AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

03.02.2016

Qeydiyyat nömrəsi

12-q

Adı

İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

11.02.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201602030012

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

10.02.2016

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

 

Q Ə R A R A  A L I R:

 

1. “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Strateji təhlil və infrastrukturun tənzimlənməsi şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. “Qiymətli kağızlar bazarında broker və diler tərəfindən daxili uçotun aparılması” Qaydalarının təsdiq edilməsi haqqında” 2004-cü il 25 may tarixli 073 nömrəli Əmr və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli Qanununun tətbiqi və “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə” 2012-ci il 11 may tarixli 07 nömrəli Qərar ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin növləri ilə eyni zamanda məşğul olunması” Qaydaları ləğv edilsin.

6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

 

Sədr                                                                                                                                      Rüfət Aslanlı

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 12-q

3 fevral 2016-cı il

Sədr

_______________

Rüfət Aslanlı

 

 

İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası

 

1.                  Ümumi müddəalar

1.1.                 Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 30.6-cı, 38.13-cü və 41.4-cü maddələrinə müvafiq olaraq hazırlanmışdır və investisiya şirkəti tərəfindən investisiya xidmətlərinə (əməliyyatlarına), müştəri sifarişlərinə, onların icrası və ya dayandırılmasına, müştərilərə hesabatların təqdim edilməsinə və investisiya şirkəti tərəfindən öz fəaliyyəti ilə bağlı həyata keçirilən əməliyyatların uçotunun aparılmasına dair tələbləri müəyyən edir.

 

2.                  Əsas anlayışlar

2.0. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

2.0.1. müştəri – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə xidmətlərin alınmasına dair müqavilə bağlamış fiziki və ya hüquqi şəxs;

2.0.2. müştəri aktivləri – müştəriyə məxsus olan və investisiya şirkətinin daxili uçot sistemində qeydiyyata alınan qiymətli kağızlar və ya törəmə maliyyə alətləridir.

 

3.                  İnvestisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi üzrə müqavilə

3.1.                 İnvestisiya şirkəti müştəri ilə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi üzrə müqavilə (bundan sonra – müqavilə) bağlamalı və həmin müqavilədə investisiya şirkətinin və müştərinin hüquq və vəzifələri qeyd olunmalıdır.

3.2.                 Bu Qaydanın 3.1-ci bəndi ilə nəzərdə tutulmuş müqavilədə ən azından aşağıdakılar əks olunmalıdır:

3.2.1.           müqavilənin bağlandığı yer, tarix;

3.2.2.           müştəri fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi;

3.2.3.           investisiya fəaliyyətinin həyata keçirilməsi üzrə lisenziyanın nömrəsi və tarixi;

3.2.4.           tərəflərin rekvizitləri;

3.2.5.           müqavilənin predmeti və göstərilən xidmətlərin adı;

3.2.6.           tərəflərin hüquq və vəzifələri;

3.2.7.           müqavilə üzrə hesablaşma qaydası;

3.2.8.           investisiya şirkətinin xidmət haqqı, sifarişlərin icra olunması ilə bağlı xərclər və onların ödənilməsi qaydası;

3.2.9.           müştərinin aktivlərinin qaytarılması qaydası, o cümlədən müştərinin və ya investisiya şirkətinin təşəbbüsü ilə əqdin bağlanmasından imtina halında qarşılıqlı hesablaşmaların aparılması şərtləri;

3.2.10.       müqavilənin qüvvədə olduğu müddətdə sifarişin ləğv edilməsi və ya icra edilməmiş hissəsinin tam və ya qismən ləğv edilməsi və bu barədə müştəriyə məlumatların verilməsi qaydası;

3.2.11.       müqavilənin müddətinin uzadılması qaydası;

3.2.12.       tərəflərin məsuliyyəti.

3.3.                 Fərdi investorların portfelinin idarəedilməsi üzrə müqaviləyə bu Qaydanın 3.2-ci bəndi ilə müəyyən edilənlərdən əlavə ən azından aşağıdakı müddəalar daxil edilməlidir:

3.3.1.           müştəri aktivlərinin investisiya şirkətinə idarəetməyə verilməsi qaydası;

3.3.2.           müştəri aktivlərinin idarə edilməsi üzrə öhdəliklərin yaranması və başa çatması müddəti;

3.3.3.           müqaviləyə uyğun olaraq müştəri aktivlərinin məbləği;

3.3.4.           investisiya siyasəti.

3.4.                 Bu Qaydanın 3.3.4-cü yarımbəndində müəyyən edilən investisiya siyasətinə ən azından aşağıdakı məlumatlar daxil olmalıdır:

3.4.1.           qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin növləri;

3.4.2.           qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin ayrı-ayrı növlərinə edilən investisiyaların maksimal payı;

3.4.3.           investisiyanın riskə məruz qalma dərəcəsini müəyyən etməyə imkan verən göstəricilər.

3.5.                 Müştəri əsas və ya yardımçı investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi haqqında müqaviləni imzalamazdan əvvəl investisiya şirkəti tərəfindən müştəriyə bu Qaydanın 6-cı hissəsində müəyyən edilən məlumatlar təqdim olunmalıdır.

3.6.                 Qanunla nəzərdə tutulmuş və ya müştəri ilə yazılı qaydada razılaşdırılmış hallar istisna olmaqla, investisiya şirkəti öz fəaliyyətini həyata keçirməsi ilə bağlı ona məlum olan müştəri haqqında məlumatları üçüncü şəxslərə açıqlamamalıdır.

3.7.                 İnvestisiya şirkəti müştərinin pul vəsaitini yalnız investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsinə dair müqavilənin şərtlərinə əsasən istifadə edir.

 

4.                  Müştəri məlumatlarının qiymətləndirilməsi

4.1.                 Fərdi investorların portfelinin idarə edilməsi və ya marja ticarəti üzrə xidmət göstərən investisiya şirkəti müştəri ilə müqavilə imzalamazdan əvvəl müştəriyə müvafiq xidmətlərin(əməliyyatların) göstərilməsi üçün müştəridən maliyyə vəziyyəti və investisiya məqsədləri barədə ətraflı məlumat almalıdır.

4.2.                 Bu Qaydanın 4.1-ci bəndində müəyyən edilmiş müştərinin maliyyə vəziyyəti haqqında məlumatına aşağıdakılar daxil olmalıdır:

4.2.1.           müntəzəm gəliri və onun mənbəyi;

4.2.2.           aktivləri, o cümlədən likvid vəsaitləri, investisiyaları və daşınmaz əmlakı;

4.2.3.           maliyyə öhdəlikləri.

4.3.                 Bu Qaydanın 4.1-ci bəndində müəyyən edilmiş müştərinin investisiya məqsədlərinə dair məlumata ən azından investisiyanın müddəti, müştərinin risk götürmə çərçivəsi və risk profili daxil olmalıdır.

4.4.                 İnvestisiya şirkəti bu Qaydanın 4.1.-ci bəndində müəyyən edilən məlumatlar əsasında investisiya xidmətinin (əməliyyatının), qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin müştəri üçün uyğun olmadığını müəyyən etdikdə müştərini 3 (üç) iş günü ərzində yazılı şəkildə məlumatlandırmalıdır.

4.5.                 Müştəri bu Qaydanın 4.1-ci bəndində müəyyən edilmiş məlumatları təqdim etmədikdə və ya natamam məlumat təqdim etdikdə, investisiya şirkəti müştəriyə təklif edilən və ya müştəri tərəfindən sifariş edilən müəyyən növ investisiya xidmətləri (əməliyyatları) və ya aktivlərin müştəri üçün uyğunluğunun qiymətləndirilməsinin mümkün olmaması barədə müştərini yazılı şəkildə məlumatlandırmalıdır.

 

5.                  İnvestisiya şirkətinə sənədlərin təqdim edilməsi

5.1.                 Müqavilə bağlanarkən fiziki şəxs olan müştəri aşağıdakı sənədləri investisiya şirkətinə təqdim etməlidir:

5.1.1.           şəxsiyyəti təsdiq edən sənədin surəti;

5.1.2.           fiziki şəxsi digər şəxs təmsil etdikdə benefisiarın müəyyənləşdirilməsi üçün təmsil edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənədin surəti;

5.1.3.           etibarnamə (olduqda);

5.1.4.           müştəri anketi (Əlavə ¹ 1).

5.2.                 Müqavilə bağlanarkən hüquqi şəxs olan müştəri aşağıdakı sənədləri investisiya şirkətinə təqdim etməlidir:

5.2.1.           hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

5.2.2.           imza səlahiyyətinə malik olan şəxslərin siyahısı;

5.2.3.           etibarnamə (olduqda);

5.2.4.           müştəri anketi (Əlavə ¹ 2);

5.2.5.           hüquqi şəxsi digər şəxs təmsil etdikdə benefisiarın müəyyənləşdirilməsi üçün hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı və nizamnaməsinin surətləri.

5.3.                 Müştəri etibarnamə əsasında investisiya şirkəti ilə müqavilə bağladıqda, investisiya şirkəti müştərinin və vəkil edilmiş şəxsin şəxsiyyətlərini müəyyən etməli və onların şəxsiyyətlərini təsdiq edən sənədlərdə olan məlumatları etibarnamədə göstərilmiş məlumatlarla tutuşdurmalıdır. Bu zaman əqddə qeyri-qanuni faktlar aşkar edildikdə, investisiya şirkəti investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsindən imtina etməlidir.

 

6.                  Müştərilərin məlumatlandırılması

6.1.                 İnvestisiya şirkəti tərəfindən müştərilərə investisiya xidmətlərinə (əməliyyatlarına) dair təqdim edilən məlumatlar dəqiq və anlaşılan olmalıdır.

6.2.                 İnvestisiya şirkəti tərəfindən müştərilərə investisiya xidmətlərinə (əməliyyatlarına) dair təqdim edilən məlumatlarda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı mümkün gəlirlərlə yanaşı risklər də göstərilməlidir.

6.3.                 Müştərilərə verilən məlumat əsas və ya yardımçı investisiya xidmətlərini (əməliyyatlarını), qiymətli kağızları və ya törəmə maliyyə alətlərini müqayisə etdikdə aşağıdakılar nəzərə alınmalıdır:

6.3.1.           müqayisə üçün istifadə olunan məlumatın mənbələri qeyd edilməlidir;

6.3.2.           müqayisəni həyata keçirmək üçün istifadə olunan əsas faktlar və ehtimallar qeyd olunmalıdır.

6.4.                 Qiymətli kağızların, törəmə maliyyə alətlərinin və maliyyə indekslərin keçmiş göstəriciləri müqayisə edilərkən müştərilərə təqdim olunan məlumatlarda aşağıdakılar nəzərə alınmalıdır:

6.4.1.           göstəricilər 12 aylıq dövrdən ibarət olmaqla əvvəlki 5 ilin nəticələrini (maliyyə indeksinin və maliyyə xidmətlərinin göstərilməsi müddəti 5 ildən az olduqda bütün fəaliyyət müddətinin göstəricilərini) əhatə etməlidir;

6.4.2.           göstəricilərin müddəti və məlumatın mənbəyi aydın şəkildə göstərilməlidir;

6.4.3.           məlumatın simulyasiya edilmiş olmasına və həmin məlumatın gələcək investisiyalar üçün dəqiq göstərici olmadığına dair xəbərdarlıq daxil olmalıdır.

6.4.4.           göstərici milli valyutadan başqa valyutada olduqda valyuta mübadiləsi və ya məzənnə fərqinə görə gəlir və ya zərərin əmələ gəlməsinə dair xəbərdarlıq daxil olmalıdır.

6.4.5.           xidmət haqlarının və sifarişlərin icra edilməsi ilə bağlı xərclərin göstəriciyə təsiri qeyd edilməlidir.

6.5.                 Müştərilərə təqdim edilən məlumata gələcək göstəricilər daxil olduqda aşağıdakılar nəzərə alınmalıdır:

6.5.1.           yalnız keçmiş təcrübəyə əsaslana və ya istinad edə bilməz;

6.5.2.           xidmət haqların və sifarişin icra olunması ilə bağlı xərclərin gəlirliliyə mümkün təsiri qeyd olunmalıdır;

6.5.3.           proqnozun dəqiq göstərici olmadığına dair xəbərdarlıq əks olunmalıdır.

6.6.                 Müştərilərə təqdim edilən məlumat hər hansı xüsusi vergi rejimini nəzərdə tutduqda investisiya şirkəti həmin vergi rejiminin gələcəkdə dəyişə biləcəyi haqqında müştərini məlumatlandırmalıdır.

6.7.                 Müştərinin qiymətli kağızlarını nominal saxlayıcı saxladıqda, investisiya şirkəti müştəriyə bununla bağlı yarana biləcək risklərə dair məlumat verməlidir.

6.8.                 İnvestisiya şirkəti tərəfindən qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə dair risklərin təsviri alətin növünü nəzərə almaqla aşağıdakı məlumatları əhatə etməlidir:

6.8.1.           qiymətli kağız və ya törəmə maliyyə aləti ilə bağlı risklər, riskin nəticələri və investisiyanın tamamilə itirilə bilməsi riski barədə məlumat;

6.8.2.           qiymətli kağız və ya törəmə maliyyə alətinin qiymət volatilliyi (dəyişkənliyi) barədə məlumat;

6.8.3.           tətbiq edilən marja tələbləri və ya oxşar öhdəliklər.

6.9.                 İnvestisiya şirkəti tərəfindən müştərilərə sifarişlərin icra olunması xərcləri ilə bağlı təqdim etdiyi məlumatda aşağıdakılar öz əksini tapmalıdır:

6.9.1.           müştərinin qiymətli kağızlar və ya törəmə maliyyə aləti, əsas və ya yardımçı investisiya xidməti üçün ödəməli olduğu ümumi məbləğ, xidmət haqları, sifarişlərin icra olunması ilə bağlı xərclər və investisiya şirkəti vasitəsilə ödənilən bütün vergilər, dəqiq qiymət təyin edilə bilmədikdə ümumi məbləğin hesablanması üsulu;

6.9.2.           ümumi məbləğ xarici valyuta ilə ödənilməli olduqda, cəlb edilmiş valyutanın qeyd edilməsi və tətbiq edilən məzənnə, konvertasiya xərcləri.

6.10.             İnvestisiya şirkəti göstərdiyi xidmətlərlə əlaqədar təyin etdiyi xidmət haqlarını ayrıca dəqiqləşdirilməlidir.

6.11.             Fərdi investorların portfelinin idarəedilməsi üzrə investisiya xidmətini (əməliyyatını) göstərən investisiya şirkəti müştərini həmçinin aşağıdakılar barədə məlumatlandırmalıdır:

6.11.1.       müştərinin portfelindəki qiymətli kağız və ya törəmə maliyyə alətlərinin qiymətləndirmə qaydası;

6.11.2.       müştərinin portfelinin göstəricilərinin müqayisə ediləcəyi hər hansı müqayisə bazasının (bençmark) xüsusiyyətləri haqqında məlumat;

6.11.3.       müştəri portfelinə daxil edilə bilən qiymətli kağız və ya törəmə maliyyə alətlərinin növləri və istənilən limitlər daxil olmaqla bu cür alətlərlə həyata keçirə biləcəyi əməliyyatların növləri;

6.11.4.       idarəetmənin məqsədləri, investisiya şirkətinin məruz qalacağı risk dərəcəsi və şirkətin səlahiyyət hədləri və məhdudiyyətləri haqqında məlumat;

6.11.5.       müştərinin portfelindəki qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin idarə edilməsinin digər şəxslərə tapşırılması haqqında ətraflı məlumat.

6.12.             Müştərilərə təqdim edilən məlumatlar investisiya şirkətinin rəhbəri tərəfindən imzalanmalı və investisiya şirkətinin möhürü (elektron imzalı sənədlər istisna olmaqla) ilə təsdiq edilməlidir.

6.13.             İnvestisiya şirkəti müştərilərin maraqlarını təhlükə altında qoya biləcək maraqlar münaqişəsinin aşkarlanması məqsədi ilə risklərin mövcudluğunu yoxlamalıdır. İnvestisiya şirkəti ilə müştəri arasında maraqlar münaqişəsi yarandıqda, investisiya şirkəti bu barədə müştəriyə dərhal məlumat verməlidir.

 

7.                  Müştərilərə təqdim edilən hesabatlar

7.1.                 İnvestisiya şirkəti tərəfindən müştəriyə hesabatın təqdim edilməsi qaydası müqavilə ilə müəyyən edilir.

7.2.                 Fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) istisna olmaqla, müştərinin adından sifarişi icra etmiş investisiya şirkəti müştəriyə sifarişin icra edilməsindən sonra 1 (bir) iş günündən gec olmayaraq sifarişin icrasına dair məlumat, əqdin bağlanmasından sonra 2 (iki) iş günündən gec olmayaraq əqdin icrasına dair hesabat təqdim etməlidir.

7.3.                 Bu Qaydanın 7.2-ci bəndində müəyyən olunan əqdin icrasına dair hesabatda aşağıdakılar qeyd olunmalıdır:

7.3.1.           hesabat dövrü və tərtib edilmə tarixi;

7.3.2.           müştərinin adı və (və ya) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) (olduqda);

7.3.3.           müqavilənin nömrəsi və tarixi;

7.3.4.           sifariş haqqında məlumat;

7.3.5.           qiymətli kağız və ya törəmə maliyyə alətləri ilə aparılmış əməliyyatların tarixi və vaxtı;

7.3.6.           əqdin istiqaməti (alqı və ya satqı);

7.3.7.           əqdin istiqaməti alış və ya satış olmadıqda sifarişin xarakteri;

7.3.8.           qiymətli kağızın və ya törəmə maliyyə alətinin emitentinin adı;

7.3.9.           qiymətli kağızların və ya törəmə maliyyə alətinin növü, dövlət qeydiyyat nömrəsi;

7.3.10.       bir qiymətli kağızın və ya törəmə maliyyə alətinin qiyməti;

7.3.11.       qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin sayı;

7.3.12.       qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə aparılmış əqdlərin məbləği;

7.3.13.       hesabat müddəti ərzində investisiya şirkətinin mükafatının məbləği;

7.3.14.       hesabat müddəti ərzində investisiya şirkətinə ödənilmiş xidmət haqqı və sifarişlərin icra olunması ilə bağlı xərclərin məbləği.

7.4.                 İnvestisiya şirkəti portfelin idarə edilməsi xidmətini (əməliyyatını) göstərdikdə, müştəriyə həyata keçirdiyi əməliyyatlara dair yarımillik hesabat təqdim edir. Həmin hesabat müştərinin sorğusu əsasında rüblük təqdim edilir. İnvestisiya şirkəti müştərinin borcla alınan qiymətli kağızları və ya törəmə maliyyə alətlərindən ibarət olan portfelinin idarə edilməsi üzrə xidmətlər (əməliyyatlar) göstərdikdə bu hesabatı aylıq təqdim etməlidir. Hesabatda aşağıdakı məlumatlar öz əksini tapmalıdır.

7.4.1.           investisiya şirkətinin adı, ona verilmiş lisenziyanın nömrəsi və tarixi;

7.4.2.           müştərinin adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) (olduqda);

7.4.3.           portfelin məzmununa və ya dəyərinə dair hesabat, o cümlədən portfelə daxil olan hər bir maliyyə aləti haqqında məlumat, bazar qiyməti, bazar qiyməti mövcud olmadıqda ədalətli dəyəri, hesabat dövrünün əvvəlində və sonuna dair pul qalığı və dövr ərzində portfelin göstəriciləri;

7.4.4.           portfelin idarə edilməsi ilə bağlı ödəniş və sifarişlərin icra olunması ilə bağlı xərclərin təsnif edilməsi ilə dövr ərzində edilmiş ödənişlərin və çəkilmiş xərclərin ümumi məbləği;

7.4.5.           müştərinin portfeli ilə əlaqədar hesabat dövründə dividendlərin, faiz dərəcələrinin ümumi məbləği.

7.5.                 İnvestisiya şirkəti müqaviləyə əsasən, ancaq ildə bir dəfədən az olmamaq şərti ilə müştərilərə aşağıdakı məlumatlara dair hesabat təqdim etməlidir:

7.5.1.           hesabat dövrünün sonuna müştərinin aktivlərinin hərəkəti, habelə onların qalığı haqqında məlumat;

7.5.2.           müştərinin aktivləri ilə aparılmış əməliyyatlar haqqında məlumat;

7.5.3.           müştərinin aktivlərində baş vermiş dəyişikliklər haqqında məlumat;

7.5.4.           tətbiq edilən xidmət haqqı və sifarişlərin icra olunması ilə bağlı xərclər.

 

8.                  İnvestisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi üzrə ixtisas şəhadətnamələri

8.1.                 Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə ixtisas şəhadətnaməsinə malik olan əməkdaş mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması xidməti (əməliyyatı) ilə eyni zamanda məşğul ola bilməz.

8.2.             Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması üzrə ixtisas şəhadətnaməsinə malik olan əməkdaş eyni zamanda investisiya məsləhətlərinin verilməsi və ya fərdi investorların portfelinin idarə edilməsi üzrə investisiya xidməti (əməliyyatı) ilə məşğul ola bilməz.

 

9.                  Müştəri sifarişlərinin qəbulu və icrası

9.1.                 İnvestisiya müqaviləsinin bağlanılması zamanı investisiya şirkəti müştəriyə eyniləşdirmə nömrəsi verir.

9.2.                 Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə investisiya xidmətinin (əməliyyatının) göstərilməsi zamanı müştəri ilə müqavilə bağlandıqdan sonra investisiya şirkəti müştərinin aktivlərinin uçotunun aparılması üçün öz daxili uçot sistemində müştəri üçün hesab açır.

9.3.                 Müştəri qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə investisiya xidmətini (əməliyyatını) göstərən investisiya şirkətinə aşağıdakı sifarişləri verir:

9.3.1.           limitli qiymətlə sifariş - müştərinin təyin etdiyi qiymətdən aşağı və ya yuxarı olmamaq şərtilə qiymətli kağızları və ya törəmə maliyyə alətlərini tapşırıqda göstərilən miqdarda almaq və ya satmaq;

9.3.2.           bazar qiyməti ilə sifariş - alışın və ya satışın ən əlverişli qiymət ilə qiymətli kağızları və ya törəmə maliyyə alətlərini tapşırıqda göstərilən miqdarda almaq və ya satmaq.

9.4.                 İnvestisiya şirkəti müqavilədə göstərilən xidmətləri (əməliyyatları) (fərdi investorların portfelinin idarə edilməsi xidməti (əməliyyatı) istisna olmaqla) yalnız müştərinin sifarişi əsasında həyata keçirir. Sifarişin müddəti müqavilənin qüvvədə olma müddətindən artıq olmamalı, müqavilənin qüvvədə olma müddəti bir ildən artıq olduqda, sifariş ən azı ildə bir dəfə yenilənməlidir.

9.5.                 Sifariş iki nüsxədə tərtib edilir və bir nüsxəsi sifarişi qəbul edən ixtisas şəhadətnaməsinə malik olan əməkdaşın qəbul etməsi barədə yazılı qeydi və imzası ilə müştəriyə təqdim edilir.

9.6.                 Sifariş onu qəbul edən əməkdaşın və müştərinin və ya vəkil edilmiş şəxsin imzası ilə imzalanmalıdır. Müştərini vəkil edilmiş şəxs təmsil etdikdə sifarişdə həmin şəxsə verilmiş etibarnamənin nömrəsi və tarixi göstərilməlidir.

9.7.                 İnvestisiya şirkəti müştərilərin sifarişlərinin uçotunu aparmalıdır.

9.8.                 İnvestisiya şirkəti müştəri sifarişin icra edilib-edilməməsi barədə məlumatı müştəriyə sifarişin investisiya şirkəti tərəfindən təsdiq və ya imtina edilməsindən sonrakı 1 (bir) iş günündən gec olmayaraq təqdim etməlidir.

9.9.                 Müştəri sifarişinin təsdiqinə dair məlumatda sifarişdə baş vermiş dəyişikliklər, imtina barədə məlumatda isə imtinanın səbəbləri göstərilməlidir.

9.10.             Müştəri sifarişi aşağıdakı hallarda qüvvədən düşmüş hesab olunur:

9.10.1.       müştəri tərəfindən ləğv edildikdə;

9.10.2.       sifarişdə göstərilmiş icra müddəti başa çatdıqda.

9.11.             Müştəri sifarişində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

9.11.1.       sifarişin ünvanlandığı investisiya şirkətinin tam adı;

9.11.2.       müştəri fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi;

9.11.3.       müştərinin depo hesabının nömrəsi;

9.11.4.       sifarişin qüvvədə olma müddəti;

9.11.5.       qiymətli kağız və ya törəmə maliyyə alətinin növü və dövlət qeydiyyat nömrəsi;

9.11.6.       emitentin adı;

9.11.7.       sifarişin istiqaməti (alış və ya satış);

9.11.8.       qiymətli kağız və ya törəmə maliyyə alətinin sayı;

9.11.9.       sifarişin növü (limitli qiymətlə və ya bazar qiymət ilə);

9.11.10.   qiymətli kağızın və ya törəmə maliyyə alətinin nominal və bazar qiyməti;

9.11.11.   sifarişlərin icra olunması yeri;

9.11.12.   valyuta mübadiləsinin məzənnəsi və ya məzənnə dəhlizi (əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı sifarişlərdə.

9.12.             İnvestisiya şirkəti müştəri sifarişlərini telefon vasitəsi ilə qəbul etdikdə, telefon danışıqları yazılmalı, elektron vasitələrlə qəbul etdikdə isə elektron məlumatlar saxlanılmalıdır. Elektron vasitələrlə sifariş verən müştəri ticarət platformasına elektron imza vasitəsi ilə daxil olmalıdır.

 

10.              Sifarişlərin ən yaxşı icrası qaydası

10.1.             Müştərilərin sifarişlərinin icrası zamanı investisiya şirkəti aşağıdakıları nəzərə almalıdır:

10.1.1.       sifarişin xüsusiyyətləri;

10.1.2.       sifarişə daxil olan qiymətli kağız və ya törəmə maliyyə alətlərinin xüsusiyyətləri;

10.1.3.       sifarişin icra olunması yeri.

10.2.             Müştərinin adından sifarişi icra edən investisiya şirkəti qiymətli kağız və ya törəmə maliyyə alətinin qiyməti və sifarişin icra olunması ilə bağlı xərclər də daxil olmaqla ümumi xərclər baxımından müştəri üçün ən yaxşı mümkün nəticəni müəyyən etməlidir.

