AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

08.10.2018

Qeydiyyat nömrəsi

1851100006

Adı

İnvestisiya fondlarının kənar auditorlarına dair tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

17.10.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201810080006

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.10.2018

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1. “İnvestisiya fondlarının kənar auditorlarına dair tələblər haqqında Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

İbrahim Alışov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar ¹ 1851100006

 

“08” oktyabr 2018-ci il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

 

______________________

İbrahim Alışov

 

İnvestisiya fondlarının kənar auditorlarına dair tələblər haqqında

Qaydalar

 

1.      Ümumi müddəalar

 

Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən hazırlanmışdır və investisiya fondlarının və investisiya fondlarının idarəçilərinin kənar auditorlarına dair tələbləri müəyyən edir.

 

2.      Anlayışlar

 

2.1.           Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1.     kənar audit – “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsində göstərilən məsələlərin yoxlanması və qiymətləndirilməsi;

2.1.2.     kənar auditor – investisiya fondlarında və investisiya fondlarının idarəçilərində kənar auditi həyata keçirən auditor təşkilatı;

2.1.3.     mütəxəssis – kənar auditorla əmək müqaviləsi əsasında işləyən işçi;

2.1.4.     audit subyekti – kənar auditor tərəfindən yoxlanılan səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi;

2.1.5.     məsul işçi – kənar audit olunan məsələlərə dair qərarları müəyyənləşdirmək imkanı olan işçi;

2.1.6.     aidiyyəti olan şəxs – “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsində nəzərdə tutulan şəxs;

2.1.7.     beynəlxalq mühasiblik dərəcəsi – İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən verilən Sertifikatlaşdırılmış Diplomlu Mühasib, Amerikanın Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA) tərəfindən verilən Sertifikatlaşdırılmış İctimai Mühasib (CPA) dərəcəsi və ya bu dərəcələrə bərabər tutulan digər beynəlxalq dərəcələr;

2.1.8.     Məktub-öhdəlik – kənar auditor yoxlamasının şərtlərini, o cümlədən məqsədi və həcmini, kənar auditorun audit subyektləri qarşısında və audit subyektlərinin kənar auditor qarşısında öhdəliklərini özündə əks etdirən yazılı sənəddir.

2.1.9.     Beynəlxalq Audit Standartları (bundan sonra - “BAS”) - Beynəlxalq Mühasiblər Federasiyasının (bundan sonra - “BMF”) komitəsi olan Beynəlxalq Audit və Təsdiqləmə Standartları üzrə Şurası tərəfindən hazırlanmış keçmiş dövrü əhatə edən maliyyə məlumatlarının yoxlanılması üçün istifadə olunan standartlardır. Bu Qaydaların məqsədi üçün BMF-in dərc etdirdiyi aşağıdakı sənədlər bundan sonra birlikdə “BAS” adlandırılacaqdır:

2.1.9.1.         Peşəkar mühasiblər üçün Etika Məcəlləsi;

2.1.9.2.         Təsdiqləmə Fəaliyyət Növləri üzrə Beynəlxalq Prinsiplər;

2.1.9.3.         Keyfiyyətə Nəzarət üzrə Beynəlxalq Standartlar;

2.1.9.4.         Beynəlxalq Audit Standartları;

2.1.9.5.         Audit Fəaliyyəti üzrə Beynəlxalq Bəyanatlar.

2.1.10. müstəqil fikir – peşəkar mülahizəyə təsir göstərə biləcək amillərdən azad fikir bildirmək və şəxsin düzgün, obyektiv olmaq, habelə ehtiyatla hərəkət etmək bacarığıdır;

2.1.11. müstəqil görüntü – müvafiq məlumatı olan üçüncü tərəfin kənar auditorun düzgünlüyü, obyektivliyi, həmçinin peşəkarlığı baxımından etibardan düşməsi qənaətinə gəlməsinə səbəb ola bilən mühüm faktların və şərtlərin olmamasıdır.

