AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏRKƏZİ BANKININ QƏRARI

Qəbul edildiyi tarix

03.03.2016

Qeydiyyat nömrəsi

16/1

Adı

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.03.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201603030161

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.03.2016

 

 

Ölkədə xarici valyuta tənzimlənməsi rejiminin mövcüd makroiqtisadi şəraitə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.4-cü və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununın 8-ci, 9-cu və 11-ci maddələrinə uyğun olaraq

 

Q Ə R A R A   A L I R:

 

1. “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”  təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 mart 2002-ci il tarixli qərarı ilə (06 nömrəli protokol) təsdiq olunmuş (02 aprel 2002-ci il tarixli 2778 nömrəli şəhadətnamə) “Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları” və bu Qaydalara 18 fevral 2008-ci il  tarixli (06 nömrəli protokol) dəyişikliklər (07 mart 2008-ci il tarixli 3385 nömrəli şəhadətnamə) ləğv edilsin. 

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr

Elman Rüstəmov


 

 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar  ¹ 16/1

          “03” mart 2016-cı il

 

 

Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu və 11-ci maddələrinə, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13-1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər (banklar və xarici bankların yerli filialları istisna olmaqla) tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsi və Azərbaycan Respublikasından nağd şəkildə çıxarılması qaydalarını müəyyən edir.

1.3. Bu Qaydalarda istifadə olunan “xarici valyuta”, “rezident”, “qeyri-rezident” və “müvəkkil banklar” anlayışları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda, “poçt rabitəsinin milli operatoru” anlayışı “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda verilən mənaları ifadə edir.

 

2. Xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması

 

2.1. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

2.2. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

2.3. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

2.4. Bu Qaydaların 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər