AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Qəbul edildiyi tarix

25.12.2017

Qeydiyyat nömrəsi

1760

Adı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

Rəsmi dərc edildiyi mənbə

Xalq” qəzeti ¹ 287

Qüvvəyə minmə tarixi

27.12.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

020.020.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

13201712251760

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

28.12.2017

 

 

Azərbaycan Respublikasında əhalinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illərdə həyata keçirilən, konkret hədəflərə yönəlmiş məqsədyönlü islahatlar nəticəsində ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, habelə əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra nailiyyətlər əldə edilmiş, bu sahədə mühüm institusional tədbirlər həyata keçirilmiş və mükəmməl hüquqi baza formalaşmışdır.

Sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək, habelə maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli və 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli fərmanları ilə, müvafiq olaraq, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Ötən müddətdə 21 mindən artıq ailənin mənzil şəraitinin yaxışılaşdırılmasına imkan yaradılmış, verilmiş kreditlərin həcmi isə 930 milyon manata çatmışdır.

Ölkənin iqtisadi potensialının gündən-günə daha da artması məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsini, kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını, bu sahədə dövlət-sahibkar münasibətlərinin, habelə ipoteka kreditləşməsi vasitəsilə əhalinin yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir.

Bu baxımdan “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətlərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, bu sahədə sistemliliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, aztəminatlı ailələrin mənzil-məişət şəraitinin və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi əsaslarla daha da təkmilləşdirmək, bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin səmərəliliyini daha da yüksəltmək və sistemliliyini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılsın.

2. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra – Fond) “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir;

3.2. Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir;[1]

3.3. Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 nəfərdən ibarət olan Himayəçilik Şurası, habelə Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət olan İdarə Heyəti yaradılır.

4. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

4.1.2. Fondun Himayəçilik Şurası və İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.1.3. Fondun icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.1.4. Fondun yenidən təşkili və ləğvi barədə qərarın qəbul edilməsi;

4.2. Fondun Himayəçilik Şurasına:

4.2.1. bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitallarının ümumi məbləği həcmində Fondun nizamnamə kapitalının formalaşdırılmasını bir ay müddətində təmin etsin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 6, maddə 1036; 2017, ¹ 4, maddə 526, ¹ 7, maddələr 1340, 1370, ¹ 8, maddə 1521) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1-ci, 2-ci hissələr və 9.4-cü bənd ləğv edilsin;

7.2. 3-cü hissədə, 9.5-ci və 9.6-cı bəndlərdə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;

7.3. 4-cü hissədə “Cəmiyyətin” sözü “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” (bundan sonra – Fond)” sözləri ilə əvəz edilsin;

7.4. 6-cı, 8-ci, 12-ci hissələrdə və 7.3-cü bənddə ismin müvafiq hallarında “Cəmiyyət” sözü ismin müvafiq hallarında “Fond” sözü ilə əvəz edilsin;

7.5. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” üzrə:

7.5.1. adında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;

7.5.2. 1-ci hissənin mətnində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət)” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri ilə əvəz edilsin;

7.5.3. 1-ci hissə istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Cəmiyyət” sözü ismin müvafiq hallarında “Fond” sözü ilə əvəz edilsin;

7.5.4. mətn üzrə ismin müvafiq hallarında “Müşahidə Şurası” sözləri ismin müvafiq hallarında “Himayəçilik Şurası” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.[2]

1.2. Fond “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.

1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Fondun müstəqil balansı, bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, firma işarəsi (emblemi) vardır.

1.6. Fondun ayrıca əmlakı vardır və Fond öz öhdəliklərinə görə bu əmlakla cavabdehdir. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh, habelə üçüncü şəxs qismində çıxış edir.

1.7. Fond ictimai faydalı məqsədlər güdən fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.8. Dövlət Fondun öhdəlikləri üçün cavabdeh deyildir və Fondun fəaliyyəti ilə bağlı zərərə görə nizamnamə kapitalındakı payı həddində risk daşıyır. Fond dövlətin öz üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir.

