AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI
Qəbul edildiyi tarix: 15.07.2011
Qeydiyyat nömrəsi:
Adı: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair
Rəsmi dərc edildiyi mənbə: Respublika qəzeti №152
Qüvvəyə minmə tarixi: 22.07.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 400.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 21201107150002
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 22.07.2011


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Fərhad Kərimovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,

mütəxəssis Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Mürvət Həsənovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R. Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra Ali Məhkəmə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 37.4, 39.1.940.2-ci maddələrinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ə. Cəfərov torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq N. Çernyavkoya ayrılmış 200 kv.m torpaq sahəsini özbaşına tutmuş və orada qanunsuz tikinti işləri aparmışdır. Buna görə, Ə. Cəfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 188-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.

Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 01 iyul 2010-cu il tarixli qərarı ilə Ə. Cəfərov CM-in 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir.

Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2010-cu il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır.

Dövlət ittihamçısı kassasiya protestində qərarın ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, CM-in 188-ci maddəsi üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirildiyindən həmin Məcəllənin 73-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi CPM-in 37.4, 37.6 və 39.1.9-cu maddələrinin tələblərinə ziddir.

Müraciətdə göstərilmişdir ki, CPM-in 37.4-cü maddəsinə görə, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə, CM-in 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. CPM-in 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Ali Məhkəmənin qənaətinə görə, göstərilən hər iki hüquq normalarının şərtləri CPM-in 40.2, 43.3 və 45.5-ci maddələrinin, eləcə də CM-in 73-cü maddəsinin şərtləri ilə qeyri-müəyyənlik yaradır və maddi-hüquq normasının tətbiqini məhdudlaşdırır.

Ali Məhkəmənin Cinayət kollegiyası hazırkı iş üzrə məhkəmələrin qəbul etdikləri qərarlarda və kassasiya protestində istinad edilən prosessual hüquq normalarının şərh edilməsini zəruri hesab etmişdir.

Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş barışıq institutunun mahiyyətinin, onun hüquqi nəticələrinin açıqlanmasını zəruri sayır.

Yeni qanunvericilik hüquq-mühafizə orqanlarının fəaliyyətinin istiqamətlərini məqsəd baxımından dəyişdirmiş, cinayətkarlıqla mübarizəni deyil, hər bir vətəndaşın qanunsuz qəsdlərdən qorunmasını ön plana çəkmişdir.

Bir çox ölkələr cinayət məsuliyyətinə alternativ tədbirlərin tətbiqinə səy göstərir. Bu tədbirlər istintaq-məhkəmə sisteminin iş yükünün azaldılması, cinayət-icra müəssisələrinin yüklənilməməsi ilə bərabər cinayətdən zərər çəkmiş şəxslərin hüquqlarının və dövlətin maraqlarının təmin olunmasına xidmət edir.

Xarici dövlətlərin cinayət-ədliyyə sistemində tətbiq olunan alternativ tədbirlərin iki əsas modelini göstərmək olar. Birinci model transaksiya adlanan Niderland Belçika modelidir. Bu modelin mahiyyəti ondan ibarətdir ki, istintaq orqanları (prokurorluq, polis) hər bir konkret halda şəxsin dövlət xəzinəsinə pul məbləğini ödəyəcəyi təqdirdə, onu cinayət məsuliyyətindən azad edərək, barəsində cinayət təqibini dayandırırlar.

1935-ci ildə Belçikada yaranmış transaksiya xırda iqtisadi cinayətlərə görə öz təqsirini mübahisələndirməyəcəyi halda, təqsirləndirilən şəxs barəsində məhkəmə araşdırılmasının ləğvinə xidmət etməli idi.

Belçikada transaksiya institutu özünün tam təsdiqini 1984-cü ildə tapmışdır. Həmin vaxtdan transaksiya beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan hər bir cinayət əməlinə görə tətbiq edilir. Transaksiya cinayət prosesinin yalnız məhkəməyədək olan mərhələlərində tətbiq oluna bilər. Prokurorluq ödəniləcək pulun məbləğini və onun ödəmə müddətini müəyyən etdikdən sonra göstərilən məbləğin ödənilməsi təklifini təqsirləndirilən şəxsə göndərir. Şəxs bu məbləği ödəməkdən imtina etdiyi halda cinayət təqibi ümumi qaydada davam etdirilir.

