AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 29.09.2011
Qeydiyyat nömrəsi: 2-N
Adı: Ədliyyə Akademiyasına və Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulun tənzimlənməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 04.10.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 380.030.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 15201109290002
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 03.10.2011


Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri normativ hüquqi aktlar qəbul edilərək keçən müddətdə mütəmadi olaraq müsabiqə və müsahibələr keçirilmiş, 2009-cu ildən peşə fəaliyyətinə buraxılmaq məqsədilə icbari təlim institutu tətbiq edilməyə başlanılmış və qulluğa qəbul olunmuş yüzlərlə gənc mütəxəssis bu gün ədliyyə orqanlarının müxtəlif sahələrində çalışırlar.

Eyni zamanda Ədliyyə Akademiyasının Nizamnaməsi və strukturu müəyyən olunduqdan sonra əvvəllər Hüquq Tədris Mərkəzində çalışan əməkdaşların tərkibi təhlil edilmiş və yüksək peşəkarlıq tələblərinə cavab verən işçilər Akademiyada qulluğa qəbul olunmuşlar. Bununla yanaşı bu qurumun kadr potensialının möhkəmləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinə keçirilən müsabiqələrdə uğur qazanmış və peşə fəaliyyətinə buraxılmış gənclərdən bir qismi Müsabiqə Komissiyasının tövsiyələrinə əsasən Ədliyyə Akademiyasına stajor təyin olunmuşdur.

Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinə zəruri biliklərə malik mütəxəssislərin işə qəbulu məqsədi ilə Mərkəzdə müvəqqəti Komissiya yaradılmış və ötən dövrdə namizədlər müsabiqə əsasında qulluğa qəbul edilmişlər.

«Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Qanunun və «Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə»nin, digər qanunvericilik aktlarının tələbləri əsasında və təcrübədən yaranan məsələlər əhatə olunmaqla Ədliyyə Akademiyasına və Məhkəmə Ekspertizası Mərkəzinə qəbul qaydalarının layihələri hazırlanmış, Nazirliyin aidiyyəti struktur qurumlarında müzakirə edilib təkmilləşdirilmişdir.

«Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Qanuna, «Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə»yə və Ədliyyə Nazirliyi haqqında Əsasnaməyə uyğun olaraq Ədliyyə Akademiyasına və Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul məsələlərini tənzimləmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları» və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları» təsdiq edilsin (Əlavə № 1 və № 2).

2. Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul üzrə Müsabiqə Komissiyasının tərkibi təsdiq edilsin (Əlavə № 3).

3. Ədliyyə Akademiyasının Elmi Şurasının və Müsabiqə Komissiyasının tərkibi barədə təxirəsalınmadan təkliflər verilsin (T.Musayev, İ.Abbasov).

4. Ədliyyə Akademiyasında və Məhkəmə Ekspertizası Mərkəzində vakant ştat vahidlərinin yeni Qaydalar əsasında layiqli kadrlarla komplektləşdirilməsi təmin edilsin (R.Məhərrəmov, İ.Abbasov, F.Cavadov).

5. Həmin qurumların kadr xidmətlərinə əməli və metodiki köməklik gücləndirilsin, qulluğa qəbulla bağlı işin təşkili və aparılması vəziyyəti mütəmadi öyrənilməklə nəzarətdə saxlanılsın (R.Məhərrəmov).

6. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

7. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29.09.2011-ci il tarixli 2-N nömrəli Qərarına Əlavə №1

 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına

qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin

və müsahibənin keçirilməsi

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.10-cu bəndinin tələblərinə uyğun hazırlanmışdır və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında (bundan sonra – Akademiya) qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsabiqənin və müsahibənin keçirilməsinə dair məsələləri tənzimləyir.

1.2. Akademiyada ali hüquq təhsili tələb olunan vəzifələrə (fakültə dekanı, kafedra müdiri və elmi-tədqiqat şöbəsinin rəhbəri vəzifələri, həmçinin elmi və professor-müəllim heyəti istisna olmaqla) qulluğa qəbul olunmaq arzusunda olan hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, vəzifəyə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə onunla aşkarlıq şəraitində şəffaf üsullarla ixtisas imtahanı (test üsulu) və söhbətdən ibarət müsabiqə keçirilir.

1.3. Akademiyada fakültə dekanı, kafedra müdiri və elmi-tədqiqat şöbəsinin rəhbəri vəzifələrinə namizədlər müsabiqə yolu ilə seçilirlər.

1.4. Elmi və professor-müəllim heyəti vəzifələrinə işçilərin qəbulu əmək qanunvericiliyinə əsasən müsabiqə əsasında həyata keçirilir.

1.5. Bu Qaydaların 1.3-cü və 1.4-cü bəndlərində göstərilən vəzifələr istisna olmaqla digər ali təhsil tələb olunan vəzifələrə işə qəbul olunmaq arzusunda olan namizədlərlə müsahibə keçirilir.

1.6. Akademiyada müvafiq vakant ştat vahidləri olduqda, qulluğa qəbul ilə əlaqədar kütləvi informasiya vasitələrində və internet saytda elan verilir.

1.7. Akademiyada ali təhsil tələb olunmayan vəzifələr üzrə işə qəbul qaydaları digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

 

2. Sənədlərin qəbulu, müsabiqə, müsahibə və seçkilərin keçirilməsi və yekunlaşdırılması

 

2.1. Müsabiqə və müsahibənin keçirilməsi, namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Akademiyada azı 5 nəfərdən ibarət Müsabiqə Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Komissiyanın tərkibi sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla rektorun təqdimatı əsasında Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq edilir.

2.2. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən bu Komissiyanın tərkibinə daxil edilə bilər. İş yerini dəyişmiş üzvlərin səlahiyyətinə yenidən baxılır.

2.3. Komissiyanın işinə müvafiq sahələr üzrə alim və digər mütəxəssislər  cəlb edilə bilərlər.

2.4. Komissiyanın iş qaydası, üzvlərinin hüquq və vəzifələri, həmçinin bu Qaydaların 1.2-ci və 1.5-ci bəndlərində göstərilən şəxslərin sənədlərinin qəbulu, onlarla müsabiqə və müsahibənin keçirilməsi və yekunlaşdırılması, namizədlərin təyinatlarına dair təkliflərin verilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 avqust 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na əsasən müəyyən edilir.

2.5. Fakültə dekanı, kafedra müdiri və elmi-tədqiqat şöbəsinin rəhbəri vəzifələrinə seçkilər, elmi və professor-müəllim heyəti vəzifələrinin tutulması üçün isə müsabiqə Ədliyyə Akademiyasının Nizamnaməsinin 11.4-cü və 11.5-ci bəndlərinə müvafiq olaraq Elmi Şura tərəfindən əmək qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 avqust 1996-cı il tarixli, 401 nömrəli əmri ilə təsdiq edilmiş “Ali Təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları” və “Ali Təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə uyğun qaydada həyata keçirilir.

2.6. Elmi ad və elmi dərəcələrə, vəzifənin profilinə uyğun ali təhsilə, pedaqoji təcrübəyə və əməli iş stajına malik şəxslər professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı üstünlüyə malikdirlər.

2.7. Müsabiqə və müsahibədən keçmiş namizədlər (kafedra müdiri və elmi-tədqiqat şöbəsinin rəhbəri vəzifələri, həmçinin elmi və professor-müəllim heyəti istisna olmaqla) peşə fəaliyyətinə buraxılması üçün Akademiyada icbari təlimə cəlb olunurlar və onlarla icbari təlimin yekunları üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada imtahan keçirilir.

2.8. Kafedra müdiri və elmi-tədqiqat şöbəsinin rəhbəri, həmçinin elmi və professor-müəllim heyəti vəzifələrinə müsabiqədən müvəffəqiyyətlə keçməklə ilk dəfə qulluğa qəbul edilmiş namizədlər ədliyyə orqanlarında peşə fəaliyyətinə buraxılmış hesab edilirlər.

 

3. Yekun müddəalar

 

3.1. Akademiyada ilk dəfə qulluğa qəbul edilən şəxslərin (kafedra müdiri və elmi-tədqiqat şöbəsinin rəhbəri vəzifələri, həmçinin elmi və professor-müəllim heyəti istisna olmaqla) stajorluq, sınaq keçmə və şəxsin ədliyyə orqanlarına daimi qulluğa qəbulu ilə bağlı məsələlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 25 iyul 2007-ci il tarixli 31-T nömrəli əmrlə təsdiq edilmiş “İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən şəxslərin stajorluq və sınaq keçmə Qaydaları” ilə tənzimlənir.

3.2. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən keçirilən müsabiqə və müsahibələrdə uğur qazanaraq icbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər Akademiyaya qulluğa müsabiqə və müsahibədən keçmədən qəbul olunurlar.

3.3. Müsabiqə və müsahibənin nəticələrindən razı olmayan namizədlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29.09.2011-ci il tarixli 2-N nömrəli Qərarına Əlavə №2

 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.10-cu bəndinin tələblərinə uyğun hazırlanmışdır və Məhkəmə ekspertizası mərkəzində (bundan sonra – Mərkəz) qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsahibənin keçirilməsinə dair məsələləri tənzimləyir.

1.2. Mərkəzin xüsusiyyətləri, həyata keçirdiyi özünəməxsus funksiyalar, o cümlədən elmin cürbəcür sahələri üzrə məhkəmə ekspertizalarının və tədqiqatların aparılması nəzərə alınaraq müxtəlif ixtisaslar üzrə ali təhsil tələb olunan vəzifələrə qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, vəzifəyə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə onlarla aşkarlıq şəraitində şəffaf üsullarla müsahibə keçirilir.

1.3. Mərkəzdə müvafiq vakant ştat vahidləri olduqda, qulluğa qəbul ilə əlaqədar kütləvi informasiya vasitələrində və internet saytda elan verilir.

1.4. Mərkəzdə ali təhsil tələb olunmayan vəzifələr üzrə işə qəbul qaydaları digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

1.5. Mərkəzin Naxçıvan Filialında qulluğa qəbul bu Qaydaların müvafiq müddəaları nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

 

2. Müsabiqə Komissiyası

 

2.1. Müsahibənin keçirilməsi, namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Mərkəzdə azı 5 nəfərdən ibarət Müsabiqə Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Komissiyanın tərkibi sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla Mərkəz rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq edilir.

2.2. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən bu Komissiyanın tərkibinə daxil edilə bilər. İş yerini dəyişmiş üzvlərin səlahiyyətinə yenidən baxılır.

2.3. Komissiyanın işinə müvafiq sahələr üzrə alim və digər mütəxəssislər  cəlb edilə bilərlər.

2.4. Komissiyanın iş qaydası, üzvlərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 avqust 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na əsasən müəyyən edilir.

 

3. Sənədlərin qəbulu, müsahibənin keçirilməsi və yekunlaşdırılması

 

3.1. Mərkəzə qulluğa qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulu, onlarla müsahibənin keçirilməsi və yekunlaşdırılması, namizədlərin təyinatlarına dair təkliflərin verilməsi “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

3.2. Həmçinin ekspert vəzifələrinə namizədlərlə müsahibə zamanı onların elmi-məntiqi təhlil və analiz aparmaq, məsələləri ən səmərəli metodlar seçməklə həll etmək qabiliyyətinə, texniki avadanlıqlardan istifadə etmək, tədqiqatlar aparmaq bacarığı və digər peşə keyfiyyətlərinə xüsusi diqqət yetirilir.

3.3. Müsahibədən keçmiş namizədlərin peşə fəaliyyətinə buraxılmaları məqsədi ilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilməsi məsələsi Komissiya tərəfindən həll edilir.

 

4. Yekun müddəalar

 

4.1. Peşə fəaliyyətinə buraxılması üçün icbari təlimi uğurla bitirmiş namizədlər bir illik stajorluq müddəti müəyyən edilməklə müvafiq vəzifələrə təyin edilirlər.

4.2. İlk dəfə Mərkəzdə ekspert vəzifələrinə qulluğa qəbul edilən şəxslərin xidməti vəzifələrini mənimsəməsi və hərtərəfli peşəkarlıq vərdişlərinə yiyələnməsini təmin etmək üçün stajorluq dövründə onlar məhkəmə eksperti ixtisası almaq məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 29.11.2012-ci il tarixli 24-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq müvafiq hazırlıq (təcrübə) keçirlər.

İşçinin təcrübə müddətinin sonunda Mərkəzin Ekspert-İxtisas Komissiyası tərəfindən bilik səviyyəsi qiymətləndirilir.

4.3. Stajorluq müddətini müvəffəqiyyətlə bitirmiş işçiyə qulluğa yaralılığını, peşəkarlığını və təyin edildiyi vəzifəyə uyğunluğunu müəyyən etmək üçün altı aylıq sınaq müddəti təyin olunur.

Stajorluq, sınaq keçmə və şəxsin ədliyyə orqanlarına daimi qulluğa qəbulu ilə bağlı məsələlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 25 iyul 2007-ci il tarixli 31-T nömrəli əmrlə təsdiq edilmiş “İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən şəxslərin stajorluq və sınaq keçmə Qaydaları” ilə tənzimlənir.

4.4. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən keçirilən müsabiqə və müsahibələrdə uğur qazanaraq icbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər Mərkəzdə qulluğa müsahibə keçmədən qəbul olunurlar.

4.5. Müsahibənin nəticələrindən razı olmayan namizədlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.            Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 noyabr 2012-ci il tarixli 25-N nömrəli Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201211290025, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 noyabr 2012-ci il)