1.9. Fond Bakı şəhərində yerləşir.

 

2. Fondun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları

 

2.1. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirmək, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verməkdir. Fond əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur.[3]

2.2. Fond aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir;

2.2.2. ipoteka kreditləri üzrə təminatlar, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminatlar verir;

2.2.2-1. yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir;[4]

2.2.3. sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada subsidiyalar verir;

2.2.4. kreditlərin anderraytinqinə, vəsaitdən təyinatına uyğun istifadəyə nəzarəti təmin etmək, habelə bank tərəfindən kredit reytinqi modelinin tətbiqini yoxlamaq məqsədilə qanunla müəyyən olunmuş qaydada sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasını təmin edir;

2.2.5. “Elektron ipoteka və kredit zəmanət” sistemini təşkil edir və onun fəaliyyətini təmin edir;[5]

2.2.6. istiqrazlar emissiya edir, həmçinin ipoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi üçün digər formada investisiyaların cəlb olunması üzrə fəaliyyəti həyata keçirir;

2.2.7. Fondun fəaliyyətinin sabitliyini və likvidliyini təmin etmək, o cümlədən Fondun fəaliyyətində riskləri azaltmaq məqsədilə risklərin idarə edilməsi sistemini formalaşdırır və tətbiqini təmin edir;

2.2.8. Fondun əqli mülkiyyətini idarə edir və onun barəsində sərəncam verir;

2.2.9. mülkiyyətindəki (balansındakı) əmlakdan səmərəli istifadə olunmasını təmin edir;

2.2.10. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, fəaliyyətində elmi-texniki nailiyyətləri tətbiq edir;

2.2.11. ipoteka kreditləşməsi məsələləri üzrə məsləhət, informasiya xidmətləri və digər xidmətlər, habelə ipoteka kreditlərinin verilməsində iştirak edən banklar, sığortaçılar və qiymətləndiricilər üçün tədris proqramları həyata keçirir;

2.2.12. sahibkarlara borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində məsləhət xidmətləri göstərir;

2.2.13. Fonda ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

2.2.14. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və həmin informasiyanın daim yenilənməsini təmin edir;

2.2.16. Fondda kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

2.2.17. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

2.2.18. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə islahatlar aparılmasına dair təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;

2.2.19. malların (işlərin və xidmətlərin) satın alınması üçün qanunla müəyyən edilmiş qaydada tenderlər (müsabiqələr) keçirir və müqavilələr bağlayır;

2.2.20. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;

2.2.21. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

2.3. Fondun aşağıdakı hüquqları vardır:

2.3.1. fəaliyyət istiqamətlərinə aid hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək;

2.3.2. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

2.3.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxsləri ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

2.3.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar, komissiyalar və elmi-texniki şura yaratmaq;

2.3.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.3.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;

2.3.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

2.3.8. vəzifələrinin yerinə yetirilməsi məqsədilə idarə, filial və nümayəndəliklər, habelə törəmə cəmiyyətlər yaratmaq və ya onlarda iştirak etmək;

2.3.9. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

3. Fondun idarəetmə orqanları

 

3.1. Fondun idarəetmə orqanları aşağıdakılardır:

3.1.1. Himayəçilik Şurası;

3.1.2. İdarə Heyəti.

3.2. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

 

4. Himayəçilik Şurası

 

4.1. Fondun Himayəçilik Şurası (bundan sonra – Şura) Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (1 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (1 nəfər) və Azərbaycan Respublikası Mərkəzi Bankının (1 nəfər) nümayəndələrindən ibarət olan Şuranın 5 nəfər üzvü vardır. Şuranın üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şuranın üzvləri 3 il müddətinə təyin edilirlər və ictimai əsaslarla fəaliyyət göstərirlər. Onlar növbəti müddətlərə yenidən təyin edilə bilərlər. Şuranın üzvləri öz aralarından ardıcıl qaydada Şuranın sədrini seçirlər. Sədrin səlahiyyət müddəti üç aydır.

4.3. Fondda təsisçinin səlahiyyətlərinin Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş hissəsi istisna olmaqla, Fondun fəaliyyəti ilə bağlı məsələlərə dair qərar qəbul etməkdə Şura müstəqildir.