Belçikadan fərqli olaraq, Niderlandda bu institutun tətbiqi 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan cinayətlərə mümkündür.

Xarici ölkələrin cinayət hüququnda geniş yer almış ikinci model mediasiya adlanır. Bu model ən müxtəlif variantlarda mövcuddur (sadə və kompleks). Həmin modelə əsasən, təqsirləndirilən şəxs vurulan zərəri ödəyəcəyi təqdirdə, onu zərərçəkmiş şəxslə barışdırmaq üçün vasitəçi prosedurlardan istifadə olunur.

Bu sistemin vacib xüsusiyyəti ondan ibarətdir ki, mediasiya barışıq olub-olmaması barədə passiv konstatasiyanı deyil, cinayət-hüquqi mübahisənin həlli üçün səlahiyyətli subyektlərin vasitəçiliyi ilə aktiv tədbirlərin görülməsini nəzərdə tutur. Məsələn, Belçikada mediasiya 20 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan bütün cinayətlərə tətbiq oluna bilər. Təqsirləndirilən şəxs tərəfindən aşağıda göstərilən hərəkətlər yerinə yetirilərsə cinayət işinə xitam verilə bilər: zərər ödənildikdə, müalicə kursu keçdikdə, ixtisas təhsili aldıqda və s.

Hal-hazırda mediasiya bu və ya digər variantda Almaniya, Avstriya, Portuqaliya, Fransa və başqa ölkələrdə də mövcuddur.

Sadə mediasiya qismində Azərbaycan Respublikasının cinayət qanunvericiliyində CM-in 73-cü maddəsi çıxış edir. Bu normaya görə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.

Cinayət təqibinin növləri açıqlanmadan barışıq institutunun hərtərəfli təhlilinə nail olmaq mümkün deyil.

Cinayət təqibinin anlayışı CPM-in 7.0.4-cü maddəsində verilmişdir. Həmin maddəyə görə cinayət təqibi cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir.

Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi CPM-in müddəalarına uyğun üç növə bölünür: xüsusi, ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilən cinayət təqibi (CPM-in 37.1-ci maddəsi).

Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında CM-in 147-ci (böhtan), 148-ci (təhqir), 165.1-ci (tövsifedici əlamətlər olmadan müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (tövsifedici əlamətlər olmadan ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində nəzərdə tutulmuş cinayətlər üzrə həyata keçirilir.

Cinayət-prosessual qanunvericiliyi zərər çəkmiş şəxsə imkan verir ki, yuxarıda qeyd olunan cinayət əməlləri ilə onun hüquqlarına və qanuni maraqlarına zərər yetirildiyi halda, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət etməyi və xüsusi ittihamı müdafiə etməyi özü həll etsin (CPM-in 41.7 və 87-ci maddələri). Məhz buna görə də belə işlər xüsusi ittihamlı işlər adlanır.

Xüsusi ittihamlı işlər üzrə cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında başlanır və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir (CPM-in 37.2-ci maddəsi).

Bu hal həmçinin CPM-in 41.7-ci maddəsində də öz təsdiqini tapmışdır. Həmin maddəyə görə xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi və ya ondan imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu zaman xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir.

CPM-in 39.1.9-cu maddəsinə görə isə zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.

Beləliklə, CPM-in 37.2, 39.1.941.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır.

CM-in 73-cü maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə institutu CPM-in 37.2-ci maddəsində nəzərdə tutulan prosessual barışma institutundan fərqlənir.

