AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

08.10.2018

Qeydiyyat nömrəsi

1851100008

Adı

İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında Qaydalar”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

20.10.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201810080008

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.10.2018

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

Q Ə R A R A  A L I R:

 

1. “İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

İbrahim Alışov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar ¹ 1851100008

 

“08” oktyabr 2018-ci il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

 

______________________

İbrahim Alışov

 

İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında

Qaydalar

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununun 5.7-ci, 10.6-cı, 16.3-cü və 34.5-ci maddələrinə müvafiq olaraq hazırlanmışdır və investisiya fondunun kapitalının formalaşdırılması, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. İƏİT ölkələri – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdir;

1.2.2. pul vəsaitləri – nağd pul vəsaitləri, həmçinin tələb olunanadək əmanət və depozitlərdir;

1.2.3. pul bazarı alətləri – tədavül müddəti bir ilədək olan qiymətli kağızlardır (istiqrazlar, notlar, depozit sertifikatları);

1.2.4. yüksək dərəcəli kredit reytinqi – ən azı “AA-” (“Standard&Poor’s” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Aa3” (“Moody’s” reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan uzunmüddətli kredit reytinqi dərəcəsidir;

1.2.5. investisiya dərəcəli kredit reytinqi – ən azı “BBB-” (“Standard&Poor’s” və “Fitch” reytinq agentliklərinin klasifikasiyasına görə), “Baa3” (“Moody’s” reytinq agentliyinin klasifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan uzunmüddətli kredit reytinqi dərəcəsidir;

1.2.6. kotirovka – qiymətli kağızların alınması, yaxud da satılması üçün hərrac iştirakçısının təklif etdiyi qiymətdir;

1.2.7. listinq – emitentin qiymətli kağızlarının fond birjasının kotirovka vərəqələrinə daxil edilməsi prosedurudur;

1.2.8. kotirovka vərəqəsi – listinq prosedurunu keçmiş qiymətli kağızların (qiyməti və rekvizitləri də göstərilməklə) siyahısıdır;

1.2.9. indeks – tərkibinə daxil olan qiymətli kağızların orta ölçülmüş kapitallaşması nəzərə alınmaqla hesablanan göstəricidir;

1.2.10. korporativ qiymətli kağızlar – kommersiya təşkilatları, habelə paylı investisiya fondları tərəfindən emissiya edilən qiymətli kağızlardır.

 

2. İnvestisiya fondunun və idarəçinin fəaliyyətinə dair əsas tələblər

 

2.1. Səhmdar investisiya fondunun nizamnamə kapitalının və paylı investisiya fondunun formalaşdırılmasının baş tutmuş hesab edilməsi üçün yetərli olan kapitalın minimum məbləği 500.000 (beş yüz min) AZN həcmində müəyyən edilir.

2.2. Səhmdar investisiya fondunun nizamnamə kapitalının ödənilməsi yalnız pul vəsaitləri ilə həyata keçirilir.

2.3. Səhmdar investisiya fondunun nizamnamə kapitalının formalaşdırılması və ya artırılması zamanı səhmlərinin yerləşdirilməsindən daxil olmuş pul vəsaitləri depozitarda açılmış xüsusi hesabda yığılır. Bu vəsaitlər səhmlərin emissiyasının yekunları haqqında hesabat təsdiq edilənədək yalnız banklarda depozit şəklində və ya qısamüddətli dövlət qiymətli kağızlarına yerləşdirilir.

2.4. Emissiyanın yekunları haqqında hesabat təsdiq edildikdən sonra həmin vəsaitlər fondun investisiya bəyannaməsinə uyğun yerləşdirilir.

2.5. Səhmdar investisiya fondunun nizamnamə kapitalının formalaşdırılması və dəyişdirilməsinə dair digər məsələlər səhmdar cəmiyyətlərinə dair müvafiq normativ hüquqi və normativ xarakterli aktlarla tənzimlənir.

