AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

29.09.2015

Qeydiyyat nömrəsi

04-q

Adı

“İnvestisiya qiymətli kağızlarının qiymətinin sabitləşdirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.10.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201509290004

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.10.2015

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)

Q Ə R A R A  A L I R:

1.            “İnvestisiya qiymətli kağızlarının qiymətinin sabitləşdirilməsi haqqında Qaydalar” təsdiq edilsin (Əlavə olunur).

2.            Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3.            Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4.            Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5.            Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr                                                                         Rüfət Aslanlı

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 04-q

“29” “sentyabr” 2015-ci il

 

Sədr

______________________

R. Aslanlı

 

 

İnvestisiya qiymətli kağızlarının qiymətinin sabitləşdirilməsi haqqında

Qaydalar

 

1.    Ümumi müddəalar

 

1.1.   Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2.      Bu Qaydalar kütləvi təklif üsulu ilə yerləşdirmədən sonra investisiya qiymətli kağızlarının (bundan sonra - qiymətli kağızlar) qiymətlərinin sabitləşdirilməsi məqsədi ilə onların emitent və ya anderrayter tərəfindən satın alınmasının şərtlərini və bununla əlaqədar məlumatların açıqlanması üzrə tələbləri müəyyən edir.

1.3.      Qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsindən sonra onların qiymətlərinin sabitləşdirilməsi həmin qiymətli kağızların emitent və ya anderrayter tərəfindən satın alınması vasitəsi ilə həyata keçirilir.

 

2.             Qiymətli kağızların qiymətlərinin sabitləşdirilməsi zamanı onların

satın alınması şərtləri

 

2.1. Qiymətli kağızların qiymətlərinin sabitləşdirilməsi məqsədi ilə onların satın alınması (bundan sonra - satın alınma) həmin qiymətli kağızların emissiyası barədə qərarı qəbul etmiş emitentin nizamnaməsi ilə müəyyən edilmiş orqanı tərəfindən təsdiq edilmiş satın alınma şərtləri əsasında həyata keçirilir.

2.2. Satın alınma şərtlərində aşağıdakılar əks olunmalıdır:

2.2.1. satın alınacaq qiymətli kağızların maksimum sayı;

2.2.2. satın alınmaya xərclənəcək pul vəsaitlərinin maksimum məbləği;

2.2.3. satın alınma əməliyyatlarının başlanma və başa çatma tarixləri.

2.3. Qiymətli kağızların satın alınma əməliyyatlarının həyata keçirilməsi müddəti həmin qiymətli kağızların fond birjasında ticarətə qəbul edildiyi tarixdən başlanır və 30 təqvim günündən gec olmamalıdır.

2.4. Qiymətli kağızların satın alınması zamanı emitent və ya anderrayter qiymətli kağızları həmin kağızlar üzrə bağlanmış sonuncu əqdin qiymətindən və ya həmin qiymətli kağızlar üzrə fond birjasının ticarət sisteminə daxil edilmiş cari sifarişlərin qiymətindən yüksək qiymətə əldə edə bilməz.

2.5. Emitent və ya anderrayter qiymətli kağızların satın alınmasını hər hansı törəmə maliyyə alətləri vasitəsilə həyata keçirdikdə, bu törəmə maliyyə alətlərinin satın alınma qiyməti həmin maliyyə alətləri üzrə bağlanmış sonuncu əqdin qiymətindən yüksək olmamalıdır.

2.6. Kütləvi təklif olunan investisiya qiymətli kağızlarının ticarəti başlandıqdan sonra emissiya prospektində və ya informasiya memorandumunda emitent və ya anderrayter tərəfindən investisiya qiymətli kağızlarının qiymətini sabitləşdirməyə yönəlmiş əqdlərin bağlanması imkanı qeyd olunduğu halda, emitent və ya anderrayter investisiya qiymətli kağızlarının qiymətini sabitləşdirmək üçün həmin əqdləri bağlayır.

 

3. Məlumatların açıqlanması

 

3.1. Qiymətli kağızların satın alınmasının başlanılmasından 2 (iki) iş günü əvvəl emitent və ya anderrayter aşağıdakıları Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra – Komitə) təqdim etməli və açıqlamalıdır:

3.1.1.   satın alınan qiymətli kağızların bazar qiymətinin sabitləşdirilməsi məqsədi ilə həyata keçirilməsi barədə bəyanatı;

3.1.2. satın alınma əməliyyatlarının başlanma və başa çatma tarixləri haqqında məlumatı;

3.1.3. satın alınmanı həyata keçirəcək anderrayterin adı.

3.2. Satın alınma müddəti başa çatdıqdan sonra emitent və ya anderrayter 2 (iki) iş günü ərzində aşağıdakı məlumatları Komitəyə təqdim etməli və açıqlamalıdır:

3.2.1. satın alınma əməliyyatlarının başlanma və başa çatma tarixləri;

3.2.2. satın alınma müddəti ərzində əldə olunmuş qiymətli kağızların qiyməti (hər gün üzrə);

3.2.3  . satın alınmaya xərclənmiş pul vəsaitlərin məbləği.

 

4. Satın alınma ilə bağlı məhdudiyyətlər

 

4.1.      Satın alınma müddəti ərzində aşağıdakıların həyata keçirilməsinə yol verilmir:

4.1.1. emitent, anderrayter və onların idarəetmə orqanlarının üzvləri tərəfindən həmin qiymətli kağızların satışı;

4.1.2. emitent tərəfindən insayd məlumatın açıqlanmasının təxirə salınması müddəti ərzində satın alınma əməliyyatları.