AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏHKƏMƏ HÜQUQ ŞURASININ QƏRARI

Qəbul edildiyi tarix

29.02.2020

Qeydiyyat nömrəsi

1

Adı

“Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

17.03.2020

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

24202002290001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.03.2020

 

 

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.13-cü maddəsini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1708-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 1706 nömrəli Sərəncamını rəhbər tutaraq, Məhkəmə-Hüquq Şurası

 

Q Ə R A R A  A L I R:

 

1. “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2020-ci il martın 1-dən qüvvəyə minir.

3. Məhkəmə-Hüquq Şurasının Aparatı (C.Hüseynov) “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

 

Sədr                                                                                         Fikrət Məmmədov

 


 

 

Məhkəmə-Hüquq Şurasının 2020-ci il

29 fevral tarixli 1 nömrəli qərarı ilə

 təsdiq edilmişdir

 

Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması

 

Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin dördüncü hissəsinə əsasən hazırlanmışdır və məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması qaydasını müəyyən edir.

1.2. Bu Qayda hazırlanarkən Avropa Hakimlərinin Məşvərət Şurasının “Qanunun vahid formada tətbiqində məhkəmələrin rolu”na dair 2017-ci il 10 noyabr tarixli 20 saylı Rəyində əks olunmuş standart və tövsiyələr nəzərə alınmışdır.

1.3. Məhkəmə fəaliyyətinin monitorinqi (bundan sonra - monitorinq) vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək, eləcə də hüququn və onun tətbiqi təcrübəsinin inkişaf etdirilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun maddi və prosessual normaların tətbiqi üzrə izahını nəzərdə tutan qərarının (qərarlarının) (bundan sonra - Plenumun qərarı) məhkəmələrdə tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi sahəsində Azərbaycan Respublikası Ali Məhkəməsi (bundan sonra - Ali Məhkəmə) tərəfindən planlaşdırılan və kompleks şəkildə həyata keçirilən fəaliyyətdir.

1.4. Monitorinq məhkəmələrdə işlərə baxılarkən hüququn tətbiqində dərin və uzun müddətli fərqli yanaşmaların olub-olmadığını, qanunvericiliyin və Plenumun qərarının vahid məhkəmə təcrübəsini formalaşdırmaq üçün uyğun və yetərli mexanizmi təmin edib-etmədiyini, sözügedən mexanizmlərin məhkəmələr tərəfindən işlərə baxılarkən tətbiq edilib-edilmədiyini və əgər tətbiq edilirsə nə dərəcədə səmərəli olmasını, eləcə də Plenumun qərarının özündə hər hansı əlavə və dəyişikliklərin edilməsinə ehtiyacın yaranıb-yaranmadığını müəyyənləşdirməyə imkan verməlidir.

1.5. Monitorinq bütün hallarda məhkəmənin müstəqilliyinə dönmədən riayət edilməklə aparılmalıdır.

1.6. Monitorinq məhkəmə icraatına müdaxilənin yolverilməzliyi prinsipinə əməl edilməklə aparılır.

1.7. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması hüququn lazımi formada inkişafının əsassız məhdudlaşdırılmasına, hakimin əsaslandırılmış fərqli qərar qəbul etmək imkanının aradan qaldırılmasına yönəlməməlidir.

 

2. Monitorinqin planlaşdırılması

 

2.1. Monitorinq Plenumun qərarı qəbul edildikdən sonra Ali Məhkəmənin Plenumunun həmin iclasında təsdiq olunan “Monitorinq aparılması üzrə plan” (bundan sonra - plan) əsasında həyata keçirilir.

2.2. Planda monitorinqin aparılacağı məhkəmələrin dairəsi, monitorinqin predmeti, həyata keçirilməsi üsulları, onun başlama və bitmə müddətləri əks etdirilir. Monitorinq ən azı 1 il müddətində həyata keçirilir.

2.3. Monitorinqin aparılması zamanı plana dəyişiklik edilməsini zəruri edən hallar ortaya çıxdıqda müvafiq dəyişikliklər planın təsdiq edilməsi qaydasına uyğun aparılır.

 

3. Monitorinqin keçirilməsi

 

3.1. Monitorinqin keçirilməsi zamanı Plenumun qərarının ümumiyyətlə tətbiq olunub-olunmaması, tətbiqin tamlığı, təfsirin düzgünlüyü, izahlardan veriləndən fərqli yanaşmalar müəyyən edildikdə, bunların əsaslandırılıb-əsaslandırılmadığı qiymətləndirilir.

3.2. Monitorinq həyata keçirilərkən Plenumun qərarının tətbiqi ilə bağlı şəxslərdən (hüquqi və fiziki şəxslər), dövlət orqanlarından daxil olmuş müraciətlərdən, kütləvi informasiya vasitələrində dərc olunmuş informasiyalardan, eləcə də ayrı-ayrı məhkəmələrdə formalaşmış təcrübə və statistik göstəricilərdən əldə edilən məlumatlardan istifadə edilə bilər.

3.3. Monitorinq aşağıdakı üsullarla həyata keçirilir:

3.3.1. məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanması;

3.3.2. bilavasitə məhkəmələrdə işlərin təhlil edilməsi;

3.3.3. məhkəmələrdən anket məlumatlarının toplanması və bilavasitə məhkəmələrdə işlərin təhlil edilməsi üsullarından birgə istifadə edilməsi;

3.3.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi.

3.4. Məhkəmələrdən anket məlumatlarının toplanması üsulu aşağıdakı formada həyata keçirilir:

3.4.1. monitorinq anket məlumatlarının toplanması yolu ilə həyata keçirildikdə Ali Məhkəmədə qabaqcadan hazırlanmış anket forması və onun icrası müddətinə dair bildiriş-məktubla monitorinqin aparıldığı məhkəmələrə göndərilir;

3.4.2. anketlər doldurularaq monitorinqin aparıldığı məhkəmənin sədri tərəfindən imzalanır, anket məlumatlarının nəticələrinin ümumiləşdirilməsinə dair vahid arayış tərtib olunur və anketlər əlavə olunmaqla planda müəyyən olunmuş müddətlərdə Ali Məhkəməyə göndərilir;

3.4.3. monitorinq Azərbaycan Respublikasının bir neçə məhkəməsini və ya bütün məhkəmələrini əhatə etdikdə anket nümunəsi birbaşa müvafiq apellyasiya instansiyası məhkəmələrinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəmələrində onların ərazi yurisdiksiyalarına aid olan birinci instansiya məhkəmələrindən toplanmış anket məlumatları əsasında müvafiq kollegiya sədri tərəfindən imzalanan vahid arayış tərtib edilərək monitorinqin aparılması ilə bağlı planda müəyyənləşdirilmiş müddətlərdə Ali Məhkəməyə göndərilir. Vahid arayışa müvafiq birinci instansiya məhkəmələri tərəfindən göndərilmiş anketlər və arayışlar ayrıca əlavə edilməlidir;

3.4.4. məlumatlar həm kağız, həm də elektron daşıyıcıda göndərilir.          

3.5. Bilavasitə məhkəmələrdə işlərin təhlil edilməsi üsulu aşağıdakı formada həyata keçirilir:

3.5.1. monitorinq bilavasitə məhkəmələrdə (birinci və (və ya) apellyasiya instansiyası məhkəmələrində) işlərin təhlil edilməsi vasitəsilə həyata keçirildikdə Ali Məhkəmədə qabaqcadan hazırlanmış anket formasına uyğun olaraq məlumatlar əldə edilir;

3.5.2. baxılmış işlərin sayı çox olduqda işlərin öyrənilməsi seçmə üsulu ilə lakin, həmin məhkəmənin bütün hakimlərinin bu cür kateqoriyadan olan baxılmış işlərini əhatə etməklə yerinə yetirilir. Monitorinqin aparıldığı məhkəmə üzrə əldə olunmuş məlumatlar Ali Məhkəmə Aparatının bu məqsədlə təhkim olunmuş əməkdaşları tərəfindən anketə daxil edilməklə həmin şəxslərin hər biri tərəfindən imzalanır.

3.5.3. monitorinqin bilavasitə məhkəmələrdə (birinci və (və ya) apellyasiya instansiyası məhkəmələrində) işlərin təhlil edilməsi vasitəsilə həyata keçirilməsi başa çatdıqdan sonra onun nəticələrinə dair Ali Məhkəmənin Aparatı tərəfindən vahid arayış tərtib olunur.                                  

3.6. Monitorinq məhkəmələrdən anket məlumatlarının toplanması və bilavasitə məhkəmələrdə işlərin təhlil edilməsi üsullarından birgə istifadə edilməklə həyata keçirildikdə bu qaydanın 3.4 və 3.5-ci bəndlərinin müddəaları tətbiq olunur.

