AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

20.04.2016

Qeydiyyat nömrəsi

Q23-001-16

Adı

İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bəzi normativ sənədlərinin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

26.04.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

370.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201604200023

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

25.04.2016

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası”nın 3.2, 3.5 və 3.7-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.6-cı bəndini rəhbər tutaraq,

 

KOLLEGİYA  QƏRARA  ALIR:

 

1. “İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların xüsusi geyim formasının, döş nişanının və vəsiqəsinin təsviri və nümunələri” təsdiq edilsin (əlavə olunur).

3. “İctimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlıq (polisə ictimai dəstək) haqqında müqavilənin forması” təsdiq edilsin (əlavə olunur).

4. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

5. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

 

Kollegiyanın sədri

general-polkovnik

Ramil Usubov

 


 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 2016-cı il «20» aprel tarixli Q23-001-16 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli 813 nömrəli Fərmanı ilə təsdiq olunmuş «İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası»nın 3.2-ci bəndinə əsasən hazırlanmışdır və vətəndaşların ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığının təşkili ilə bağlı məsələləri tənzimləyir.

1.2. İctimai asayişin qorunmasında polis orqanlarının vətəndaşlarla əməkdaşlığının məqsədi polisin qanunla müəyyən edilmiş vəzifələrinin icrasında geniş vətəndaş iştirakçılığına nail olunması, əhalinin bütün qrup və təbəqələri ilə qarşılıqlı əlaqələrin və etimad mühitinin möhkəmləndirilməsidir.

1.3. İctimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır.

1.4. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı onların ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur və bu, onların qanunvericiliklə qadağan olunmayan fəaliyyətlə məşğul olmalarını istisna etmir.

1.5. İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığı Azərbaycan Respublikasının Konstitusiyası, «Polis haqqında» Azərbaycan Respublikasının Qanunu, «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli 813 nömrəli Fərmanı, digər normativ hüquqi aktlar və bu Qayda əsasında həyata keçirilir.

1.6. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı (polisə ictimai dəstək) onların həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur.

1.7. Vətəndaşların ictimai asayişin qorunmasında iştirakı digər şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.

1.8. Vətəndaşları ictimai asayişin qorunması ilə bağlı onların həyat və sağlamlığına təhlükə yaradan fəaliyyətə cəlb etmək qadağandır.

1.9. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar özlərini polis orqanlarının vəzifəli şəxsi kimi təqdim edə, habelə «İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası» və bu Qaydada nəzərdə tutulmuş fəaliyyəti ictimai asayişin təmini ilə bağlı olmayan məqsədlərlə həyata keçirə, eləcə də hal şahidi kimi prosessual hərəkətdə iştirak edə bilməzlər.

1.10. İctimai asayişin qorunmasına cəlb edilən şəxslərin fəaliyyəti bu məqsədlər üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ayrılan dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

 

2. Vətəndaşların ictimai asayişin qorunmasına cəlb edilmə qaydası

 

2.1. İctimai asayişin qorunmasına şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər.

2.2. İctimai asayişin qorunmasında iştirak etmək istəyən vətəndaşların ümumi dünyagörüşünün, şəxsi və işgüzar keyfiyyətlərinin, habelə ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığa yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsahibə keçirilir.

2.3. Polisə ictimai dəstək məqsədilə vətəndaşların əməkdaşlığa cəlb edilməsinə ehtiyac yarandıqda bununla əlaqədar kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) internet saytında elan verilir.

2.4. İctimai asayişin qorunmasında iştirak etmək istəyən vətəndaşlar elanda göstərilmiş müddətlərdə Nazirliyə müraciət edərək aşağıdakı sənədləri təqdim edirlər:

2.4.1. şəxsi ərizə;

2.4.2. şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.4.3. hərbi biletin surəti (qadınlar istisna olmaqla);

2.4.4. tərcümeyi-hal;

2.4.5. 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

2.5. İctimai asayişin qorunmasında iştirak etmək üçün müraciət etmiş vətəndaşların polis orqanları ilə əməkdaşlığa bu Qaydanın 2.8-ci bəndinin tələbləri baxımından yararlı olub-olmaması müraciətin daxil olduğu gündən bir ay müddətində Nazirlik tərəfindən yoxlanılır.

2.6. İctimai asayişin qorunmasına cəlb edilən şəxslərin fiziki hazırlığı və sağlamlıq vəziyyəti 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyənləşdirdiyi qaydada, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul olunan şəxslər üçün müəyyənləşdirilmiş tələblərə uyğun yoxlanılır.

2.7. Bu Qaydanın 2.5 və 2.6-cı bəndlərində göstərilən yoxlamalar nəticəsində vətəndaşın ictimai asayişin qorunmasında iştirak etməyə yararlı olması müəyyən edildikdə, o, müsahibəyə buraxılmış namizədlərin siyahısına daxil edilir

2.8. Aşağıdakı şəxslər ictimai asayişin qorunmasına cəlb edilə bilməzlər:

2.8.1. cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş şəxslər;

2.8.2. psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslər;

2.8.3. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;

2.8.4. inzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər.

2.9. Ərizələrin qəbulu müvafiq kadrlar xidməti tərəfindən aparılır. Sənədlərin tamlığı, onların namizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyən edildikdən sonra ərizələrin qəbulu jurnalında qeydiyyata alınır.

