AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI
Qəbul edildiyi tarix: 21.10.2011
Qeydiyyat nömrəsi:
Adı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair
Rəsmi dərc edildiyi mənbə: Respublika qəzeti №244
Qüvvəyə minmə tarixi: 13.11.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 390.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 21201110210006
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 16.11.2011


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibi İsmayıl İsmayılovun, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rəisi İlqar Cəfərovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun, ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun, mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) ünvanladığı sorğuda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 182.2.4-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə müddəasının şərh edilməsini xahiş etmişdir.

Prokurorluğun sorğusunda qeyd olunur ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyətini müəyyən edir.

Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi eyni əməllərin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsi ilə əlaqədar, Məcəllənin 182.3.2-ci maddəsi isə eyni əməllərin külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi ilə əlaqədar cinayət məsuliyyətini nəzərdə tutur.

Sorğuda qeyd olunur ki, bəzən Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması qeyd olunan ziyanın yalnız real mövcud olması ilə şərtləndirilir. Bu zaman isə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə müddəası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin xeyli miqdarda ziyan vurmaqla törədildikdə müddəası ilə müqayisə olunur.

Sorğuverənin mülahizəsinə görə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranmasının ziyanın real mövcud olması ilə şərtləndirilməsi həmin Məcəllənin 182-ci maddəsinin mənasına ziddir.

Prokurorluq sorğuda Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə müddəasının təqsirkar tərəfindən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildiyi, lakin faktiki olaraq xeyli miqdarda ziyanın vurulmadığı halları ehtiva edib-etməməsinin şərh olunmasını xahiş etmişdir.

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90-cı maddəsinə görə normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar ilk növbədə cinayət hüququnun qanunçuluq prinsipinin mahiyyətinin, onun konstitusion əsaslarının, habelə bu prinsipə əməl olunmasının vacibliyinin açıqlanmasını zəruri hesab edir.

Qanunçuluğun ümumi prinsiplərinə söykənən cinayət hüququnun prinsipləri hüquq normalarında təsbit olunan, cinayət hüququnun və onun institutlarının təbiətini müəyyən edən, cinayət hüququ yaradıcılığının və bu hüququn tətbiqi ilə bağlı fəaliyyətin əsas istiqamətləridir.

Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri).

Cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi).

Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir.

Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır.

Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici orqan tərəfindən cinayət hüquq norması qəbul edilərkən qanunçuluğun prinsiplərindən olan qanunun aliliyi, vahidliyi, məqsədəuyğunluğu və qanunçuluğun reallığı prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması Konstitusiyada təsbit olunmuş bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərindən irəli gəlir.

Cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquqtətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini pozmuş olar.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli Qərarında vurğulamışdır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar.

Qeyd olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğuda qaldırılan məsələlərin düzgün həll edilməsi və qeyri-müəyyənliyin aradan qaldırılması və qanunçuluq prinsipinin təmin olunması üçün hədə-qorxu ilə tələb etmə cinayət əməlinin (Cinayət Məcəlləsinin 182-ci maddəsi) tövsifi, tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

İlk olaraq qeyd olunmalıdır ki, cinayət qanunvericiliyində cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir.

Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur.

Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur.

Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir.

Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir.

Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur.

Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.).

Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər.

Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur.

Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür.

Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur.

Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir.

Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir.

Bununla yanaşı, cinayət qanunvericiliyində hədə-qorxu ilə tələb etmə cinayətinin bir neçə tövsifedici əlamətləri nəzərdə tutulmuşdur. Belə tövsifedici əlamətlərdən biri də bu əməlin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsidir (Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi).

Qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir.

Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi bilavasitə həmin Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə bağlıdır. Belə ki, hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı hallarının hər birinin (Cinayət Məcəlləsinin 182.2.1- 182.2.5-ci maddələri) əsasını həmin maddənin dispozisiyasında verilmiş hədə-qorxu ilə tələb etmənin tərkibi təşkil edir. Hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün Cinayət Məcəlləsinin 182.1-ci maddəsində qeyd olunan əsasların mövcud olması mütləq şərtdir.

Belə olan halda Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranmasının ziyanın real mövcud olması ilə şərtləndirilməsi, həmin Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğun gəlmir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilməlidir.

Hədə-qorxu ilə tələb etmə cinayət əməlinin Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində əks olunan zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə tövsifedici əlamətinin həmin Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI :

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir.

Hədə-qorxu ilə tələb etmə cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində əks olunan zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə tövsifedici əlamətinin həmin Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan, Respublika, Xalq qəzeti, Bakinski raboçi qəzetlərində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatında dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

Sədr: Fərhad Abdullayev