Bu fərq aşağıdakılardan ibarətdir:

- Zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəticəsində təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsilə əlaqədar cinayət işinə xitam verilməsinin əsaslarının və şərtlərinin müəyyənləşdirilməsi cinayət hüququnda və cinayət prosesində dispozitivlik prinsipinin (cinayət prosesi subyektinin özünün maddi və prosessual hüquqlarından istifadə etmək imkanının) gücləndirilməsi kimi çıxış edir. Lakin CM-in 73-cü maddəsində bu prinsip CPM-in 37.2-ci maddəsindən fərqli şəkildə özünü büruzə verir. Xüsusi ittihamlı işlərdən fərqli olaraq, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə dispozitivlik prinsipi cinayət işinin başlanılması mərhələsinə təsir göstərmir. Cinayət işinin başlanılması və ya başlanılmamasına dair qərar bu halda adi qaydada və ümumi əsaslarla qəbul edilir;

- CPM-in 37.2-ci maddəsi zərər çəkmişə cinayətlərin məhdud dairəsi üzrə (cəmi 4 cinayət) təqsirləndirilən şəxsin cəzalandırılmasını və ya onun cinayət məsuliyyətindən azad edilməsini tələb etmək hüququnu verir.

CM-in 73-cü maddəsi isə bütün böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilir;

- CPM-in 37.2, 39.1.941.7-ci maddələri imperativ xarakter daşıyır və zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır.

- CM-in 73-cü maddəsində isə imperativ norma ifadə edilməmişdir. Bu maddəyə müvafiq olaraq dispozitivliyin təsiri ictimailiklə bir müstəviyə qoyula bilməz. Belə ki, aralarında barışığa gəlmiş zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin iradələrini ifadə etmələri işə xitam verilməsinə dair qərarın qəbul edilməsinə səbəb olmur, sadəcə səlahiyyətli orqanlar tərəfindən belə qərarın qəbul edilməsini mümkün edən şərtlərdən biri qismində çıxış edir. Qanun belə qərarın qəbul edilməsini səlahiyyətli orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir.

- CPM-in 37.2-ci maddəsi barışıq əsasında cinayət məsuliyyətindən azad edilməsi üçün təqsirləndirilən şəxsdən cinayət nəticəsində zərər çəkmişə dəymiş ziyanın əvəzinin ödənilməsini və ya vurulmuş zərərin aradan qaldırılmasını tələb etmir.

- CM-in 73-cü maddəsinə əsasən isə bu cür əvəzin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin ən vacib şərtlərindən biridir;

- CPM-in 37.2-ci maddəsi barışıq nəticəsində hətta əvvəllər cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad olunmasını istisna etmədiyi halda, CM-in 73-cü maddəsi cinayət məsuliyyətindən azad edilmənin əsas şərtlərindən biri kimi təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini nəzərdə tutur.

Göründüyü kimi, CM-in 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin dörd şərtini müəyyən etmişdir:

- barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən;

- təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətmiş;

- təqsirləndirilən şəxs zərər çəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış;

- təqsirləndirilən şəxs zərər çəkmişlə barışmış olmalıdır.

Göstərilən şərtlərin dördü də mövcud olduqda təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər.

CM-in 73-cü və CPM-in 37-ci maddələrinin əlaqəli təhlilindən müəyyən edilir ki, CM-in 73-cü maddəsində ictimai-xüsusi və ictimai ittihamlı işlər üzrə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasından danışılır, çünki xüsusi ittihamlı işlər üzrə belə barışma əldə edildikdə cinayət təqibi tam istisna olunur.

CPM-in 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi CM-in 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197.1 və 201.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir.

Bu maddəyə görə göstərilən cinayətlər üzrə cinayət təqibi zərər çəkmiş şəxsin şikayətinə əsasən və ya CPM-in 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə başlanır.

Qanunverici müəyyən etmişdir ki, ictimai-xüsusi ittiham qaydasında zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması heç də bütün hallarda cinayət təqibinə xitam verilməsi üçün əsas ola bilməz.

Belə ki, CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə CM-in 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz.

Burada nəzərə alınmalıdır ki, CPM-in 37.3-cü madəsində sadalanan, ictimai-xüsusi ittihamlı işlərə aid olan CM-in 127.1, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197.1 və 201.1-ci maddələrində göstərilmiş cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, qalan maddələrdə göstərilmiş cinayətlər isə az ağır və ya ağır cinayətlərə aiddir.

