AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI
Qəbul edildiyi tarix: 20.10.2011
Qeydiyyat nömrəsi:
Adı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair
Rəsmi dərc edildiyi mənbə: Respublika qəzeti №239
Qüvvəyə minmə tarixi: 04.11.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 020.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 21201110200005
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 04.11.2011


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Vüqar Zeynalovun,

sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri Mahir Məmmədovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin məsləhətçisi Vasif Əmiraslanovun,

ekspert Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2011-ci il 02 may tarixli sorğusu əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim Ceyhun Qaracayevin məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) sorğu verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda həmçinin Mülki Məcəllənin 1193-cü maddəsinin həmin Məcəllənin 152.1, 1166 və 1176-cı maddələrinin tələbləri ilə uzlaşmadığı göstərilmişdir.

Mülki Məcəllənin 1193-cü maddəsində qeyd edilir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin maddədə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay almaq hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir.

Sorğuverənin fikrincə mirasda məcburi pay hüququ Konstitusiyanın 13, 29-cu maddələri ilə ziddiyyət təşkil edir və Mülki Məcəllənin 152.1-ci maddəsi ilə müəyyən olunan mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırır.

Eyni zamanda sorğuverən hesab edir ki, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər. Vəsiyyət edən vəsiyyətnamədə mirasdan məcburi pay almaq hüququ olan vərəsəni, ümumiyyətlə vərəsəlik hüququndan məhrum edərsə, onun bu vəsiyyət sərəncamı həmin şəxsi mirasdan məcburi pay almaq hüququndan məhrum etmir. Vərəsə isə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən miras qoyanın hələ öz sağlığında onun iddiası əsasında məhkəmə tərəfindən məhrum edilə bilər. Sorğuverənin qənaətinə görə mirasda məcburi pay almaq hüququnun göstərilən qaydada həll edilməsi Mülki Məcəllənin 1166 (vəsiyyət anlayışı) və 1176-cı (vəsiyyət üzrə vərəsəlik hüququndan məhrumetmə) maddələrinə ziddir. Belə ki, qanun üzrə vərəsələr sırasına daxil olan şəxs istənilən halda qanun üzrə ona çatası miras əmlakın ən azı yarısını məcburi pay kimi almalıdırsa, onda Mülki Məcəllədə vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması müddəası əhəmiyyətsiz olur.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda təsbit olunan əsas hüquqlardan biridir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə müvafiq olaraq hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Göründüyü kimi, mülkiyyət hüququ toxunulmazdır və onun məhdudlaşdırılmasının xüsusi şərtləri mövcuddur.

Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməlindən biri hesab edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ mülkiyyətçiyə ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Lakin fərdin əksər konstitusion hüquqları kimi, mülkiyyət hüququ da müəyyən hallarda məhdudlaşdırıla bilər. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Mülkiyyət hüququna münasibətdə belə məhdudiyyət Konstitusiyanın 13-cü maddəsinin III hissəsində, eyni zamanda Mülki Məcəllənin 152.5-ci maddəsində də göstərilmişdir.

Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsinin Konstitusiyanın 13-cü maddəsinin III hissəsi ilə qadağan olunması mülkiyyətə qoyulan əsas məhdudiyyətlərdən biri kimi qiymətləndirilə bilər. Mülki qanunvericiliyə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər digər şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə halı olmasın.

Beləliklə, şəxsə mənsub olan mülkiyyət hüququ digərlərinin konstitusion hüquqlarını pozmamaq məqsədi ilə qismən məhdudlaşdırıla bilər.

Öz növbəsində, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi).

Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.

Vərəsəlik hüququnun mövcud olduğu ölkələrin hüquq sistemləri bu hüquq institutunun iki fərqli prinsip üzərində qurulmasını nəzərdə tutur: fərdilik və ailə-təminat prinsipləri.

Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Bu prinsipin mənasına görə fərd üçün mülkiyyəti üzərində tam sərəncam vermək imkanı yaradılmadıqda o, sadəcə əmlakın istifadəçisinə çevrilə bilər və yaşadığı dövrdə əmlakı çoxaltmaq və keyfiyyətcə yeniləşdirmək səyləri olmaz.

Vərəsəlik hüququnda ailə-təminat prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır.

Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Lakin bu əmlak üzərində şəxsin mülkiyyət hüququ onun vəfatından sonra bitir və o, hər hansı bir subyekt kimi hüquq münasibətlərində iştirak etmir. Belə olan halda, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Beləliklə, vəsiyyət azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir.

Azərbaycan Respublikasının mülki qanunvericiliyində vərəsəlik hüquq institutu hər iki prinsipin vəhdəti əsasında yaradılıb.

Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi).

Qeyd edilməlidir ki, mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür.

Mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır.

Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır.

Sosial ədalət prinsipi özlüyündə ayrı-ayrı insanların, sosial qrupların maraqlarının qarşılıqlı güzəştidir, çünki məhz qarşılıqlı güzəşt və hüquq münasibətlərində subyektlərin imkanlarının nisbətən bərabərləşməsi müasir şəraitdə cəmiyyətin idarə edilməsinin mahiyyətini təşkil edir. Məhz buna görə cəmiyyətdə hüququn sosial ədalət funksiyası bütövlükdə ədalət prinsipinin təbiətinə uyğun gəlir.

Vəsiyyət hüququnu məhdudlaşdıran mirasda məcburi pay hüququ öz kökləri ilə Roma hüququna gedib çıxır. Roma hüququnda bu hüquq kifayət qədər geniş şəxslər dairəsini əhatə edirdi: ehtiyac içində olan dul qadın (yəni şəxsi əmlakı olmayan və ərinin ölümündən sonra özünü təmin edə bilməyən qadın); bilavasitə hakimiyyət altında olanlar, yalnız onların adları vəsiyyətnamədə çəkildikdə (heredes sui); emansipasiya olunmuş uşaqlar; doğma qardaş və bacılar (əgər onların adları vəsiyyətnamədə persona turpis çəkilməmişdirsə, yəni ləyaqətsiz olmayıblarsa) və bəzi digər kateqoriyadan olan şəxslər. Hətta Roma hüquqşünaslarının təcrübəsində belə bir baxış da formalaşmışdır ki, öz vərəsələrini təmin etməyən vəsiyyət edən şəxs kəmağıl hesab olunurdu, ona görə də onun yaxın qohumları belə ədalətsizlik nəticəsində özlərini təhqir edilmiş hesab etməklə, həmin şəxsə qarşı vərəsəlik hüquqları ilə bağlı iddia verə bilərdilər (querela inofficiosi testamenti).

Müasir Avropa ölkələrinin əksəriyyətində vərəsəlik hüquq institutunda məcburi pay hüququ ailə münasibətlərini qoruyan vacib sosial təminat kimi qəbul edilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Marks Belçikaya qarşı iş üzrə 1979-cu il 13 iyun tarixli qərarında göstərilmişdir ki, aliment öhdəlikləri və ya vərəsəlikdə məcburi pay hüququ Konvensiyanın üzvləri olan əksər ölkələrin qanunvericiliyində mövcuddur və əmlaka vərəsəlik hüququ ailə həyatının tərkib hissəsidir. Həmin iş üzrə hakim Pinheiro Farinhan Xüsusi rəyində qeyd etmişdir ki, ailə münasibətləri ilə bağlı olan insanlar arasında mütləq pay hüququ ailə maraqlarını müdafiə edən, bu münasibətlərdən yaranan mənəvi və sosial xarakterli vəzifələrin formasını göstərir.

Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin bir neçə fərdi şikayətlərlə bağlı işlərində: 1995-ci il 17 may tarixli 31-O saylı vətəndaş Q.V.Qrişa, 2011-ci il 22 mart tarixli 421-O-O saylı vətəndaş İ.İ.Qolubyevanın şikayətlərinin qəbul olunmasından imtina haqqında qərardadlarında göstərilmişdir ki, vəsiyyət azadlığını məhdudlaşdıran vərəsəlikdə məcburi pay qaydaları mülki qanunvericiliyə xüsusi müdafiəyə ehtiyacı olan şəxslərin maddi təminatı məqsədi ilə əlavə edilmişdir.

Yuxarıda qeyd olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sosial ədalətlilik prinsipi baxımından Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən olunmuş məcburi pay institutu şəxsin Konstitusiya ilə təsbit olunmuş mülkiyyət hüququna dair normaları ilə ziddiyyət təşkil etmir.

