AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: QANUN
Qəbul edildiyi tarix: 17.05.2011
Qeydiyyat nömrəsi: 107-IVQ
Adı: ״Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında״ Sazişin təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 578
Qüvvəyə minmə tarixi: 05.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 450.010.020
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 12201105170107
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.07.2011


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq qərara alır:

 

"Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2011-ci il fevralın 22-də Buenos-Ayres şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il

107-IVQ


AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ ARGENTİNA RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA GÖMRÜK İŞİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ VƏ QARŞILIQLI YARDIM HAQQINDA

SAZİŞ

 

Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti

 

Gömrük qanunvericiliyinin pozulmasının onların ölkələrinin iqtisadi, ticari, maliyyə, ictimai və mədəni maraqlarına ziyan vurduğunu nəzərə alaraq;

 

Malların idxalı və ixracı zamanı alınan rüsum, vergi və digər gömrük ödənişləri və yığımlarının toplanması və dəqiq təyin edilməsinin və həmçinin qadağan, məhdudiyyət və digər ticarət siyasətinə aid tədbirlərlə bağlı gömrük qanunvericiliyinin müvafiq icrasının əhəmiyyətini nəzərə alaraq;

 

Gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması və rüsumların, vergilərin və digər ödənişlərin dəqiq toplanmasının təmin edilməsi səylərinin Tərəflərin Gömrük İdarələri arasında əməkdaşlıq yolu ilə daha səmərəli olacağını nəzərə alaraq;

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin iri miqyasda artan tendensiyasından narahatlıq keçirərək, əhalinin sağlamlığı və cəmiyyət üçün təhlükəli olduğunu nəzərə alaraq;

 

Qarşılıqlı yardımın gücləndirilməsi ilə əlaqədar müvafiq beynəlxalq konvensiyaları və həmçinin Gömrük Əməkdaşlıq Şurasının (Ümumdünya Gömrük Təşkilatının) Tövsiyələrini nəzərə alaraq,

 

aşağıdakılar barədə razılığa gəldilər:

 

TƏRİFLƏR

Maddə 1

 

Bu Sazişin məqsədləri üçün:

 

a) "Gömrük qanunvericiliyi" - malların idxalı, ixracı, tranziti və ya hər hansı digər gömrük proseduru ilə bağlı gömrük idarələri tərəfindən toplanan gömrük rüsumları, vergiləri və ya hər hansı başqa ödənişlərə, yaxud gömrük idarələrinin tətbiq etdiyi qadağan, məhdudiyyət və ya nəzarət tədbirlərinə aid qanunlarda, qərarlarda və ya bundan irəli gələn istənilən digər normativ aktlarda əks olunan hər hansı hüquqi müddəa;

 

b) "Gömrük rüsumları və vergiləri" - göstərilən xidmətlərin təqribi dəyərinin miqdarı ilə məhdudlaşan ödəniş və yığımlar istisna olmaqla, malların idxalı və ya ixracı zamanı, yaxud bununla bağlı toplanılan gömrük rüsumları və bütün digər vergilər, ödənişlər və yığımlar;

 

c) "Gömrük hüquqpozmaları" - gömrük qanunvericiliyinin hər hansı şəkildə pozulması və ya pozulmasına cəhd;

 

d) "Narkotik vasitələr" - Birləşmiş Millətlər Təşkilatının 1961-ci il tarixli Narkotik Vasitələr haqqında Vahid Konvensiyasının I və II siyahılarına daxil edilmiş hər hansı təbii və ya sintetik maddə;

 

e) "Psixotrop maddələr" - Birləşmiş Millətlər Təşkilatının 1971-ci il tarixli Psixotrop Maddələr haqqında Konvensiyasının I, II, III və IV siyahılarına daxil edilmiş hər hansı təbii və ya sintetik maddə;

 

f) "Prekursorlar" - Birləşmiş Millətlər Təşkilatının 1988-ci il tarixli Narkotik Vasitələrin və Psixotrop Maddələrin qanunsuz dövriyyəsinə qarşı Konvensiyasının I və II siyahılarına daxil edilmiş narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən, nəzarət altında olan kimyəvi maddələr;

 

g) "Gömrük İdarəsi" - Azərbaycan Respublikasında - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Argentina Respublikasında - Dövlət Gəlirlərinin Yığılması Federal İdarəsinin Baş Gömrük Direktorluğu.

 

SAZİŞİN TƏTBİQ EDİLMƏ DAİRƏSİ

Maddə 2

 

1. Bu Saziş çərçivəsində yardım daxili qanunvericiliyə müvafiq şəkildə və Gömrük İdarələrinin səlahiyyətləri və imkanları daxilində təmin ediləcəkdir.

 

2. Tərəflərin Gömrük İdarələri gömrük qanunvericiliyinə qarşı hüquqpozmaların
qarşısının alınması, araşdırılması və onlara qarşı mübarizədə bu Sazişin müddəalarına uyğun olaraq əməkdaşlıq edəcək və bir-birinə yardım göstərəcəklər.

 

YARDIMIN GÖSTƏRİLMƏ DAİRƏSİ

Maddə 3

 

1. Tərəflərdən birinin Gömrük İdarəsi xüsusi olaraq sorğu etdiyi təqdirdə, digər
Tərəfin Gömrük İdarəsi gömrük qanunvericiliyinin tətbiqinin təmin edilməsi və
aşağıdakıların həyata keçirilməsi üçün faydalı olan bütün mövcud məlumatı
milli qanunvericiliyinə uyğun olaraq və öz səlahiyyətləri çərçivəsində təmin edəcəkdir:

 

a) gömrük ödənişlərinin müəyyənləşdirilməsi məqsədilə malların müvafiq gömrük qiymətləndirilməsinin təmin edilməsi;

 

b) malların təsnifat və mənşəyinin müəyyən edilməsi.

 

2. Bu Sazişə uyğun olaraq göstərilən yardım ümumiyyətlə aşağıdakılarla bağlı
məlumat mübadiləsini nəzərdə tutur:

 

a) gömrük qanunvericiliyinə qarşı hüquqpozmaların qarşısının alınmasında faydalı olan hüquq-mühafizə tədbirləri və ələlxüsus bu hüquqpozmalarla mübarizə üçün xüsusi vasitələr;

 

b) cinayətlərin törədilməsində istifadə edilən yeni üsullar;

 

c) yeni yardımların və hüquq-mühafizə üsullarının səmərəli tətbiqindən irəli gələn qeydlər və qərarlar; və

 

d) yük və sərnişinlər barədə məlumatların işlənməsində təkmilləşdirilmiş üsul və metodlar.

 

MƏLUMAT VƏ SƏNƏDLƏRİN MÜBADİLƏSİ

Maddə 4

 

1. Tərəflərdən birinin Gömrük İdarəsi xüsusi olaraq sorğu etdiyi təqdirdə, digər Tərəfin Gömrük İdarəsi gömrük sənədləşməsinin və daşıma sənədlərinin surətlərini, bu sənədlərin təsdiq olunmuş surətlərini, sorğu edildikdə isə müraciət edən Tərəfin dövlətinin gömrük qanunvericiliyini pozan, yaxud poza bilən törədilmiş və ya planlaşdırılan fəaliyyətlər barədə məlumatlarla təmin edəcəkdir.

 

2. Tərəflərdən birinin Gömrük İdarəsi xüsusi olaraq sorğu etdiyi təqdirdə, digər Tərəfin Gömrük İdarəsi müraciət edən Tərəfin Gömrük İdarəsinə verilən bəyannaməni təsdiq edən rəsmi sənədlərin əslinə uyğunluğu ilə bağlı məlumatı verəcəkdir.

 

Maddə 5

 

1. Tərəflərdən birinin Gömrük İdarəsi xüsusi olaraq sorğu etdiyi təqdirdə, digər Tərəfin Gömrük İdarəsi aşağıdakı məlumatı verəcəkdir:

 

a) müraciət edən Tərəfin dövlətinin ərazisinə idxal olunan malların digər Tərəfin dövlətinin ərazisindən qanuni şəkildə ixrac olunub-olunmaması;

b) müraciət edən Tərəfin dövlətinin ərazisindən ixrac olunan malların digər Tərəfin dövlətinin ərazisinə qanuni şəkildə idxal olunub-olunmaması.

2. Yuxarıda qeyd olunan məlumat eyni zamanda malların rəsmiləşdirilməsi üçün gömrük prosedurlarını da müəyyən edəcəkdir.

 

Maddə 6

 

1. Əgər sorğu alan Tərəfin Gömrük İdarəsi sorğu edilən məlumata malik deyilsə, həmin Tərəf öz adından fəaliyyət göstərdiyi kimi və milli qanunvericiliyə uyğun olaraq məlumatı əldə etmək üçün müvafiq tədbirlər görəcəkdir.

 

2) Əgər müraciət edən Tərəfin Gömrük İdarəsi, sorğu alan Tərəfin etdiyi oxşar sorğunu həyata keçirə bilməzsə, o, sorğuda bu fakta diqqət çəkəcəkdir. Belə sorğunun yerinə yetirilməsi sorğu alan Tərəfin Gömrük İdarəsinin ixtiyarında olacaqdır.

 

Maddə 7

 

1. Sənədlərin əsli yalnız, təsdiq olunmuş və ya əslinə uyğunluğu yoxlanmış surətlər kifayət olmadığı hallarda sorğu edilir. Sorğu edilən sənədlərin əsli mümkün qədər qısa müddətdə geri qaytarılmalıdır.

 

2. Təmin edilən məlumat elektron vasitələrlə göndərilə və ya ötürülə bilər, lakin müraciət edən Tərəf onların əslini və ya surətlərini xüsusi olaraq tələb etmiş və ya daha əvvəl sorğu etmiş olsa belə, onlar daha sonra göndərilməlidir. Bu Sazişə uyğun olaraq mübadilə edilən hər hansı məlumat, onun şərhi və ya istifadəsi üçün bütün əhəmiyyətli məlumatlarla müşayiət ediləcəkdir.

 

YARDIM ÜÇÜN XÜSUSİ SORĞULAR

Maddə 8

 

Tərəflərdən birinin Gömrük İdarəsi xüsusi olaraq sorğu etdiyi təqdirdə, digər Tərəfin Gömrük İdarəsi öz səlahiyyətləri və imkanları daxilində aşağıdakılar üzərində nəzarəti həyata keçirəcəkdir:

 

a) gömrük qanunvericiliyini pozan və ya pozması şübhə doğuran şəxslər;

 

b) gömrük qanunvericiliyinin pozulmasının obyekti olduğu məlum olan və ya gömrük qanunvericiliyinin pozulmasının obyekti olduğu şübhə doğuran mallar;

 

c) gömrük hüquqpozmalarının törədilməsi üçün istifadə olunduğu məlum olan və ya istifadə olunması şübhə doğuran nəqliyyat vasitələri.

 

HƏSSAS MALLARIN QANUNSUZ DÖVRİYYƏSİ BARƏDƏ

MƏLUMAT

Maddə 9

 

1. Gömrük İdarələri, öz təşəbbüsləri ilə və ya sorğu əsasında Tərəflərdən birinin dövlətinin gömrük qanunvericiliyini pozan, yaxud poza bilən törədilmiş və ya planlaşdırılan fəaliyyətlər barədə bir-birini aşağıdakıların qanunsuz dövriyyəsi ilə əlaqədar bütün müvafiq məlumatlarla təmin edəcəkdir:

a) partlayıcı maddələr və qurğular, hərbi silah və avadanlıq, odlu silah və yaxud döyüş sursatı, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahları, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materiallar və ləvazimatlar;

 

b) mədəni, tarixi, paleontoloji və ya arxeoloji dəyəri olan sənət əsərləri;

 

c) narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları, zəhərli, zəhərləyici, radioaktiv maddələr.

 

2. Bu maddəyə əsasən əldə edilən məlumat müraciət edən Tərəfin hökumət idarələrinə göndəriləcəkdir. Buna baxmayaraq, məlumat üçüncü tərəfə ötürülməyəcəkdir.

 

SORĞULARIN VERİLMƏSİ

Maddə 10

 

1. Bu Sazişdə nəzərdə tutulan əməkdaşlıq və yardım Tərəflərin Gömrük İdarələri tərəfindən təmin ediləcəkdir. Gömrük İdarələri bu məqsəd üçün istifadə edilən sənədlər barədə razılığa gələcəklər.

 

2. Yardım üçün sorğular bu Sazişə uyğun olaraq yazılı şəkildə veriləcəkdir. Belə sorğunun icrası üçün zəruri olan məlumat sorğuya daxil ediləcəkdir. Müstəsna hallarda sorğular şifahi şəkildə verilə bilər, lakin onlar mümkün qədər qısa müddətdə yazılı olaraq təsdiq edilməlidir.

 

3. 1-ci bənddə qeyd edilən sorğulara aşağıdakı məlumatlar daxil ediləcəkdir:

 

a) sorğu edən Gömrük İdarəsi;

 

b) sorğu əsasında görülməli tədbirlər haqqında məlumat (zərurət olduqda);

 

c) sorğunun məqsədi və səbəbi;

 

d) sorğunun məqsədi ilə bağlı qanunlar və digər hüquqi fəaliyyət;

 

e) aparılan işlərlə əlaqədar hüquqi və fiziki şəxslər barədə məlumat;

 

f) baxılan məsələnin qısa məzmunu.

 

4. Sorğu ingilis dilində veriləcəkdir.

 

5. Tərəflərin Gömrük İdarələri bu Sazişin müddəalarını həyata keçirmək məqsədilə əlaqənin saxlanması üzrə məsul vəzifəli şəxslər təyin edəcək və bu əməkdaşların adlarının, vəzifələrinin, telefon və faks nömrələrinin qeyd olunduğu siyahını mübadilə edəcəkdir.

 

GÖMRÜK ARAŞDIRMALARI

Maddə 11

 

1. Tərəflərdən birinin Gömrük İdarəsi xüsusi olaraq sorğu etdiyi təqdirdə, digər Tərəfin Gömrük İdarəsi müraciət edən Tərəfin gömrük qanunvericiliyinə zidd olan və ya ola bilən fəaliyyətlərlə əlaqədar bütün rəsmi araşdırmalara başlayacaqdır. Sorğu alan Tərəf belə araşdırmaların nəticələrini müraciət edən Tərəfə bildirəcəkdir. Burada qeyd olunan rəsmi araşdırmalar sorğu alan Tərəfin dövlətinin qanunvericiliyinə uyğun şəkildə aparılacaqdır.

 

2. Xüsusi hallarda, Tərəflərdən birinin Gömrük İdarəsi digər Tərəfin Gömrük İdarəsinin razılığı ilə öz vəzifəli şəxslərinə sorğu alan Tərəfin dövlətinin ərazisində törədilmiş gömrük qanunvericiliyinin pozulması ilə bağlı araşdırmalarda iştirak etməyə səlahiyyət verə bilər.

 

3. 2-ci bəndin müddəalarını yerinə yetirmək üçün digər Tərəfin dövlətinin ərazisində olan gömrük rəsmiləri yalnız məsləhətçi qismində fəaliyyət göstərəcəkdir.

 

MƏLUMAT VƏ SƏNƏDLƏRDƏN İSTİFADƏ

Maddə 12

 

1. Bu Sazişə uyğun olaraq Tərəflərin əldə etdiyi məlumat və digər sənədlər inzibati, cinayət və məhkəmə işlərində və araşdırmalarda istifadə edilə bilər. Digər Tərəfin Gömrük İdarəsi yazılı razılıq vermədiyi təqdirdə, belə məlumat və sənədlərdən bu Sazişdə müəyyən edilməyən məqsədlər üçün istifadə edilməyəcəkdir.

 

2. Bu Sazişə uyğun olaraq Gömrük İdarələri arasında hər hansı formada edilən məlumat mübadiləsi konfidensial hesab ediləcək və sözügedən məlumat təqdim edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq konfidensial məlumat və sənədlərə şamil edilən eyni mühafizəyə malik olacaqdır. Daxili reqlamentin və ya daha yüksək səviyyəli mühafizənin olmadığı halda Tərəflər bu Sazişdə müəyyən edilən müddəalara riayət edəcəklər.

 

EKSPERT VƏ ŞAHİDLƏR

Maddə 13

 

1. Sorğu əsasında Gömrük İdarələri vəzifəli şəxslərinə digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində aparılan inzibati, cinayət və məhkəmə işlərində ekspert və şahid qismində iştirak etməyə və qeydləri, sənədləri və ya digər sübutları, yaxud sözügedən sənədlərin təsdiqlənmiş surətlərini təmin etməyə səlahiyyət verə bilər, belə ki, bu sənədlər aparılan iş üçün mühüm ola bilər.

 

2. Müraciət edən Tərəfin Gömrük İdarəsi bu maddənin 1-ci bəndinin müddəalarına uyğun olaraq vəzifəli şəxslərin öz dövlətinin ərazisində olduqları müddətdə onların qorunması və şəxsi təhlükəsizliyi üçün zəruri olan tədbirlər görməlidir. Bu vəzifəli şəxslərin nəqliyyat və gündəlik xərcləri müraciət edən Tərəfin Gömrük İdarəsi tərəfindən çəkiləcəkdir.

