AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: PREZİDENTİN FƏRMANI
Qəbul edildiyi tarix: 01.07.2011
Qeydiyyat nömrəsi: 465
Adı: ״Dini etiqad azadlığı haqqında״ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə״ Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 162-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 143
Qüvvəyə minmə tarixi: 05.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.320.100
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 13201107010465
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.07.2011


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 162-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. dövlət tərəfindən dini mərkəzə (idarələrə) maliyyə yardımı göstərilməsinə, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin müvafiq ölkələrdə nümayəndəliklərinin maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli aktların "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.

3. Müəyyən edilsin ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinin üçüncü hissəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.

4. Xaricdə yaşayan azərbaycanlıların dini tələbatının ödənilməsi məqsədi ilə Qafqaz Müsəlmanları İdarəsinə müvafiq ölkələrdə nümayəndəliklərini yaratması təklif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti