AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

19.08.2014

Qeydiyyat nömrəsi

19/2

Adı

Bankların yenidən təşkili Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

29.08.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201408190192

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

28.08.2014

 

 

Bank sisteminin kapitalizasiya səviyyəsinin və bank kapitalının keyfiyyətinin artırılması proqramı çərçivəsində bankların minimum kapitalı üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi yeni tələbləri yerinə yetirə bilməyən bankların restrukturizasiyası prosesinin gərginlik yaranmadan uğurla həyata keçirilməsi, bu zaman bank kreditorları və əmanətçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.1-ci maddələrinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. “Bankların yenidən təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur). [1]

2. “Bankların yenidən təşkili Qaydaları” qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 mart 2003-cü il tarixli qərarı ilə (03 nömrəli protokol) təsdiq olunmuş (01 aprel 2003-cü il tarixli 2970 nömrəli şəhadətnamə) “Bankların birləşmə və ya qoşulma şəklində yenidən təşkili Qaydaları” ləğv edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

 

Mərkəzi Bankın sədri

vəzifəsini icra edən                                                                                                                    A.Quliyev

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ą 19/2

19 avqust 2014-cü il

 

 

Bankların yenidən təşkili Qaydaları

 

1. Ümumi müddəalar

 

Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən hazırlanmış və bankların birləşmə, qoşulma və çevrilmə şəklində yenidən təşkili prosedurlarını müəyyən edir.

 

2. Anlayışlar

 

2.0.                Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:

2.0.1.          birləşmə - iki və ya daha çox bankın hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) təhvil aktına uyğun olaraq yeni yaranmış banka (hüquq varisinə) keçməsi ilə nəticələnən bankların yenidən təşkili prosesi;

2.0.2.          qoşulma - bir və ya daha çox bankın hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) təhvil aktına uyğun olaraq fəaliyyətdə olan digər banka (hüquq varisinə) keçməsi ilə nəticələnən bankların yenidən təşkili prosesi;

2.0.3.          çevrilmə - bankın təşkilati-hüquqi forması dəyişməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) təhvil aktına uyğun olaraq yeni yaranmış bank olmayan kredit təşkilatına (bundan sonra - BOKT) (hüquq varisinə) keçməsi ilə nəticələnən bankın yenidən təşkili prosesi;

2.0.4.          yenidən təşkil olunan bank - birləşmə, qoşulma və ya çevrilmə formasında yenidən təşkil olunma niyyəti olan bank;

2.0.5.          qoşulan bank - fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələri (aktiv və öhdəlikləri) yenidən təşkil olunan banka (hüquq varisinə) keçirilən bank.

 

3. Bankların yenidən təşkili prosesi

 

3.1.                Bankın (bankların) yenidən təşkili prosesi aşağıdakı əsas mərhələlərdən ibarətdir:

3.1.1.          yenidən təşkilə dair qabaqcadan razılığın alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra - Mərkəzi Bank) yazılı ərizə ilə müraciət edilməsi;

3.1.2.          Mərkəzi Bankın razılığı alındıqdan sonra müvafiq qərarın qəbul edilməsi məqsədi ilə yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağının (çevrilmə zamanı BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağının) keçirilməsi;

3.1.3.          yenidən təşkilə dair qəbul edilmiş qərar barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci maddəsinə müvafiq olaraq yenidən təşkil olunan bankın (bankların) kreditorlarının məlumatlandırılması;

3.1.4.          yenidən təşkil olunma nəticəsində yaradılmış hüquqi varis olan bankın və ya BOKT-nin dövlət qeydiyyatından keçməsi;

3.1.5.          dövlət qeydiyyatından keçdikdən sonra yenidən təşkil olunan bankın (bankların) bank lisenziyasının ləğv edilməsi və hüquqi varis olan banka və ya yaradılmış BOKT-yə müvafiq xüsusi razılığın (lisenziyanın) verilməsi.

3.2.                Yenidən təşkil olunmaq üçün Mərkəzi Bankın qabaqcadan razılığının alınması məqsədi ilə bank (banklar) bu Qaydaların 3.1.2-ci bəndinə müvafiq olaraq səhmdarların ümumi yığıncağının keçiriləcəyi tarixdən ən azı 90 təqvim günü əvvəl Mərkəzi Banka yazılı ərizə ilə müraciət edir. Ərizə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin tələblərinə uyğun tərtib edilir. Ərizə yenidən təşkil olunan bankın (bankların) Müşahidə Şurasının sədri (sədrləri) tərəfindən imzalanır və bankın (bankların) möhürü ilə təsdiq edilir.

3.3.                Bankın (bankların) yenidən təşkilinə razılığın alınması üçün müraciətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada baxılır.

3.4.                Yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağı (BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağı) yenidən təşkilə dair Mərkəzi Bankın verdiyi razılığın tarixindən sonra 3 ay ərzində keçirilməli və yenidən təşkil barədə qərar qəbul edilməlidir.

3.5.                Yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağı (BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağı) keçirildiyi gündən sonra 5 iş günü ərzində həmin yığıncağın protokolunun surəti Mərkəzi Banka təqdim edilir. Bankın BOKT-yə çevrilməsi halında Mərkəzi Banka təqdim olunan bankın səhmdarlarının ümumi yığıncağının protokolunun surətinə səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq edilmiş bankın əmanətçiləri və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı əlavə olunmalıdır.

3.6.                Bu Qaydaların 3.4-cü bəndində müəyyən edilmiş müddət ərzində yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağı (BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağı) keçirilmədikdə və ya yenidən təşkil barədə qərar qəbul edilmədikdə Mərkəzi Bank bankın (bankların) yenidən təşkilinə qabaqcadan verdiyi razılığı ləğv edir.

 

4. Qabaqcadan razılığının verilməsi şərtləri

 

4.1.                Bankın (bankların) yenidən təşkilinə qabaqcadan razılığın verilməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

4.1.1.          hüquqi varis olan bank Mərkəzi Bank tərəfindən banklar üçün müəyyən edilmiş minimum məcmu kapitala, yeni yaradılan BOKT isə BOKT-lər üçün müəyyən edilmiş minimum nizamnamə kapitalına malik olmalıdır;

4.1.2.          birləşmə və ya qoşulma halında hüquqi varis olan bankın maliyyə göstəriciləri məcmu və birinci dərəcəli kapitalın adekvatlığı və leverec əmsalları üzrə Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır;

4.1.3.          BOKT-yə çevrilmək niyyəti olan bankın maliyyə hesabatlarından bankın əmanət və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərinin tam icrası üçün kifayət həcmdə vəsaitlərin olması və ya cəlb ediləcək əlavə vəsaitlərin mənbələri müəyyən olunmalıdır;

4.1.4.          hüquqi varis olan bankın və ya BOKT-nin inzibatçı vəzifələrinə təklif edilən namizədlər “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmalıdır.

 

5. Birləşmə və ya qoşulma formasında yenidən təşkilin keçirilməsinə dair xüsusi tələblər

 

5.1.                Birləşmə və ya qoşulma formasında yenidən təşkilə qabaqcadan razılığın alınması üçün Mərkəzi Banka təqdim olunan müraciətə aşağıdakı məlumat və sənədlər əlavə edilir:

5.1.1.     yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağının keçirilməsi tarixi və iclasın gündəliyinin layihəsi;

5.1.2.     yenidən təşkilin başa çatdırılması müddəti barədə məlumat;

5.1.3.     filial, şöbə və nümayəndəlikləri göstərməklə (belə bölmələrin olması nəzərdə tutulduğu halda) hüquqi varis olan bankın təşkilati strukturu barədə məlumat;

5.1.4.     yenidən təşkil nəticəsində yaranan hüquqi varis olan bankın inzibatçı vəzifələrinə təklif olunan namizədlərin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu bərədə məlumat və sənədlər;

5.1.5.     hüquqi varis olan bankın kapital strukturu barədə məlumat;

5.1.6.     “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hüquqi varis olan bankın kapitalında mühüm iştirak payının yeni sahibləri barədə məlumat və mühüm iştirak payı sahiblərinin nizamnamə kapitalında pay nisbətlərinin (belə hallar olduqda) dəyişiklikləri barədə məlumat.

5.2.                Yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağının gündəliyinə ən azı aşağıdakı məsələlər daxil edilməlidir:

5.2.1.     bankların yenidən təşkili haqqında qərarın qəbul olunması;

5.2.2.     birləşdirilmiş və konsolidə edilmiş maliyyə hesabatının (balans) və təhvil aktının təsdiq olunması;

5.2.3.     hüquqi varis olan bankın nizamnaməsi və ya nizamnaməyə dəyişikliklərin, habelə hüquqi varis olan bankın filial, şöbə və nümayəndəliklərinin (olduğu halda) əsasnamələrinin təsdiq edilməsi;

5.2.4.     hüquqi varis olan bankın inzibatçılarının (bankın digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid hallar istisna olmaqla) vəzifəyə təyin edilməsi.

 

6. Çevrilmə formasında yenidən təşkilin keçirilməsinə dair xüsusi tələblər

 

6.1.                Çevrilmə formasında yenidən təşkilə qabaqcadan razılığın alınması üçün müraciətə aşağıdakı məlumat və sənədlər əlavə edilir:

6.1.1.          səhmdarların ümumi yığıncağının keçirilməsi tarixi və iclasın gündəliyinin layihəsi;

6.1.2.          əmanətçilər və digər depozit hesabı sahiblərinin qarşısında olan öhdəliklərin BOKT yaradılanadək yerinə yetirilməsi planı, habelə bu öhdəliklərin yerinə yetirilməsi üçün əlavə vəsaitlərin cəlb edilməsi nəzərdə tutulduqda bu vəsaitlərin cəlb olunmasına dair sənədlər;

6.1.3.          yaradılacaq BOKT-nin nizamnaməsinin layihəsi və təşkilati strukturu;

6.1.4.          yaradılacaq BOKT-nin inzibatçı vəzifələrinə təklif olunan namizədlərin “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş tələblərə uyğunluğuna dair məlumat və sənədlər;

6.1.5.          yaradılacaq BOKT-nin kapitalı barədə məlumat.

6.2.                BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağının gündəliyinə ən azı aşağıdakı məsələlər daxil edilməlidir:

6.2.1.          bankın yenidən təşkili haqqında qərarın qəbul olunması;

6.2.2.          BOKT-yə çevrilmək barədə qərarın qəbul edildiyi tarixdən yenidən təşkil başa çatanadək bankın səhmdarlarına dividentlərin, həmçinin imtiyazlı səhmlər üzrə dividentlərin ödənilməməsi, mövcud əmanətlərin (depozitlərin) müddətlərinin uzadılmaması, fiziki və hüquqi şəxslərdən yeni əmanətlərin (depozitlərin) qəbul edilməməsi, habelə yeni kreditlərin verilməməsi və digər investisiya əməliyyatlarının həyata keçirilməməsi barədə bankın öhdəliyini təsdiq edən qərarın qəbul olunması;

6.2.3.          yeni yaradılan BOKT-nin nizamnaməsinin, habelə filial və nümayəndəliklərinin (olduğu halda) əsasnamələrinin təsdiq edilməsi;

6.2.4.          bankın əmanətçiləri və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planının təsdiq edilməsi;

6.2.5.          digər kreditorlar tərəfindən bankın borclu olduğu öhdəliklərə xitam verilməsi və ya onların vaxtından əvvəl icra olunması və zərərin əvəzinin ödənilməsi tələbləri olduqda bu tələblərin siyahısının (kreditor və onun qarşısında bankın öhdəliyinin şərtləri barədə məlumat göstərilməklə) və onların ödənilməsi planının təsdiq edilməsi;

6.2.6.          yeni yaradılan BOKT-nin inzibatçılarının vəzifəyə təyin edilməsi.

6.3.           BOKT-yə çevrilən bank onun əmanətçiləri və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planının səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq edilməsi tarixindən etibarən planın icrasına dair İdarə Heyətinin sədri və baş mühasibi tərəfindən imzalanmış və bankın möhürü ilə təsdiq olunmuş hesabatı aylıq əsasda növbəti ayın ilk 5 iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.

6.4.           Bank əmanət və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərini icra planında müəyyən edilmiş müddət ərzində yerinə yetirə bilmədikdə dərhal Mərkəzi Banka bu barədə yazılı məlumat verməlidir.

6.5.           Bank tərəfindən əmanət və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərin icra planına uyğun olaraq yerinə yetirilməməsi, habelə bu Qaydaların 6.2.2-ci yarımbəndinə uyğun olaraq bankın qəbul etdiyi qərara əsasən üzərinə götürülmüş öhdəliklərin pozulması halları aşkar edildikdə Mərkəzi Bank yenidən təşkilə qabaqcadan verdiyi razılığı ləğv edir və yenidən təşkil prosesi dayandırılır.

 

7. Yekun müddəa

 

Bu Qaydaların 4.1.1-ci və 4.1.3-cü yarımbəndlərində göstərilən prudensial normativlər istisna olmaqla, birləşmə və ya qoşulma nəticəsində hüquqi varis olan bankda digər prudensial normativlərin pozulması halı baş verərsə, hüquqi varis olan bank bu pozuntuları bank lisenziyasını aldığı tarixdən 6 ay ərzində aradan qaldırmalıdır.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.                          07 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 07 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il) ilə ləğv edilmişdir.