2.6. İnvestisiya fondlarının idarə edilməsini həyata keçirən hüquqi şəxsin (bundan sonra – idarəçi) nizamnamə kapitalının minimum məbləği 125.000 (yüz iyirmi beş min) AZN həcmində müəyyən edilir. İdarəçinin idarəetməsində olan aktivlərin həcmi 10.000.000 (on milyon) manatdan artıq olduqda, idarəçi həmin məbləğdən hər bir 200.000 (iki yüz min) manata görə öz məcmu kapitalını artırılan məbləğin 0.625 faiz həcmində artırmalıdır. Məcmu kapitalın artırılan hissəsi 2.000.000 (iki milyon) manata çatdıqda məcmu kapitalın artırılması tələb olunmur.

2.7. İnvestisiya fondlarının idarəedilməsi üzrə fəaliyyəti həyata keçirən hüquqi şəxslərin ştatında azı 3 (üç) nəfər investisiya fondlarının idarəedilməsi üzrə fəaliyyətini həyata keçirməsi ilə bağlı ixtisas şəhadətnaməsinə malik olmalıdır.

2.8. İnvestisiya fondunun idarəedilməsi ilə bağlı xərcləri illik olaraq fondun aktivlərinin 5%-dan artıq ola bilməz.

2.9. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən müəyyən edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməkdə, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlər (ərazilər) Siyahısı”nda qeyd edilən offşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri belə zonalarda qeydiyyata alınmış şəxslər səhmdar investisiya fondunun və idarəçinin təsisçiləri və ya səhmdarları ola bilməzlər.

 

3. İnvestisiya fondunun aktivlərinin tərkibinə dair tələblər

 

3.1. İnvestisiya fondunun adında və investisiya bəyannaməsində aktivlərin tərkibindən asılı olaraq hansı qrupa aid olduğu göstərilməlidir.

3.2. İnvestisiya fondları aktivlərinin tərkibinə əsasən aşağıdakı qruplara bölünürlər:

3.2.1. borc alətləri investisiya fondları;

3.2.2. sərmayə investisiya fondları;

3.2.3. qarışıq investisiya fondları;

3.2.4. daşınmaz əmlak investisiya fondları;

3.2.5. indeks investisiya fondları.

3.3. Borc alətləri investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxildir:

3.3.1. pul vəsaitləri;

3.3.2. bank depozitləri;

3.3.3. dövlət qiymətli kağızları;

3.3.4. bələdiyyə qiymətli kağızları;

3.3.5. korporativ istiqrazlar.

3.4. Sərmayə investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxildir:

3.4.1. pul vəsaitləri;

3.4.2. bank depozitləri;

3.4.3. səhmlər;

3.4.4. baza aktivi səhm olan törəmə maliyyə alətləri;

3.4.5. açıq və interval paylı investisiya fondlarının payları;

3.4.6. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.

3.5. Qarışıq investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxildir:

3.5.1. pul vəsaitləri;

3.5.2. bank depozitləri;

3.5.3. dövlət qiymətli kağızları;

3.5.4. bələdiyyə qiymətli kağızları;

3.5.5. korporativ istiqrazlar;

3.5.6. səhmlər;

3.5.7. törəmə maliyyə alətləri;

3.5.8. açıq və interval paylı investisiya fondlarının payları.

3.6. Daşınmaz əmlak investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxildir:

3.6.1. bank depozitləri;

3.6.2. dövlət qiymətli kağızları;

3.6.3.bələdiyyə qiymətli kağızları;

3.6.4. daşınmaz əmlak;

3.6.5. baza aktivi daşınmaz əmlak olan törəmə maliyyə alətləri;

3.6.6. investisiya fondlarının payları.

3.7. İndeks investisiya fondlarının aktivlərinin tərkibinə aşağıdakılar daxildir:

3.7.1. pul vəsaitləri;

3.7.2. bank depozitləri;

3.7.3. indeksin hesablama bazasına daxil olan qiymətli kağızlar.

3.8. Açıq paylı investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edir:

3.8.1. pul vəsaitləri;

3.8.2. qısamüddətli bank depozitləri;

3.8.3. Azərbaycan Respublikasının və İƏİT ərazisində fəaliyyət göstərən fond birjalarında ticarət olunan pul bazarı alətləri;

3.8.4. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fond birjalarında birinci dərəcəli kotirovka vərəqələrinə daxil edilmiş qiymətli kağızlar;

3.8.5. yüksək dərəcəli kredit reytinqinə malik olan və İƏİT ölkələrinin ərazisində fəaliyyət göstərən fond birjalarında listinqə daxil edilmiş emitentlərin qiymətli kağızları.

3.9. İnterval paylı investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edir:

3.9.1. pul vəsaitləri;

3.9.2. qısa və ortamüddətli bank depozitləri;

3.9.3. Azərbaycan Respublikasının və İƏİT ölkələrinin dövlət və bələdiyyə qiymətli kağızları;

3.9.4. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fond birjalarında listinqinə daxil edilmiş emitentlər tərəfindən emissiya edilmiş qiymətli kağızlar;

3.9.5. investisiya dərəcəli kredit reytinqinə malik olan və İƏİT ölkələrinin ərazisində fəaliyyət göstərən fond birjalarında listinqə daxil edilmiş emitentlərin qiymətli kağızları.

3.10. Qapalı paylı investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edir:

3.10.1. pul vəsaitləri;

3.10.2. bank depozitləri;

3.10.3. dövlət və bələdiyyə qiymətli kağızları;

3.10.4. korporativ qiymətli kağızlar;

3.10.5. daşınmaz əmlak;

3.10.6. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.

3.11. Səhmdar investisiya fondları aktivlərinin tərkibinə görə hansı qrupa aid olduğundan asılı olmayaraq aşağıdakılara investisiya edir:

3.11.1. pul vəsaitləri;

3.11.2. bank depozitləri;

3.11.3. dövlət və bələdiyyə qiymətli kağızları;

3.11.4. korporativ qiymətli kağızlar;

3.11.5. daşınmaz əmlak;

3.11.6. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.

 

4. İnvestisiya fondlarının aktivlərinin strukturuna dair tələblər

 

4.1. Borc alətləri investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:

4.1.1. bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 25%-dən artıq olmamalı;

4.1.2. bir emitentin istiqrazlarının (dövlət qiymətli kağızları istisna olmaqla) həcmi fondun aktivlərinin 10%-dən artıq olmamalı;

4.1.3. emitentin bir istiqraz buraxılışının 50%-dən artıq hissəsinə sahib olmamalı;

4.1.4 pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalıdır.

4.2. Sərmayə investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:

4.2.1. bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 10%-dən artıq olmamalı;

4.2.2. paylı investisiya fondlarının investisiya paylarının həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalı;

4.2.3. pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalı;

4.2.4. Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən fond birjalarında listinqdən keçmiş səhmlərin məbləği fondun aktivlərinin 70%-dən artıq olmamalıdır.

4.3. Qarışıq investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:

4.3.1. bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 25%-dən artıq olmamalı;

4.3.2. fondun aktivinə daxil olan səhmlərin həcmi fondun aktivlərinin 40%-dən artıq olmamalı;

4.3.3. fondun aktivinə daxil olan korporativ istiqrazların həcmi fondun aktivlərinin 40%-dən artıq olmamalı;

4.3.4. fondun aktivinə daxil olan investisiya fondlarının paylarının həcmi fondun aktivlərinin 40%-dən artıq olmamalı;

4.3.5. fondun aktivinə daxil olan törəmə maliyyə alətlərinin həcmi fondun aktivlərinin 20%-dən artıq olmamalı;

4.3.6. bir emitent tərəfindən emissiya edilmiş qiymətli kağızların fondun aktivlərindəki ümumi həcmi (dövlət qiymətli kağızları istisna olmaqla) fondun aktivlərinin 10%-dən artıq olmamalı;

4.3.7. müddətli depozitlərin, dövlət qiymətli kağızların və bələdiyyə qiymətli kağızların ümumi məbləği fondun aktivlərinin 40%-dən artıq olmamalı;

4.3.8. emitentin nizamnamə kapitalındakı fondun iştirak payı 10%-dən artıq olmamalı;

4.3.9. emitentin bir istiqraz buraxılışının 50%-dən artıq hissəsinə sahib olmamalı;

4.3.10. paylı investisiya fondlarının investisiya paylarının həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalı;

4.3.11. pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalıdır.

