AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

23.10.2015

Qeydiyyat nömrəsi

39

Adı

“Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

06.11.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201510230039

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

05.11.2015

 

 

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.19-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

Q Ə R A R A    A L I R:

 

1. “Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Mərkəzi Bankın sədri                                                     Elman  Rüstəmov

 


 


 

Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

 

Qərar ¹39

 

23 oktyabr 2015-ci il

 

Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.19-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası"nın 2.4-cü bəndinə əsasən hazırlanmışdır.

1.2. Bu Qaydalar sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərini müəyyən edir.

1.3. Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiq olunduğu müştərilərin və benefisiarların, işgüzar münasibətlərin və maliyyə əməliyyatlarının dairəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aparılmış risk dəyərləndirməsinin nəticələri əsasında müəyyən edilir.

1.4.     Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirləri müştərinin və benefisiarın, işgüzar münasibətlərin və həyata keçirilən maliyyə əməliyyatlarının xarakteri və törədə biləcəyi risklər nəzərə alınmaqla monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin (bundan sonra - monitorinq subyektləri) qəbul etdiyi risk əsaslı yanaşma əsasında müəyyən qayda və prosedurlarına uyğun olaraq tətbiq edilir. Bu qayda və prosedurlar monitorinq subyektləri tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halları aşkarlamaq məqsədi ilə tətbiq edilən kompleks tədbirləri əhatə etməlidir. 

1.5.     Monitorinq subyektləri tərəfindən sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirləri yalnız cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin aşağı olduğu müştərilərə, benefisiarlara, işgüzar münasibətlərə və maliyyə əməliyyatlarına münasibətdə tətbiq edilir.

 

2.         Anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. limit – Qanunun 9.2.2-ci maddəsində müəyyən edilmiş məbləğ;

2.1.2. risk-əsaslı yanaşma – monitorinq subyektləri tərəfindən cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halları aşkarlamaq məqsədilə tətbiq edilən tətbirlər.

 

3.         Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiq olunduğu hallar

 

3.1.           Monitorinq subyektləri aşağıdakı kateqoriyadan olan müştərilərə və benefisiarlara sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərini tətbiq edə bilərlər:

3.1.1.     qeyri-həyat sığorta şirkətləri, notariuslar və auditorlar;

3.1.2.     dövlət orqanları;

3.1.3.     Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar;

3.1.4.     kredit təşkilatları istisna olmaqla səhmləri fond birjalarında listinq olunan səhmdar cəmiyyətləri.

3.2.       Monitorinq subyektləri risk əsaslı yanaşma əsasında aşağıdakı meyarlara uyğun gələn işgüzar münasibətlərə və maliyyə əməliyyatlara münasibətdə sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərini tətbiq edə bilərlər:

3.2.1.     fiziki şəxslərə limitdən aşağı məbləğdə verilən kreditlər;

3.2.2.     limitdən aşağı keçirilən ölkədaxili pul köçürməsi əməliyyatları;

3.2.3.     dövlət qiymətli kağızları ilə əməliyyatlar;

3.2.4.     əmək haqqı, pensiya, təqaüd və sosial müavinətlərin ödənilməsi üzrə əməliyyatlar;

3.2.5.     qeyri-həyat sığortası üzrə xidmətlər.

 

4.         Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiqi

 

4.1.     Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiq edilməsi monitorinq subyektləri tərəfindən müştərinin və benefisiarın eyniləşdirilməsi və verifikasiyası, müştərinin işgüzar münasibətlərinin və maliyyə əməliyyatlarının məqsədinin və mahiyyətinin müəyyən edilməsi, əldə olunmuş məlumatların mütəmadi qaydada yenilənməsi ilə bağlı öhdəliklərin risk əsaslı yanaşma əsasında daha sadə və məhdud həcmdə tətbiqini nəzərdə tutur.

4.2.     Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş hallarda eyniləşdirmə və verifikasiya tədbirləri monitorinq subyektləri tərəfindən o həddə tətbiq olunmalıdır ki, müştərinin, benefisiarın, işgüzar münasibətlərin və maliyyə əməliyyatların həmin bəndlərdə nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmadığını müəyyən etmək mümkün olsun.

4.3.           Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirləri müştərinin, benefisiarın, işgüzar münasibətlərin və maliyyə əməliyyatlarının risk səviyyəsinə adekvat olaraq tətbiq olunmalıdır. Monitorinq subyektləri aşağıdakı sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərdən birini və ya bir neçəsini tətbiq edə bilərlər:

4.3.1.               müştərinin və benefisiarın verifikasiyasının işgüzar münasibətlər yaradıldıqdan sonra həyata keçirilməsi;

4.3.2.           Qanunun 9.12-ci maddəsinə əsasən müştərilərin eyniləşdirilmə məlumatlarının yenilənməsi üçün görülən tədbirlərin daha uzun vaxt intervalında həyata keçirilməsi;

4.3.3.               işgüzar münasibətlərin məqsədinin və mahiyyətinin bu barədə əlavə məlumat əldə etmədən və ya hər hansı bir xüsusi tədbir görmədən, həyata keçirilən maliyyə əməliyyatının növündən və ya yaradılmış işgüzar münasibətdən irəli gələrək müəyyən edilməsi.

4.4.     Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş meyarlara uyğun gəlməsindən asılı olmayaraq müştərinin, benefisiarın, işgüzar münasibətlərin və maliyyə əməliyyatlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün əsaslar olduğu hallarda eyniləşdirmə və verifikasiya tədbirləri tam həcmdə tətbiq olunmalıdır.

4.5.     Qanunun 9.13-cü maddəsində nəzərdə tutulmuş əlavə eyniləşdirmə tədbirlərinin tətbiq edildiyi halların mövcud olması sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiq edilməsini istisna edir.