxri fərmanda şəxsin təltif olunmasına əsas olan yüksək nailiyyətlərin qısa xülasəsi qeyd olunur.

2.8.             Fəxri fərman Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı və ya onun müəyyən etdiyi digər şəxslər tərəfindən təntənəli şəraitdə və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə təqdim edilir.

2.9.             Fəxri fərmanın verilməsi onu alan şəxsin imzaladığı və təqdimetməni keçirən orqanın möhürünün vurulduğu iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir. Protokolun bir nüsxəsi fəxri fərmanı alan şəxsə, digər nüsxəsi isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatına təqdim edilir.

2.10.         Təltif edilmiş şəxsin fəxri fərmanı saxlanılmaq üçün işlədiyi quruma və ya nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilə bilər.

3.      Fəxri fərmanın itirilməsi və fəxri fərmandan məhrum etmə

3.1.             Fəxri fərman döyüş şəraitində, təbii fəlakət nəticəsində, yaxud fəxri fərmanla təltif olunmuş şəxs onun itməsinin qarşısını ala bilmədiyi başqa şəraitdə itirildikdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə onun dublikatı verilir. Bu bənddə göstərilən hallar istisna olmaqla digər şəraitdə itirildikdə fəxri fərmanın dublikatı verilmir.

3.2.             Təltif olunmuş şəxs fəxri fərmandan yalnız ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, habelə onu ləkələyən hərəkətlərə yol verdikdə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmuş qurumların vəsatətinə əsasən və ya Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə məhrum edilir.

3.3.             Təltif olunmuş şəxs fəxri fərmandan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti    başçısının sərəncamı ilə məhrum edilir.

3.4.             Fəxri fərmanla təltif edilmiş kollektivin hər hansı bir üzvünün Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hərəkətlərə yol verməsi həmin kollektivin fəxri fərmandan məhrum edilməsinə əsas vermir.

3.5.             Fəxri fərmandan məhrum edilmiş şəxsin fəxri fərmanı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatına qaytarılmalıdır.

4. Yekun müddəalar

4.1.             Fəxri fərman almış şəxslər öldükdə fəxri fərman yadigar kimi saxlanılmaq üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir.

4.2.             Fəxri fərman almış şəxs öldükdə vərəsələrinin razılığı ilə fəxri fərman saxlanılmaq və ya nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilə bilər.

4.3.             Fəxri fərman almış şəxs öldükdə vərəsələri olmazsa, fəxri fərman Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatına qaytarılır.


Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti

 

 FƏXRİ FƏRMAN

 

____________________________________________________________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

___________________________________________________________________________________________________________________________________________

 

            Bakı şəhəri Nizami Rayon  İcra Hakimiyyəti başçısının ______ il ___________tarixli ______ nömrəli sərəncamı ilə təltif olunmuşdur.

 

                                              Bakı şəhəri Nizami Rayon

                                              İcra  Hakimiyyətinin başçısı                                               

 

                                                           M.Y

 

                                       _____