2.10. Natamam və ya bu qaydalara uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar izah edilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər ərizələrin qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim oluna bilər.

2.11. Ərizələrin qəbul müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir.

2.12. İctimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığa cəlb edilmək üçün müsahibə Yerli Müsabiqə Komissiyaları tərəfindən həyata keçirilir.

2.13. Yerli Müsabiqə Komissiyalarının təşkili və fəaliyyəti ilə bağlı müddəalar Nazirliyin Kollegiyasının 2015-ci il 4 dekabr tarixli Q63-001-15 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları” ilə müəyyən edilir.

2.14. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə 5 gün əvvəlcədən məlumat verilir. Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

2.15. Müsahibə başlanarkən namizədlərin siyahısını elan olunur. Müsahibə aparan şəxs namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olduqda, o, həmin namizədlə müsahibədə iştirak etmir. Kifayətedici əsaslar olduqda, namizəd, müsahibə başlamazdan əvvəl müsahibə aparanlardan hər hansı birinə etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini Yerli Komissiyanın sədri həll edir.

2.16. Namizədlərlə müsahibə fərdi qaydada aparılır və 30 dəqiqəyədək davam edir.

2.17. Müsahibə zamanı vətəndaşın səliqəliliyi, etik normalara riayət etməsi, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti, təşəbbüskarlığı, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı kimi xüsusiyyətləri qiymətləndirilir.

2.18. Müsahibə zamanı namizədin verdiyi hər bir cavab Yerli Komissiyanın üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir.

2.19. Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.

2.20. Suallar və cavablar komissiyanın üzvləri tərəfindən müvafiq cədvələ yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir.

2.21. Müsahibənin nəticələri üzrə namizəd mümkün balın 60%-ni və daha çox bal topladıqda müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

2.22. Müsahibənin gedişi protokolla rəsmiləşdirilir. Protokolda namizədə verilmiş bütün suallar və onların cavabları qeyd edilir.

2.23. Müsahibə başa çatdıqdan sonra, müsbət nəticə əldə etmiş şəxslərin siyahısı şəhər, rayon polis orqanlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilir.

2.24. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar fəaliyyətə başlamazdan əvvəl müəyyən edilmiş qaydada müvafiq ilkin hazırlıq keçmələri üçün Nazirliyin A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 15 (on beş) gün müddətində xüsusi kurslara cəlb edilirlər.

2.25. İlkin hazırlıq elmi cəhətdən əsaslandırılmış və müvafiq qaydada təsdiq olunmuş, zəruri mövzuları, o cümlədən insan hüquqları sahəsində beynəlxalq sənədlərin və normaların, habelə ilkin tibbi yardım göstərilməsi və ictimai asayişin və təhlükəsizliyin təmin olunması ilə əlaqədar məsələlərin öyrənilməsini nəzərdə tutan tədris planlarına uyğun həyata keçirilir. Müəyyən olunmuş müddət ərzində ilkin hazırlığa cəlb edilmiş şəxslərin zəruri biliklərə və vərdişlərə yiyələnmələri üçün nəzəri və praktiki məşğələlər aparılır.

2.26. İlkin hazırlığın proqramında nəzərdə tutulmuş məşğələlərdə üzrsüz səbəbdən iştirak etməmək intizam pozuntusu kimi qiymətləndirilir və bu barədə müvafiq kadr xidmətinə məlumat verilir.

2.27. Xüsusi kurslara cəlb edilmiş ictimai asayişin qorunmasında iştirak etmək istəyən vətəndaşlar üçün ilkin hazırlığın yekunları üzrə imtahan keçirilir.

2.28. İmtahan nəticəsində məqbul nəticə əldə edə bilməyən vətəndaşlar ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığa cəlb edilmirlər.

2.29. İctimai asayişin qorunmasına cəlb edilən şəxslərlə onların hüquq və vəzifələrini, sosial və digər təminatlarını müəyyən edən ictimai asayişin qorunmasına cəlb edilmə ilə bağlı müqavilə bağlanır.

 

3. İctimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığın xüsusiyyətləri

 

3.1. İctimai asayişin qorunmasına cəlb edilən şəxslər əməkdaşlıq etməyə başladıqları gündən şəhər, rayon polis orqanı tərəfindən dövlət hesabına xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin olunurlar. Həmin şəxslər səlahiyyətlərini həyata keçirərkən üzərində döş nişanı olan xüsusi geyim formasını daşımalı, hər hansı şəxsə müraciət edərkən adını, soyadını bildirməli və vəsiqəsini göstərməklə özünü təqdim etməlidir.

3.2. İctimai asayişin qorunmasına cəlb edilmiş şəxslərin xüsusi geyim formalarının verilmə normaları və istifadə müddətləri Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin böyük, orta, kiçik rəis və sıravi heyətlərinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Norması”na əsasən, kiçik rəis və sıravi heyətlərinin geyim formasının verilmə normaları və istifadə müddətlərinə uyğun hesablanır. [1]

3.3. İctimai asayişin qorunmasına cəlb edilmiş şəxsin polis orqanları ilə əməkdaşlığına xitam verildikdə xüsusi geyim forması, döş nişanı və vəsiqə onu təqdim edən orqana qaytarılır.

3.4. İctimai asayişin qorunmasına cəlb edilmiş şəxslər öz səlahiyyətlərini həyata keçirərkən təhkim olunduğu polisin vəzifəli şəxsinə tabedir.

3.5. İctimai asayişin qorunmasına cəlb edilmiş şəxslər açıq-aşkar qanunazidd əmr və ya göstəriş aldıqda qanunu rəhbər tutmalı, bu barədə polisin rəhbərliyinə məlumat verməlidir.

3.6. Açıq-aşkar qanunsuz əmri və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. Belə əmri və ya göstərişi icra edən ictimai asayişin qorunmasına cəlb edilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.

3.7. İctimai asayişin qorunmasına cəlb edilən şəxs zor tətbiq edilməklə törədilən cinayətin qarşısının alınması və onu törədən şəxsin tutulması zamanı son zərurət və zəruri müdafiə vəziyyətində fiziki qüvvə tətbiq edərkən hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, eləcə də ona göstərilən müqavimətin dərəcəsindən asılı olaraq vurulan zərərin minimal olmasına cəhd etməlidir.

3.8. İctimai asayişin qorunmasına cəlb edilmiş şəxslərin fəaliyyəti ildə bir dəfədən az olmayaraq şəhər, rayon polis orqanının xidmət üzrə rəis müavini tərəfindən qiymətləndirilir və əməkdaşlığın davam etdirilməsinin məqsədəmüfaviqliyi barədə rəy hazırlanıb polis orqanının rəisinə məruzə olunur.

3.9. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar öz fəaliyyətini müəyyən olunmuş səlahiyyətlər çərçivəsində yerinə yetirməli, ictimai asayişin qorunması zamanı insanlara münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

3.10. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

3.11. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməli, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

3.12. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar vəzifələrini yerinə yetirərkən qərəzsiz olmalı və bu zaman irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.[2]

3.13. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi qadağandır.

 

4. İctimai asayişin qorunmasına cəlb olunmuş şəxslərin fəaliyyətinin əsas istiqamətləri, vəzifələri və hüquqları

 

4.1. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq vətəndaşlar ictimai asayişin və təhlükəsizliyin təmin olunması ilə bağlı fəaliyyətə aşağıdakı istiqamətlər üzrə cəlb edilirlər:

4.1.1. hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısını almaq məqsədi ilə maarifləndirmə və təbliğat işinin aparılması;

4.1.2. narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası;

4.1.3. cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək üçün zəruri məlumatların polis orqanlarına verilməsi.

4.2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası”nın 2.2-ci bəndinə əsasən ictimai asayişin qorunmasında iştirak edən vətəndaşlar ictimai asayişin qorunması ilə bağlı aşağıdakı tədbirləri həyata keçirə bilərlər:

4.2.1. hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək;

4.2.2. insanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükəni aradan qaldırmaq, habelə əmlakın talanmasının və məhv edilməsinin qarşısını almaq;

4.2.3. ictimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumatı toplayıb polis orqanlarına təqdim etmək;

4.2.4. ictimai asayişin qorunması sahəsində polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;

4.2.5. əhalinin hüquqi maarifləndirilməsində iştirak etmək;

4.2.6. qanunvericiliyə zidd olmayan digər tədbirlər həyata keçirmək.

4.3. Bu Qaydanın 4.1 və 4.2-ci bəndlərində nəzərdə tutulanlara uyğun olaraq ictimai asayişin qorunmasında iştirak edən vətəndaşlara aşağıdakı vəzifələr həvalə edilə bilər:

4.3.1. polis orqanları tərəfindən əhali arasında aparılan hüquqi maarifləndirilmə və təbliğat işlərində iştirak etmək;

4.3.2. əhalinin müxtəlif qrup və təbəqələri ilə polisin qarşılıqlı əlaqələrinin və etimad mühitinin möhkəmləndirilməsi üçün tədbirlərdə iştirak etmək;

4.3.3. ictimai asayişin qorunmasında və hüquqpozmalara qarşı mübarizədə geniş vətəndaş iştirakçılığına nail olunması üçün tədbirlərdə iştirak etmək; [3]

4.3.4. cinayətlərin və digər hüquqpozmaların törədilməsinə, o cümlədən narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının yayılmasına şərait yaradan hallar barədə polis orqanını məlumatlandırmaq və onların aradan qaldırılması üzrə tədbirlərdə iştirak etmək;

4.3.5. mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik tədbirlərdə iştirak etmək, ictimai asayişin qorunmasına cəlb olunduğu ərazidə yerləşən evlərdə və mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi ilə bağlı əhali arasında təbliğat aparmaq;

4.3.6. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, həmin şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərən kriminogen amillərin qarşısının alınması üzrə həyata keçirilən tədbirlərdə iştirak etmək;

4.3.7. ictimai asayişin qorunmasına cəlb olunduğu ərazidə törədilmiş məişət zorakılığı halları barədə təhkim olunduğu əməkdaşı məlumatlandırmaq, məişət zorakılığı törətmiş şəxslərlə aparılan tərbiyəvi-qabaqlayıcı işdə iştirak etmək;

4.3.8. ictimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumat toplayıb polis orqanlarına təqdim etmək;

4.3.9. hazırlanan, törədilən və ya törədilmiş cinayətlər barədə məlumatı dərhal əməkdaşlıq etdiyi polis orqanına təqdim etmək;

4.3.10. itkin düşmüş şəxslərin yerinin və naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlərdə (əməliyyat-axtarış fəaliyyəti istisna olmaqla) iştirak etmək;

4.3.11. cinayətdən və digər hüquqpozmalardan, bədbəxt hadisədən zərər çəkmiş, həmçinin köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxslərə kömək və ilkin tibbi yardım göstərmək;