3.7. Monitorinq “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməklə aparıldıqda müvafiq anket və arayışlar bu sistem üzərində əldə edilmiş məlumatlara əsasən tərtib olunur.

 

4. Monitorinqin nəticələrinin təhlili

 

4.1. Monitorinqin nəticələri üzrə əldə edilmiş məlumatlar aşağıda göstərilən keyfiyyət və kəmiyyət göstəriciləri əsas götürülməklə təhlil olunur:

4.1.1. Plenumun qərarının məhkəmələrdəki işlərə tətbiqi ilə əlaqədar keyfiyyət göstəriciləri ilə bağlı aşağıdakı halların mövcudluğu:

4.1.1.1. Plenumun qərarına istinad edilməməsi;

4.1.1.2. Plenumun qərarının qeyri-düzgün və ya natamam tətbiqinə gətirib çıxaran və beləliklə də, onun təhrif edilməsinə səbəb olan qərarın onun məna və məzmunundan fərqli olaraq daha geniş və ya məhdud həcmdə təfsir olunması;

4.1.1.3. Plenumun qərarının eyni və müxtəlif instansiya məhkəmələrində fərqli tətbiqi təcrübəsinin bərqərar olması;

4.1.1.4. Plenumun qərarında verilmiş izahdan fərqlənən yanaşmaların əsaslandırılmış olmaması.

4.1.2. Plenumun qərarının məhkəmələrdəki mübahisələrə tətbiqi ilə əlaqədar kəmiyyət göstəriciləri ilə bağlı aşağıdakı halların mövcudluğu:

4.1.2.1. Plenumun qərarına istinad edilmədən çıxarılan məhkəmə aktlarının sayı (qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sayı ayrıca fərqləndirilməklə);

4.1.2.2. Plenumun qərarında verilmiş izahdan fərqli yanaşmaların olduğu məhkəmə aktlarının sayı (onlardan əsaslandırılmış və əsaslandırılmamış aktların sayı fərqləndirilməklə);

4.1.2.3. Plenumun qərarının aid olduğu mübahisələr üzrə çıxarılan məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətlərinin (protestlərinin) sayı və onların nəticələri barədə məlumat;

4.1.2.4. Plenumun qərarının aid olduğu mübahisələrə baxılması ilə əlaqədar intizam məsuliyyətinə cəlb olunmuş hakimlərin sayı.    

 

5. Monitorinqin rəsmiləşdirilməsi, qiymətləndirilməsi və nəticələri

 

5.1. Maddi və prosessual hüquq normalarının tətbiqi sahəsində məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş sistemli xarakter daşıyan  nöqsanlara yol verilməməsi üçün, Plenumun qərarının məhkəmələrdə tətbiqi təcrübəsilə əlaqədar başa çatdırılmış monitorinqin nəticələri vahid arayışla rəsmiləşdirilir.

5.2. Ali Məhkəmənin Aparatı tərəfindən tərtib edilmiş həmin arayış Ali Məhkəmənin müvafiq kollegiyasında müzakirə edilir və onun sədri tərəfindən imzalanır. Arayışda Plenumun qərarının məhkəmələrdə tətbiqi təcrübəsilə əlaqədar mövcud vəziyyəti əks etdirən təhlil və qiymətləndirmə aparılır, müvafiq təkliflər verilir.

5.3. Həmin arayışda aşağıdakılara dair müvafiq məlumatlar, təhlillər və qiymətləndirmələr öz əksini tapmalıdır:

5.3.1. Plenumun qərarının çıxarılmasından sonra onun aid olduğu sahədə hüququn tətbiqi təcrübəsində dəyişiklik baş vermişdirmi;

5.3.2. Plenumun qərarı əvvəllər mövcud olmuş və sistemli xarakter daşıyan nöqsanlara gətirib çıxaran ziddiyyətləri və uyğunsuzluqları aradan qaldırmaq üçün yetərlidirmi;