4.4. Şura aşağıdakı vəzifələri yerinə yetirir:

4.4.1. Fondun Nizamnaməsində, o cümlədən nizamnamə kapitalının miqdarında dəyişiklik edilməsi, Fondun yenidən təşkili və ləğvi məsələləri ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

4.4.2. Fondun kənar auditor rəyi ilə birlikdə illik hesabatını, habelə maliyyə hesabatlarını təsdiq edir;[6]

4.4.3. aidiyyəti şəxslə əqdin bağlanması haqqında qərar qəbul edir;

4.4.4. Fondun törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılmasına və ya ləğvinə razılıq verir;

4.4.5. Fondun strateji məqsəd və planlarını, habelə inkişaf istiqamətlərini, büdcəsini və investisiya proqramını təsdiq edir;

4.4.6. bu Nizamnamənin 4.8-ci bəndində nəzərdə tutulmuş Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin aktı ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, fəaliyyət istiqamətlərinə aid edilmiş məsələlər üzrə limitlərin müəyyənləşdirilməsi qaydalarını və bu Nizamnamənin 2.2.4-cü yarımbəndinə əsasən sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasının təşkili ilə bağlı daxili qaydaları təsdiq edir;

4.4.7. Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində çoxmənzilli binalardakı mənzillərin və yaşayış evlərinin yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətlərini təsdiq edir;[7]

4.4.8. ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləğini, habelə həmin kreditlər üzrə illik faiz dərəcələrinin yuxarı həddini təsdiq edir;[8]

4.4.9. müvəkkil banklar üzrə təminatların maksimum limitinin müəyyənləşdirilməsi üçün daxili təsnifləşdirmə modelini təsdiq edir;

4.4.10. hər bir müvəkkil bank üçün faiz subsidiyası ilə əhatə olunan hər təqvim ili üzrə faiz subsidiyası limitini müəyyən edir;[9]

4.4.11. Fondun strukturunu təsdiq edir;

4.4.12. Fondun mərkəzləşdirilmiş fondlarının yaradılması və onlardan istifadə qaydaları barədə qərarlar qəbul edir;

4.4.13. İdarə Heyəti üzvlərinin mükafatlandırılması məsələsinə baxır;

4.4.14. Fondun kənar auditorunu təyin edir;

4.4.15. Fondun maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;

4.4.16. Şuranın öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan şifahi və yazılı hesabatların, eləcə də hər hansı digər sənədin təqdim edilməsini İdarə Heyətindən və Fondun digər vəzifəli şəxslərindən tələb edir;

4.4.17. daxili və kənar auditor yoxlamalarının nəticələrinə baxır və bu yoxlamaların yekunları ilə əlaqədar tədbirlər görür;

4.4.18. Şura və İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

4.4.19. Fondun fəaliyyətinə dair bu Nizamnamənin 5.4.8-ci yarımbəndində nəzərdə tutulmuş hesabatı dinləyir.

4.5. Şuranın iclaslarını Şura sədri 3 ayda bir dəfədən az olmayaraq çağırır. Şuranın növbədənkənar iclaslarını onun üzvünün və İdarə Heyətinin təşəbbüsü ilə Şura sədri çağırır.

4.6. Şuranın tələbi ilə onun iclaslarında Fondun digər vəzifəli şəxsləri də iştirak etməlidir.

4.7. Şuranın iclasları Şura üzvlərinin ən azı dördü iştirak etdikdə səlahiyyətlidir. Şuranın sədri, o olmadıqda isə üzvlərin seçdiyi digər üzv iclasa sədrlik edir. Şuranın iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər bölünərsə, sədrin səsi həlledici sayılır.

4.8. Şuranın qərarlarının qəbul olunması və iş qaydası onun təsdiq etdiyi əsasnamə ilə müəyyən edilir.

4.9. Şura bu Nizamnamə ilə onun müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlərin həllini İdarə Heyətinə həvalə edə bilməz.

4.10. Şuranın sədri:

4.10.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

4.10.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.10.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.10.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.11. Şuranın üzvləri:

4.11.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.11.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.11.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.11.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verirlər;

4.11.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.12. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

 

5. İcra orqanı

 

5.1. Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

5.2. İdarə Heyəti 3 üzvdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və onun iki müavinindən ibarətdir.

5.3. Şuranın üzvləri İdarə Heyətinə təyin edilə bilməzlər.

