AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya Qərarı

Qəbul edildiyi tarix

25.08.2016

Qeydiyyat nömrəsi

16-N

Adı

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

27.08.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

030.100.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201608250016

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

26.08.2016

 

 

Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron xidmət növlərinin Siyahısına uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 19-cu bəndinə əsasən Kollegiya

 

QƏRARA ALIR:

 

1.      Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament təsdiq edilsin (əlavə olunur).

2.      Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3.      Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə

müşaviri Fikrət Məmmədov

 


 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 25 avqust 2016-cı il tarixli 16-N nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmət istifadəçilərin qeydiyyat orqanına getmədən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci və 189-192-ci maddələri;

1.3.2. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının 2-ci hissəsinin 4-cü abzası;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 8.5-ci və 9.9-cu bəndləri;

1.3.4. Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 1.4-cü bəndi və 7-ci hissəsi;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları";

1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və Elektron xidmət növlərinin Siyahısının 3.9-6-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rayon və şəhər polis orqanları (bundan sonra-polis orqanı).

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 25 gün (polis orqanı tərəfindən rəyin verilməsi üçün tələb olunan müddət və xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında müraciət üzrə müvafiq akt qeydlərinin xarici ölkələrin səlahiyyətli orqanlarından əldə edilməsi müddəti istisna olmaqla).

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı aparılaraq adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə (bundan sonra - şəhadətnamə) və ya adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə imtina barədə qərar (bundan sonra qərar) istifadəçiyə təqdim edilir.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Dövlət rüsumu haqqında Qanunun 12.3-cü maddəsinə əsasən soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün dövlət rüsumunun məbləği 10 manatdır.

Qeyd: Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin edir.

2.2.1. Dövlət rüsumunun ödənilməli olduğu hesab:

1. Dövlət Xəzinədarlıq Agentliyi;

2. Ödəniləcək hesab: AZ17CTRE00000000000002117131.

2.3. Elektron xidmətin istifadəçiləri: 18 yaşına çatmış fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az; http://exidmet.justice.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. İnternet ünvanı: http://www.e-gov.az; http://www.justice.gov.az;

2.5.2. Elektron poçt: contact@justice.gov.az/ notvva@justice.gov.az;

2.5.3. Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün istifadəçi tərəfindən elektron qaydada doldurulan ərizəyə (əlavə olunur) aşağıdakılar əlavə olunur:

1. İstifadəçinin ilkin hərbi qeydiyyata alınması haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinin skan edilmiş surəti;

2. istifadəçinin 3x4 ölçüdə elektron formatda fotoşəkli;

3. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin skan edilmiş surəti.

2.6.2. Elektron xidmətin göstərilməsi zamanı yoxlanılması tələb olunan vətəndaşlıq vəziyyəti aktları xarici ölkələrdə dövlət qeydiyyatına alındıqda sorğu vasitəsilə bu sənədlərin xarici ölkələrdən istənilməsi müəyyən vaxt tələb etdiyini nəzərə alaraq elektron xidmətin bu reqlamentin 1.7-ci bəndinə uyğun icrasının təmin edilməsi üçün aşağıdakı sənədlərin skan edilmiş surətlərinin təqdim edilməsi elektron qaydada göndərilən bildiriş vasitəsilə istifadəçiyə təklif olunur:

1. İstifadəçinin doğumu xarici dövlətin ərazisində qeydiyyata alınıbsa doğum haqqında şəhadətnamə;

2. İstifadəçi nikahdadırsa və nikahı xarici dövlətin ərazisində qeydiyyata alınıbsa, nikah haqqında şəhadətnamə;

3. İstifadəçinin nikahı xarici dövlətin ərazisində pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;

4. İstifadəçinin yetkinlik yaşına çatmayan uşağı (uşaqları) vardırsa və onun (onların) doğumu xarici dövlətin ərazisində qeydiyyata alınıbsa doğum haqqında şəhadətnamə (lər);

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən elektron xidmətin təqdim edildiyi internet ünvanlarından müraciətinə uyğun olaraq adın, ata adının və ya soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün elektron ərizə doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana göndərilir;

3.1.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

1. İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6.1-ci bəndində aidiyyəti olanlardan birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə;

2. istifadəçi 18 yaşına çatmadıqda sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə ərizəçinin elektron poçtuna məlumat göndərilir.

