AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN QƏRARI
Qəbul edildiyi tarix: 12.07.2011
Qeydiyyat nömrəsi: 112
Adı: ״Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası״nın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 741
Qüvvəyə minmə tarixi: 12.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 380.070.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14201107120112
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 13.07.2011


"Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 895-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 noyabr tarixli 184 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydada göstərilən maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının Prokurorluğuna Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi

 

Q A Y D A S I

 

1. Bu Qayda "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 895-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 noyabr tarixli 184 nömrəli Fərmanına əsasən hazırlanmışdır və prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləğini və verilməsi qaydasını müəyyən edir.

2. Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir:

2.1. Bakı şəhərində - 47 manat;

2.2. başqa şəhər və rayon mərkəzlərində - 33 manat;

2.3. digər yaşayış məntəqələrində - 27 manat.

3. Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

3.1. prokurorluq işçisinin ərizəsi (təqriri);

3.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələri tərəfindən prokurorluq işçisinin qulluq etdiyi müvafiq prokurorluq orqanının yerləşdiyi ərazidə onun mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış;

3.3. müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd;

3.4. xidmət yeri üzrə mənzillə (yaşayış sahəsi ilə) təmin olunub-olunmaması barədə arayış.

4. Yeni xidmət yerinə gəlmiş prokurorluq işçisi kirayədə yaşaması barədə ərizə ilə (təqrirlə) müraciət etdikdən sonra bu Qaydanın 3-cü hissəsində göstərilən sənədləri təqdim etməlidir. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyinolunma günündən tez olmayaraq, prokurorluq işçisinin qulluq etdiyi prokurorluq orqanının rəhbərinin müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir.

5. Yuxarıda qeyd edilən sənədlər hər il yenidən toplanaraq, prokurorluq orqanının maliyyə qurumuna təqdim edilməlidir.

6. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası prokurorluq işçisinin kirayə üçün faktiki ödədiyi haqq məbləğində, lakin bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdən artıq olmamaq şərtilə ödənilir.

7. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xidməti mənzillə (digər yaşayış sahəsi ilə) təmin edilmiş prokurorluq işçilərinə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilmir.