AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Qəbul edildiyi tarix

29.12.2017

Qeydiyyat nömrəsi

1774

Adı

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan” qəzeti ¹ 290

Qüvvəyə minmə tarixi

30.12.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

420.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

13201712291774

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

29.12.2017

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun 4.2-ci və 11.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun 9.2-ci maddəsinə uyğun olaraq, tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. həmin Qanunun 10.4-cü maddəsinə uyğun olaraq, tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 11.3-cü maddəsinə uyğun olaraq, tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətlərini və üsullarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci, 10.4-cü və 11.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.1-1. həmin Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini 4.1.1 ― 4.1.4-cü maddələr üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 4.1.5-ci maddə üzrə ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin monitorinqinin keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının ərazisində tütündən istifadənin miqyasını müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılmasına münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.1-2. həmin Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;[1]

2.2. həmin Qanunun 12.2-ci və 12.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi həyata keçirirlər;

2.3. həmin Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 iyul 2018-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201807050161, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 09 iyul 2018-ci il)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 iyul 2018-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 13201807050161, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 09 iyul 2018-ci il) ilə 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilmişdir.