AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 21.11.2011
Qeydiyyat nömrəsi: 16
Adı: Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydalarının təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 24.11.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 080.020.030
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 15201111210016
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 23.11.2011


Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.3-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyası qərara alır:

1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Dövlət Sosial Müdafiə Fondu Aparatının Hüquq şöbəsinə (G.Bağırova) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş hüquqi aktın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 12 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Qaydalarının, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydalarının və Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin təklif etdiyi əlavə və dəyişikliklər nəzərə alınmaqla təsdiq edilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli 6 nömrəli qərarının 2-ci hissəsi və Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Qaydalarına, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarına, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydalarına əlavə və dəyişikliklərin təsdiq edilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun 24 aprel 2009-cu il tarixli 275 nömrəli əmrinin 3-cü hissəsi ləğv edilsin.

 

Kollegiyanın sədri Səlim Müslümov

 

Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Dövlət Sosial Müdafiə Fondu

Qərar 16

 

21 noyabr 2011-ci il

 

Sədr S.Müslümov

 

Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması

 

Q A Y D A L A R I

 

I. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 28-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması qaydasını müəyyən edir.

1.2. Qanunun 4-cü maddəsinə əsasən əmək pensiyalarının 3 növü vardır:

yaşa görə əmək pensiyası;

əlilliyə görə əmək pensiyası;

ailə başçısını itirməyə (bundan sonra ABİ) görə əmək pensiyası.

Yaşa görə əmək pensiyaları və əlilliyə görə əmək pensiyaları aşağıdakı hissələrdən ibarətdir:

baza hissəsi;

sığorta hissəsi;

yığım hissəsi.

ABİ-yə görə əmək pensiyaları isə iki hissədən ibarətdir:

baza hissəsi;

sığorta hissəsi.

 

II. Əmək pensiyalarının yenidən hesablanması

 

A) Yaşa görə əmək pensiyalarının yenidən hesablanması

 

2.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış şəxslərin (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır.

Misal 1. 1 sentyabr 1938-ci il təvəllüdlü vətəndaşın pensiya hüququnun yarandığı 1 mart 2000-ci il tarixdən ona 44 il iş stajı və orta aylıq əmək haqqı nəzərə alınmaqla müraciəti əsasında 40 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl təyin edilmiş yaşa görə əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) 40 manat ümumi məbləğinin Qanunun 26.1-ci maddəsinə uyğun 1 yanvar 2006-cı il tarixdən şərti çevrilməsi aparılaraq baza hissəsi 25 manat, sığorta hissəsi 15 manat müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat və 2010-cu il sentyabrın 1-dən 85 manat, müəyyən edildiyi nəzərə alınaraq vətəndaşın pensiyasının baza hissəsi 01.09.2010-cu il tarixdən 85 manata çatdırılmışdır. Qanunun 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən onun əmək pensiyasının sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələrinə uyğun olaraq 2007-ci il yanvarın 1-dən 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik və 2011-ci il yanvarın 1-dən 5,7 faizlik artım tətbiq edilərək 1 yanvar 2011-ci il tarixdən 24,57 manat (15 manat 1,083 1,167 1,208 1,015 1,057= 24,57 manat) hesablanmışdır.

Beləliklə, vətəndaşın əmək pensiyasının məbləği 01 yanvar 2011-ci il tarixdən 109,57 manat (85 manat baza hissəsi + 24,57 manat sığorta hissəsi=109,57 manat) təşkil etmişdir.

Bu Qaydaların 2.1-ci bəndinə əsasən onun 01 iyul 2011-ci il tarixdən əmək pensiyasının məbləği 44 il iş stajına əsasən 170,36 manat (85 manat baza hissəsi + 85,36 manat sığorta hissəsi (44 il x 1,94 manat=85,36 manat) məbləğində yenidən hesablanır.

2.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır.

Misal 2. 1-ci misal üzrə sığortaolunan pensiya təyin edildiyi 1 mart 2000-ci il tarixdən işləməkdə davam etmişdir və 25 iyun 2011-ci il tarixdən işdən çıxmışdır. Onun 2006-cı il yanvarın 1-dək 49 il 10 ay (44 il pensiya təyin edilən 1 mart 2000-ci il tarixədək + 5 il 10 ay 1 mart 2000-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək=49 il 10 ay) iş stajı və 1 yanvar 2006-cı il tarixdən işdən çıxdığı 25 iyun 2011-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 3240 manat pensiya kapitalı toplanmışdır.

Bu Qaydaların 2.1.1-ci yarımbəndinə əsasən 49 il 10 ay iş stajına uyğun olaraq 96,68 manat (49 il 10 ay x 1,94 manat=96,68 manat) pensiyanın sığorta hissəsi müəyyənləşdirilir.

Vətəndaşın fərdi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixdən 25 iyun 2011-ci il tarixədək toplanmış pensiya kapitalı nəzərə alınmaqla Qanunun 10-cu və 37.3.1-ci maddələrinə əsasən 45 manat (3240 manat :72 ay =45 manat) pensiyanın sığorta hissəsi müəyyənləşdirilir.

Beləliklə, vətəndaşın əmək pensiyasının məbləği 1 iyul 2011-ci il tarixdən 226,68 manat (85 manat baza hissəsi + 141,68 manat sığorta hissəsi (96,68 manat 1 yanvar 2006-ci il tarixədək sığorta hissəsi +45 manat pensiya kapitalına uyğun müəyyənləşdirilmiş sığorta hissəsi=141,68 manat) məbləğində yenidən hesablanır.

Misal 3. 20 dekabr 1943-cü il təvəllüdlü vətəndaşın pensiya hüququnun yarandığı 20 dekabr 2005-ci il tarixdən ona 40 il iş stajı və orta aylıq əmək haqqı nəzərə alınmaqla müraciəti əsasında 30 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl təyin edilmiş yaşa görə əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) 30 manat ümumi məbləğinin Qanunun 26.1-ci maddəsinə uyğun 1 yanvar 2006-cı il tarixdən şərti çevrilməsi aparılaraq baza hissəsi 25 manat, sığorta hissəsi 5 manat müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqında sərəncamlarına əsasən vətəndaşın pensiyasının baza hissəsi müvafiq qaydada artırılaraq 1 sentyabr 2010-cu il tarixdən 85 manata çatdırılmışdır.

Qanunun 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən vətəndaşın 1 yanvar 2006-ci il tarixdən müəyyənləşdirilmiş əmək pensiyasının 5 manat sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələrinə uyğun olaraq müvafiq artımlar tətbiq edilərək 1 yanvar 2010-cu il tarixdən 7,75 manat (5 manat 1,083 1,167 1,208 1,015 = 7,75) hesablanmışdır.

Eyni zamanda vətəndaş 28 fevral 2006-cı ildən 1 oktyabr 2010-cu il tarixədək əmək fəaliyyətini davam etdirmişdir və fərdi hesabının sığorta hissəsində 2826,72 manat pensiya kapitalı toplanmışdır.

Vətəndaş 1 oktyabr 2010-cu il tarixdə işdən çıxdığı üçün pensiyası həmin tarixdən yenidən hesablanmışdır. Yəni, vətəndaşın 26 fevral 2006-cı il tarixdən işdən çıxdığı 1 oktyabr 2010-cu il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan 2826,72 manat pensiya kapitalı nəzərə alınmaqla Qanunun 10-cu və 37.3.1-ci maddələrinə əsasən 31,76 manat (2826,72 manat :89 ay =31,76 manat) pensiyanın sığorta hissəsi müəyyənləşdirilmiş və pensiyasının məbləği 1 oktyabr 2010-cu il tarixdən 124,51 manat (85 manat baza hissəsi + 39,51 manat sığorta hissəsi (7,75 manat 1 yanvar 2006-ci il tarixədək sığorta hissəsi + 31,76 manat 1 oktyabr 2010-cu il tarixdən pensiya kapitalına uyğun müəyyənləşdirilmiş sığorta hissəsi=39,51 manat) müəyyənləşdirilmişdir.

Qanunun 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamına əsasən vətəndaşın əmək pensiyasının sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən 2010-cu il üzrə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq 2011-ci il yanvarın 1-dən 5,7 faizlik artım tətbiq edilərək 1 yanvar 2011-ci il tarixdən 41,76 manat (8,19 manat (7,75 manat 1 yanvar 2006-ci il tarixədək sığorta hissəsi 1,057) + 33,57 manat (31,76 manat 1 oktyabr 2010-cu il tarixdən pensiya kapitalına uyğun müəyyənləşdirilmiş sığorta hissəsi 1,057)= 41,76 manat) hesablanmışdır.

Bu Qaydaların 2.1.1-ci yarımbəndinə əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi 40 il iş stajına uyğun olaraq 77,6 manat (40 il x 1,94 manat=77,6 manat) pensiyanın sığorta hissəsi müəyyənləşdirilir.

