AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

14.12.2015

Qeydiyyat nömrəsi

30-q

Adı

“Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

26.12.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201512140030

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

25.12.2015

 

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)

 

Q Ə R A R A  A L I R:

 

1. “Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü Qaydası” təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsi (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

 

Sədr                                                                                                                                  Rüfət Aslanlı

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar Ή 30-q

14 dekabr 2015-ci il

 

Sədr

________________________

R. Aslanlı

 

 

Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Məcəllə) 997.4-cü maddəsinə müvafiq olaraq hazırlanmış və depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

1.2.1. depozitar qəbzi - baza aktivi (xarici emitentin qiymətli kağızı) üzrə hüquqları təsdiqləyən və mülkiyyətçisinə onu buraxmış emitentdən, həmin qəbzin baza aktivi olan xarici emitentin qiymətli kağızları və onlarla təsdiqlənmiş hüquqları tələb etmək hüququ verən qiymətli kağız;

1.2.2. baza aktivi- xarici emitent tərəfindən emissiya edilən səhmlər və ya istiqrazlar;

1.2.3. xarici emitent - baza aktivinin emissiyasını həyata keçirən Azərbaycan Respublikasından kənarda qeydiyyata alınmış hüquqi şəxs;

1.2.4. xarici depozitar - depozitar qəbzlərinin baza aktivi olan qiymətli kağızlara dair hüquqların uçotunu aparan xarici təşkilat.

1.3. Depozitar qəbzlərinin buraxılışı mərkəzi depozitar tərəfindən həyata keçirilir.

1.4. Ən azı "BBB -" ("Standard&Poor's" və "Fitch" reytinq agentliklərinin klassifikasiyasına görə), "Baa3" ("Moody's" reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olan xarici emitentlərin qiymətli kağızları depozitar qəbzlərinin baza aktivi ola bilər.

 

2. Depozitar qəbzlərinin buraxılışının dövlət qeydiyyatı

 

2.1. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - “Komitə”) tərəfindən depozitar qəbzlərinin buraxılışı dövlət qeydiyyatına alınır və onların emissiya prospekti təsdiq edilir.

2.2. Depozitar qəbzlərinin buraxılışının dövlət qeydiyyatına alınması və onların emissiya prospektinin təsdiq edilməsi üçün emitent Komitəyə aşağıdakı sənədləri təqdim etməlidir:

2.2.1. depozitar qəbzlərinin qeydiyyata alınması üçün ərizə;

2.2.2. baza aktivinin növündən asılı olaraq “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar”a və bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla, mərkəzi depozitar və xarici emitent və ya baza aktivinin mülkiyyətçisi (baza aktivi onların mülkiyyətçisi tərəfindən təqdim edildiyi halda) tərəfindən təsdiq olunmuş depozitar qəbzlərinin emissiya prospekti;

2.2.3. bu Qaydanın 3.2-ci bəndinə əsasən qəbul edilmiş depozitar qəbzlərinin buraxılışı haqqında mərkəzi depozitarın qərarı;

2.2.4. baza aktivinin mövcud olmasını təsdiqləyən sənəd;

2.2.5. mərkəzi depozitar ilə xarici depozitar arasında bağlanan depozitararası müqavilənin surəti;

2.2.6. bu Qaydanın 4-cü hissəsinə əsasən bağlanmış depozitar qəbzlərinin buraxılması barədə müqavilə.

2.3. Komitə depozitar qəbzlərinin buraxılışının dövlət qeydiyyatı və emissiya prospektinin təsdiq edilməsi üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 20 (iyirmi) iş günü müddətində baxır. Qeydiyyatdan imtina üçün bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulmuş hallar olmadıqda, depozitar qəbzlərinin buraxılışı dövlət qeydiyyatına alınır və emissiya prospekti təsdiq edilir. Bu halda Komitə emitentə qiymətli kağızların dövlət reyestrindən çıxarış və emissiya prospektinin təsdiq olunması haqqında yazılı bildiriş təqdim edir.