4.3.12. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barədə polis orqanını məlumatlandırmaq; [4]

4.3.13. ictimai asayişin qorunmasına cəlb olunduğu ərazidə ictimai mənəviyyat əleyhinə hüquqazidd əməllərlə məşğul olan, o cümlədən əxlaqsızlıq yuvaları saxlayan şəxslər barədə polis orqanını məlumatlandırmaq, bu hüquqpozmaların qarşısının alınması üzrə tədbirlərdə (əməliyyat-axtarış fəaliyyəti istisna olmaqla) iştirak etmək;

4.3.14. itirilmiş əmlakın, o cümlədən sənədlərin sahiblərinə qaytarılması üçün aidiyyəti üzrə təhvil vermək;

4.3.15. daxili işlər orqanlarının vahid dislokasiya planı ilə müəyyən edilmiş post və marşrutda patrul xidmətinin aparılmasında iştirak etmək;

4.3.16. ictimai yerlərdə spirtli içkilərin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı, vətəndaşlar tərəfindən törədilən xırda xuliqanlıq faktlarının və ictimai qaydanın digər formada pozulması hallarının qarşısının alınmasında iştirak etmək;

4.3.17. avaralıqla, o cümlədən dilənçiliklə məşğul olan şəxslər barədə polis orqanını məlumatlandırmaq, bu hüquqpozmaların qarşısının alınması üzrə tədbirlərdə iştirak etmək;

4.3.18. kütləvi tədbirlər zamanı ictimai asayişin qorunmasında iştirak etmək;

4.3.19. vətəndaşların kütləvi toplaşdığı yerlərdə vizual müşahidə aparmaq, şübhəli şəxslər barədə polis orqanını məlumatlandırmaq;

4.3.20. təbii fəlakətlər, qəzalar və digər fövqəladə hallar zamanı insanların və əmlakın xilas edilməsi tədbirlərində iştirak etmək;

4.3.21. ictimai asayişin qorunmasına cəlb olunduğu ərazidə yaşayış yeri üzrə qeydiyyat qaydalarını pozan, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslər haqqında polis orqanını məlumatlandırmaq;

4.3.22. tütün məmulatlarından istifadə edən, alkoqollu içkilər və digər güclü təsir edən maddələr qəbul edən yetkinlik yaşına çatmayanlardan belə əməllərə son qoyulmasını tələb etmək, bu hərəkətlərə şərait yaradan halların aradan qaldırılmasında və həmin şəxslərlə fərdi profilaktik işin aparılmasında iştirak etmək;

4.3.23. azmış, atılmış, imtina edilmiş, yaşayış yeri, yaxud yaşamaq üçün maddi imkanı olmayan azyaşlıları müəyyən etmək, onların uşaq müəssisələrinə, sosial reabilitasiya mərkəzlərinə yerləşdirilməsində iştirak etmək;

4.3.24. yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə və digər hüquqazidd hərəkətlərə cəlb edən, onların tərbiyəsi, təhsili və saxlanılması üzrə vəzifələrini yerinə yetirməyən valideynləri və digər qanuni nümayəndələri müəyyən etmək, bu barədə polis orqanına məlumat vermək;

4.3.25. hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar barədə keçirilən fərdi profilaktik tədbirlərdə iştirak etmək;

4.3.26. fiziki qüvvə tətbiq edildiyi hər bir halda bu barədə dərhal cəlb olunduğu xidmət sahəsinin rəhbərinə məlumat vermək və ya şəhər, rayon polis orqanının rəhbərinə ətraflı yazılı məlumat hazırlamaq.

4.4. Bu Qayda ilə müəyyən edilmiş vəzifələri həyata keçirən ictimai asayişin qorunmasında iştirak edən vətəndaşlar aşağıdakı hüquqlara malikdirlər:

4.4.1. hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək;

4.4.2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq cinayət baş verdikdə və ya cinayət baş verdikdən bilavasitə sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə yaxalanması üçün şəxsin tutulmasında cinayət təqibi orqanına köməklik göstərmək, o cümlədən cinayət törətmiş şəxs müqavimət göstərdikdə əl-ayağını bağlamaq, üstündə silah və ya başqa təhlükəli alətin, yaxud cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olmasını ehtimal etdikdə üstünü yoxlayaraq, bu əşyaları cinayət təqibi orqanına təqdim etmək üçün götürmək;

4.4.3. zor tətbiq edilməklə törədilən cinayətin qarşısının alınması və onu törədən şəxsin tutulması zamanı son zərurət və zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq fiziki qüvvə tətbiq etmək.

4.5. Qrup halında və ya silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu, yaxud digər fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə fiziki qüvvənin tətbiqi qadağandır.

4.6. İctimai asayişin qorunmasına cəlb edilən şəxslərin inzibati xətalarla bağlı protokolları tərtib etmək, daxil olmuş cinayət və hüquqpozmalar barədə məlumatın yoxlanılması barədə tapşırıqlar vermək, onları özlərinin və başqa şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradan, habelə cinayətin törədilməsi ilə nəticələnə biləcək fəaliyyətə cəlb etmək, dövlət sirri təşkil edən və qanunvericiliklə açıqlanması qadağan olunan məlumatlarla tanış etmək qadağandır.