3.2.2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.2.3. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda və sorğu bu reqlamentin 3.1.1-ci bəndinə uyğun formalaşdırıldıqda sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1.Ərizə və müvafiq sənədlər qeydiyyat orqanı tərəfindən qəbul edilir;

2. Məlumatlar və sənədlər yoxlanılır;

3. Sənədlər o cümlədən xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının müvafiq akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla əldə edildikdən sonra rəy verilməsi üçün polis orqanına göndərilir;

4. Polis orqanı tərəfindən rəy verilir;

5. şəhadətnamə və ya qərar istifadəçiyə təqdim olunur.

3.3.2. Elektron xidmətin icrasına görə aidiyyəti qeydiyyat orqanı məsuliyyət daşıyır.

3.3.3. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

1. Qeydiyyat orqanının məsul şəxsi elektron ərizəni və ona əlavə edilmiş sənədləri qəbul edir;

2. Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması 3 iş günü müddətində qeydiyyat orqanının məsul şəxsi tərəfindən yoxlanılır. Sənədlərdə və ərizəyə daxil edilmiş məlumatlarda çatışmazlıq, ziddiyyət, uyğunsuzluq aşkar olunduqda bu barədə həmin müddət ərzində istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir və ərizəçidən sənədlərin (istifadəçinin doğum haqqında şəhadətnaməsi, istifadəçi nikahdadırsa, nikah haqqında şəhadətnamə, nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə, yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələri) skan edilmiş surətinin 3 iş günü müddətində göndərilməsi tələb olunur. Həmin müddət ərzində sənədlər təqdim edilmədikdə elektron xidmət göstərilmir;

3. Müvafiq sənədlər yoxlama aparılması üçün 1 iş günü müddətində ərizə verən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilir. Xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının müvafiq akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla əldə edildikdən sonra ərazi üzrə polis orqanına göndərilir;

4. Polis orqanı sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır;

5. ad, ata adı və ya soyadın dəyişdirilməsindən imtina edilmədikdə 3 iş günü müddətində şəhadətnamənin verilmə vaxtı və yeri barədə istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir;

6. adın, ata adının və ya soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə imtina barədə qərar 5 iş günü müddətində istifadəçinin elektron poçt ünvanına göndərilir və ya şəxsən ona təqdim edilir.

Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.

3.3.4. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanları haqqında məlumat: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

3.3.5. Hər bir inzibati prosedurun nəticəsi:

1. Elektron ərizə və ona əlavə edilmiş sənədlər qəbul edilərək çap olunur;

2. Aşağıdakı məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanılır:

2.1. İstifadəçi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.5-ci bəndində göstərilən məlumatlar;

2.2. istifadəçinin 18 yaşına çatıb-çatmaması;

2.3. ailə vəziyyəti (nikahda olub-olmaması, nikahın pozulması halları);

2.4. yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmaması (övladlığa götürülənlər də daxil olmaqla);

2.5. dövlət rüsumunun ödənilməsi;

3. Müvafiq sənədlər, o cümlədən xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının müvafiq akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla əldə edildikdən sonra polis orqanlarına göndərilir;

4. Polis orqanları tərəfindən müvafiq rəy verilir;

5. Ad, ata adı və soyadın dəyişdirilməsindən imtina edilmədikdə 3 iş günü müddətində şəhadətnamənin verilmə vaxtı və yeri barədə istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. İstifadəçi bu reqlamentin 3.3.5-ci bəndinin 7-ci yarımbəndində sadalanan sənədlərin əslini təqdim etdikdən sonra şəhadətnaməni əldə edir.

6. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə imtina barədə qərar 5 iş günü müddətində istifadəçinin elektron poçt ünvanına göndərilir və ya şəxsən ona təqdim edilir.

7. Şəhadətnamə verildiyi halda aşağıdakı sənədlərin əsli təqdim edilməlidir:

7.1. İstifadəçinin doğum haqqında şəhadətnaməsi;

7.2. İstifadəçi nikahdadırsa, nikah haqqında şəhadətnamə;

7.3. İstifadəçinin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;

7.4. İstifadəçinin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;

7.5. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi (bundan sonra Baş idarə) həyata keçirir.

3.4.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətin göstərilməsinə görə müraciətin aidiyyəti üzrə qeydiyyat orqanı, təşkilinə görə isə Baş idarənin müvafiq struktur qurumu məsuliyyət daşıyır.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 


 

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə 1 -li əlavə

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə

 

 

: 2_Ad_soyad

 

: 3_Ad_soyad