AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

21.05.2020

Qeydiyyat nömrəsi

KQ-03

Adı

“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

22.05.2020

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15202005210003

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

21.05.2020

 

 

Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması ilə əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 9.2-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1.  “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilsin (əlavə olunur).

2.  Nazirliyin Aparatının Hüquq şöbəsinə (A.Cəfərov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3.  Nazirliyin Aparatının Ümumi və məktəbəqədər təhsil şöbəsi (V.Yaqublu) və Təhsilin inkişafı proqramları şöbəsi (N.Hüseynova) bu qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

4.  Nazirliyin Aparatının İnformasiya şöbəsi (E.Məmmədov) bu qərarın ümumi təhsil müəssisələrinə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5.  Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

 

Kollegiyanın sədri,

Nazir

Ceyhun Bayramov

 


 

 

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin Kollegiyasının

21 may 2020-ci il tarixli

 

KQ-03 ¹-li qərarı ilə

təsdiq edilmişdir

 

Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası

 

1.  Bu Qayda Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir.

2.  Bu Qayda aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:

2.1.  ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;

2.2.  xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.

3. I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.

4. II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.

5.  İllik ballar və qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

6.  Hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

7.  Hər hansı fənn üzrə illik qiyməti "3" və ya “4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

8.  Məktəbdaxili qiymətləndirmə növbəti tədris ili başlayanadək ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir.

9.  Məktəbdaxili qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.

10.  Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə olunur.

11.  Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;

– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

12.  Tədris ili üzrə şagirdin illik ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

12.1.  30-dək (30 daxil olmaqla) olan ballar “2” qiyməti ilə;

12.2.  30-dan 60-dək (60 daxil olmaqla) olan ballar “3” qiyməti ilə;

12.3.  60-dan 80-dək (80 daxil olmaqla) olan ballar “4” qiyməti ilə;

12.4.  80-dən 100-dək (100 daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

13.  Məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən şagirdlərin sinifdən sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.