AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

03.02.2016

Qeydiyyat nömrəsi

10-q

Adı

“Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

12.02.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201602030010

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

11.02.2016

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

 

QƏRARA ALIR:

 

1. “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar” təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin və bu Qərardan irəli gələn məsələləri həll etsin.

3. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin  Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

4.“İnvestisiya qiymətli kağızlarının emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatların hazırlanması və açıqlanması” Qaydalarının təsdiq edilməsi haqqında” 2012-ci il 30 noyabr tarixli 16 nömrəli Qərarın 1-ci hissəsi ləğv edilsin.

5. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

 

Sədr

Rüfət Aslanlı

 


 

 

“TƏSDİQ EDİLMİŞDİR”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 10-q

03  evral 2016 il

Sədr

___________________

Rüfət Aslanlı

 

Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında

Qaydalar

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 75.11.2-ci və 75.12-ci maddələrinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar qiymətli kağızların emitentləri (bundan sonra - emitent) tərəfindən idarəetmə hesabatlarının  hazırlanması, təqdim olunması və açıqlanması qaydalarını müəyyən edir.

1.3. Bu Qaydaların  müddəaları dövlətə və bələdiyyələrə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara, Azərbaycan Respublikasının Mərkəzi Bankına və kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış borc qiymətli kağızlarının nominal dəyərinin həcmi 50 000 (əlli min) manatdan az olan emitentlərə şamil edilmir.

 

2.İllik hesabatlara dair tələblər

 

2.1. İdarəetmə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir:

2.1.1. emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi;

2.1.2. emitentin hüquqi ünvanı və olduğu yer;

2.1.3. emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;

2.1.4. emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;

2.1.5. emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;

2.1.6. emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;

2.1.7. emitentin məşğul olduğu fəaliyyət istiqamətləri; 

2.1.8. emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə  fəaliyyət növləri və qüvvədə olma müddətləri;

2.1.9. emitentin təklif etdiyi məhsullar və xidmətlər;

2.1.10. emitentin işçilərinin sayı və onun rüblük dinamikası;

2.1.11. emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;

2.1.12. emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının)  ayrı-ayılıqda sayı;
2.1.13. emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;

2.1.14. nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);

2.1.15. emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:

2.1.15.1. yığıncağın keçirilmə tarixi və yeri (ünvan);

2.1.15.2. ümumi yığıncaqda qəbul edilmiş qərarlar.

2.1.16. emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):
2.1.16.1. investisiya qiymətli kağızın növü və forması;

2.1.16.2. investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;

2.1.16.3. investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;

2.1.16.4. investisiya qiymətli kağızlar buraxılışınıın məcmu nominal dəyəri;

2.1.16.5. hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);

2.1.16.6. faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi;

2.1.16.7. investisiya qiymətli kağızların  yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda).

2.1.17. emitent tərəfindən bağlanılmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:

2.1.17.1. əqdin məbləği;

2.1.17.2. hesabat tarixinə əqdin ödənilməmiş hissəsi.

2.1.18. emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış əqdlər barədə məlumatlar:

2.1.18.1. bağlanılmış əqdin mahiyyəti, tarixi və məbləği;

2.1.18.2. aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.

2.1.19. illik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;

2.1.20. hesabatın açıqlanma mənbəyi haqqında məlumat.

2.2.  İllik hesabat hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı və emitent məhdud məsuliyyətli cəmiyyət olduqda növbəti ilin ilk 4 ayı ərzində, səhmdar cəmiyyəti olduqda isə, növbəti ilin ilk 6 ayı ərzində səhmdarların (payçıların) illik ümümi yığıncağı tərəfindən təsdiq edilməlidir.

 

3. Yarımillik hesabatlara dair tələblər

 

3.1. Yarımillik hesabatlar yalnız qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən təqdim olunur.

3.2. Yarımillik hesabatların tərkibinə bu Qaydaların 2.1.1-ci - 2.1.15-ci, 2.1.17-ci, 2.1.18-ci və 2.1.20-ci yarımbəndlərində göstərilmiş məlumatlar daxil edilməlidir.

 

4.Hesabatların təqdim olunması və məlumatların açıqlanması

 

4.1. Emitent tərəfindən illik və yarımillik hesabatlar Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə Qanunun 75.5-ci maddəsinə müvafiq olaraq təqdim edilməlidir. İllik və yarımillik hesabatın səhifələri nömrələnməli, tikilməli, emitentin icra orqanının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və emitentin möhürü ilə təsdiq edilməlidir. Hesabatı imzalayan şəxslər illik hesabata daxil olan məlumatların tamlığı və dürüstlüyü üçün Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq məsuliyyət daşıyırlar.

4.2. Emitent tərəfindən illik və yarımillik hesabatlara dəyişikliklər Qanunun 75.7-ci maddəsinə əsasən həyata keçirilir.

4.3. Emitent tərəfindən illik və yarımillik hesabatın (bu Qaydaların 2.1.13-cü və 2.1.14-cü yarımbəndləri ilə müəyyən edilmiş məlumatlar yalnız qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər  üçün)  açıqlanması Qanunun 75.6-cı maddəsinə əsasən həyata keçirilir.

4.4. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər yarımillik hesabatlarını Qanunun 75.4-cü maddəsinə müvafiq olaraq açıqlamalıdır.