AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

03.02.2016

Qeydiyyat nömrəsi

8-q

Adı

İnvestisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

12.02.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201602030008

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

11.02.2016

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanın 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

Q Ə R A R A A L I R:

1.                  İnvestisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi Qaydası” təsdiq edilsin (Əlavə olunur).

2.                  Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3.                  Qiymətli kağızların qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4.                  Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5.                  “Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 2012-ci il 6 mart tarixli 04 nömrəli Qərarın 1-ci hissəsi və “Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi haqqında” Qaydalarına dəyişikliklər edilməsi barədə” 2012-ci il 6 sentyabr tarixli 12 nömrəli Qərar ləğv edilsin.

6.                  Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

Sədr                                                                                                  Rüfət Aslanlı

 


 

 “Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 8-q

“03” fevral 2016 il

Sədr

__________________

Rüfət Aslanlı

 

 

İnvestisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 8.16-cı maddəsinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qayda Azərbaycan Respublikasının emitentlərinin investisiya qiymətli kağızlarının və ya digər şəxs tərəfindən onların aktivləri ilə təmin olunmuş investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi qaydalarını tənzimləyir.

1.3. Azərbaycan Respublikasının emitentlərinin investisiya qiymətli kağızlarının və ya digər şəxs tərəfindən onların aktivləri ilə təmin olunmuş investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsinə (bu Qaydanın 1.4-cü bəndində göstərilən hal istisna olmaqla) həmin buraxılış Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.

1.4. Emitentin Azərbaycan Respublikasının ərazisindən kənarda dövriyyədə olan səhmlərinin həcmi, emitentin səhmlərinə hüquqları təsdiq edən qiymətli kağızlar daxil olmaqla, emitentin cəmi emissiya etdiyi səhmlərinin 40%-dən artıq hissəsini təşkil etdikdə həmin emitentin investisiya qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda buraxılışına və yerləşdirilməsinə yol verilmir.

 

2. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı

 

2.1. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması üçün emitent Komitəyə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. investisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə;

2.1.2. investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar;

2.1.3. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;

2.1.4. investisiya qiymətli kağızlarının emissiya prospekti (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunarsa);

2.1.5. emitent dövlət büdcəsindən maliyyə yardımı və ya investisiya yönümlü təxsisat alan, habelə, dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olduqda xarici borclanmağa Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin razılığı.

2.2. Komitə investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən iyirmi iş günü müddətində baxır. Qeydiyyatdan imtina üçün bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş hallar olmadıqda, investisiya qiymətli kağızlarının buraxılışı dövlət qeydiyyatına alınır. Bu halda Komitə emitentə investisiya qiymətli kağızlarının dövlət reyestrindən çıxarış təqdim edir.

2.3. Komitə investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edir:

2.3.1. investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər bu Qaydaların 2.1-ci bəndinin tələblərinə cavab vermədikdə;

2.3.2. investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərara (investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatların daxil edildiyi müəyyən olunduqda

2.4. Bu Qaydaların 2.3-cü bəndində göstərilən hallar müəyyən edildikdə, Komitə investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul etməli və bu qərarı iki iş günü ərzində emitentə göndərməlidir.