AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 10.10.2011
Qeydiyyat nömrəsi: 01
Adı: “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 18.10.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.180.050
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 15201110100001
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 17.10.2011


Miqrasiya orqanlarına qulluğa qəbulun müsabiqə, müsahibə və şəffaflıq əsasında həyata keçirilməsi məsələlərini tənzimləmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.7-ci və 16.12-1-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 13-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

 

QƏRARA  ALIR:

 

1.  Dövlət Miqrasiya Xidməti rəisinin 2010-cu il 27 dekabr tarixli, 047 saylı Əmri qüvvədən düşmüş hesab edilsin.

2. “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün həmin akt qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

4. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları” Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

 

 

 

II dərəcəli dövlət miqrasiya

xidməti müşaviri

 

Arzu Rəhimov

 

 

 


Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin

10.10.2011 tarixli 01 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə (bundan sonra-Əsasnamə) və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun hazırlanmışdır və miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra — namizədlər) müsabiqənin və müsahibənin keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə və müsahibə keçirilir.

1.3. Miqrasiya orqanlarında vakant ştat vahidləri olduqda, qulluğa qəbul ilə əlaqədar kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (bundan sonra — Xidmət) rəsmi internet səhifəsində elan verilir.

1.4. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”na uyğun olaraq yoxlanılır.

1.5. Şəxslər orta və böyük (baş miqrasiya xidməti müşaviri və miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə müsabiqə, kiçik xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə isə müsahibə əsasında qəbul edilirlər.

1.6. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 8-ci bəndində göstərilən şəxslərlə yalnız söhbət aparılır.

1.7. Müsabiqədən və müsahibədən keçmiş namizədlər Xidmətin Təlim-tədris mərkəzində təlimə cəlb edilirlər.

1.8. Naxçıvan Muxtar Respublikasının ərazisində miqrasiya orqanlarına müvafiq vəzifəyə qulluğa qəbul bu Qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.

 

2. Müsabiqə və müsahibə komissiyaları

 

2.1. Müsabiqənin və müsahibənin keçirilməsi və namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Xidmətin aparatında sayı hər biri 5 nəfərdən ibarət müsabiqə və müsahibə komissiyaları (bundan sonra — komissiya) yaradılır. Komissiyanın tərkibi sədr, sədr müavini, katib və digər üzvlərdən ibarət olmaqla, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi (bundan sonra — Xidmət rəisi) tərəfindən təsdiq edilir.

2.2. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən bu komissiyanın tərkibinə daxil edilə bilərlər.

2.3. Komissiyanın işinə müvafiq sahələr üzrə alim, psixoloq və ekspertlər cəlb edilə bilərlər.

2.4. Komissiya üzvlərinin aşağıdakı hüquqları vardır:

2.4.1. komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;

2.4.2. komissiyanın iclasının aparılmasına dair fikirlərini bildirmək, suallar vermək;

2.4.3. komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq;

2.4.4. qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;

2.4.5. qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.

2.5. Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:

2.5.1. komissiyanın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;

2.5.2. komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;

2.5.3. komissiya üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;

2.5.4. komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək.

2.6. Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

2.6.1. ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edilərək, üç ayadək müddətdə sərəncamda olduqda;

2.6.2. öz arzusu ilə komissiya üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

2.6.3. miqrasiya orqanlarında qulluq keçməsinə xitam verildikdə;

2.6.4. bu Qaydaların 2.5-ci bəndində göstərilən vəzifələri icra etmədikdə;

2.6.5. vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;

2.6.6. vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqda.

2.7. Komissiyanın üzvləri başqa vəzifəyə keçirildikdə, onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsinə baxılır.

2.8. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş komissiya üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təyin edilir.

2.9. Komissiya öz fəaliyyətini iclaslar vasitəsi ilə həyata keçirir.

2.10. Komissiyanın iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.

2.11. Sədr olmadıqda komissiyanın iclaslarına sədr müavini, o, olmadıqda isə komissiya üzvlərindən biri sədrlik edir.

2.12. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir.

2.13. Komissiyanın işinə müdaxilə yolverilməzdir.

 

3. Sənədlərin qəbulu

 

3.1. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan, Əsasnamənin tələblərinə cavab verən şəxslər tərəfindən müsabiqədə iştirak etmək üçün bu Qaydalarla müəyyən edilmiş formada (elektron və ya kağız daşıyıcılar vasitəsilə) müraciət oluna bilər (1 nömrəli əlavə). İmtahandan müvəffəqiyyətlə çıxanlar və söhbətdə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim edirlər:

3.1.1. vahid forma üzrə ərizə (2 nömrəli əlavə);

3.1.2. kadrlar uçotunun şəxsi vərəqəsi;

3.1.3. tərcümeyi-hal;

3.1.4. müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

3.1.5. şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

3.1.6. əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

3.1.7. sağlamlıq barədə Xidmətin Tibb müəssisəsinin arayışı;

3.1.8. hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumundan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə müvafiq təsdiqedici sənəd;

3.1.9. 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.

3.1-1. Müsahibədə iştirak etmək istəyənlər bu Qaydaların 3.1.2-3.1.9-cu yarımbəndlərində qeyd olunan sənədlərlə yanaşı vahid forma üzrə ərizəni (2 nömrəli əlavə) təqdim etməlidirlər.

3.2. Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri də təqdim edə bilər.

3.3. Sənədlərin qəbulu Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi tərəfindən aparılır. Sənədlərin tamlığı, onların namizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyən edildikdən sonra ərizələrin qəbulu jurnalında qeydiyyata alınır.

3.4. Natamam və ya bu Qaydalara uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar izah olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər qəbul üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim oluna bilər.

3.5. Sənədlərin qəbulu yalnız müsabiqə və müsahibə haqqında elanda göstərilən müddət ərzində aparılır. Qəbul müddəti başa çatdıqdan sonra təqdim olunan (göndərilən) sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir.

3.6. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin yoxlanılması müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir.

3.7. Daha sonra namizədin miqrasiya orqanlarına qulluğa qəbul edilməsinin mümkünlüyü barədə rəy hazırlanır. Namizədlər müsabiqənin söhbət mərhələsinə və ya müsahibəyə həmin rəy nəzərə alınmaqla buraxılırlar.

3.8. Miqrasiya orqanlarına qulluğa qəbul edilmək üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqə və müsahibədən kənarlaşdırılır.

3.9. İmtahana buraxılmış namizədin sənədləri ümumi siyahıya salınır və hər bir namizədə müsabiqə və onun keçirilməsi ilə bağlı zəruri məlumatları özündə əks etdirən “Yaddaş kitabçası” verilir.

3.10. Siyahıya salınmış hər bir namizədə eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və anonimliyin qorunmasına xidmət edir.

3.11. İmtahana 2 gün qalmış hər bir namizədə onun fotoşəkili olan ”İmtahana buraxılış vərəqəsi” verilir. ”İmtahana buraxılış vərəqəsi”ndə namizədin şəxsi eyniləşdirmə kodu, soyadı, adı, atasının adı, təvəllüdü, şəxsiyyət vəsiqəsinin nömrəsi, imtahan keçirilən ünvan, gün, saat, auditoriya, auditoriyada sıra və yer nömrəsi göstərilir. İmtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur. “İmtahana buraxılış vərəqəsi”ndə şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş namizəd müsabiqədən kənarlaşdırılır.

3.12. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq imtahana gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda namizəd imtahana buraxılmır. ”İmtahana buraxılış vərəqəsi”ni itirmiş və ya onda düzəliş etmiş namizəd imtahana buraxılmır və həmin namizədə yeni ”İmtahana buraxılış vərəqəsi” verilmir.

 

4. Müsabiqənin keçirilməsi

 

4.1. Müsabiqə imtahandan və söhbətdən ibarətdir.

4.2. Müsabiqəyə Əsasnamənin tələblərinə cavab verən ali təhsilli şəxslər buraxılırlar.

4.3. İmtahan test üsulu ilə həyata keçirilir. İmtahanın müəyyən olunmuş qaydada keçirilməsini təmin etmək məqsədilə digər müvafiq dövlət orqanları cəlb oluna bilərlər.

4.4. İmtahanın keçirilməsi:

4.4.1. İmtahan 100 sualdan ibarətdir və 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir.

 4.4.2. İmtahan suallarına daxildir:

      1. Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə - 20 sual;

      2. qanunvericilik üzrə - 50 sual;

      3. məntiq üzrə - 20 sual;

      4. kompüter bilikəri üzrə - 10 sual.