4.7. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlara həmçinin, aşağıdakılar qadağan edilir:

4.7.1. törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları hüquqmühafizə orqanlarından gizlətmək;

4.7.2. əməliyyat-axtarış tədbirlərini, habelə qanunvericiliklə dövlət orqanlarının səlahiyyətlərinə aid edilmiş digər tədbirləri həyata keçirmək;

4.7.3. hüquqmühafizə və digər dövlət orqanları əməkdaşlarının qanuni səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətmək.

 

5. İctimai asayişin qorunmasına cəlb edilən şəxslərin fəaliyyətinin təşkili

 

5.1. İctimai asayişin qorunmasına cəlb edilən şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi şəhər, rayon polis orqanının rəisi, bilavasitə rəhbərliyi xidmət üzrə (bayır xidmətinə kuratorluğu həyata keçirən) rəis müavini həyata keçirir.

5.2. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların hər bir polis orqanı üzrə sayı şəhər, rayon polis orqanının xidməti ərazisinin əməliyyat şəraiti nəzərə alınmaqla Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən müəyyən edilir.

5.3. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar şəhər, rayon polis orqanının rəisi tərəfindən əməliyyat şəraitindən asılı olaraq aidiyyəti xidmət sahəsində əməkdaşlığa cəlb edilir.

5.4. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların cəlb olunduğu xidmət sahəsinin rəhbəri:

5.4.1. ictimai asayişin qorunmasına cəlb edilən şəxslərə konkret tapşırıqlar verir, onların yerinə yetirilməsi ilə bağlı təlimatlandırır, icrasına nəzarət edir;

5.4.2. ictimai asayişin qorunmasına cəlb edilən şəxslərə ictimai asayişin qorunması, hüquqpozmaların profilaktikası yollarını və metodlarını izah edir, öyrədir, onların hüquqi biliklərinin artırılması üçün tədbirlər görür;

5.4.3. ictimai asayişin qorunmasına cəlb edilən şəxslərin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir, müsbət iş təcrübəsini yayır.

5.5. İctimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində və intizam qaydalarına əməl edilməsində fərqlənən ictimai asayişin qorunmasında iştirak edən vətəndaşlara polis orqanının rəisi tərəfindən aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilə bilər:

5.5.1. təşəkkür elan etmək;

5.5.2. pul mükafatı;

5.5.3. qiymətli hədiyyə;

5.5.4. sanatoriya-kurort müalicəsi və ya turist səfərləri yollayışı.

5.6. İctimai asayişin qorunmasına cəlb edilən şəxslər xüsusi xidmətlərinə, göstərdikləri fədakarlıq və cəsarətə görə dövlət təltiflərinə təqdim edilə bilərlər.

5.7. Bu Qayda ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməyən və ya hüquqlarından sui-istifadə edən ictimai asayişin qorunmasına cəlb olunmuş şəxslərə aşağıdakı intizam tənbehlərindən biri verilə bilər:

5.7.1. töhmət;

5.7.2. sonuncu xəbərdarlıqla şiddətli töhmət;

5.7.3. ictimai asayişin qorunmasında iştirakına xitam verilməsi.

5.8. İctimai asayişin qorunmasına cəlb edilmiş şəxslərə intizam tənbehi verilərkən onun şəxsiyyəti, kollektivdə nüfuzu, törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Bu Qaydanın 5.7-ci bəndində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan ictimai asayişin qorunmasına cəlb edilən şəxsə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

 

6. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların maddi və sosial təminatı

 

6.1. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlara Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir.

6.2. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar ictimai vəzifələrini yerinə yetirərkən dövlət tərəfindən müdafiə olunurlar.

6.3. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların həyat və sağlamlığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən sığortalanır.

6.4. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar gündəlik 6 saat ictimai asayişin qorunması ilə bağlı fəaliyyətə cəlb edilə bilərlər.

6.5. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlara Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş məbləğdə ödəniş verilir.

6.6. Daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanı ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir.

 


 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 2016-cı il «20» aprel tarixli Q23-001-16 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların xüsusi geyim formasının, döş nişanının və vəsiqəsinin təsviri və nümunələri

 

1. Qış gödəkcəsi

Gödəkcə açıq göy rəngli su keçirtməyən parçadan tikilir. Gödəkcə astarlıdır, mərkəzdən zəncirbənd, 4 ədəd düymə və ilgək ilə bağlanır. Ətəklərə döş səviyyəsində 1 düymə və 1 ilgəklə bağlanan qapaqlı kəsik ciblər tikilir. Qapağın eni 5,5 sm, cibin girişi 13 sm olmalıdır. Ətəyin yanlarında 2 ədəd düymə və ilgəklə bağlanan qapağlı üstdən qoyma ciblər tikilir. Qapağın eni 6 sm, uzunluğu 18 sm olmalıdır. Kürək bütöv biçimlidir. Kürəyin yuxarı hissəsində “polisə ictimai dəstək” sözü həkk olunmuşdur. Qollar 2 hissədən ibarətdir. Qolun aşağısında 4 sm enində manjet tikilir. Yaxalıq dayaqlıdır, istiləşdirilmişdir. Boyun dibinə 3 hissədən ibarət olan başlıq tikilir. Başlığın üz tərəfi qaytanla yığılır. Cib qapaqların, yaxalığın kənarları, başlığın hissələri, yan və çiyin tikişləri, zəncirbəndin üstü, plankanın, manjetin kənarları, qolun hissələrinin tikişi və aşağı kənarı 0,5 sm enində bəzək tikişi ilə bəxiyələnir. Gödəkcənin aşağı kənarı 2,5 sm enində qatlanır (şəkil 1).

2. Yay gödəkcəsi

Gödəkcə açıq göy rəngli yarımpambıq parçadan tikilir. Düz siluetlidir, mərkəzdən zəncirbəndlə bağlanır, gödəkcənin ətəkləri relyeflidir. Relyefin tikişində 2 ədəd listikli yan ciblər yerləşir. Listikin eni 3,5 sm, uzunluğu 16,5 sm. Ətəyin döş hissəsində 2 ədəd qapaqlı kəsik ciblər yerləşir. Qapağın eni 5 sm, uzunluğu 12 sm. Kürək kaketka ilə biçilir. Kaketkanın altından 2 ədəd relyef tikilir. Relyeflərin arasında “Polisə ictimai dəstək” sözü həkk olunmuşdur.

Qollar 2 hissəlidir. Qolun aşağı hissəsi manjetlidir 1 düymə 1 ilgəklə düymələnir. Daxili ilgəkli kəmərcik qolların içərisində qol tikişindən 20-21 sm məsafədə bəndlənir. Daxili kəmərcik qısa qol əmələ gətirməsinə xidmət edir. Daxili kəmərciyi bağlamaq üçün hər iki qola üstən, dirsəkdən yuxarı çiyin tikişindən 22 sm məsafədə düymə tikilməlidir. Qolun qol dibinə birləşən tikişinə çiyin səviyyəsində qoyulan kəmərciyin bir ucu tikilməlidir, kəmərciyin digər ucu çiyin tikişinə 1 düymə və ilgək ilə bağlanır.

Yaxalıq dayaglıdır. Gödəkcənin aşağısına 5 sm enində kəmər tikilir. Zəncirbəndin üstü 1 sm enində tikişlə bəxiyələnir. Yaxalıq, kəmərciklər, qapaqlar, listiklər, manjetlər, relyeflər, kaketka, qolun tikişi, alt tikişi, yan və çiyin tikişlər, kəmərlərin və kəmərciklərin kənarları 02-07 sm enində tikişlə bəxiyələnir (şəkil 2).

3. Qısaqol mayka

Mayka göy rəngli olub pambıq parçadan tikilir. Maykanın qabaq hissəsi arxasına nisbətən açıq olur (şəkil 3).

4. Qış papağı

Papaq yuxarı hissəsi oval şəkilli olub, göy rəngli trikotaj və ya toxunma parçadan tikilir və astarsız olur (şəkil 4).

5. Döş nişanı

Döş nişanı diametri 8 sm olan tünd göy rəngli parçadan hazırlanır. Nişanın kənarları boyunca gümüşü rəngli sapla “polisə ictimai dəstək” sözləri, mərkəzində isə ay və ulduz simvolu toxunur (şəkil 5).

6. Ayaqqabı

Ayaqqabı qara rəngli təbii dəridən tikilir, tikilmiş burun, üz, yan, arxa və altlıq hissədən ibarətdir. Yanlarda içəri hissədən rezin sıxacaqlar tikilir, içlik və burun altlığı dəridən hazırlanır. Dabanlar göndən və rezindən vurulur. Aşağı hissəsi rant üsulu ilə bərkidilir. Ayaqqabının içərisinə dəri altlıq qoyulur (şəkil 6).

7. Qış çəkməsi

Qış çəkməsi qara rəngli təbii dəridən tikilir, üz, burun, yan hissələrdən və altlıqdan ibarətdir. Yan hissədən qara rəngli zəncirbəndlə bağlanır. Çəkmənin üz, yan hissələrinin astarlığı və içliyi təbii xəzdən olur.   Yan hissənin hündürlüyü 10 sm-dir. Çəkmənin altına tökmə üsulu ilə hazırlanan dabanlı altlıq yapışdırılır (şəkil 7).

8. Ayaqqabı (qadınlar üçün)

Ayaqqabı qara dəridən tikilir, altlığı göndəndir. Dabana gön və ya rezin altlıq vurulur (şəkil 8).

9. Qış çəkməsi (qadınlar üçün)

Qış çəkməsi qara dəridən tikilir, içərisi xəzli olur, yan hissədən zəncirbəndlə bağlanır. Çəkmənin altlığı göndəndir, dabana isə gön və ya rezin altlıq vurulur (şəkil 9).

10. Vəsiqə

Vəsiqə 210x60 mm ölçüdə tünd qırmızı rəngli möhkəm cildli kitabça şəklindədir. Vəsiqənin üz tərəfində Daxili İşlər Nazirliyinin embleminin təsviri verilir. Təsvirin altında “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi”, “Polisə ictimai dəstək” və “Vəsiqə” sözləri yazılır (şəkil 10).

Vəsiqənin içliyinin birinci səhifəsində:

- sol tərəfdə 30x40 mm ölçüdə fotoşəkil üçün yer ayrılır;

- sağ tərəfdə yuxarıda “AZ ¹” sözləri yazılır;

- şəkil üçün yerin sağ aşağı küncünün altında möhür üçün yer ayrılır və “M.Y” sözləri yazılır;

- aşağıda ortada “Etibarlıdır: “___”_______ 20___ dək” sözləri yazılır.

Vəsiqənin içliyinin ikinci səhifəsində:

- birinci sətirin altında mötərizədə “polis orqanının adı”, ikinci sətrin altında mötərizədə “adı, soyadı, atasının adı”, dördüncü sətirin davamında “ictimai asayişin qorunmasına cəlb olunmuşdur.” sözləri yazılır.

