AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
Qəbul edildiyi tarix: 15.07.2011
Qeydiyyat nömrəsi: 194s
Adı:
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 15.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 280.050.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 33201107150194
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.08.2011


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Lənkəran, Mingəçevir, Astara, Biləsuvar, Daşkəsən, Gədəbəy, Hacıqabul, Xırdalan, İmişli, Kürdəmir, Qazax, Qax, Quba, Samux, Şəmkir, Tərtər, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına təcili başlanılmasını və işlərin yüksək keyfiyyətlə 2013-cü ildə başa çatdırılmasını təmin etmək məqsədi ilə:

1. Lənkəran, Mingəçevir, Astara, Biləsuvar, Daşkəsən, Gədəbəy, Hacıqabul, Xırdalan, İmişli, Kürdəmir, Qazax, Qax, Quba, Samux, Şəmkir, Tərtər, Ucar və Zərdab şəhərləri üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin sifarişçi funksiyaları Azərsu Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin.

2. Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələndirmə və tikinti işlərinin Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilsin.

3. Azərsu Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın:

3.1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının maliyyələşdirilməsinə dair Səudiyyə İnkişaf Fondu ilə və Astara, Daşkəsən, Gədəbəy, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının maliyyələşdirilməsinə dair İslam İnkişaf Bankı ilə danışıqları sürətləndirsin, o cümlədən işlərin tezləşdirilməsi üçün layihələndirmə işlərinin Azərbaycan tərəfinin payı hesabına maliyyələşdirilməsi məsələsini razılaşdırsın və müvafiq Kredit Sazişlərinin layihələrinin 3 ay müddətində Nazirlər Kabinetinə təqdim etsin;

3.2. Lənkəran, Mingəçevir, Astara, Biləsuvar, Daşkəsən, Gədəbəy, Hacıqabul, Xırdalan, İmişli, Kürdəmir, Qazax, Qax, Quba, Samux, Şəmkir, Tərtər, Ucar və Zərdab şəhərlərinin, həmçinin Azərsu Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə həyata keçirilən digər şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin başa çatmasına 1 ay qalanadək, bu şəhərlərin hər biri üzrə su təchizatı və kanalizasiya sistemlərini istismar edəcək kadrların hazırlanmasını təmin etsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsündə Azərbaycan Respublikasının şəhər və rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının layihələndirilməsi və tikintisi üçün nəzərdə tutulmuş 290000000,0 (iki yüz doxsan milyon) manat vəsaitin 252650000,0 (iki yüz əlli iki milyon altı yüz əlli min) manatı Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi və tikintisi, həmçinin kredit hesabına icra olunacaq Astara, Daşkəsən, Gədəbəy, Xırdalan, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində Azərbaycan tərəfinin payının ödənilməsi üçün Azərsu Açıq Səhmdar Cəmiyyətinə, 7350000,0 (yeddi milyon üç yüz əlli min) manatı Milli Su Təchizatı və kanalizasiya xidmətləri-2 layihəsində Azərbaycan tərəfinin payının ödənilməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, Oğuz, Zaqatala, Göygöl, Goranboy, Ağstafa və Tovuz rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaradılması tədbirləri üçün 20000000,0 (iyirmi milyon) manat və Gəncə, Şəmkir şəhərlərinin, Samux rayonu (Nəbiağalı qəsəbəsi) və digər yaşayış məntəqələrinin içməli su təchizatının Şəmkir çayı üzərində tikilən su anbarından təmin edilməsi üçün magistral su xəttinin və sutəmizləyici qurğunun tikintisi üçün 10000000,0 (on milyon) manat olmaqla, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə cəmi 30000000,0 (otuz milyon) manatı ayrılsın.

Azərsu Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, ona ayrılan 252650000,0 (iki yüz əlli iki milyon altı yüz əlli min) manat vəsaitin konkret obyektlər üzrə bölgüsünü Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb, razılaşdırmaq üçün 10 gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 4-cü hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

6. Lənkəran və Mingəçevir şəhər, Abşeron, Astara, Biləsuvar, Daşkəsən, Gədəbəy, Hacıqabul, İmişli, Kürdəmir, Qazax, Qax, Quba, Samux, Şəmkir, Tərtər, Ucar və Zərdab rayon icra hakimiyyətlərinə, həmçinin Azərsu Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilən digər şəhər və rayonların icra hakimiyyətlərinə tapşırılsın:

6.1. hər bir şəhər üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin qrafikə uyğun gedişi və obyektlərin nəzərdə tutulan vaxtda istismara verilməsinin təmin edilməsi üçün sifarişçi və podratçı təşkilatlara lazımi köməklik etsinlər;

6.2. layihə işlərində istifadə edilməsi üçün şəhərin mövcud baş planım və əgər varsa, perspektiv baş planmı 5 gün müddətində Azərsu Açıq Səhmdar Cəmiyyətinə təqdim etsinlər.

7. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, Azərsu Açıq Səhmdar Cəmiyyətinə Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri üzrə bu sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamasına icazə verilsin.

8. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, Lənkəran, Astara, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri üzrə onlarda olan bütün sənədlərin surətlərini (texniki-iqtisadi əsaslandırmalar, razılaşmalar, icazələr, şəhərlərin topoqrafik xəritələri və sair) 10 gün müddətində Azərsu Açıq Səhmdar Cəmiyyətinə təhvil versin.

9. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri Artur RASİZADƏ