2.4. Komitə depozitar qəbzlərinin buraxılışının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edir:

2.4.1. təqdim olunmuş sənədlər bu Qaydanın tələblərinə cavab vermədikdə;

2.4.2. depozitar qəbzlərinin buraxılışı haqqında qərara (depozitar qəbzlərinin buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) yalan, yaxud təhrif edilmiş məlumatların daxil edildiyi müəyyən olunduqda.

2.5. Bu Qaydanın 2.4-cü bəndində göstərilən hallar müəyyən edildikdə, Komitə depozitar qəbzlərinin buraxılışının dövlət qeydiyyatına alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul edir və bu qərarı iki iş günü ərzində mərkəzi depozitara göndərir.

2.6. Depozitar qəbzlərinin emissiya prospektinin açıqlanması “Qiymətli kağızlar bazarı haqqında” Qanunun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən həyata keçirilir.

 

3. Depozitar qəbzlərinin buraxılışı haqqında qərar

 

3.1. Depozitar qəbzlərinin buraxılışı haqqında qərar mərkəzi depozitarın müşahidə şurası tərəfindən qəbul edilir.

3.2. Depozitar qəbzlərinin buraxılışı haqqında qərarda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

3.2.1. mərkəzi depozitarın adı, olduğu yer;

3.2.2. qərarın qəbul edildiyi tarix;

3.2.3. emissiya edilən depozitar qəbzlərinin adı (Azərbaycan depozitar qəbzləri);

3.2.4. emissiya edilən depozitar qəbzlərinin forması və sayı;

3.2.5. həmin buraxılış üzrə depozitar qəbzləri ilə təsbit olunan hüquqlar;

3.2.6. xarici emitentin adı və olduğu yer;

3.2.7. depozitar qəbzlərinin baza aktivinin növü;

3.2.8. baza aktivi ilə təsbit olunmuş hüquqlar;

3.2.9. bir depozitar qəbzi ilə təsbit olunan baza aktivinin sayı;

3.2.10. depozitar qəbzlərinin mülkiyyətçiləri tərəfindən depozitar qəbzləri ilə təsbit olunmuş hüquqların realizasiya qaydası;

3.2.11. depozitar qəbzlərinin ödənilmə qaydası;

3.2.12. xarici emitentin depozitar qəbzlərinin mülkiyyətçiləri qarşısında olan öhdəliklər barədə məlumat;

3.2.13. buraxılışın anderrayteri və şərtləri;

3.2.14. depozitar qəbzlərinin yerləşdirilməsi qaydası;

3.2.15. abunə yazılışının başlanma və başa çatma tarixləri və ya həmin tarixlərin müəyyən edilməsi qaydası;

3.2.16. qərarı qəbul etmiş emitentin orqanının adı;

3.2.17. qərarı qəbul etmiş emitentin orqanının rəhbərinin adı, soyadı, möhürlə təsdiqlənmiş imzası.

3.3. Depozitar qəbzlərinin buraxılışı haqqında qərar emissiya prospektinə əlavə olunmalıdır.

 

4. Depozitar qəbzlərinin buraxılması haqqında müqavilə

 

4.1. Depozitar qəbzlərinin buraxılması haqqında müqavilə mərkəzi depozitar və xarici emitent və ya baza aktivinin mülkiyyətçisi (baza aktivi onların mülkiyyətçisi tərəfindən təqdim edildiyi halda) arasında bağlanmalıdır.

4.2. Depozitar qəbzlərinin buraxılması haqqında müqavilədə aşağıdakılar öz əksini tapmalıdır:

4.2.1. depozitar qəbzləri ilə təsbit olunmuş hüquqlar;

4.2.2. tərəflərin depozitar qəbzlərinin mülkiyyətçiləri qarşısında öhdəlikləri;

4.2.3. baza aktivi haqqında məlumat;

4.2.4. baza aktivi ilə əlaqədar xarici emitent (baza aktivinin mülkiyyətçisi) tərəfindən açıqlanan məlumatların azərbaycan dilində mərkəzi depozitara təqdim etmək öhdəliyi;

4.2.5. bu Qaydanın 4.2.4-cü yarımbəndinə əsasən alınan məlumatların növbəti gün mərkəzi depozitar tərəfindən depozitar qəbzlərinin mülkiyyətçilərinə açıqlamaq öhdəliyi;

4.2.6. depozitar qəbzlərinin mülkiyyətçilərinin qanuni maraqlarının qorunması tədbirləri.