10.3.             Müştəri sifarişinin icra olunması ilə bağlı xərclərə aşağıdakılar daxil olmalıdır:

10.3.1.       sifarişlərin icra olunması yeri üzrə ödənişlər;

10.3.2.       klirinq haqları;

10.3.3.       sifarişin icrasına daxil edilmiş üçüncü tərəfə ödənişlər.

10.4.             İnvestisiya şirkəti xidmət haqlarını sifarişin icra olunduğu ticarət yerləri arasında ayrı-seçkiliyə səbəb olacaq şəkildə təyin etməməlidir.

10.5.             İnvestisiya şirkəti sifarişin icrasını tənzimləyən daxili qaydalar qəbul etməlidir.

10.6.             İnvestisiya şirkəti tərəfindən müştəri sifarişlərinin qəbul və icra edilməsinin müvafiq lisenziyaya malik olan digər investisiya şirkətinə həvalə etmək zərurəti yarandıqda bu müştərinin razılığı əsasında həyata keçirilməlidir.

 

11.              Fərdi investorların portfelinin idarə edilməsi

11.1.             Fərdi investorların portfelinin idarə edilməsi xidməti (əməliyyatı) göstərən investisiya şirkəti eyni zamanda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi xidmətini (əməliyyatını) göstərməli və ya müştəri sifarişlərinin qəbul və icra edilməsi fəaliyyətini bu Qaydanın 10.6-cı bəndinin tələbinə uyğun şəkildə həyata keçirməlidir.

11.2.             Fərdi investorların portfelinin idarə edilməsi üzrə xidmət (əməliyyat) göstərən investisiya şirkətinə idarə edilmək üçün qiymətli kağızların, törəmə maliyyə alətlərinin verilməsi həmin müştəri aktivləri üzrə mülkiyyət hüququnun investisiya şirkətinə keçməsinə səbəb olmur.

11.3.             Qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin idarə edilmək üçün verilməsi müştərinin depozitarda açılmış xüsusi hesabına həmin qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin köçürülməsi yolu ilə həyata keçirilir.

11.4.             İnvestisiya şirkəti idarəetməsində olan müştəri aktivləri ilə müştərinin mənafeyi naminə müqavilədə müəyyən edilmiş həcmdə mülki-hüquqi əqdlər (aktivlərin satılması, girov qoyulması, dəyişdirilməsi, aktivlər üzrə hüquqların həyata keçirilməsi və s.) bağlamaq hüququna malikdir.

11.5.             İnvestisiya şirkəti müştərilərinin aktivlərindən məhkəmə qərarı ilə müəyyən edilmiş hallar istisna olmaqla, onların icazəsi olmadan özünün və ya üçüncü tərəflərin marağı üçün, xüsusilə öhdəliklərinin ödənilməsi üçün istifadə edə bilməz.

11.6.             İnvestisiya şirkəti müştərinin aktivlərini müqavilədə göstərilmiş investisiya siyasətinə uyğun olaraq və müştərinin investisiya portfelinin dəyərini və portfeli ilə bağlı yarana biləcək riskləri nəzərə almaqla ən yaxşı icra qaydalarına uyğun şəkildə idarə etməlidir.

11.7.             Fərdi investorların portfelinin idarə edilməsi xidməti (əməliyyatı) göstərən investisiya şirkəti fəaliyyətini tənzimləyən daxili qaydalar qəbul etməlidir.

 

12.              İnvestisiya məsləhətlərinin verilməsi

12.1.             İnvestisiya şirkəti tərəfindən müştərilərə verilən investisiya məsləhətində aşağıdakı məlumatlar qeyd olunmalıdır:

12.1.1.       investisiya şirkətinin adı və ünvanı;

12.1.2.       investisiya məsləhətini verən şəxsin adı və soyadı, vəzifəsi, ixtisas şəhadətnaməsinin seriya nömrəsi, verilmə tarixi;

12.1.3.       məsləhətin verilməsinin əsasını təşkil edən şərtlər;

12.1.4.       investisiya məsləhətinin verilmə tarixi və vaxtı;

12.1.5.       verilmiş məsləhətin xarakteri;

12.1.6.       xüsusi qeydlər.

 

13.              Qiymətli kağızların öhdəlik götürmədən və ya götürməklə yerləşdirilməsi və anderraytinqi

13.1.             İnvestisiya şirkəti qiymətli kağızları “öhdəlik götürmədən” yerləşdirdikdə, o, yalnız qiymətli kağızları investorlara təklif edir, onlara abunə yazılışını həyata keçirir. Bu zaman investisiya şirkəti yerləşdirilməmiş qiymətli kağızların satın alınması üzrə heç bir öhdəlik daşımır.

13.2.             İnvestisiya şirkəti qiymətli kağızları “öhdəlik götürməklə” yerləşdirdikdə, o, yalnız qiymətli kağızları investorlara təklif edir, onlara abunə yazılışını həyata keçirir və yerləşdirilməmiş qiymətli kağızlarının dəyərini ödəyərək onları özü əldə edir.

13.3.             İnvestisiya şirkəti anderraytinq xidmətinin (əməliyyatının) göstərilməsi üzrə müqavilənin icrası zamanı əldə olunan məlumatları üçüncü tərəfə açıqlamamalı, öz maraqları, habelə digər məqsədlər üçün istifadə etməməlidir.

13.4.             Anderraytinq xidmətini (əməliyyatını) göstərən investisiya şirkəti ən azından aşağıdakıları əhatə edən daxili qaydalar qəbul etməlidir:

13.4.1.        müştəri sifarişlərinin uçota alınması prosedurları;

13.4.2.        anderraytinq üzrə idarəetmə prosedurları;

13.4.3.        məlumatlarin qiymətləndirilməsi;

13.4.4.        maraqlar münaqişəsi və onun həlli yolları.

 

14.              Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması

14.1.             Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparan investisiya şirkəti fond birjası ilə bağlanılan müqaviləyə əsasən marketmeyker kimi çıxış edir və onun vəzifələri fond birjası ilə bağlanmış müqavilədə öz əksini tapmalıdır.

14.2.             Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparan investisiya şirkəti fəaliyyətini tənzimləyən daxili qaydalar qəbul etməlidir.

 

15.              İnvestorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya borc verilməsi

15.1.             İnvestisiya şirkəti müştəriyə qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya borc verilməsi xidmətini (əməliyyatını) yalnız qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin alınması məqsədilə göstərir.

15.2.             İnvestisiya şirkəti investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya borc verilməsi xidmətini (əməliyyatını) göstərdikdə eyni zamanda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi xidmətini (əməliyyatını) göstərməli və ya müştəri sifarişlərinin qəbul və icra edilməsi fəaliyyətini bu Qaydanın 10.6-cı bəndinin tələbinə uyğun şəkildə həyata keçirməlidir.