4.4. Daşınmaz əmlak investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:

4.4.1. bir kredit təşkilatında depozit olunmuş pul vəsaitlərinin həcmi fondun aktivlərinin 25%-dən artıq olmamalı;

4.4.2. müddətli depozitlərin, dövlət qiymətli kağızlarının və bələdiyyə qiymətli kağızlarının ümumi məbləği fondun aktivlərinin 40%-dən artıq olmamalı;

4.4.3. paylı investisiya fondlarının investisiya paylarının sayı həmin fondun investisiya paylarının 30%-dən artıq olmamalı;

4.4.4. pul vəsaitlərinin həcmi fondun aktivlərinin 30%-dən artıq olmamalıdır.

4.5. İndeks investisiya fondları qrupuna aid olan investisiya fondlarının aktivlərinin strukturu bir təqvim ayının iş günlərinin azı üçdə ikisində aşağıdakı tələblərə cavab verməlidir:

4.5.1. bir qiymətli kağızın fondun aktivlərindəki payı ilə həmin qiymətli kağızın investisiya bəyannaməsi ilə müəyyən olunmuş indeksdəki payı arasındakı fərq 3%-dən artıq olmamalı;

4.5.2. pul vəsaitlərinin həcmi fondun aktivlərinin 20%-dən artıq olmamalıdır;

4.6. İnvestisiya fondunun (indeks investisiya fondları istisna olmaqla) aktivlərinin ən azı 25%-i Azərbaycan Respublikasının ərazisində yatırılmalıdır.

 

5. İnvestisiya fondunun xalis aktivlərinin, habelə payın (səhmin) cari (geri alınma) dəyərinin hesablanmasına dair tələblər

 

5.1. Paylı fondun formalaşdırılması müddəti başa çatdıqdan sonra xalis aktivlərin dəyərinin hesablanması və bu barədə məlumatın açıqlanması aşağıdakı qaydada həyata keçirilir:

5.1.1. açıq paylı investisiya fondları üzrə – həftədə azı bir dəfə, payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa çatdığı gün;

5.1.2. interval paylı investisiya fondları üzrə – ayda bir dəfə, habelə payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa çatdığı gün;

5.1.3. qapalı paylı investisiya fondları üzrə – fondun qaydalarına uyğun olaraq, fondun qaydalarına əlavə və dəyişikliklər edilməsi və ya fondun ləğvi ilə bağlı payların geri satın alınması halında isə, müvafiq sifarişlərin qəbulunun başlandığı gün.

5.2. Səhmdar investisiya fondunun səhmlərinin geri satın alınması ilə bağlı elan verilməzdən əvvəl səhmdar investisiya fondu və ya idarəçi həmin səhmlərin geri alınma qiymətini hesablamalıdır.

5.3.İnvestisiya fondunun xalis aktivlərinin dəyəri aşağıdakı düsturla hesablanır:

 http://www.huquqiaktlar.gov.az/repo.aspx?id=58728

 

NAV – xalis aktivlərin dəyəri;

Ai investisiya fondunun idarəetmədə olan hər bir aktivinin hesablanmış dəyəri;

Li investisiya fondunun idarəetmə ilə bağlı hər bir öhdəliyinin hesablanmış dəyəri;

l – investisiya fondun aktivlərinin ümumi sayı;

m – investisiya fondunun öhdəliklərinin ümumi sayı.

5.4. İnvestisiya fondunun bir payının cari dəyəri və ya bir səhminin geri satın alınma dəyəri aşağıdakı düsturla hesablanır:

 

http://www.huquqiaktlar.gov.az/repo.aspx?id=58729

 

NAVtinvestisiya fondunun xalis aktivlərin hesablanma vaxtına olan (cari) dəyəri;

CVtinvestisiya fondun bir payının cari dəyəri və ya bir səhminin geri alınma dəyəri;

ntemissiya edilmiş payların (səhmlərin) cari sayı;

t –investisiya fondunun xalis aktivlərinin və bir payının (səhminin) dəyərinin hesablanması vaxtı.