4.4.3. Hər düzgün cavab bir balla qiymətləndirilir.

4.4.4. Suala düzgün olmayan cavab verilməsi və ya sualın cavabsız saxlanması “0” bala bərabərdir.

 

4.4.5. İmtahanın yekunlarına görə 70 və daha artıq bal toplamış namizəd imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur və söhbət mərhələsinə buraxılır.

4.4.5-1. İmtahandan müvəffəqiyyətlə çıxan namizədlər bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş gün ərzində təqdim etməlidir.

4.4.6. İmtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktlara və sair sənədlərə dair məlumat ”Yaddaş kitabçası”, internet və digər vasitələrlə namizədlərə çatdırılır.

4.4.7. Konfidensiallıq təmin edilməklə imtahan suallarını və onların cavablarını komissiya hazırlayır və bu işə mütəxəssislər cəlb edə bilər. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə edilə biləcək sualların sayından ən azı beş dəfə çox olmalıdır.

4.4.8. Suallar imtahana ən azı 10 gün qalmış hazırlanır, komissiyanın qapalı iclasında baxılıb təsdiq edilir və zərfə qoyulub möhürlənməklə xüsusi yerdə saxlanılır.

4.4.9. Komissiya, həmçinin imtahan suallarına düzgün cavabların siyahısını hazırlayır və onun konfidensiallığını təmin edir.

4.4.10. İmtahanda istifadə olunacaq suallar namizədlərin sayına görə sual kitabçası şəklində çoxaldılır, ayrıca zərflərə qoyulur və üzərində qeydlər edilir, möhürlənir və xüsusi yerdə saxlanılır.

4.4.11. İmtahanın müəyyən edilmiş qaydalarda keçirilməsini təmin etmək məqsədi ilə imtahan rəhbəri və nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə iki nəfərdən az olmamalıdır. Eyni zamanda, dövlət orqanlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri imtahanı müşahidə etməyə dəvət edilə bilər.

4.4.12. İmtahanın başlanmasına bir saat qalmış zərflər imtahan rəhbərinə verilir.

4.4.13. Namizədlər imtahanın başlanmasına azı bir saat qalmış imtahan verəcəkləri binanın qarşısına gəlməlidirlər.

4.4.14. İmtahana gəlmiş namizəd binanın giriş hissəsində ”İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mühafizə işçisinə təqdim edib binaya daxil olmalı və ”İmtahana buraxılış vərəqəsi”ndə göstərilən auditoriyada öz yerini tutmalıdır.

4.4.15. Hər bir masa arxasında bir namizəd əyləşir. Namizədlər auditoriyalarda öz yerlərini tutduqdan sonra imtahanın başlanmasına 15 dəqiqə qalmış imtahan rəhbəri, nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır və onları doldurmaq qaydalarını izah edir. Sonra isə sual kitabçası paylanır. Sual kitabçasının bir neçə variantı olduqda kitabça namizədlərə növbəlilik qaydasında müxtəlif variantlarda paylanır.

4.4.16. Hər auditoriyada imtahanın başlanma vaxtı sual kitabçasının paylanıb qurtardığı andan hesablanır.

4.4.17. Cavab kartında namizədin düzgün hesab etdiyi cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. Suallara verilən səhv cavabların düzgün cavablara mənfi təsiri yoxdur. Cavab kartı onu doldurmuş namizəd tərəfindən imzalanmalıdır.

4.4.18. İmtahan qurtardıqdan sonra namizəd cavab kartını imtahan nəzarətçilərinə təhvil verməli və auditoriyanı tərk etməlidir.

4.4.19. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Həmin protokol nəzarətçilər və iki nəfər namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə təqdim edilir və o, möhürlənmiş zərfi aidiyyəti üzrə verir.

4.4.20. Namizəd imtahanın keçirilmə qaydalarını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarına zidd hərəkətlərə və digər saxtakarlıqlara yol verdikdə imtahanın rəhbəri və nəzarətçi bu barədə akt tərtib edir və namizəd imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri komissiya tərəfindən ləğv edilir.

4.4.21. Nəticələr namizədlərə qısa müddət ərzində elan olunur.

4.4.22. İmtahanın nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 3 iş günü müddətində komissiyaya müraciət edə bilər. Komissiya aidiyyəti mütəxəssislərlə birlikdə şikayətçinin cavab kartını və arayışı araşdırır və ona müvafiq izah verir.