15.3.             İnvestorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya borc verilməsi xidməti (əməliyyatı) göstərən investisiya şirkəti fəaliyyətinin effektivliyini təmin etmək məqsədini daşıyan daxili qaydalar qəbul etməli və qaydalar ən azından aşağıdakıları əhatə etməlidir:

15.3.1.       investisiya şirkətinin kredit və ya borc vermə strategiyası;

15.3.2.       risklərin qiymətləndirilməsi strategiyası;

15.3.3.       müştərilərin qiymətləndirilməsi meyarları;

15.3.4.       maraqlar münaqişəsi və onun qarşısının alınması;

15.3.5.       kredit və borclar üzrə limitlər, müddətlər, faiz dərəcələri;

15.4.             İnvestisiya şirkəti, kredit və ya borc verilməsi xidməti (əməliyyatı) göstərdikdə, müştəriyə müqavilədə nəzərdə tutulan aralıqlarla, ancaq ildə iki dəfədən az olmamaq şərtilə borc üzrə qalıq məbləğ haqqında hesabat təqdim edir.

 

16.              Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması

16.1.             Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı aparan investisiya şirkəti investisiya tədqiqatına aid olan sənədlərdə “investisiya tədqiqatı” sözlərini qeyd etdirməlidir.

16.2.             İnvestisiya tədqiqatında olan istənilən tövsiyə aydın, birmənalı və anlaşılan olmalıdır.

16.3.             İnvestisiya tədqiqatı xidməti (əməliyyatı) göstərən investisiya şirkəti investisiya tədqiqatının ədalətliliyini və obyektivliyini təmin etmək məqsədini daşıyan daxili qaydaları qəbul etməli və qaydalar ən azından aşağıdakıları əhatə etməlidir:

16.3.1.       maliyyə tədqiqatçılarının etik davranış qaydası;

16.3.2.       hazırlanan tövsiyələrin və nəticələrin əsaslandırılmasına dair tələblər;

16.3.3.       maraqlar münaqişəsi, onun qarşısının alınması və bununla bağlı müştəriyə məlumat verilməsinə dair tələblər.

 

17.    Əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi

17.1.             İnvestisiya şirkəti əsas investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi zamanı milli valyutadan başqa hər hansı digər valyutadan istifadə etdiyi halda, müştəri ilə imzalanmış müqavilə əsasında xarici valyuta mübadiləsi xidmətini göstərir.

17.2.             Əməliyyatın həyata keçirildiyi tarixdə xarici valyuta üçün tətbiq olunan məzənnə Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin günə müəyyən etdiyi rəsmi məzənnə nəzərə alınmaqla müstəqil olaraq investisiya şirkəti tərəfindən müəyyənləşdirilməlidir. Məzənnənin müəyyənləşdirildiyi tarix və vaxt investisiya şirkətinin rəhbərliyinin qərarı ilə təsdiq edilməlidir.

17.3.             Bu Qaydaların 17.1-ci bəndi ilə müəyyən edilən xidmətin göstərilməsi zamanı müştəri investisiya şirkəti tərəfindən mübadilə məzənnəsi barədə məlumatlandırılmalıdır.

17.4.             Əməliyyat günü ərzində məzənnələr, investisiya şirkətinin qərarı ilə dəyişə bilər. Valyuta məzənnəsinə edilən hər bir dəyişiklik tarix və vaxt daxil olmaqla investisiya şirkətinin daxili reyestrində qeyd olunmalı və müştəriyə açıqlanmalıdır.

17.5.             Xarici valyuta əməliyyatı investisiya şirkətinin əməliyyat sistemində qeyd edilməli və müştəriyə əməliyyat ilə əlaqəli təqdim olunan hesabatda bu Qayda ilə müəyyən edilmiş məlumatlardan əlavə olaraq aşağıdakılar əks olunmalıdır :

17.5.1.       xarici valyuta mübadiləsi ilə əlaqəli investisiya xidmətinin (əməliyyatının) növü;

17.5.2.       investisiya şirkətinin həmin günə müəyyən etdiyi məzənnə;

17.5.3.       konvertasiya xərcləri;

17.5.4.       investisiya şirkətinə ödənilən xidmət haqqının məbləği;

17.5.5.       xarici valyutanın adı və məbləği.

 

18.              Əməliyyatların uçotunun aparılması

18.1.             İnvestisiya şirkəti həyata keçirdiyi bütün əməliyyatların uçotunu aparmalıdır.

18.2.             İnvestisiya şirkətinin əməliyyatlarının uçotu aşağıdakıları əhatə etməlidir:

18.2.1.       müştəri sifarişlərinin uçotu;

18.2.2.       qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə apardığı əməliyyatların uçotu;

18.2.3.       pul vəsaitlərinin uçotu.

18.3.             Müştəri sifarişlərinin qəbul və icrası fəaliyyətini həyata keçirən investisiya şirkəti müştəri sifarişini aldığı gün aşağıdakı məlumatları əhatə edən uçot aparmalıdır:

18.3.1.       müştərinin adı, soyadı, eyniləşdirmə nömrəsi (hüquqi şəxs olduqda hüquqi şəxsin adı, eyniləşdirmə nömrəsi);

18.3.2.       müştəri ilə bağlanmış müqavilənin nömrəsi və tarixi;

18.3.3.       sifarişin növü;

18.3.4.       sifarişin icraya qəbul edilmə tarixi, vaxtı və nömrəsi;

18.3.5.       sifarişin qüvvədə olma müddəti;

18.3.6.       sifarişin predmeti;

18.3.7.       sifarişi qəbul edən məsul şəxsin adı və soyadı, atasının adı və vəzifəsi;

18.3.8.       müştərini vəkil edilmiş şəxs təmsil etdikdə, həmin şəxsin adı, soyadı, atasının adı və eyniləşdirmə nömrəsi.

18.4.             İnvestisiya şirkəti əqdin bağlanması ilə bağlı müştərinin sifarişinin icrasından dərhal sonra uçot aparmalıdır. Əqdlərin uçotunda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

18.4.1.       müştərinin adı, soyadı, atasının adı, eyniləşdirmə nömrəsi (hüquqi şəxs olduqda hüquqi şəxsin adı, ünvanı, eyniləşdirmə nömrəsi);

18.4.2.       əqdin bağlandığı yer və eyniləşdirmə kodu;

18.4.3.       əqdin bağlanma tarixi və vaxtı;

18.4.4.       əqdin istiqaməti;

18.4.5.       xidmət haqları və yığılmış faiz istisna olmaqla hər qiymətli kağız və ya törəmə maliyyə alətinin qiyməti (zəruri hallarda);

18.4.6.       əqdin predmeti olan qiymətli kağızın və ya törəmə maliyyə alətinin sayı;

18.4.7.       əqdin məbləği;

18.4.8.       əqd üzrə kontragent;

18.4.9.       əqdi icra etmiş və ya icrasına görə cavabdeh şəxsin adı, soyadı və atasının adı.