 

5. Depozitar qəbzlərinin yerləşdirilməsinin dayandırılması

 

5.1. Depozitar qəbzlərinin yerləşdirilməsinin dayandırılması Komitənin qərarı ilə depozitar qəbzlərinin reklamı, yerləşdirilməsi və ya onlara abunə yazılışı üzrə tədbirlərin dayandırılmasıdır.

5.2. Depozitar qəbzlərinin buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra buraxılışın şərtlərinin, habelə Qanunun 2-ci fəslinin tələblərinin pozulması faktı aşkar edildikdə, Komitə emitentin adı, depozitar qəbzlərinin qeydiyyat nömrəsi və tarixi, qərarın tarixi və əsasları göstərilməklə, aşağıdakı qərarlardan birini qəbul etməlidir:

5.2.1. müəyyən edilən vaxt ərzində pozuntuya yol vermiş şəxslər tərəfindən həmin pozuntuların aradan qaldırması barədə;

5.2.2. yol verilmiş pozuntuların aradan qaldırılması yerləşdirməni dayandırmadan mümkün olmadıqda, həmin depozitar qəbzlərinin yerləşdirilməsinin dayandırılması və pozuntuların aradan qaldırılması barədə.

5.3. Bu Qaydanın 5.2-ci bəndində göstərilən qərarların hər hansı birinin qəbul edilməsi tarixindən etibarən bir iş günü ərzində Komitə həmin qərarı mərkəzi depozitara, depozitar qəbzlərinin təklifini və yerləşdirilməsini həyata keçirən şəxslərə verməli və kütləvi informasiya vasitələrində açıqlamalıdır.

5.4. Mərkəzi depozitar, depozitar qəbzlərinin təklifi və yerləşdirilməsini həyata keçirən şəxslər bu Qaydanın 5.2-ci bəndində göstərilən qərarların hər hansı birini aldıqdan sonra dərhal Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş vasitələrdə bu barədə məlumat verməli, Komitənin müəyyən etdiyi müddət ərzində pozuntuları aradan qaldırmalı və bu barədə Komitəyə hesabat verməlidirlər.

5.5. Bu Qaydanın 5.2.1-ci yarımbəndində göstərilən qərar qəbul edildiyi halda, Komitə yol verilmiş pozuntuların aradan qaldırılmadığını bu Qaydanın 5.4-cü bəndində göstərilən hesabatdan müəyyən etdikdə və ya həmin hesabatı müəyyən olunmuş müddət ərzində almadıqda, hesabatı aldığı və ya almalı olduğu tarixdən 5 (beş) iş günü ərzində əsasları göstərilməklə, bu Qaydanın 5.2.2-ci yarımbəndində nəzərdə tutulan qərarı qəbul etməlidir.

5.6. Bu Qaydanın 5.2.2-ci yarımbəndində göstərilən qərar qəbul edildiyi halda Komitə bu Qaydanın 5.4-cü bəndində göstərilən hesabatı aldığı və ya almalı olduğu tarixdən 5 (beş) iş günü ərzində əsasları göstərilməklə aşağıdakı qərarlardan birini qəbul etməlidir:

5.6.1. yol verilmiş pozuntuların aradan qaldırıldığı hesabatdan müəyyən edildikdə - emissiyanın davam etdirilməsi barədə;

5.6.2. yol verilmiş pozuntuların aradan qaldırılmadığı hesabatdan müəyyən edildikdə və ya hesabat müəyyən olunmuş vaxt ərzində təqdim edilmədikdə - buraxılışın baş tutmamış hesab edilməsi barədə.

5.7. Bu Qaydanın 5.6.1-ci yarımbəndində göstərilən qərar qəbul edildiyi halda, Komitə bu barədə məlumatı mərkəzi depozitara, depozitar qəbzlərinin təklifini və yerləşdirilməsini həyata keçirən şəxslərə verməli və kütləvi informasiya vasitələrində açıqlamalıdır.

5.8. Bu zaman depozitar qəbzlərinin təklifi və yerləşdirilməsi müddəti yerləşdirilməsi dayandırıldığı müddətə uzadılır.

 

6. Depozitar qəbzlərinin yerləşdirilməsi və depozitar qəbzlərinin buraxılışının yekunları haqqında hesabat

 

6.1. Depozitar qəbzlərinin yerləşdirilməsi kütləvi təklif üsulu ilə fond birjasında həyata keçirilir.

6.2. Depozitar qəbzlərinin yerləşdirilməsi baza aktivinin növündən asılı olaraq “İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və onların yerləşdirilməsi Qaydaları”na müvafiq olaraq həyata keçirlir.

6.3. Depozitar qəbzlərinin yerləşdirilməsi başa çatdıqdan sonra 10 (on) iş günü müddətində mərkəzi depozitar bu Qaydanın 1 saylı Əlavəsinə uyğun olaraq depozitar qəbzlərinin buraxılışının yekunları haqqında hesabatı Komitəyə təqdim etməlidir.

6.4. Komitə depozitar qəbzlərinin buraxılışının yekunları haqqında hesabata 15 (on beş) iş günü müddətində baxır.

6.5. Bu Qaydanın 6.3-cü bəndində göstərilən hesabatı Komitə təsdiq etdikdən sonra Qanunun 8.13-cü maddəsində nəzərdə tutulan müvəqqəti cari hesab bağlanılır və yerləşdirilmədən daxil olan pul vəsaitləri emitentin hesabına köçürülür.

6.6. Depozitar qəbzlərinin buraxılışının yekunları haqqında hesabata baxarkən qiymətli kağızların emissiyası və ya kütləvi təklifi şərtlərinin, habelə Qanunun 2-ci fəslinin tələblərinin pozulması faktı müəyyən olunduqda, Komitə əsasları göstərilməklə aşağıdakı qərarlardan birini qəbul etməlidir:

6.6.1. pozuntuya yol vermiş şəxslərin həmin pozuntuları müəyyən edilən vaxt ərzində aradan qaldırması barədə;

6.6.2. yol verilmiş pozuntuların aradan qaldırılması mümkün olmadıqda, həmin depozitar qəbzlərin yekunları haqqında hesabatın təsdiq edilməsindən imtina barədə.

6.7. Bu Qaydanın 6.6.1-ci yarımbəndində nəzərdə tutulan qərar qəbul edildiyi halda, pozuntuya yol vermiş şəxs Komitənin müəyyən etdiyi vaxt ərzində həmin pozuntuların aradan qaldırılması barədə hesabatı, müvafiq təsdiqləyici sənədlər əlavə olunmaqla, Komitəyə təqdim etməlidir. Komitə həmin hesabatdan pozuntuların aradan qaldırıldığını müəyyən etdikdə, depozitar qəbzlərinin yekunları haqqında hesabatı təsdiq edir, pozuntuların aradan qaldırılmadığı və ya ümumiyyətlə bu barədə hesabat təqdim olunmadığı halda, bu Qaydanın 6.6.2-ci yarımbəndində nəzərdə tutulan qərarı qəbul edir.

6.8. Bu Qaydanın 6.6.2-ci yarımbəndində nəzərdə tutulan qərar qəbul edildiyi halda, mərkəzi depozitar depozitar qəbzlərinin yerləşdirilməsindən daxil olmuş vəsaitin on iş günü ərzində investorlara qaytarılmasını təmin edir və bunun nəticələri barədə Komitəyə məlumat təqdim edir.

6.9. Depozitar qəbzlərinin buraxılışının yekunları haqqında hesabat Komitə tərəfindən təsdiq edildiyi andan həmin buraxılışa daxil olan, lakin yerləşdirilməyən depozitar qəbzlər dövriyyədən çıxarılmış hesab edilir.

 

7. Depozitar qəbzlərinin buraxılışının baş tutmamış hesab edilməsi

 

7.1. Komitə buraxılışı aşağıdakı hallarda baş tutmamış hesab edir:

7.1.1. emissiya prospektində və ya depozitar qəbzlərinin buraxılışı haqqında qərarda müəyyən edilmiş saydan az miqdarda yerləşdirildikdə;

7.1.2. Qanunun 5.15-ci maddəsinə əsasən emissiya prospekti qüvvədən düşdükdə;

7.1.3. bu Qaydanın 5.6.2-ci yarımbəndində nəzərdə tutulan qərar qəbul edildikdə;

7.1.4. bu Qaydanın 6.6.2-ci yarımbəndində nəzərdə tutulan qərar qəbul edildikdə.

7.2. Depozitar qəbzlərinin buraxılışı baş tutmamış hesab edilməsi haqqında qərarın qəbul edilməsi tarixindən etibarən 1 (bir) iş günü ərzində Komitə bu barədə mərkəzi depozitara, depozitar qəbzlərinin təklifi və yerləşdirilməsini keçirən şəxslərə yazılı məlumat verməli və qərarı kütləvi informasiya vasitələrində açıqlamalıdır.

7.3. Buraxılışın baş tutmamış hesab edilməsi barədə məlumatı mərkəzi depozitar kütləvi informasiya vasitələrində və Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş vasitələrdə açıqlamalı, yerləşdirmənin başa çatması tarixindən etibarən 10 (on) iş günü ərzində investorlara ödədikləri vəsaitlərin qaytarılmasını təmin etməli və bunun nəticələri barədə Komitəyə məlumat təqdim etməlidir.

 

8. Depozitar qəbzlərinin tədavülü və ödənilməsi

 

8.1. Depozitar qəbzlərinin tədavülü Məcəllənin 1078-20-ci və 1078-21-ci və 1078-22-ci maddələrinə uyğun olaraq həyata keçirilir.

8.2. Depozitar qəbzlərinin ödənilməsi və onlar üzrə hesablaşmalar mərkəzi depozitarın daxili qaydalarına əsasən aparılır.

 

 


 

“Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü Qaydası”na Əlavə Ή 1

 

Depozitar qəbzlərinin buraxılışının yekunları haqqında hesabat

 

Emitentin tam adı, hüquqi ünvanı: ……………………………………………...…………………..

 

Anderrayterin tam adı, lisenziyasının nömrəsi və verilmə tarixi:………………......……………

 

Xarici emitentin adı:..................................................…………………………….........………………

 

Depozitar qəbzlərinin buraxılışının dövlət qeydiyyat nömrəsi və tarixi: …........……………….

 

Depozitar qəbzlərinin baza aktivinin növü: …………...........................….......................................

 

Hər bir depozitar qəbz üzrə baza aktivinin nominal dəyəri və miqdarı: ………..........................

                                                                                                                          (rəqəm və yazı ilə)

 

Depozitar qəbzlərinin yerləşdirilməsinin başlanma və başa çatma tarixləri: ………..………….

 

Yerləşdirilmiş depozitar qəbzlərinin miqdarı: ……………………….....................……………….

                                                                       (rəqəm və yazı ilə)

 

Qiymətli kağızlar üçün emitent və/və ya anderrayterlər tərəfindən

müəyyən edilmiş qiymət: .....................................................................................................................

                         (rəqəm və yazı ilə)

 

Yerləşdirilməməsi səbəbindən dövriyyədən çıxarılacaq

 depozitar qəbzlərinin sayı:…………………….…………………................………………………..

                           (rəqəm və yazı ilə)

 

      Səlahiyyətli şəxs                                               /Adı, soyadı və imzası/                M. Y.