5.4. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

5.4.1. Fondun strateji məqsəd və planlarını, habelə inkişaf istiqamətlərini, büdcəsini və investisiya proqramını hazırlayır və Şuraya təqdim edir;

5.4.2. Fondun Nizamnaməsində, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi və mənfəət və zərərinin bölüşdürülməsi məqsədi ilə Şuraya təkliflər verir;

5.4.3. Şuranın razılığı ilə Fondun törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması və ya ləğvi barədə qərar qəbul edir;

5.4.4. aidiyyəti şəxslə əqdin bağlanması barədə Şuraya təkliflər verir;

5.4.5. Fondun strukturu barədə Şuraya təkliflər verir;

5.4.6. müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərlə müvafiq müqavilələr bağlanması haqqında qərar qəbul edir;

5.4.7. Fond tərəfindən digər müəssisələrin səhmlərinin (paylarının) əldə olunması (aidiyyəti şəxslə əqdin bağlanması istisna olmaqla), istiqrazların emissiyası şərtləri barədə qərar qəbul edir;

5.4.8. Fondun cari fəaliyyəti ilə bağlı bu Nizamnamə ilə İdarə Heyətinə həvalə edilmiş vəzifələrin icra vəziyyəti barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Şuraya hesabat verir;

5.4.9. daxili audit yoxlamalarının nəticələri barədə Şuraya hesabat verir;

5.4.10. Fondun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.4.11. İdarə Heyətinin reqlamentini, o cümlədən Fonda işə qəbul, əməkdaşların qiymətləndirilməsi və daxili intizam qaydalarını, Fondun idarə, filial və nümayəndəliklərinin əsasnamələrini və törəmə cəmiyyətlərinin nizamnamələrini, habelə Fondun fəaliyyətinə dair Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Şuranın səlahiyyətlərinə aid edilməmiş digər qaydaları, prosedurları və sənədlərin nümunəvi formalarını təsdiq edir;

5.4.12. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır və bu layihələri aidiyyəti dövlət orqanlarına təqdim edir;

5.4.13. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Fondun əməkhaqqı fondunu, işçilərinin say həddini, əməyin ödənilməsi formalarını və miqdarını müəyyənləşdirir;

5.4.14. Fondun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

5.4.15. Fondun saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunla nəzərdə tutulmuş mənbələrdən Fondun sərəncamına daxil olan vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;

5.4.16. Fondun göstərdiyi xidmətlərin operativlik, şəffaflıq və məsuliyyət prinsipləri əsasında həyata keçirilməsini təmin edir;

5.4.17. Fondun fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı ilə bağlı Şuraya təkliflər verir;

5.4.18. investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı qərarlar qəbul edir;

5.4.19. Fondun fəaliyyətində risklərin idarə edilməsi strategiyasını, risklərin idarə edilməsi alətlərini və onların tətbiqi mexanizmlərini müəyyənləşdirir;

5.4.20. təminat verilməsi barədə çərçivə müqaviləsinin forma və şərtlərini müəyyən edir;

5.4.21. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Şuraya digər təkliflər verir və sənədlər təqdim edir;

5.4.22. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

5.5. İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən sədr müavininin) səsi həlledici sayılır.

5.6. İdarə Heyətinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:

5.6.1. Fondun fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

5.6.2. İdarə Heyətinin digər üzvlərinin, habelə Fondun digər vəzifəli şəxslərinin kadr, maliyyə və başqa məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təşkil edir;

5.6.3. İdarə Heyətinin fəaliyyətini təşkil edir və iclaslarına sədrlik edir;

5.6.4. Fondun səmərəli fəaliyyət göstərməsini təmin edir;

5.6.5. Fondun ştat cədvəlini təsdiq edir və struktur bölmələrinin işini təşkil edir, Aparatının struktur bölmələrini müəyyən edir;

5.6.6. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

5.6.7. Fondun illik hesabatını, mühasibat balansını və digər maliyyə hesabatlarını imzalayır və qeyd olunan sənədləri kənar auditorun rəyi ilə birlikdə Şuraya təqdim edir;[10]

5.6.8. bu Nizamnamədə Azərbaycan Respublikası Prezidentinin və İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, Fondun digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, habelə işçilərlə əmək müqavilələri bağlayır və onların fəaliyyətinə rəhbərlik edir, qanunla nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;