18.5.             İnvestisiya şirkəti müştəri sifarişini icra etmək üçün digər investisiya şirkətinə ötürdükdə, dərhal aşağıdakıların uçotunu aparmalıdır:

18.5.1.       sifarişin ötürüldüyü investisiya şirkətinin adı;

18.5.2.       sifariş haqqında məlumat;

18.5.3.       ötürülmüş sifarişin şərtləri və xüsusi qeydlər;

18.5.4.       ötürmənin tarixi və vaxtı.

18.6.             Müştərinin investisiya şirkətində olan pul vəsaitlərinin uçotu hər bir müştəri üzrə ayrılıqda aparılmalı və aşağıdakıları əks etdirməlidir:

18.6.1.       pul əməliyyatlarının tarixi;

18.6.2.       əqdlər və əməliyyatlar üzrə ödənişləri təsdiq edən sənədin nömrəsi və tarixi;

18.6.3.       pul vəsaitlərinin mədaxilinin məbləği, mənbəyi və təyinatı;

18.6.4.       pul vəsaitlərinin məxaricinin məbləği və təyinatı;

18.6.5.       müştərinin pul vəsaitlərinin qalığı;

18.6.6.       investisiya şirkətinin həmin müştəridən tutulmuş xidmət haqlarının məbləği.

18.7.             İnvestisiya şirkəti əməliyyatların uçotunu milli valyutada aparmalıdır. Qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar xarici valyutada aparıldıqda, daxili uçot xarici valyutada, habelə manat ekvivalenti göstərilməklə milli valyutada aparılır. Manat ekvivalenti Mərkəzi Bankın həmin günə rəsmi məzənnəsi əsasında hesablanır.

18.8.             İnvestisiya şirkəti əməliyyatların uçotunu elektron və ya kağız formasında aparmalıdır.

18.9.             Komitənin əsaslandırılmış tələbi əsasında investisiya şirkəti əməliyyatların uçotuna dair məlumatı 5 (beş) iş günündən gec olmayaraq Komitəyə təqdim etməlidir.

 

19.              Müştəri aktivlərinin qaytarılması qaydası

19.1.             Müştəri müqaviləni ləğv etmədən, investisiya şirkətinə yazılı müraciət edərək, özünə məxsus aktivlərin hamısını və ya bir hissəsini geri almaq hüququna malikdir.

19.2.             İnvestisiya müqaviləsində digər hallar nəzərdə tutulmadıqda, investisiya şirkəti müştərinin yazılı müraciətini aldıqdan sonra aktivləri 3 (üç) iş günü ərzində müştəriyə geri qaytarmalıdır.

19.3.             Fərdi investorların portfelinin idarə edilməsi üzrə müqavilə ləğv olunduqda, həmçinin investisiya şirkətinin lisenziyası ləğv edildikdə, müştərinin aktivləri (portfelin idarə edilməsinin icrası ilə bağlı xərclər və müştərinin öhdəlikləri istisna olmaqla) dərhal müştəriyə qaytarmalıdır.

 

20.              İnvestisiya şirkətinin təşkilati strukturu

20.1.             İnvestisiya şirkəti onun fəaliyyətini tənzimləyən, o cümlədən daxili nəzarət sistemi, risklərin idarə edilməsi və daxili auditə dair qaydalar qəbul etməlidir.

20.2.             İnvestisiya şirkətinin daxili nəzarət sistemi aşağıdakı funksiyaları həyata keçirir:

20.2.1.       davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsini;

20.2.2.       mühasibat və hesabatlıq sistemlərinin qiymətləndirilməsini.

20.3.             Daxili nəzarət struktur bölmə və ya məsul şəxs tərəfindən həyata keçirilməlidir. Daxili nəzarət müstəqil, sərbəst və obyektiv şəkildə həyata keçirilməlidir.

20.4.             Daxili nəzarət funksiyası şirkətin cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə məsul şəxs tərəfindən icra edilə bilər.

20.5.             Daxili nəzarətin həyata keçirilməsi üçün investisiya şirkəti tərəfindən daxili əmrlə müvafiq nəzarəti həyata keçirəcək struktur bölmə və ya səlahiyyətli şəxslər təyin edilməlidir. Səlahiyyətli şəxslər zəruri biliyə, səriştəyə malik olmalı və öz vəzifə və öhdəliklərini davamlı əsasda həyata keçirməlidirlər.

20.6.             Daxili nəzarəti həyata keçirən şəxslərə qoyulan məhdudiyyətlər:

20.6.1.       şirkətin icra orqanının üzvü ola bilməz;

20.6.2.       monitorinqini həyata keçirdiyi fəaliyyət və xidmətlərin (əməliyyatların) icrasında iştirak edə bilməz.

20.7.             Daxili nəzarəti həyata keçirən şəxslərin vəzifələri aşağıdakılardır:

20.7.1.       rüblük olaraq şirkətin rəhbərliyinə daxili nəzarətə dair hesabatın təqdim edilməsi;

20.7.2.       şirkətin əməkdaşlarına keçirilən əməliyyatların Azərbaycan Respublikasının Qanunlarına uyğunluğu ilə bağlı məsləhətlərin verilməsi;

20.7.3.       şirkətin daxili qaydalarının hazırlanmasında iştirak.

20.8.             Daxili nəzarəti həyata keçirən şəxslərin hüquqları:

20.8.1.       aparılan yoxlama ilə bağlı şirkətin struktur bölmələrindən zəruri məlumatları tələb etmək;

20.8.2.       aparılan yoxlama ilə bağlı struktur bölmənin fəaliyyəti ilə əlaqədar, elektron və çap olunmuş məlumatları yoxlamaq və tədqiq etmək;

20.8.3.       hər hansı bir əməliyyatın uçotu və xüsusiyyəti ilə bağlı struktur bölmənin rəhbərindən bütün zəruri izahatları tələb etmək.

20.9.             Bu Qaydanın 20.7.1-ci yarımbəndində müəyyən edilmiş hesabat Komitə tərəfindən əsaslandırılmış şəkildə tələb olunduqda investisiya şirkəti onu 3 iş günü ərzində Komitəyə təqdim etməlidir.

20.10.          İnvestisiya şirkətinin risklərin idarə edilməsi sistemi aşağıdakı funksiyaları həyata keçirir:

20.10.1.   fəaliyyəti zamanı qarşılaşdığı risklərin məqbul çərçivəsinin müəyyən edilməsi və risk səviyyəsinə davamlı nəzarət edilməsi;

20.10.2.   risklərin idarə edilməsi sisteminin qiymətləndirilməsi;

20.10.3.   investisiya şirkətinin risk profilinin müəyyən edilməsi;

20.10.4.   investisiya şirkəti ilə bağlı risklərin idarə edilməsinə dair daxili qaydaların qəbulu.

