AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

15.03.2019

Qeydiyyat nömrəsi

6/2

Adı

“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

05.04.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201903150062

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

04.04.2019

 

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.4-cü və 22.0.17-ci maddələrinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarında (2018-ci il 28 fevral tarixli 4/1 nömrəli qərarla edilmiş dəyişikliklərlə) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində “rezident və qeyri-rezidentlərinin xarici valyuta” sözləri “rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada” sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” üzrə:

1.2.1. adında “rezident və qeyri-rezidentlərinin xarici valyuta” sözləri “rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada” sözləri ilə əvəz edilsin;

1.2.2.  1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Bu Qaydalar “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru (bundan sonra - banklar) istisna olmaqla, rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada banklar vasitəsi ilə əməliyyatlarının aparılması qaydalarını tənzimləyir. Bu Qaydalar həmçinin maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri) istisna olmaqla digər rezidentlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən edir.”;

1.2.3. aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilsin:

“1.3. Ələt azad iqtisadi zonasında valyuta əməliyyatları “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”;

1.2.4.  2.1.2-ci yarımbənddə “rezidentlərin” sözündən sonra “və qeyri-rezidentlərin” sözləri əlavə edilsin;

1.2.5.  4.3.1.3-cü yarımbənddə “geri qaytarılmadıqda” sözlərindən sonra “(xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən)” sözləri əlavə edilsin, “2 (iki) iş günü” sözləri “5 (beş) iş günü” sözləri ilə əvəz edilsin;

1.2.6.  4.3.2-1-ci yarımbənddə “üçüncü ölkəyə göndərilməsi” sözləri “üçüncü tərəfə təqdim edilməsi” sözləri ilə əvəz edilsin;

1.2.7. aşağıdakı məzmunda 4.3.6-2-ci və 4.3.6-3-cü yarımbəndlər əlavə edilsin:

“4.3.6-2. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan dövləti adından, habelə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri (Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi) tərəfindən xarici resipiyentlərə verilən qrant məbləğinin, həmçinin, qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə qrant müqaviləsinin (qərarın) icrası məqsədilə xarici resipiyentə verilən sub-qrant məbləğinin köçürülməsi. Belə köçürmələr qrant (sub-qrant) müqaviləsi (qərar) ilə birlikdə qrant haqqında qanunvericiliyə müvafiq olaraq qrant (sub-qrant) müqaviləsinin (qərarın) qeydə alınması (Azərbaycan dövləti adından verilən qrantlar istisna olmaqla) barədə sənəd təqdim edilməklə həyata keçirilir;

4.3.6-3. qeyri-rezidentlərə sığortaçılar tərəfindən sığorta ödənişlərinin köçürülməsi. Belə köçürmələr sığorta müqaviləsi (şəhadətnaməsi) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933-cü maddəsinin tələblərinə müvafiq olaraq sığorta ödənişinin verilməsinə əsas verən sənədlər təqdim edilməklə həyata keçirilir;”;

1.2.8.  4.3.8.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.3.8.1. rezident fiziki şəxsin yaxın qohumlarına (ər (arvad), valideynlər, o cümlədən ərin (arvadın) valideynləri, baba, nənə, nəvə, övlad, övladlığa götürülən (götürən), qardaş və bacı) və ya öz hesabına köçürmələr. Belə köçürmələr müvafiq olaraq qohumluğu və ya hesabın həmin şəxsə məxsus olmasını təsdiq edən sənədlər əsasında təqvim ayı ərzində 10 000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə həyata keçirilə bilər;”;

1.2.9. aşağıdakı məzmunda 6-cı və 7-ci hissələr əlavə edilsin:

6. Qeyri-rezidentlərin milli valyutada əməliyyatlarının aparılması

Qeyri-rezidentlər müvəkkil banklarda milli valyutada açdıqları hesablardan rezidentlərin milli valyutada olan bank hesabları üzrə əməliyyatların aparılması qaydalarına uyğun olaraq istifadə edə bilərlər.

7. Rezidentlərin Azərbaycan Respublikasından kənarda xarici valyuta hesablarının açılması

7.1. Rezidentlər Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarını sərbəst şəkildə aça bilərlər.

7.2. Rezidentlər sahibkarlıq fəaliyyəti məqsədləri üçün Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyutada hesab açarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanlarından şəhadətnamə-dublikat almalı və hesab üzrə əməliyyatlar aparıldığı tarixədək müvafiq qeydlər etməklə bildiriş hissəsini vergi orqanına təqdim etməlidirlər.”.

 

2. Bu Qərarın 1-ci hissəsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası Prezidentinin aktına uyğun olaraq qəbul etdiyi banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları ilə bağlı münasibətləri tənzimləyən normativ xarakterli aktı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən (həmin aktda onun qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulduğu halda isə həmin tarixdən) qüvvəyə minmiş hesab edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Mərkəzi Bankın sədri                                                                         Elman Rüstəmov