4.4.23. Cavab kartının yoxlanılması düzgün həyata keçirilməmişdirsə, şikayətçiyə əsaslandırılmış məlumat verilir. Araşdırma nəticəsində namizədin keçid balı topladığı müəyyən edilərsə, komissiya onun söhbətə buraxılması məsələsini həll edir.

4.4.24. Komissiya imtahanın keçirildiyi gündən iki il müddətində cavab kartlarının saxlanılmasını təmin edir.

4.5. Söhbətin keçirilməsi:

4.5.1. Namizədlərin miqrasiya orqanlarında qulluq keçmək üçün zəruri keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə imtahandan keçid balı toplamış namizədlərlə komissiya tərəfindən söhbət keçirilir.

4.5.2. Söhbətin keçirildiyi yer və vaxt barədə namizədlərə komissiya tərəfindən əvvəlcədən məlumat verilir. Söhbətə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

4.5.3. Namizədlər söhbətdən əvvəl psixoloji testdən keçirilə bilərlər.

4.5.4. Söhbət zamanı namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını və digər normativ hüquqi aktlarını vəzifə borclarının icrası ilə əlaqədar tətbiq etmək sahəsində biliyinin və bacarığının müəyyən edilməsi, ümumi dünyagörüşünün, həmçinin, miqrasiya orqanları işçisinə zəruri olan xüsusiyyətlərin (o cümlədən, özünü təqdimetmə, kollektiv tərkibində işləmək, problemi həlletmə, təşkilatçılıq və idarəetmə qabiliyyətinin, yaradıcılıq və təşəbbüskarlığının, analitik düşüncə tərzinin, nailiyyətlərinin və sair) qiymətləndirilməsi üçün müvafiq suallar verilir.

4.5.5. Söhbət başlanarkən komissiyanın rəhbəri namizədlərin siyahısını elan edir və söhbət aparan şəxslərdən etirazları olub-olmamasını soruşur. Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan söhbət aparan şəxs həmin namizədlə söhbətdə iştirak etmir. Əsaslar olduqda namizəd söhbət başlanmazdan əvvəl söhbət aparan şəxslərdən hər hansı birinə etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini komissiyanın sədri müəyyən edir.

4.5.6. Namizədlərlə söhbət fərdi qaydada və 30 dəqiqəyədək aparılır.

4.5.7. Söhbət zamanı namizədin aşağıdakı xüsusiyyətlərinin qiymətləndirilməsi üçün suallar verilir:

1. vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını və digər normativ hüquqi aktlarını tətbiq etmək sahəsində biliyi və bacarığı;

2. təhsil səviyyəsi, peşə nailiyyətləri, xarici dilləri bilməsi, kompüterdə işləmək bacarığı və səviyyəsi;

3. özünü təqdimetmə bacarığı, təmkinliliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti;

4. təşəbbüskarlığı, analitik düşünmək qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı.

4.5.8. Bu Qaydaların 4.5.7-ci yarımbəndinin 1-4-cü abzaslarına uyğun namizədin verdiyi cavab komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq söhbətdə iştirak edən komissiya üzvlərinin sayına bölünür.

4.5.9. Söhbətin nəticəsinə görə ən çox 25 bal toplamaq mümkündür, ən azı 16 bal toplamış namizəd söhbət mərhələsini müvəffəqiyyətlə keçmiş hesab olunur.

4.5.10. Komissiya üzvləri arasında söhbətlə bağlı fikir mübadiləsi keçirilə bilər. Suallar və cavablar komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir.

 

4-1. Müsahibənin keçirilməsi

 

4-1.1. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə əvvəlcədən məlumat verilir. Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

4-1.2. Müsahibə hər bir namizədlə fərdi qaydada bu Qaydaların 4.5.5-ci yarımbəndinin tələblərinə əməl edilməklə həyata keçirilir və 30 dəqiqəyədək davam edir.

4-1.3. Müsahibə zamanı hər namizədə iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə 5 sual verilir.

4-1.4. Bu suallar vasitəsilə namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:

4-1.4.1. vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər hüquqi aktları tətbiq etmək sahəsində biliyi və bacarığı, o cümlədən təhsil səviyyəsi, peşə nailiyyətləri, xarici dilləri bilməsi, kompüterdə işləmək bacarığı və səviyyəsi;

4-1.4.2. özünü təqdimetmə bacarığı, təmkinliliyi, fikir və rəyini ifadə etmək  qabiliyyəti;

4-1.4.3. təşəbbüskarlığı, analitik düşünmək qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı.

4-1.5. Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.

4-1.6. Müsahibə zamanı namizədin verdiyi hər cavab bu Qaydaların 4.5.8-ci yarımbəndinə uyğun olaraq qiymətləndirilir və topladığı bal hesablanır, 4.5.10-cu yarımbəndinə müvafiq formada komissiyanın sədrinə təqdim edilir.

4-1.7. Müsahibənin nəticəsi bu Qaydaların 4.5.9-cu yarımbəndinə uyğun olaraq müəyyən edilir.

4-1.8. Müsahibənin gedişi protokolla rəsmiləşdirilir. Protokolda namizədə verilmiş bütün suallar və onların cavabları qeyd edilir.

4-1.9. Müsahibənin nəticəsi üzrə qərar bu Qaydaların 2.12-ci bəndinin tələblərinə əməl edilməklə qəbul edilir.

 

5. Müsabiqə və müsahibənin yekunlaşdırılması

 

5.1. Müsabiqə və müsahibədə bərabər nəticələr əldə etmiş namizədlərdən elmi dərəcəsi olanlara, daha təcrübəlilərə, habelə xarici dilləri mükəmməl bilənlərə, kompüter biliklərinə malik olanlara və fikrini yazılı surətdə səlist ifadə etmək bacarığı nümayiş etdirənlərə üstünlük verilir.

5.2. Müsabiqə və müsahibənin nəticələri üzrə namizədin miqrasiya orqanlarına qulluğa qəbul olunması və ya olunmamasının tövsiyə edilməsi barədə iki qərardan biri qəbul edilir. Nəticələr müsabiqə ümumilikdə başa çatdıqdan sonra elan olunur və hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.

5.3. Komissiyanın qərarlarından razı olmayan namizədlər Xidmət rəisinə şikayət edə bilərlər. Şikayətə baxılmasının nəticəsi barədə namizədə yazılı cavab verilir. Şikayətə baxılmanın nəticələrindən razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.

5.4. Müsabiqə və müsahibənin nəticələrinə görə miqrasiya orqanlarına qulluğa qəbul olunmağa tövsiyə edilmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün Xidmət rəisinə  təqdim edilir. Xidmət rəisi ona təqdim olunmuş namizədlər sırasından müvafiq vakant vəzifəyə müəyyən olunmuş qaydada təyinat aparır.

 

 

 


Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"na

1 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası vətəndaşının

miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak

etməsi üçün müraciətinin forması

 

FOTO

_____________________________________________________________________________________

1. Vətəndaş haqqında məlumat:

 

1.1. Adı________________________

1.2. Soyadı __________________

Atasının adı ___________________

 

 

 

1.4. Cinsi

Kişi

 

 

 

1.5. Doğulduğu tarix (gün, ay, il) ________________________________________

 

 

 

 

 

 

 

 

 

Qadın

 

 

 

1.6. Doğulduğu yer (ölkə, şəhər (rayon), kənd)__________________________

 

________________________________________________________________________________________________________

 

2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat:

 

2.1. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi _________________

2.2. Şəxsiyyət vəsiqəsinin verildiyi tarix (gün, ay, il) ___________

 

2.3. Şəxsiyyət vəsiqəsini verən orqanın adı  ___________________

2.4. FİN (fərdi identifikasiya nömrəsi) _________________________

 

3. Vətəndaşla əlaqə vasitələri haqqında məlumat:

 

3.1. Qeydiyyatda olduğu ünvan (şəhər, rayon, kənd və küçə göstərilməklə)_________________________________________

 

______________________________________________________________________________________________________________________

 

3.2. Faktiki yaşadığı ünvan (vətəndaş qeydiyyatda olduğu ünvanda yaşamırsa)______________________________________

 

______________________________________________________________________________________________________________________

 

3.3. Elektron poçt ünvanı ____________________________________________________________________________________________

 

3.4. Mobil telefonu (operatorun kodu göstərilməklə) _______________________________________________________________

 

3.5. Ev telefonu (şəhər (rayon) kodu göstərilməklə) _________________________________________________________________

 

3.6. İş telefonu (şəhər (rayon) kodu göstərilməklə) _________________________________________________________________

 

4. Vətəndaşın miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirakının mümkün olub-olmaması haqqında məlumat:

 

4.1. Ali təhsilə maliksinizmi?

Bəli

 

Xeyr

 

 

 

4.2.  İkili vətəndaşlığınız varmı?

Bəli

 

Xeyr

 

 

 

4.3. Digər dövlətlər qarşısında öhdəliyiniz varmı?

Bəli

 

Xeyr

 

 

 

4.4. Din xadimisinizmi?

Bəli

 

Xeyr

 

 

 

4.5.  Barənizdə fəaliyyət qabiliyyətinə malik olmamağınız və ya məhdud fəaliyyət qabiliyyətinə malik olmağınıza dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı?

Bəli

 

Xeyr

 

 

 

 

 

4.6.  Barənizdə cinayət işi olmuşdurmu?

Bəli

 

Xeyr

 

 

 

4.7. Cinayət törətməyə görə əvvəllər məhkum olunmusunuzmu?

Bəli

 

Xeyr

 

 

 

4.8. Cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmişdirmi?

Bəli

 

Xeyr

 

 

 

4.9 Barənizdə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı?

Bəli

 

Xeyr

 

 

 

 

4.10. Barənizdə digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verilmiş kobud nöqsanlara görə bu orqanlardan xaric edilmə haqqında qərar varmı?

Bəli

 

Xeyr

 

 

 

 

4.11. Hərbi xidmət keçmisinizmi?

Bəli

 

Xeyr

 

 

4-1. Vətəndaşın iddia etdiyi vakant vəzifənin adı:  _______________________________________________

 

Məndə olan tibbi sənədlərə görə fiziki və əqli cəhətdən miqrasiya orqanlarında işləməyə yararlıyam

İmza________________

5. Vətəndaşın əmək fəaliyyəti haqqında məlumat:

 

5.1. Əmək fəaliyyəti:

İndiyədək işləməmişəm

 

Hazırda işləmirəm

 

İşləyirəm

 

 

 

5.2. İşləyirsinizsə, hazırkı iş yeriniz və vəzifəniz _________________________________________________

_____________________________________________________________________________________________________________________

 

5.3. Ümumi iş stajınız (müraciətin doldurulduğu tarixə)  ______il ______ay ______gün

6. Vətəndaşın təhsili haqqında məlumat:

6.1. Ali təhsilin səviyyəsi: 

Bakalavriat

 

Magistratura

 

Doktorantura

 

Digər

 

 

 

6.1.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _________________________________

 

______________________________________________________________________________________________________________________

 

6.1.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) ________________________

 

______________________________________________________________________________________________________________________

 

6.1.3. Diplomun seriyası və nömrəsi  __________________

6.1.4. Diplomun verildiyi tarix (gün, ay, il) ______________

 

 

 

 

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda

 

6.1.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi_______

6.1.6. Verildiyi tarix (gün, ay, il)__________________________

 

6.2. Ali təhsilin səviyyəsi: 

Bakalavriat

 

Magistratura

 

Doktorantura

 

Digər

 

 

 

6.2.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _________________________________

 

______________________________________________________________________________________________________________________

 

6.2.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) ________________________

 

______________________________________________________________________________________________________________________

 

6.2.3. Diplomun seriyası və nömrəsi  __________________

6.2.4. Diplomun verildiyi tarix (gün, ay, il) ______________

 

 

 

 

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda

 

6.2.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi_______

6.2.6. Verildiyi tarix (gün, ay, il)__________________________

 

6.3. Ali təhsilin səviyyəsi: 

Bakalavriat

 

Magistratura

 

Doktorantura

 

Digər

 

 

 

6.3.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _________________________________

 

______________________________________________________________________________________________________________________

 

6.3.2. Diplom üzrə ixtisasın adı (məlum olduğu halda ixtisasın şifrini qeyd edin) ________________________

 

______________________________________________________________________________________________________________________

 

6.3.3. Diplomun seriyası və nömrəsi  __________________

6.3.4. Diplomun verildiyi tarix (gün, ay, il) ______________

 

 

 

 

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda

 

6.3.5. Nostrifikasiya şəhadətnaməsinin nömrəsi_______

6.3.6. Verildiyi tarix (gün, ay, il)__________________________

 

Digər kadr sənədlərimin imtahandan sonra qanunvericiliyə müvafiq olaraq toplanılacağı və yoxlanılacağı, bu zaman qulluğa qəbul olunmağımı istisna edən hallar aşkar edilərsə müsabiqədən kənarlaşdırılacağım, həmçinin müraciətdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsinin qulluğa qəbul olunmamağım və ya qulluq keçməyimə xitam verilməsi üçün əsas olması barədə məlumatlıyam.

 

Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm                                İmza ____________

 

Müraciətin doldurulduğu tarix (gün, ay, il) _____________                                       İmza ____________

 

 

BU HİSSƏ MÜRACİƏTİ QEYDƏ ALAN VƏZİFƏLİ ŞƏXS TƏRƏFİNDƏN DOLDURULUR

 

Müraciəti qəbul edən şəxsin vəzifəsi, adı və soyadı _____________________________________________

 

Müraciətin təqdim edildiyi tarix ____________________________________  İmzası ___________________

 

 

 

 

Müraciətin doldurulması ilə bağlı qeydlər:

1.     Bu Formanın aidiyyəti hissə, bənd və ya yarımbəndləri mütləq doldurulmalıdır. Əks təqdirdə müraciətiniz qəbul olunmayacaqdır.

 

2.     6-cı hissə doldurularkən bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrinin ardıcıllığı gözlənilməlidir. Digər ali təhsil səviyyəsini  bitirmişlər və s. “Digər” qrafasını seçməlidir. “Digər” qrafası seçildiyi halda  “Diplom üzrə ixtisasın şifri və adı” yarımbəndi doldurularkən vətəndaşın təhsil səviyyəsi də qeyd edilməlidir. Misal üçün: HS130100-hüquqşünaslıq, ali təhsil.

 

Qeyd: Elektron daşıyıcı vasitəsilə göndərilən müraciətin “Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm” bölməsində yalnız göstərilən məlumatların doğruluğunun təsdiqi üçün müvafiq düymə və müraciətin doldurulduğu tarix əks olunur və müraciəti qeydə alan vəzifəli şəxs tərəfindən doldurulan hissə nəzərdə tutulmur.

 

 


 

 

“Miqrasiya  orqanlarına qulluğa qəbul olunmaq üçün

namizədlərlə müsabiqənin və müsahibənin

keçirilməsi Qaydaları”na

 

2 nömrəli əlavə

 

 

 

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

 

 

________________________________________

 

________________________________________

 

________________________________________

 

_______________________________________

 

______________________________ünvanda

 

yaşayan _______________________________

 

              (soyadı, adı, atasının adı)

 

_____________________________tərəfindən

 

 

 

 

Ə R İ Z Ə

 

Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müsahibəyə buraxılmağımı xahiş edirəm.

__________________________________________________________________________________ doğulmuşam.

(gün, ay, il, doğulduğu yer)

 

__________________________________________________________________________________ təhsilə malikəm,

                                                          (müvafiq təhsil pilləsi və səviyyəsi)

_______________________________________________________________________________________________________________________________________

 

_______________________________________________________________________________________________________________________________________

(hansı təhsil müəssisəsini, nə vaxt, hansı ixtisas üzrə bitirmişdir, müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin seriyası və nömrəsi)

 

Hazırda _______________________________________________________________________________________

(işlədiyi idarənin adı və tutduğu vəzifə)

 

____________________________________________________________________________ işləyirəm (işləmirəm).

 

Əlavə bildirirəm ki, Azərbaycan Respublikasının vətəndaşıyam, qanunvericiliklə miqrasiya orqanlarında işləməyimə mane olan hallar yoxdur.

Miqrasiya orqanlarına işə qəbul edildiyim halda heç bir seçkili və ya digər təyinatlı vəzifələr tutmamağı, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul olmamağı öhdəmə götürürəm.

Xarici dilləri (___________________________) bilirəm (bilmirəm), kompüter biliklərinə

 

              (hansıları)

(üstündən xətt çəkilməli)

 

malikəm (malik deyiləm).

        (üstündən xətt çəkilməli)

 

 

İmza _______________________

“___” ____________ 20______-ci il”

 

        (tarix)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.            10 iyul 2012-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207100001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2012-ci il)

2.            12 aprel 2013-cü il tarixli 19 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304120019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 aprel 2013-cü il)