20.11.         İnvestisiya şirkətində risklərin idarə edilməsi struktur bölmə, məsul şəxs və ya üçüncü şəxsə həvalə edilərək həyata keçirilməlidir. Risklərin idarə edilməsi müstəqil, sərbəst və obyektiv şəkildə həyata keçirilməlidir.

20.12.         İnvestisiya şirkətində risklərin idarə edilməsinin həyata keçirilməsi üçün investisiya şirkəti tərəfindən daxili əmrlə müvafiq fəaliyyəti həyata keçirəcək struktur bölmə və ya səlahiyyətli şəxslər təyin edilməlidir. Səlahiyyətli şəxslər zəruri biliyə, səriştəyə malik olmalı və öz vəzifə və öhdəliklərini davamlı əsasda həyata keçirməlidirlər.

20.13.         İnvestisiya şirkətində risklərin idarə edilməsi üçüncü şəxsə həvalə edildikdə, tərəflərin hüquq və vəzifələri yazılı müqavilə ilə təsdiq edilməlidir.

20.14.         İnvestisiya şirkətində risklərin idarə edilməsini həyata keçirən şəxslərin vəzifələri aşağıdakılardır:

20.14.1.   risklərin idarə edilməsi üzrə daxili qaydalara riayət edilməsinə nəzarət etmək;

20.14.2.   investisiya şirkətinin fəaliyyətinə dair risk profilinin müəyyən edilməsinə, məqbul risk çərçivəsinin gözlənilməsinə, riskin idarə edilməsi proseslərinin adekvat və effektiv olmasına və risklərin aradan qaldırılmasına dair şirkətin Müşahidə Şurasına ildə bir dəfədən az olmamaqla, şirkət gözlənilməyən risklərə məruz qaldıqda isə növbədənkənar hesabat təqdim etmək;

20.14.3.   investisiya şirkətinin fəaliyyəti zamanı dövri olaraq və ya investisiya strategiyasında dəyişikliklər edilməsindən əvvəl risklərin idarə edilməsi sistemlərini qiymətləndirmək;

20.14.4.   İnvestisiya şirkəti tərəfindən risklərin aradan qaldırılmasına dair illik və növbədənkənar hesabat hazırlamaq.

20.15.         Bu Qaydanın 20.14.2-ci və 20.14.4-cü yarımbəndlərində müəyyən edilmiş hesabatlar Komitə tərəfindən əsaslandırılmış şəkildə tələb olunduqda investisiya şirkəti onu 3 iş günü ərzində Komitəyə təqdim etməlidir.

20.16.         İnvestisiya şirkətinin daxili audit sistemi investisiya şirkətinin audit komitəsi tərəfindən təsdiq edilmiş audit planına uyğun olaraq ildə bir dəfədən az olmamaq şərti ilə aşağıdakılar üzrə daxili auditin keçirilməsini təmin etməlidir:

20.16.1.   audit planına uyğun olaraq fəaliyyətinin və daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsi;

20.16.2.   audit planına uyğun olaraq həyata keçirilmiş yoxlama üzrə tövsiyələr verilməsi;

20.16.3.   verilən tövsiyələrin icrasına nəzarətin təmin olunması;

20.16.4.   auditin nəticələrinə dair hesabatlar hazırlanması.

20.17.         Daxili audit müstəqil, sərbəst və obyektiv şəkildə həyata keçirilməlidir.

20.18.         İnvestisiya şirkətinin Müşahidə Şurası daxili audit sistemini daxili struktur bölmə, audit komitəsi, məsul şəxs və ya üçüncü şəxsə həvalə edərək yaratmalıdır.

20.19.         İnvestisiya şirkətində daxili auditin həyata keçirilməsi üçün investisiya şirkəti tərəfindən daxili əmrlə müvafiq fəaliyyəti həyata keçirəcək struktur bölmə və ya səlahiyyətli şəxslər təyin edilməlidir. Səlahiyyətli şəxslər zəruri biliyə, səriştəyə malik olmalı və öz vəzifə və öhdəliklərini davamlı əsasda həyata keçirməlidirlər.

20.20.         İnvestisiya şirkətində daxili audit funksiyası üçüncü şəxsə həvalə edildikdə, tərəflərin hüquq və vəzifələri yazılı müqavilə ilə təsdiq edilməlidir.

20.21.         İnvestisiya şirkətinin daxili audit bölməsi keçirilən audit yoxlamasına əsasən ildə bir dəfədən az olmayaraq hesabat hazırlayaraq investisiya şirkətinin Müşahidə Şurasına təqdim etməlidir.

20.22.         Bu Qaydanın 20.21-ci bəndində müəyyən edilmiş hesabat Komitə tərəfindən əsaslandırılmış şəkildə tələb olunduqda investisiya şirkəti onu 3 iş günü ərzində Komitəyə təqdim etməlidir.

 

 


 

 

“İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”na

Əlavə ¹ 1

 

 

 

MÜŞTƏRİ ANKETİ

fiziki şəxs üçün

 

                                                                                                                İdentifikasiya N-si________

1. S.A.A. _________________________________________________________________________

2. Vətəndaşlıq ____________________________________________________________________

3. Şəxsiyyəti təsdiq edən sənəd:

seriyası______________________________ nömrəsi ____________________________________

verildiyi tarix və yer_______________________________________________________________

sənədi vermiş orqanın adı __________________________________________________________

4. Ünvan _________________________________________________________________________

5. Əlaqə vasitələri ____________________/___________________/_________________________

                      telefon                           faks                                  e-mail

6. Fiziki şəxsin bank rekvizitləri (olduqda):____________________________________________

_________________________________________________________________________________

 

7. İmza nümunəsi:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza: ______________/__________________/

“______”_______________ “______”___il

 

 


 

 

“İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”na

Əlavə ¹ 2

 

 

 

MÜŞTƏRİ ANKETİ

hüquqi şəxs üçün

 

                                                                                                                  İdentifikasiya N-si_______

1. Hüquqi şəxsin tam adı: __________________________________________________________

2. Yerləşdiyi ünvan: _______________________________________________________________

_________________________________________________________________________________

3. Rəhbər şəxs (vəzifəsi, S.A.A.): ____________________________________________________

4. Müqaviləni imzalamaq hüququ olan səlahiyyətli şəxs (vəzifəsi, S.A.A.):

__________________________________________________________________________________

5. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi:___________________________________________

6. Hüquqi şəxsin bank rekvizitləri: __________________________________________________

_________________________________________________________________________________

7. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və tarixi: _______________________

_________________________________________________________________________________

8. Əlaqə vasitələri ____________________/___________________/_________________________

                                               telefon                           faks                                  e-mail

 

9. Möhürün nümunəsi:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza: ______________/__________________/

“______”_______________ “______”___il