5.6.9. Fondun istiqrazlarının buraxılması üçün emissiya prospektini təsdiq edir;

5.6.10. Fondun işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi ilə bağlı tədbirlər görür;

5.6.11. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.6.12. Fondun idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

5.6.13. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyyə tapşırıqlarını imzalayır;

5.6.14. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

5.6.15. Fondun maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;

5.6.16. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində etibarnamə olmadan Fondun adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

5.6.17. fəaliyyət istiqamətlərinə uyğun olaraq, komissiyalar, komitələr və işçi qruplar yaradır;

5.6.18. Fondun idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin təsdiq olunmuş gəlir və xərclər smetası üzrə xərclərinin ödənilməsini təmin edir, yaranan mübahisələri həll edir.

5.7. Fondun İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını, İdarə Heyəti sədrinin təsdiq etdiyi vəzifə bölgüsünə əsasən, İdarə Heyətinin digər üzvü həyata keçirirlər.

5.8. İdarə Heyətinin üzvləri:

5.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

5.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

5.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

5.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;

5.8.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

5.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

 

6. Fondun nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

6.1. Fondun nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Fondun istifadəsinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

6.2. Fondun nizamnamə kapitalı 566 000 000 (beş yüz altmış altı milyon) manatdır.[11]

6.3. Fondun əmlakı onun müstəqil balansında əks olunur. Fond öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam (bu Nizamnamənin 6.10-cu və 6.11-ci bəndləri nəzərə alınmaqla) vermək hüquqlarına malikdir.

6.4. Fondun əmlakı nizamnamə kapitalına daxil olan əmlak, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə olunan daxilolmalar, Fondun emissiya etdiyi istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlər, alınmış kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

6.5. Fondun nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

6.6. Fond qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün, törəmə cəmiyyət, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Fond xərclərini öz gəlirləri hesabına maliyyələşdirir.

6.7. Fond öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

6.8. Fondun milli valyutada pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankında açılan bank hesablarında saxlanılır.

6.9. Fond sərbəst pul vəsaitindən yalnız aşağıdakı istiqamətlərdə istifadə edir:

6.9.1. ipoteka kreditləşməsi üçün;

6.9.2. müəssisələrin səhmlərinin (paylarının) və dövlət qiymətli kağızlarının əldə olunması üçün;

6.9.3. müvəkkil banklarda və ya kredit reytinqi Azərbaycan Respublikasının (suveren) borc reytinqindən maksimum 1 pillə aşağı olan yerli banklarda depozitlərin yerləºdirilməsi üçün.

6.10. Fond balansında olan dövlət əmlakına münasibətdə öz səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

6.11. Fond ləğv edildikdə, onun borclarının ödənilməsindən sonra qalan əmlakı dövlət büdcəsinə yönəldilir.

 

7. Daxili və kənar audit

 

7.1. Fond daxili audit xidmətini təsis edir. Daxili audit və bu xidmətin işini icra edən şəxslər öz fəaliyyətlərində müstəqildirlər və öz funksiyalarını icra edərkən onların müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququ vardır.

7.2. Fondun daxili auditinin əməkdaşları “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər.

7.3. Daxili audit xidmətinin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

7.3.1. Fondun, onun, idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Fondun daxili qaydalarına uyğunluğunu yoxlamaq;

7.3.2. Fondun maliyyə-təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini həyata keçirmək;

7.3.3. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə İdarə Heyətinə məlumat vermək;

7.3.4. “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda və bu Nizamnamədə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirmək.

7.4. Fondun bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri sənədləri onlara təqdim etməyə, öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.

7.5. Fondun maliyyə-təsərrüfat fəaliyyətinin auditi Şuranın və ya İdarə Heyəti sədrinin qərarı ilə həyata keçirilir.

7.6. Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

7.7. Eyni kənar auditorla ardıcıl 3 ildən artıq müddətə müqavilə bağlamaq olmaz.

 

8. Fondun öz törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri

 

8.1. Fondun öz törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların nizamnamələrinə (əsasnamələrinə) və Fondun daxili sənədlərinə uyğun olaraq tənzimlənir.

8.2. Törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətlərdə Fondun aşağıdakı səlahiyyətləri vardır:

8.2.1. Fondun törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin idarəetmə orqanlarını formalaşdırmaq;

8.2.2. bu Nizamnamənin 5.4.3-cü, 5.4.10-cu və 5.6.8-ci yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı qərar qəbul etmək;

8.2.3. Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq, törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin balansındakı əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə razılıq vermək;

8.2.4. Fondun törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, müzakirələrdə iştirak etmək;

8.2.5. Fondun törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətinin yekunlarına baxılmanı təmin etmək;

8.2.6. Fondun törəmə cəmiyyətlərindən, idarə, filial və nümayəndəliklərindən onların təqsiri üzündən Fonda dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;

8.2.7. Fondun törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək.

 

9. Fondda uçot və hesabat

 

9.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

9.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır və statistik hesabatları tərtib edir.

9.3. Fondun illik hesabatlarını Şura təsdiq edir.[12]

9.4. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc edir.

9.5. Şuranın və İdarə Heyətinin üzvləri, habelə Fondun struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələrində müəyyən edilmiş qaydada təqdim etməlidir.

 

10. Fondun yenidən təşkili və ləğvi

 

Fondun yenidən təşkili və ləğvi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti qəbul edir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 may 2018-ci il tarixli 29 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201805010029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 03 may 2018-ci il)

2.       27 avqust 2018-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201808270240, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il)

  1. 14 yanvar 2019-cu il tarixli 470 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201901140470, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 yanvar 2019-cu il)
  2. 1 mart 2019-cu il tarixli 570 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201903010570, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 mart 2019-cu il)
  3. 1 mart 2019-cu il tarixli 576 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201903070576, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 mart 2019-cu il)
  4. 10 iyun 2019-cu il tarixli 722 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201906100722, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2019-cu il)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 10 iyun 2019-cu il tarixli 722 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201906100722, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2019-cu il) ilə 3.2-ci bənddə “mexanizminin” sözü “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 10 iyun 2019-cu il tarixli 722 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201906100722, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2019-cu il) ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 1.1-ci bənddə “mexanizminin” sözü “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 iyun 2019-cu il tarixli 722 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201906100722, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2019-cu il) ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin2.1-ci bəndə “təmin edilməsi” sözlərindən sonra “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi” sözləri əlavə edilmişdir.

 

[4] 1 may 2018-ci il tarixli 29 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201805010029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 03 may 2018-ci il) ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nə yeni məzmunda 2.2.2-1-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 1 may 2018-ci il tarixli 29 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201805010029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 03 may 2018-ci il) ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 2.2.5-ci yarımbəndində “Elektron ipoteka” sözləri “Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilmişdir.

 

[6] 1 mart 2019-cu il tarixli 570 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201903010570, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 mart 2019-cu il) ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 4.4.2-ci yarımbənddə “mühasibat balansını, mənfəət və zərər” sözləri “habelə maliyyə” sözləri ilə əvəz edilmişdir.

 

[7] 14 yanvar 2019-cu il tarixli 470 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201901140470, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 yanvar 2019-cu il) ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 4.4.7-ci yarımbəndi ləğv edilmişdir.

 

[8] 27 avqust 2018-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201808270240, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il) ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 4.4.8-ci yarımbəndində “dərəcələrini” sözü “dərəcələrinin yuxarı həddini” sözləri ilə əvəz edilmişdir.

 

[9] 1 may 2018-ci il tarixli 29 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201805010029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 03 may 2018-ci il) ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 4.4.10-cu yarımbəndi ləğv edilmişdir.

 

[10] 1 mart 2019-cu il tarixli 570 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201903010570, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 mart 2019-cu il) ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 5.6.7-ci yarımbənddən “mühasibat balansını və digər” sözləri çıxarılmışdır.

 

[11] 1 mart 2019-cu il tarixli 576 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201903070576, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 mart 2019-cu il) ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “466 000 000 (dörd yüz altmış altı milyon)” sözləri “566 000 000 (beş yüz altmış altı milyon)” sözləri ilə əvəz edilmişdir.

 

[12] 1 mart 2019-cu il tarixli 570 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201903010570, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 mart 2019-cu il) ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 9.3-cü bənddə “hesabatını” sözü “hesabatlarını” sözü ilə əvəz edilmişdir.