Sorğuda qaldırılan digər məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Mülki Məcəllənin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət etməklə qoya bilər.

Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Vərəsəlik münasibətlərində vəsiyyətnaməyə üstünlük verilməsi fərdin mülkiyyət hüququnun təmin edilməsinə yönəldilmişdir. Belə ki, qanunvericiliyə əsasən miras qoyanın öz sağlığında mülkiyyəti üzərində sərəncam vermək imkanı vardır.

Vəsiyyət - yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin ölməsi halı üçün öz əmlakının və ya onun bir hissəsinin həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoyulması barədə öz iradəsinin yazılı formada ifadəsidir (Mülki Məcəllənin 1166, 1167 və 1179-cu maddələri).

Bununla belə, Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Göründüyü kimi, bu maddə vəsiyyət azadlığı prinsipinə əsaslanmışdır və mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində azad sərəncam vermək hüququnu təmin edir. Belə ki, vərəsənin mirasdan məhrum edilməsi üçün vəsiyyət edənin vəsiyyətnamədə heç bir izah vermədən məhrum etmək iradəsini göstərməsi kifayətdir. Əgər vəsiyyət edən vərəsələrdən hər hansı birinin vərəsəlik hüququndan məhrum edilməsini vəsiyyətnamədə nəzərdə tutursa, bu qadağa mirasın məcburi pay hissəsinə tətbiq edilmir və yalnız miras əmlakından həmin vərəsəyə düşən payı əhatə edir.

Lakin mülki qanunvericilik mirasda məcburi pay hüququnu da mütləq (məhdudiyyətsiz) hüquq kimi tanımır. Mülkiyyət hüququnun ayrılmazlığını nəzərə alaraq, mülki qanunvericilik, mülkiyyətçiyə hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütövlükdə vərəsələri məcburi pay almaq hüququndan məhrum etməsinə icazə verir (Mülki Məcəllənin 1203.2-ci maddəsi). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Beləliklə, miras qoyan öz sağlığında, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan halları iddia ərizəsində göstərməklə məhkəməyə təqdim edərək, məhkəmə qərarı vasitəsi ilə vərəsələri məcburi pay almaq hüququndan məhrum edə bilər.

Azərbaycan qanunvericiliyinə əsasən vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipi baxımından əhəmiyyətli xarakter daşıyır. Hətta miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütövlükdə vərəsələri məcburi pay almaq hüququndan məhrum edə bilməsi imkanı vəsiyyət azadlığını tam qoruyaraq, bir tərəfdən vərəsələrin qanuni maraqlarını müdafiə edir, digər tərəfdən mülkiyyət hüququnun təminatına (şəxsin mülkiyyəti üzərində tam sərəncam vermək hüququ) xidmət edir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum etməsi həmin şəxsləri məcburi pay almaq hüququndan məhrum etməsi kimi qəbul edilməməlidir. Eyni zamanda, vəsiyyət edənin həmin şəxsləri məcburi pay almaq hüququndan məhrum etməsi Mülki Məcəllənin 1203.2-ci maddəsi ilə nəzərdə tutulan qaydada tətbiq edilə bilər.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Mülki Məcəllənin 1193-cü maddəsi hüquq sisteminin ayrılmaz tərkib hissəsi olan sosial ədalətlilik prinsipi baxımından Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II, III və V hissələrinə uyğundur.

Mirasda məcburi pay almaq hüququ olan şəxslərin dairəsi və vərəsələrin məcburi payının həcminin dəyişdirilməsi məsələsini zamanın tələbi baxımından Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyəti çərçivəsində müəyyən edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1.    Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi hüquq sisteminin ayrılmaz tərkib hissəsi olan sosial ədalətlilik prinsipi baxımından Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II, III və V hissələrinə uyğun hesab edilsin.

Mirasda məcburi pay almaq hüququ olan şəxslərin dairəsi və vərəsələrin məcburi payının həcminin dəyişdirilməsi məsələsini zamanın tələbi baxımından Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyəti çərçivəsində müəyyən edə bilər.

2.    Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.    Qərar Azərbaycan, Respublika, Xalq qəzeti, Bakinski raboçi qəzetlərində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatında dərc edilsin.

4.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr: Fərhad Abdullayev