- aşağıda sol tərəfdə “Rəis”, sağ tərəfdə möhür üçün yer ayrılır və “M.Y” sözləri yazılır (şəkil 11).

 

 

 

 

 

10. Vəsiqənin üz tərəfi

 

 

11. Vəsiqənin içliyi

 


 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 2016-cı il «20» aprel tarixli Q23-001-16 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

İctimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlıq (polisə ictimai dəstək) haqqında

 

MÜQAVİLƏ

 

1. Müqavilə bağlayan tərəflər haqqında məlumat

 

1.1. Bu Müqavilə vətəndaşı ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığa cəlb edən

 

____________________________________________________________________________

(polis orqanının adı)

____________________________________________________________________________

(vəzifəli şəxsin adı, atasının adı, soyadı və vəzifəsi)

__________________________________________________________________________ ilə

 

İctimai asayişin qorunmasına cəlb olunan _______________________________________

(adı, atasının adı və soyadı)

____________________________________________________________________________

(şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi,

____________________________________________________________________________

verildiyi tarix və onu verən orqanın adı)

 

arasında «____» «_________________» __________ il tarixində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası”nın 3.7-ci bəndinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2016-cı il 20 aprel tariõli Q23-001-16 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası”nın (bundan sonra - Qayda) 2.29-cu bəndinə müvafiq olaraq bağlanmışdır.

1.2. İctimai asayişin qorunmasına cəlb olunan şəxs_________________________

                                (ictimai asayişin qorunmasına cəlb olunduğu ərazinin hüdudları)

İctimai asayişin qorunmasına cəlb edilir.

 

2. Müqavilənin müddəti

 

2.1. Bu Müqavilə «____» ________ _________ il tarixindən «____» ________ _________ il tarixinədək 2 (iki) il müddətinə bağlanmışdır.

2.2. Qaydanın 2.27-ci bəndinə uyğun olaraq ictimai asayişin qorunmasına cəlb edilən şəxs polis orqanları ilə əməkdaşlığa müvafiq təhsil müəssisəsində hazırlıq kursları keçdikdən sonra «____» ___________ il tarixində başlayır.

 

3. İctimai asayişin qorunmasına cəlb edilən şəxsin hüquq və vəzifələri

 

3.1. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq ictimai asayişin qorunmasına cəlb edilən şəxsin ictimai asayişin və təhlükəsizliyin təmin olunması ilə bağlı fəaliyyət istiqamətləri aşağıdakılardır:

3.1.1. hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısını almaq məqsədi ilə maarifləndirmə və təbliğat işinin aparılması;

3.1.2. narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası;

3.1.3. cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək üçün zəruri məlumatların polis orqanlarına verilməsi.

3.2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası”nın 2.2-ci bəndinə əsasən ictimai asayişin qorunmasına cəlb edilən şəxs ictimai asayişin qorunması ilə bağlı aşağıdakı tədbirləri həyata keçirə bilər:

3.2.1. hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək;

3.2.2. insanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükəni aradan qaldırmaq, habelə əmlakın talanmasının və məhv edilməsinin qarşısını almaq;

3.2.3. ictimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumatı toplayıb polis orqanlarına təqdim etmək;

3.2.4. ictimai asayişin qorunması sahəsində polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;

3.2.5. əhalinin hüquqi maarifləndirilməsində iştirak etmək;

3.2.6. bu Müqavilənin 3.3-cü bəndinə uyğun olaraq digər tədbirlər həyata keçirmək.

3.3. Yuxarıda qeyd olunanlara uyğun olaraq ictimai asayişin qorunmasına cəlb edilən şəxsə Qaydanın 4.3-cü bəndində nəzərdə tutulan vəzifələr həvalə edilə bilər. Bu vəzifələr həyata keçirilərkən sözügedən şəxs Qaydanın 4.4-cü bəndində göstərilən hüquqlardan istifadə edə bilər.

3.4. Qaydanın 3.9-3.13-cü bəndlərinə əsasən:

3.4.1. ictimai asayişin qorunmasında iştirak edən vətəndaş öz fəaliyyətini müəyyən olunmuş səlahiyyətlər çərçivəsində yerinə yetirməli, ictimai asayişin qorunması zamanı insanlara münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır;

3.4.2. ictimai asayişin qorunmasında iştirak edən vətəndaş fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir. İctimai asayişin qorunmasında iştirak edən vətəndaş insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir;

3.4.3. ictimai asayişin qorunmasında iştirak edən vətəndaş vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməli, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir;

3.4.4. ictimai asayişin qorunmasında iştirak edən vətəndaş vəzifələrini yerinə yetirərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir;

3.4.5. ictimai asayişin qorunmasında iştirak edən vətəndaşın qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi qadağandır.

3.5. Qaydanın 4.5-ci bəndinə müvafiq olaraq, qrup halında və ya silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu, yaxud digər fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə fiziki qüvvənin tətbiqi qadağandır.

3.6. Qaydanın 4.7-ci bəndinə uyğun olaraq, ictimai asayişin qorunmasında iştirak edən vətəndaşa həmçinin, aşağıdakılar qadağan edilir:

3.6.1. törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları hüquq-mühafizə orqanlarından gizlətmək;

3.6.2. əməliyyat-axtarış tədbirlərini, habelə qanunvericiliklə dövlət orqanlarının səlahiyyətlərinə aid edilmiş digər tədbirləri həyata keçirmək;

3.6.3. hüquq-mühafizə və digər dövlət orqanları əməkdaşlarının qanuni səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətmək.

