AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN QƏRARI
Qəbul edildiyi tarix: 11.07.2011
Qeydiyyat nömrəsi: 111
Adı: Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 740
Qüvvəyə minmə tarixi: 01.01.1900
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 120.120.150
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14201107110111
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 11.07.2011


"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına tapşırılsın ki, yanacaqdoldurma məntəqələrində tətbiq olunması üçün xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilən, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən nəzarət-kassa aparatlarının Dövlət reyestrinə daxil edilməsini təmin etsin.

2. Müəyyən edilsin ki, bu qərar qüvvəyə minənədək yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatları 2012-ci il yanvarın 1-dək onların istehlakçıları tərəfindən Dövlət reyestrinə daxil edilmiş yeni nəzarət-kassa aparatları ilə əvəz olunur.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yanacaqdoldurma məntəqələrində yalnız bu qərarın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla, Dövlət reyestrinə daxil edilmiş nəzarət-kassa aparatlarının tətbiqini təmin etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