 

3.      Kənar auditora dair tələblər

 

3.1.           Audit subyektlərinin kənar auditoru aşağıdakı tələblərə cavab verməlidir:

3.1.1.     Qanuna uyğun olaraq auditor fəaliyyəti üçün verilən icazəyə malik olmalıdır;

3.1.2.     audit subyektlərinə aidiyyəti olan şəxs olmamalıdır;

3.1.3.      aşağıdakı tələblərə cavab verən ən azı iki mütəxəssisi olmalıdır:

3.1.3.1.    beynəlxalq mühasiblik dərəcəsinə sahib olmalıdır;

3.1.3.2.    audit fəaliyyəti üzrə azı 3 (üç) il iş təcrübəsinə sahib olmalıdır.

3.2.           Kənar auditor öz yoxlamasını audit subyektlərindən və onların səhmdarlarından, o cümlədən mühüm iştirak payına sahib olan səhmdarlarından asılı olmadan müstəqil aparmalıdır.

3.3.           Kənar auditorun müstəqilliyi onun mütəxəssislərinin müstəqil fikrinə və müstəqil görüntüsünə əsaslanmalıdır.

3.4.           Kənar auditor öz yoxlamasını BAS-lərin tələblərinə müvafiq olaraq aparmalıdır.

3.5.           Kənar auditorun müstəqilliyi aşağıdakı təhlükələrin ona mühüm dərəcədə təsir göstərdiyi təqdirdə və bu təhlükələri qəbul oluna biləcək səviyyəyə endirmək mümkün olmadığı hallarda itirilmiş hesab olunur:

3.5.1.     şəxsi mənafeyi güdmə təhlükəsi – kənar auditorun audit subyektlərində maliyyə maraqlarından və ya həmin audit subyektlərinin maraqlarına zidd olmasından faydalana biləcəyi təqdirdə əmələ gəlir;

3.5.2.     özünü yoxlama təhlükəsi – audit yoxlamasının nəticələrini əldə etmək üçün əvvəlki nəticələri və mülahizələri yenidən qiymətləndirmək lazım gəldikdə və ya mütəxəssisin keçmişdə audit subyektlərinin məsul işçisi olduqda yaranır;

3.5.3.     təşviq etmə təhlükəsi – audit subyektlərinə qarşı mövqeyin və ya həmin audit subyektləri haqqında rəyin obyektivliyini təhlükə qarşısında qoyan kənar auditorun təşviqedici fəaliyyəti nəticəsində yaranır;

3.5.4.     yaxınlıq təhlükəsi – audit subyektləri, onların işçiləri və ya audit subyektlərinə aidiyyəti olan şəxslər ilə yaranmış yaxın münasibətlər maraqlar münaqişəsinə səbəb olduqda yaranır;

3.5.5.     hədələnmə təhlükəsi – audit subyektlərinə aidiyyəti olan şəxslər və ya audit subyektlərinin işçiləri tərəfindən kənar auditor hədə-qorxulara məruz qaldıqda və ya məruz qalacağı güman edildikdə onun obyektivliyinin itirilməsinə səbəb olacağı təqdirdə yaranır.

 

4.      Kənar auditorun seçilməsi və əvəz edilməsi

 

4.1.           Audit subyekti audit yoxlamasını həyata keçirmək üçün kənar auditorla yazılı müqavilə bağlayır və bu barədə müqavilənin imzalandığı tarixdən sonrakı 30 (otuz) gün ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verir.

4.2.           Bu Qaydaların 4.1-ci bəndində göstərilən müqavilə imzalandıqdan sonra, BAS əsasında hazırlanmış “Məktub-öhdəlik” auditor tərəfindən audit subyektinə göndərilməli və məktubun alınması müvafiq olaraq audit subyekti tərəfindən təsdiqlənməlidir.

4.3.           Audit subyektlərinin fəaliyyəti müddətində audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditor dəyişdikdə audit subyektləri bu barədə, həmçinin dəyişdirilmə səbəblərini və yeni seçilmiş kənar auditorun bu Qaydaların 3-cü hissəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi haqqında məlumatları kənar auditorun dəyişdirildiyi tarixdən 30 (otuz) gün ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir.

4.4.           Audit subyektlərinin fəaliyyəti müddətində audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditorun dəyişdirilməsi maliyyə ili bitənədək ən geci 90 (doxsan) gün qalmış həyata keçirilə bilər.

4.5.           Eyni auditor təşkilatı tərəfindən audit subyektinin kənar auditi ardıcıl 5 (beş) ildən çox müddətə həyata keçirilə bilməz.