 

6. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinin sadələşdirilmiş formasına dair tələblər

 

6.1. Səhmdar investisiya fondlarının investisiya bəyannaməsinin sadələşdirilmiş formasında aşağıdakı məlumatlar olmalıdır:

6.1.1. investisiya fondunun, idarəçinin, depozitarın və auditorun tam adı, lisenziyasının rekvizitləri və yerləşdiyi ünvan;

6.1.2. qiymətləndiricinin tam adı və yerləşdiyi ünvan;

6.1.3. investisiya fondunun investisiya sahələri və aktivlərinin diversifikasiyası şərtləri;

6.1.4. müştərinin və fondun aktivləri hesabına ödəniləcək müxtəlif mükafatlar, xərclər və xidmət haqları haqda məlumat və onların maksimum həcmi;

6.1.5. dividendlərin ödənilməsi qaydası;

6.1.6. investisiya bəyannaməsinin və fondun fəaliyyətinə dair digər məlumatların əldə ediləcəyi mənbə.

 

7. Risklər haqqında xəbərdarlıq sənədinə dair tələblər

 

7.1. İdarəçi, səhmdar investisiya fondu, yaxud payların və səhmlərin satışını həyata keçirən şəxs investorlara risklər haqqında xəbərdarlıq sənədini təqdim edir və investorlara bu sənədlə tanış olub imzaladıqdan sonra payların və ya səhmlərin satışını həyata keçirir.

7.2. İnvestisiya fondlarının “Risklər haqqında Xəbərdarlıq” sənədində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

7.2.1. aşağıdakı məzmunda mətn:

“İnvestisiya fondlarına kapital qoyuluşu təminatlı gəlirlər vəd etmir. Sizin ilkin kapitalınızın və sonradan əldə etdiyiniz gəlirinizin, fonddan çıxdığınız zaman xalis aktivlərin bir paya/səhmə düşən miqdarından asılı olaraq, bir hissəsi və ya hamısı itirilə bilər.”;

7.2.2. investisiya fondun buraxdığı pay və ya səhmlərin cari dəyərinin hesablanması qaydası;

7.2.3. müştərinin investisiya fondunun buraxdığı pay və ya səhmləri əldə etməklə məruz qalacağı risklərin növləri haqqında məlumat:

7.2.3.1. faiz dərəcəsi riski - faiz dərəcəsinin dəyişməsi nəticəsində fondun aktivlərinin dəyərində olan dəyişmələr vasitəsilə itkilərə məruz qalması;

7.2.3.2. ümumi bazar riski - qiymətli kağızların qiymətinin dəyişməsi nəticəsində investisiya portfelinin dəyərinin azalması və investorların itki riski;

7.2.3.3. likvidlik riski - investorların investisiya fondlarının qeyri-likvid alətlərə investisiyasından əmələ gələn və pula çevrilməsi zamanı məhdudiyyətlər və itkilərə məruz qalması halı;

7.2.3.4. kredit/defolt riski - investisiya fondlarının əməliyyat apardığı tərəflərin defolt etməsi və öhdəliklərini yerinə yetirməməsindən əmələ gələn investor riskləri;

7.2.3.5. reinvestisiya riski - fondların investisiya etdiyi qiymətli kağızların tədavül müddətinin başa çatması nəticəsində digər alətlərə etdiyi investisiyalardan daha az gəlir əldə etməsi nəticəsində investorların nisbi itki riski;

7.2.3.6. xarici valyuta riski - investorların xarici valyuta məzənnələrində olan dəyişmələr nəticəsində itkilərə məruz qalması halı;

7.2.3.7. ölkə riski - hər hansı ölkənin sosial, siyasi və ya iqtisadi vəziyyətinin dəyişməsi ilə əlaqədar həmin ölkənin qiymətli kağızlarının dəyərinin kəskin dəyişməsi nəticəsində investorların məruz qalacağı risklər;

7.2.4. müştərinin məruz qalacağı risklərlə bağlı digər məlumatlar.