Məhz buna görə də qanunverici CPM-in 37.4-cü maddəsində nəzərdə tutmuşdur ki, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraatın gedişində zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması yalnız CM-in 73-cü maddəsində göstərilmiş hallarda cinayət təqibinə xitam verilməsinə səbəb ola bilər.

Qeyd edildiyi kimi, CM-in 73-cü maddəsinin tətbiqi dairəsi digər şərtlərlə yanaşı, yalnız böyük ictimai təhlükə törətməyən cinayətləri əhatə edir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CPM-in 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibinə xitam verilə bilər.

CPM-in 37.3-cü maddəsində sadalanan digər cinayətlər az ağır və ya ağır cinayətlərə aid olduğundan (CM-in 127.2-ci (tövsifedici əlamətlərlə qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (işgəncə vermə), 149.1-ci (zorlama), 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə), 157.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənzil toxunulmazlığını pozma), 158.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma) maddələri) ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz.

İctimai ittiham qaydasında cinayət təqibi böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə də həyata keçirilir. Cinayət-prosessual qanunvericiliyində ictimai ittiham qaydasında cinayət təqibi zamanı zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması əsasında icraata xitam verilməsinə heç bir məhdudiyyət qoyulmamışdır. Əksinə, CPM-in 40 və 43-cü maddələrinin müddəalarına görə bu əsaslarla ictimai ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi və ya ona xitam verilməsi istisna olunmur. Həmin maddələrin tətbiqi ilə bağlı cinayət məsuliyyətindən və cəzadan azad etmə anlayışlarına aydınlıq gətirilməsinə ehtiyac yaranır.

Nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cəzadan azad etmə isə, məhkum olunmuş şəxsə cəzanın tətbiq edilməməsini və yaxud cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini nəzərdə tutur.

Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, bu institutlar (cinayət məsuliyyətindən azad etmə və cəzadan azad etmə) aşağıdakılara görə fərqlənir:

- cinayət mühakimə icraatının mərhələlərinə görə;

- bu cür qərar qəbul etmək səlahiyyətinə malik olan şəxslərin və orqanların dairəsinə görə.

Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. Cəzadan azad etmə isə yalnız məhkəmə baxışı mərhələsində mümkündür.

Cinayət məsuliyyətindən prokurorun razılığı ilə təhqiqatçı və müstəntiq, habelə məhkəmə azad edə bilər. Cəzadan azad etmə isə məhkəmənin müstəsna səlahiyyətidir.

Cinayət məsuliyyətindən azad etmə müvafiq olaraq cəzadan azad etməni də əhatə edir. Bu zaman cinayət məsuliyyətindən azad etmənin ilkin anı məhkəməyədək mərhələ, son anı hökm elan olunanadək məhkəmə baxışı mərhələsidir. Bu mərhələdən sonra isə söhbət yalnız cəzadan azad etmədən gedə bilər.

Cinayət məsuliyyətindən və cəzadan azad etmə halları CM-in IV bölməsində nəzərdə tutulmuşdur. Bu bölmə iki fəsilə bölünmüş: on birinci fəsil cinayət məsuliyyətindən azad etmə, on ikinci fəsil isə cəzadan azad etmə hallarını nəzərdə tutmuşdur. Cinayət məsuliyyətindən azad etmənin əsasları CM-in 72-75-ci, cəzadan azad etmənin əsasları isə CM-in 76-80-ci maddələrində göstərilmişdir.

Qeyd edildiyi kimi, cəzadan azad etmə şəxs barəsində ittiham hökmü çıxarıldıqdan sonra tətbiq edilən cinayət-hüquq institutudur. Belə olduqda isə CM-in 76-80-ci maddələrində nəzərdə tutulmuş cəzadan azad etmə hallarında cinayət təqibinə xitam verilməsi məntiqsiz görünür.

Bunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CPM-in 40.1-ci maddəsində cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə halları cinayət əməli törətmiş şəxsin CM-in 72-75-ci maddələrində təsbit edilmiş cinayət məsuliyyətindən azad edilməsini ehtiva edir.

