AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

03.02.2016

Qeydiyyat nömrəsi

16-q

Adı

Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin məlumatları açıqlaması Qaydasının təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

10.02.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201602030016

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

09.02.2016

 

 

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

 

Q Ə R A R A A L I R:

 

1. Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin məlumatları açıqlaması Qaydası təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Tədavülün tənzimlənməsi şöbəsinə (A.Xudaverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

 

Sədr Rüfət Aslanlı

 

 


 

 

Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar 16-q

3 fevral 2016-cı il

Sədr

_______________

Rüfət Aslanlı

 

 

Qiymətli kağızlar və onların emitentləri barədə tədqiqatlar aparan və onların nəticələrini yayan, həmçinin investisiya strategiyasını təklif və ya tövsiyə edən şəxslərin məlumatları açıqlaması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 37.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda kütləvi təklif üsulu ilə yerləşdirilmiş və ya tənzimlənən bazarda ticarətə buraxılmış qiymətli kağızlar və ya baza aktivi həmin qiymətli kağızlar olan törəmə maliyyə alətləri və ya onların emitentləri barədə investisiya tədqiqatının hazırlanması və açıqlanmasına dair tələbləri müəyyən edir.

1.3. Bu Qayda investisiya məsləhətlərinin verilməsi üzrə xidmətə şamil olunmur.

1.4. Bu Qaydada istifadə olunan əsas anlayışlar:

1.4.1. investisiya tədqiqatı ictimaiyyət üçün nəzərdə tutulan, birbaşa və ya dolayı yolla, bir və ya bir neçə qiymətli kağıza, törəmə maliyyə alətinə və ya onların emitentlərinə, həmin qiymətli kağızların və ya törəmə alətlərin cari və ya gələcək qiyməti daxil olmaqla investisiya strategiyasını tövsiyə və ya təklif edən tədqiqatdır;

1.4.2. maliyyə tədqiqatçısı investisiya tədqiqatını hazırlayan şəxsdir.

 

2. İnvestisiya tədqiqatına dair tələblər

 

2.1. Maliyyə tədqiqatçısı və investisiya tədqiqatını açıqlayan şəxs investisiya tədqiqatında olan təhlillərin, tövsiyələrin obyektiv olmasını təmin edir.

2.2. İnvestisiya şirkətində investisiya tədqiqatının hazırlanmasında iştirak edən şəxs, həmin investisiya şirkəti tərəfindən digər investisiya xidmətlərinin göstərilməsi üzrə fəaliyyətdə birbaşa və ya dolayı yolla iştirak edə bilməz.

2.3. Maliyyə tədqiqatçısı və investisiya tədqiqatını açıqlayan şəxs investisiya tədqiqatını hazırladıqda aşağıdakıları təmin edir:

2.3.1. investisiya tədqiqatındakı faktların şərhlərdən, qiymətləndirmələrdən və rəylərdən ayrı qeyd edilməsini;

2.3.2. investisiya tədqiqatında istinad olunmuş mənbələrin qeyd edilməsini;

2.3.3. investisiya tədqiqatında əks olunan proqnozların digər məlumatlardan ayrı qeyd edilməsini.

2.4. İnvestisiya tədqiqatında aşağıdakılar əks etdirilir:

2.4.1. tədqiqatı hazırlayan şəxsin adı, soyadı, vəzifəsi və əməkdaşı olduğu investisiya şirkətinin adı, lisenziyasının nömrəsi, verilmə tarixi;

2.4.2. investisiya tədqiqatının əlaqədar olduğu emitentin adı;

2.4.3. investisiya tədqiqatının hazırlanması üçün istifadə edilmiş məlumat mənbələri;

2.4.4. investisiya tədqiqatının əlaqədar olduğu qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin qiyməti üzrə proqnozların hazırlanması və ya emitentin fəaliyyətinin qiymətləndirilməsi zamanı əsas götürülmüş metodologiyalar barədə qısa məlumat;

2.4.5. qiymətli kağızların əldə edilməsi, satılması və ya saxlanılması ilə əlaqədar tövsiyələrin müddəti və həmin tövsiyələrlə bağlı risklər;

2.4.6. investisiya tədqiqatının yenilənməsi nəzərdə tutulduqda, həmin yenilənmənin üsulu və tarixi barədə məlumat;

2.4.7. investisiya tədqiqatının ilk dəfə açıqlandığı tarix;

2.4.8. investisiya tədqiqatında qiymətli kağız və ya törəmə maliyyə alətinin qiyməti qeyd edildikdə, bu qiymətin qeydə alındığı tarix, vaxt və yer;

2.4.9. investisiya tədqiqatında əks olunan tövsiyələr, investisiya tədqiqatının predmeti olan qiymətli kağızlar, törəmə maliyyə alətləri və ya emitentlər barədə əvvəlki 12 ay ərzində açıqlanan investisiya tədqiqatlarındakı tövsiyələrdən fərqləndiyi halda, bu barədə dəqiq və müfəssəl məlumat və əvvəlki investisiya tədqiqatının açıqlandığı tarix;

2.4.10. investisiya tədqiqatında əks olunan proqnozlara əsas verən ehtimallar barədə məlumat.

2.5. Bu Qaydanın 2.4.3-2.4.4-cü yarımbəndlərində göstərilən məlumatların investisiya tədqiqatında əks etdirilməsi mümkün olmadıqda, həmin məlumatların birbaşa və asanlıqla əldə edilə biləcəyi yer və ya mənbə qeyd edilir.

 

3. İnvestisiya tədqiqatında maraqlar münaqişəsinə dair açıqlanmalı olan məlumatlar

 

3.1. Maliyyə tədqiqatçısı investisiya tədqiqatının predmeti olan qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə marağı və ya barəsində investisiya tədqiqatı aparılan emitentlə maraqlar münaqişəsi olduqda, bu barədə investisiya tədqiqatında məlumat açıqlayır.

3.2. Maliyyə tədqiqatçısı maraqlar münaqişəsinə dair aşağıdakı məlumatları investisiya tədqiqatında qeyd edir:

3.2.1. özünün və ya əməkdaşı olduğu investisiya şirkətinin, barəsində investisiya tədqiqatı aparılan emitentin nizamnamə kapitalının 5% və daha artıq hissəsinə birbaşa və ya dolayı yolla malik olması barədə;

3.2.2. barəsində investisiya tədqiqatı aparılan emitentin və ya onun vəzifəli şəxslərinin, tədqiqatı hazırlayan investisiya şirkətinin nizamnamə kapitalının 5% və daha artıq hissəsinə birbaşa və ya dolayı yolla malik olması barədə;

3.2.3. maliyyə tədqiqatçısının əməkdaşı olduğu investisiya şirkəti və barəsində investisiya tədqiqatı aparılan emitent arasında investisiya tədqiqatının hazırlanmasına dair razılaşma olduqda;

3.2.4. özünün və ya əməkdaşı olduğu investisiya şirkətinin, barəsində investisiya tədqiqatı aparılan emitentlə əlaqədar maddi marağı barədə;

3.2.5. maliyyə tədqiqatçısının əməkdaşı olduğu investisiya şirkətinin, barəsində investisiya tədqiqatı aparılan emitentin qiymətli kağızlarının marketmeykeri kimi çıxış etməsi barədə;

3.2.6. maliyyə tədqiqatçısının əməkdaşı olduğu investisiya şirkətinin, investisiya tədqiqatı aparıldığı tarixdən əvvəlki 12 ay ərzində emitentə investisiya xidmətlərinin göstərməsi barədə;

3.2.7. investisiya şirkətinin investisiya tədqiqatı xidmətlərinin göstərilməsi ilə əlaqədar olaraq bu Qaydanın 3.2.1-3.2.6-ci yarımbəndlərində göstərilən maraqlar münaqişəsinin aşkarlanması, idarə olunması və qarşısının alınması üzrə texniki və təşkilati tədbirləri, o cümlədən daxili prosedurları barədə.

3.3. İnvestisiya şirkəti tərəfindən müqavilə əsasında investisiya tədqiqatının hazırlanmasına cəlb edilən aidiyyəti şəxs, bu Qaydanın 3.2-ci bəndində qeyd olunmuş məlumatlardan əlavə olaraq, aşağıdakı məlumatları investisiya tədqiqatında qeyd edir:

3.3.1. öz gəlirlərinin onu işə cəlb edən investisiya şirkətinin alqı-satqı əqdləri ilə bağlı olub-olmaması barədə məlumat;

3.3.2. barəsində investisiya tədqiqatı aparılan emitentin səhmlərini kütləvi təklif edilməzdən əvvəl əldə etmişdirsə, həmin səhmlərin əldə edildiyi tarix və qiymət barədə məlumat.

 

4. İnvestisiya tədqiqatlarının açıqlanması

 

4.1. İnvestisiya tədqiqatı onu hazırlayan və ya digər investisiya şirkəti tərəfindən açıqlanır.

4.2. İnvestisiya tədqiqatı digər investisiya şirkəti tərəfindən açıqlandıqda, investisiya tədqiqatında öz adını qeyd edir.

4.3. İnvestisiya tədqiqatını açıqlayan digər investisiya şirkəti, investisiya tədqiqatının məzmununa dəyişikliklər etdikdə, bu barədə investisiya tədqiqatında qeyd edir. Dəyişikliklər investisiya tədqiqatında olan tövsiyələrə aid olduğu halda, investisiya tədqiqatını açıqlayan investisiya şirkəti bu Qaydanın 2-ci və 3-cü hissələrində müəyyən edilmiş tələblərə əməl edir.

4.4. İnvestisiya tədqiqatında dəyişikliklər edərək açıqlayan investisiya şirkəti, tədqiqatı əldə edən şəxslər üçün aşağıdakı məlumatların birbaşa və asanlıqla əldə edilməsi mümkün olan mənbələr haqqında məlumat açıqlayır:

4.4.1. maliyyə tədqiqatçısı barədə bu Qaydanın 2.4.1-ci yarımbəndində qeyd edilən məlumat;

4.4.2. həmin maliyyə tədqiqatçısı ilə bağlı maraqlar münaqişəsi mövcuddursa, bu barədə məlumat;

4.4.3. investisiya tədqiqatının məzmunu.