AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

29.09.2015

Qeydiyyat nömrəsi

10-q

Adı

“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.10.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201509290010

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.10.2015

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

Q Ə R A R A  A L I R:

 

“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar” təsdiq edilsin (Əlavə olunur).

Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Lisenziyalaşdırma və nəzarət şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr

R.Aslanlı

 


                                      

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 10-q

 “29” sentyabr 2015- ci il

 

                             Sədr

_______________

R. Aslanlı

 

 

Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında

Qaydalar

 

 

1.                  Ümumi müddəalar

 

1.1.                 Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 61.9-cu və 31.3-cü maddələrinə (bundan sonra-Qanun)  müvafiq olaraq hazırlanmışdır və investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalının minimum məbləğini və onun formalaşdırılması qaydalarını tənzimləyir.

 

2.                       İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalının minimum məbləği

 

2.1.                 Fond birjasının nizamnamə kapitalının minimum məbləği 1 (bir) milyon manat həcmində müəyyən edilir.

2.2.                 Klirinq təşkilatının nizamnamə kapitalının minimum məbləği 1 (bir) milyon manat həcmində müəyyən edilir.

2.3.                  İnvestisiya fondunun depozitarının nizamnamə kapitalının minimum məbləği 1(bir) milyon manat həcmində müəyyən edilir.

2.4.                  Qanunun 30.3.1-30.3.4-cü maddələrində müəyyən edilmiş əsas investisiya xidmətlərinin və həmin Qanunun 30.4-cü maddəsində müəyyən edilmiş yardımçı investisiya xidmətlərinin göstərilməsi üçün investisiya şirkətinin (B kateqoriya) nizamnamə kapitalının minimum məbləği 75 (yetmiş beş) min manat  həcmində müəyyən edilir.

2.5.                 Qanunun 30.3.5-30.3.7-ci maddələrində nəzərdə tutulmuş əsas investisiya xidmətlərin göstərilməsi üçün investisiya şirkətinin (A kateqoriya) nizamnamə kapitalının minimum məbləği 300 (üç yüz) min manat həcmində müəyyən edilir.

 

3.                       İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalının formalaşdırılması qaydaları

 

3.1.                 İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalının ödənilməsi yalnız pul vəsaitləri ilə həyata keçirilir.

3.2.                 İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalının formalaşdırılması və ya artırılması zamanı səhmlərinin yerləşdirilməsindən daxil olmuş pul vəsaitləri klirinq təşkilatının üzvü olan banklarda açılmış xüsusi hesabda saxlanılır. Bu vəsaitlər səhmlərin emissiyasının yekunları haqqında hesabat təsdiq edilənədək yalnız həmin banklarda depozit şəklində və ya qısamüddətli dövlət qiymətli kağızlarına yerləşdirilə bilər.

3.3.                 Emissiyanın yekunları haqqında hesabat təsdiq edildikdən sonra həmin vəsaitlər investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının, investisiya fondunun depozitarının biznes planına uyğun olaraq istifadə edilir.

 

4.                       Keçid müddəalar

 

4.1.                 Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətinə (fond birjası, depozitar, klirinq, broker, diler və aktivlərin idarəedilməsi fəaliyyəti) lisenziya almış və məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən şəxslər Qanun ilə müəyyən edilmiş müvafiq fəaliyyətin həyata keçirilməsi üçün lisenziyasının alınması zamanı səhmdar cəmiyyəti formasında yenidən təşkil edildikdə onların nizamnamə kapitalının ödənilməsi pul vəsaitlərindən əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 103.1-ci maddəsi ilə müəyyən edilmiş digər əmlak ilə həyata keçirilir.

4.2. Bu Qaydaların 4.1-ci bəndi ilə nəzərdə tutulmuş tələblərə uyğun olaraq formalaşdırılmış nizamnamə kapitalının həcmi hüquqi şəxsin yenidən təşkil olunmasından əvvəlki tarixə tərtib olunmuş və kənar auditor rəyi ilə təsdiq edilmiş hesabatında əks olunmuş məcmu kapitalından artıq ola bilməz.