AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

29.12.2015

Qeydiyyat nömrəsi

44/2

Adı

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

06.01.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201512290442

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

05.01.2016

 

 

Kontr-tsiklik prudensial tənzimləmə siyasətinə uyğun olaraq yeni makroiqtisadi şəraitdə banklara requlyativ dəstəyin verilməsi, kredit portfelinin keyfiyyətinin saxlanması üçün banklar tərəfindən kreditlərin restrukturizasiya imkanından daha aktiv istifadə olunmasına imkan yaradılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.3-cü maddələrinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.12-ci maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1.                 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2.                 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər”lə müəyyən olunmuş ehtiyat dərəcələri bankların və xarici bankların yerli filiallarının 01.01.2016-cı il tarixinə hazırlanan prudensial hesabatından başlayaraq nəzərə alınsın.

3.                 Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr                                                                                                     Elman  Rüstəmov

 


 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 44/2

 

“29” dekabr 2015-ci il

 

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 dekabr 2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.                 4.2.3-cü yarımbənddə “30%” sözləri “25%” sözləri ilə əvəz edilsin;

2.                 4.2.4-cü yarımbənddə “60%” sözləri “50%” sözləri ilə əvəz edilsin;

3.                 4.8.2-ci yarımbənddə və 8.2-ci bənddə “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu” sözləri “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

4.                 6-cı hissənin mətni aşağıdakı redaksiyada verilsin:

“6.1. Aktivin restrukturizasiyası anında onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası yaxşılaşdırıla bilməz.

6.2. Restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması aşağıdakı qaydada həyata keçirilir:

6.2.1. müqavilə şərtlərinə görə ödənişləri aylıq əsasda müəyyən edilən aktivlər – altı ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda;

6.2.2. istehlak kreditləri və banklararası tələblər, habelə müqavilə şərtlərinə görə ödənişləri rüblük, yarımillik, illik və başqa dövriliklə müəyyən edilən aktivlər – aktivin əsas məbləğinin ən azı 50%-i ödənildikdə və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda.

6.3. Bu Qaydaların 6.1-ci və 6.2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla 23 fevral 2015-ci il tarixinədək restrukturizasiya olunmuş aktivlərin təsnifat kateqoriyası maksimum qeyri-qənaətbəxş təsnifat kateqoriyasınadək, 23 fevral 2015-ci ildən sonra restrukturizasiya olunmuş aktivlərin kateqoriyası isə maksimum nəzarət altında olan təsnifat kateqoriyasınadək yaxşılaşdırıla bilər.

6.4. Restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyası müəyyən edilərkən bu Qaydaların 6.2-ci və 6.3-cü bəndlərinin tələbləri ilə yanaşı aktivin keyfiyyət meyarları da nəzərə alınmalıdır.”.