5.3.3. Məhkəmələr tərəfindən işlərə baxılarkən Plenumun qərarı düzgün təfsir və tətbiq olunurmu;

5.3.4. Plenumun qərarının özündə hər hansı əlavə və dəyişikliklərin edilməsinə ehtiyac varmı.

5.4. Monitorinqin nəticələri qiymətləndirilərkən aşağıdakı prinsiplər rəhbər tutulmalıdır:

5.4.1. vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi üçün həyata keçirilən tədbirlər qanunun sərtliyinə və hüququn inkişafı üçün maneələrə gətirib çıxarmamalı, cəmiyyətdə davamlı baş verən dəyişiklikləri və yeni qanunvericilik tənzimləmələrini nəzərə almaqla qanunun yeni təfsirinə və bununla da, formalaşmış məhkəmə təcrübəsinin inkişafına və dəyişməsinə yönəlmiş davranış təşviq edilməlidir;

5.4.2. hər bir hakim (məhkəmə) bununla bağlı mövqeyini lazımi qaydada əsaslandırmaqla mövcud məhkəmə təcrübəsindən kənara çıxmaq hüququna malikdir. Lakin, hakim (məhkəmə) qərar qəbul edərkən məhkəmə təcrübəsində müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanı tətbiq etmək istədikdə bunu öz qərarında açıq şəkildə qeyd etməli, inandırıcı səbəblər göstərməklə əsaslandırılmış qərar qəbul etməlidir. Bu qaydada hərəkət edən, bərqərar olmuş məhkəmə təcrübəsindən şüurlu şəkildə kənara çıxaraq onun son nəticədə dəyişməsinə nail olmağa çalışan hakimin (məhkəmənin) davranışı məhkəmənin müstəqilliyi prinsipi çərçivəsində qiymətləndirilməlidir. Belə kənara çıxma intizam tənbehləri ilə nəticələnməməli və ya hakimin (məhkəmənin) işinin qiymətləndirilməsinə təsir etməməli və məhkəmə sisteminin müstəqilliyinin bir elementi kimi qəbul edilməlidir. Bu kimi hallarda kənara çıxmanın şüurlu olub-olmadığını (yəni, hakim (məhkəmə) bilərəkdənmi, son nəticədə məhkəmə təcrübəsini dəyişdirmək cəhdi ilə ondan kənara çıxmışdır), yaxud hakimin (məhkəmənin) etinasızlıq edib-etmədiyini və ya Plenumun qərarı ilə müəyyən edilmiş məhkəmə təcrübəsindən xəbərdar olub-olmadığını müəyyən etmək lazımdır.

5.4.3. çıxarılmış qərar maddi və prosessual hüquq normalarına, eləcə də Plenumun qərarında verilən izahlara uyğun olmuşdursa, Plenumun qərarına formal olaraq istinad olunmaması hakimin vahid məhkəmə təcrübəsindən kənara çıxması kimi qiymətləndirilə bilməz.

5.4.4. iki eyni qəbildən olan mübahisəyə fərqli yanaşma, mübahisəli məsələnin faktiki vəziyyətindəki fərqlərlə əsaslandırıldıqda vahid məhkəmə təcrübəsində ziddiyyət yaranması kimi hesab olunmamalıdır.

5.5. Arayış tərtib edilib imzalandıqdan sonra Ali Məhkəmənin sədrinə və kollegiya sədrlərinə təqdim olunur. Ali Məhkəmənin sədri arayış ona təqdim olunduqdan sonra ən geci iki ay müddətində monitorinqin nəticələrini Ali Məhkəmənin Plenumunun müzakirəsinə çıxarır.

5.6. Ali Məhkəmənin Plenumu monitorinqin nəticələrinin müzakirəsi nəticəsində aşağıdakı qərarlardan birini və ya bir neçəsini qəbul edir:

5.6.1. Monitorinqin nəticələrinin təsdiq edilməsi haqqında;

5.6.2. Monitorinqin aparılması müddətinin uzadılması və bununla bağlı yeni planın təsdiq edilməsi haqqında;

5.6.3. Plenumun qərarında əlavə və dəyişikliklərin edilməsi məsələsinə baxılması haqqında;

5.6.4. qanunvericilik təşəbbüsü hüququndan istifadə edilməsi üçün müvafiq layihələrin hazırlanması haqqında;

5.6.5. hakimlərin peşə hazırlığının artırılması üçün müvafiq tədbirlərin görülməsi, eləcə də bununla bağlı tədrisin təşkili ilə əlaqədar Məhkəmə-Hüquq Şurasına müraciət edilməsi haqqında.

5.7. Ali Məhkəmə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınması üçün monitorinqin nəticələrini Məhkəmə-Hüquq Şurasına göndərir. Monitorinqin nəticələri Ali Məhkəmə tərəfindən dərc edilir.