 

 

YARDIM GÖSTƏRMƏK ÖHDƏLİYİNDƏN İSTİSNALAR

Maddə 14

 

1. Bu Saziş çərçivəsində edilən yardım və əməkdaşlıq sorğu alan ölkənin milli qanunvericiliyinə uyğun olaraq və onun Gömrük İdarəsinin səlahiyyətləri və imkanları daxilində təmin ediləcəkdir.

 

2. Əgər sorğu alan Gömrük İdarəsi yardım və əməkdaşlıq haqqında sorğunun həyata keçirilməsinin dövlətinin suverenliyinə, təhlükəsizliyinə və ya digər mühüm maraqlarına zərər gətirəcəyini hesab edirsə, o, yardımı təmin etməkdən imtina edə, yaxud onu müəyyən şərtlərin yerinə yetirilməsi halında təmin edə bilər.

 

3. Yardımın göstərilməsindən imtina edilərsə, imtina müraciət edən Tərəfə yazılı şəkildə gecikmədən bilidiriləcəkdir.

 

TEXNİKİ YARDIM

Maddə 15

 

1. Qarşılıqlı razılıq yolu ilə Gömrük İdarələri aşağıdakılar da daxil olmaqla texniki yardım göstərəcəklər:

 

a) nəzarət avadanlığının tətbiqində məlumat və təcrübə mübadiləsi;

 

b) gömrük rəsmilərinin təlimi;

 

c) gömrük işi sahəsində ekspertlərin mübadiləsi;

 

d) gömrük qanunvericiliyinin səmərəli tətbiqi ilə bağlı xüsusi, elmi və texniki məlumat mübadiləsi.

 

XƏRCLƏR

Maddə 16

 

1. Tərəflər dövlət qulluğunda olmayan şahidlərə, ekspertlərə və tərcüməçilərə çəkilən xərclər istisna olmaqla, bu Sazişin həyata keçirilməsində çəkilmiş xərclərin əvəzinin ödənilməsi üçün bütün iddialardan imtina edəcəklər.

 

2. Əgər sorğunun icrası üçün nəzərdə tutulmayan və ya xüsusi xərclər tələb olunarsa, Tərəflər sorğunun icra edilmə müddətini və şərtlərini, o cümlədən xərclərin hansı formada ödəniləcəyini müəyyən etmək üçün bir-biri ilə məsləhətləşəcəklər.

 

3. Bu Sazişin 15-ci maddəsində nəzərdə tutulan texniki yardımdan irəli gələn xərclər Tərəflərin Gömrük İdarələri arasında xüsusi razılaşma obyekti olacaqdır.

 

MÜBAHİSƏLƏRİN HƏLLİ

Maddə 17

 

1. Bu Sazişin müddəalarının şərhi və tətbiq edilməsi ilə bağlı bütün mübahisələr Tərəflərin gömrük orqanları arasında birbaşa danışıqlar yolu ilə həll olunacaqdır.

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan danışıqlar yolu ilə razılıq əldə edilməsi mümkün olmadığı halda, mübahisə diplomatik kanallar vasitəsilə həll olunacaqdır.

 

 

ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR

Maddə 18

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan və onun 19-cu maddəsində müəyyən olunmuş qaydada qüvvəyə minən, ayrıca Protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edilə bilər.

 

QÜVVƏYƏ MİNMƏ VƏ LƏĞV ETMƏ

Maddə 19

 

Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən qüvvəyə minir.

 

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərdən biri bu Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı bildiriş göndərməlidir. Bu Saziş belə bildirişin alındığı tarixdən otuz (30) gün sonra qüvvədən düşür.

 

Bu Sazişin qüvvədən düşməsi onun 12-ci maddəsinin 2-ci bəndinə şamil edilmir.

Bu Saziş Buenos-Ayres şəhərində 22 fevral 2011-ci il tarixdə iki əsl nüsxədə. hər biri Azərbaycan, ispan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

 

AZƏRBAYCAN

ARGENTİNA

RESPUBLİKASI HÖKUMƏTİ

RESPUBLİKASI HÖKUMƏTİ

ADINDAN

ADINDAN