Cinayət məsuliyyətindən azad etmə halları CM-in 72-75-ci maddələri ilə yanaşı, həmin Məcəllənin 20-ci (cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə); 21-ci (ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməklə bağlı cinayət məsuliyyətindən azad etmə); 30.2-ci (cinayət törətməkdən könüllü imtina etməklə əlaqədar cinayət məsuliyyətindən azad etmə) və 81.2-ci (amnistiya aktı ilə cinayət məsuliyyətindən azad etmə) maddələrində də nəzərdə tutulmuşdur. CPM-in tələblərinə görə bu maddələrdə sadalanan halların mövcudluğu cinayət təqibinin həyata keçirilməməsi üçün əsas ola bilər.

CM-in 20, 21, 75 və 81.2-ci maddələrində göstərilən hallar ümumiyyətlə cinayət təqibini istisna edir. Belə ki, CPM-in 39.1.3, 39.1.4, 39.1.1039.1.12-ci maddələrinin imperativ xarakterinə əsasən yuxarıda göstərilən hallardan hər hansı biri aşkar olunduqda şəxs barəsində cinayət təqibi başlanılmır, artıq başlanmış icraat gedişində aşkar olunduqda isə cinayət təqibinə xitam verilir.

Bundan fərqli olaraq, CM-in 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda cinayət işinin başlanılmaması və ya ona xitam verilməsi təhqiqatçının, müstəntiqin və ya prokurorun vəzifəsi deyil, hüququdur və bu hüququn həyata keçirilməsinin öz xüsusiyyətləri vardır.

Belə ki, CPM-in 40.2-ci maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72-74-cü maddəsində nəzərdə tutulmuş aşağıdakı hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər:

40.2.1. səmimi peşmançılıq çəkdikdə;

40.2.2. zərər çəkmiş şəxslə barışdıqda;

40.2.3. şərait dəyişdikdə.

Bu maddədən göründüyü kimi, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda cinayət təqibinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında təhqiqatçının və ya müstəntiqin qərarı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla mütləq razılaşdırılmalıdır.

Məhkəmə baxışı gedişində isə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması zamanı cinayət təqibinə xitam verilməsinin qaydaları CPM-in 43-cü maddəsində təsbit olunmuşdur. Məcəllənin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.1240.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.

Məhkəmə baxışı gedişində CPM-in 40.2.2-ci maddəsində göstərilmiş hal müəyyən edildikdə məhkəmə müdafiə tərəfinin razılığı ilə bu əsasla cinayət təqibinə xitam verə bilər.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən CM-in 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda, cinayət təqibi icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə isə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.

Bununla belə, zərər çəkmişin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla, konkret işin bütün halları nəzərə alınmalıdır.

Göstərilən hallardan başqa cinayət əməlinin obyektinin xarakterinin də nəzərə alınması vacibdir. Məsələn, ictimai təhlükəsizliyə və ictimai qaydaya qarşı və ya dövlət hakimiyyəti əleyhinə olan cinayət işlərində tərəflərin barışması nəticəsində cinayət təqibinə xitam verilməsi CM-in 73-cü maddəsinin tələbləri ilə uyğunsuzluq təşkil etmiş olardı. CM-in 73-cü maddəsinin mənasına görə cinayət məsuliyyətindən azad edilmə yalnız konkret şəxslərin hüquqlarına və qanuni maraqlarına qəsd edən cinayətlər üzrə yolveriləndir. Buna görə də, məsələn, ədalət mühakiməsi əleyhinə olan işlərdə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə CM-in 73-cü maddəsinin tələblərinə cavab verməyən kimi qəbul edilməlidir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:

- CPM-in 37.2, 39.1.941.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır;

- CPM-in 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. CPM-in 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz;

- Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən CM-in 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda, yuxarıda göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.941.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz.

3. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda, bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar Azərbaycan, Respublika, Xalq qəzeti, Bakinski raboçi qəzetlərində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatında dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

Sədrlik edən, Fərhad ABDULLAYEV