 

4. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşın maddi və sosial təminatı

 

4.1. İctimai asayişin qorunmasında iştirak edən vətəndaş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir.

4.2. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş məbləğdə ödəniş verilir.

4.3. İctimai asayişin qorunmasında iştirak edən vətəndaş gündəlik 6 saat ictimai asayişin qorunması ilə bağlı fəaliyyətə cəlb edilə bilər.

4.4. İctimai asayişin qorunmasında iştirak edən vətəndaş ictimai vəzifələrini yerinə yetirərkən dövlət tərəfindən müdafiə olunur.

4.5. İctimai asayişin qorunmasında iştirak edən vətəndaşın həyat və sağlamlığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən sığortalanır.

 

5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

 

5.1. Bu Müqavilənin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunla müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

5.2. Tərəflər icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər.

 

6. İctimai asayişin qorunmasına cəlb edilən şəxsin üçüncü şəxslər qarşısında məsuliyyəti

 

6.1. İctimai asayişin qorunmasına cəlb edilən şəxs ictimai asayişin və təhlükəsizliyin təmin olunması ilə bağlı fəaliyyəti həyata keçirərkən qanunsuz hərəkətləri ilə üçüncü şəxslərin əmlakına, səhhətinə, qanunla qorunan mənafelərinə ziyan vurarsa, üçüncü şəxs qarşısında qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

 

7. Müqaviləyə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar

 

7.1. Bu Müqaviləyə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.

7.2. Bu Müqaviləyə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:

a) ___________________________________________________________________;

b) ___________________________________________________________________;

c) ___________________________________________________________________;

 

Qeyd: bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır.

 

7.3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal (________ gündən gec olmayaraq) qüvvəyə minir və bu Müqavilənin tərkib hissəsini təşkil edir.

İmzalar:

___________________________________İctimai asayişin qorunmasına cəlb edən

 

___________________________________İctimai asayişin qorunmasına cəlb edilən

 

8. Müqaviləyə xitam verilməsi

 

8.1. Müqaviləyə aşağıdakı hallarda xitam verilir:

8.1.1. ictimai asayişin qorunmasına cəlb edilən şəxs öz arzusu ilə əməkdaşlığa xitam vermək barəsində yazılı ərizə verdikdə;

8.1.2. başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;

8.1.3. ictimai asayişin qorunmasına cəlb olunan şəxslərin hər bir polis orqanı üzrə sayı azaldıldıqda;

8.1.4. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə;

8.1.5. Qaydanın 2.8-ci bəndində nəzərdə tutulan hallar aşkar edildikdə;

8.1.6. Qaydanın 5.7-ci bəndində nəzərdə tutulmuş hallarda.

 

9. Yekun müddəalar

 

Bu Müqavilə iki nüsxədə tərtib edilib, onlardan biri ictimai asayişin qorunmasına cəlb edilən şəxsdə, digəri isə şəxsi ictimai asayişin qorunmasına cəlb edən polis orqanında saxlanılır.

 

10. Tərəflərin imzaları və ünvanları

 

Vətəndaşı ictimai asayişin qorunmasına cəlb edən şəhər, rayon polis orqanı rəisinin vəzifəsi, adı, atasının adı və soyadı, habelə ünvanı:

 

ictimai asayişin qorunmasına cəlb edən şəhər, rayon polis orqanının rəisi__________

 

Ünvan: ___________________________________________________________________

 

                   M.Y.                                                     İmza _________________

 

 

İctimai asayişin qorunmasına cəlb edilən şəxsin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:

 

İctimai asayişin qorunmasına cəlb edilən şəxs: ________________________________

 

Ünvan: _________________________________________________________________

 

                                                                                 İmza ________________

 

                                                                                 Tarix:

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 aprel 2017-ci il tarixli Q18-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201704200018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2017-ci il)

2.       29 mart 2018-ci il tarixli Q16-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803290016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 mart 2018-ci il tarixli Q16-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803290016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2018-ci il) ilə “İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası”nın 3.2-ci bəndində “2006-cı il 20 dekabr tarixli 267 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilmə Qaydaları”na” sözləri “2016-cı il 10 mart tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin böyük, orta, kiçik rəis və sıravi heyətlərinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Norması”na” sözləri ilə əvəz edilmişdir.

 

[2] 20 aprel 2017-ci il tarixli Q18-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201704200018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 may 2017-ci il) ilə 3.12-ci bənddə “milliyyətinə” sözü “etnik mənsubiyyətinə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 29 mart 2018-ci il tarixli Q16-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803290016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2018-ci il) ilə “İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası”nın 4.3.3-cü yarımbəndində “cinayətkarlığa” sözü “hüquqpozmalara” sözü ilə əvəz edilmişdir.

 

[4] 29 mart 2018-ci il tarixli Q16-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803290016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2018-ci il) ilə “İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası”nın 4.3.12-ci yarımbəndində “qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri hazırlayan, əldə edən, saxlayan, satan, həkim təyinatı olmadan qəbul edən, belə vasitələrin qəbuluna təhrik edən, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası” sözləri “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi” sözləri ilə əvəz edilmişdir.