AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ QƏRARI

Qəbul edildiyi tarix

10.04.2015

Qeydiyyat nömrəsi

04/3

Adı

“Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

23.04.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

180.150.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

25201504100043

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

22.04.2015

 

 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2002-ci il, 794 nömrəli Fərmanının 6-cı bəndinin üçüncü abzasının tələblərini rəhbər tutaraq QƏRARA ALIR:

1. “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar” təsdiq edilsin (Əlavə olunur).

2. Milli Televiziya və Radio Şurasının 01 mart 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar” ləğv edilsin.

3. Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri N.Cavadov təsdiq olunmuş Qaydanı 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Sədr                                                                                                                                            Nuşirəvan Məhərrəmov

 

 

 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli 04/3 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar

 

Ümumi müddəalar

 

1. Bu Qaydalar “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan proqramların yayımı qaydalarını tənzimləyir.

2. Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramların saat 07.00-dan saat 23.00-dək yayımına yol verilmir.

 

Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar

 

3. Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlara aid edilir:

3.1. Fiziki və ya psixi zorakılığın təsvirinin, sadizmin, vandalizmin və bu kimi qəddarlıq səhnələrinin, əzab və xəsarət yetirmənin, şikəst edilmənin, ölmüş və ya qəddarlıqla öldürülmüş cəsədin təsvir olunduğu səhnələrin yayımlanması;

3.2. Qorxu və dəhşət səhnələrinin, okkult rituallarının, mistik təlimlərin, spiritizmin, qorxulu və dəhşətli məxluqların təsvir edildiyi səhnələrin yayımlanması;

3.3. Tibbi əhəmiyyət kəsb edən, lakin insan psixikasına mənfi təsir edə bilən tibbi əməliyyatların açıq şəkildə yayımlanması;

3.4. Hipnoz səhnələrinin təsviri, efir vasitəsilə hipnozetmə səhnəsinin yayımlanması;

3.5. Kriminal fəaliyyəti özündə əks etdirən təsvirlərin, intihar, özünü şikəstetmə səhnələrinin və onların üsul və vasitələrinin yayımlanması;

3.6. Şəhvət hissinin oyadılması, cinsi əlaqə aktının nümayişi və ya digər seksual təminolunmaların, seksual mənsubiyyətin göstərildiyi səhnələr və seksual münasibətlərdən bəhs edən söhbətlərin yayımlanması;

3.7. Ədəbsiz ifadələrdən, sözlərdən və ya jestlərdən istifadə edilən səhnələrin yayımlanması;

3.8. Spirtli içkilərin, narkotik vasitələrin, tütün məmulatlarının istifadə edildiyi səhnələrin yayımlanması;

3.9. Qumar oyunlarının, idman mərc oyunlarının təbliği ilə bağlı səhnələrin yayımlanması.

 

Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlara dair tələblərin pozulması

 

4. Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan proqramlara dair tələblərin pozulması məsuliyyətə səbəb olur.