Beləliklə, vətəndaşın əmək pensiyasının məbləği 1 iyul 2011-ci il tarixdən 196,17 manat (85 manat baza hissəsi + 111,17 manat sığorta hissəsi (77,6 manat 1 yanvar 2006-ci il tarixədək sığorta hissəsi + 33,57 manat pensiya kapitalına uyğun müəyyənləşdirilmiş sığorta hissəsi=111,17 manat) məbləğində yenidən hesablanır.

2.1.2. Bu Qaydaların 2.1-ci bəndinə və 2.1.1-ci yarımbəndinə uyğun olaraq yaşa görə yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.

Misal 4. Vətəndaşa 21 dekabr 2005-ci il tarixdən 41 il iş stajı və orta aylıq əmək haqqı nəzərə alınmaqla müraciəti əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması və əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına uyğun olaraq baza hissəsinə və sığorta hissəsinə müvafiq artımlar tətbiq edilmiş və 1 iyul 2011-ci il tarixə əmək pensiyasının məbləği 277 manat (85 manat baza hissəsi + 192 manat sığorta hissəsi= 277 manat) təşkil etmişdir.

Bu Qaydaların 2.1.1-ci yarımbəndinə əsasən yenidən hesablama aparılarsa, 41 il iş stajına uyğun olaraq pensiyanın sığorta hissəsi 79,54 manat (41 il x1,94 manat=79,54 manat), pensiyanın ümumi məbləği isə 164,54 manat (85 manat baza hissəsi + 79,54 manat sığorta hissəsi) təşkil edər ki, bu halda yenidən hesablanmış pensiya məbləği mövcud pensiya məbləğindən aşağı olduğundan, daha yüksək məbləğ, yəni 277 manat əsas götürülür.

 

B) Əlilliyə görə əmək pensiyalarının yenidən hesablanması

 

2.2. Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək əlilliyə görə pensiyaya çıxmış şəxslərin (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır.

Misal 5. 50 yaşlı sığortaolunana ilk dəfə əlillik müəyyən olunduğu 1 mart 2000-ci il tarixdən 30 il iş stajı və orta aylıq əmək haqqı nəzərə alınmaqla I qrup əlilliyə (əlilliyin səbəbi ümumi xəstəlikdəndir) görə 31 manat əmək pensiyası təyin edilmişdir. Qanunun qüvvəyə mindiyi 2006-cı ilin 1 yanvar tarixinə həmin məbləğin dəyişdirilmədən Qanunun 26.1-ci maddəsinə uyğun şərti çevrilməsi aparılmaqla pensiyasının baza hissəsi 25 manat, sığorta hissəsi 6 manat müəyyənləşdirilmişdir. Bundan sonra Qanunun 13-cü və 19-cu maddələri tətbiq edilməklə həmin tarixə I qrup əlilliyə görə əmək pensiyasının baza hissəsi 30 manat (25 manat x 120%=30 manat) hesablanmış və onun üzərinə I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi (2,5 manat) məbləğində əlavə (bu əlavə I qrup əlil kimi hər üç növ əmək pensiyasından birini alan şəxsin öz pensiyasının baza hissəsinin üzərinə hesablanır) edilmişdir.

Beləliklə, əmək pensiyasının məbləği 01.01.2006-cı il tarixdən 38,5 manata (30 manat baza hissəsi + 2,5 manat I qrup əlillərə qulluq üçün baza hissəsinə əlavə + 6 manat sığorta hissəsi =38,5 manat) çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat və 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edildiyi nəzərə alınmaqla vətəndaşın pensiyasının baza hissəsi müvafiq qaydada artırılaraq 1 sentyabr 2010-cu il tarixdən 102 manata (85 x 120%=102), I qrup əlilə qulluq üçün baza hissəsinə əlavə 8,5 manata (85 x 10%=8,5) çatdırılmışdır.

Qanunun 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən vətəndaşın əmək pensiyasının sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələrinə uyğun olaraq 2007-ci il yanvarın 1-dən 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik və 2011-ci il yanvarın 1-dən 5,7 faizlik artım tətbiq edilərək 1 yanvar 2011-ci il tarixdən 9,84 manat (6 manat 1,083 1,167 1,208% 1,015 1,057= 9,84) hesablanmışdır.

Beləliklə, vətəndaşın əmək pensiyasının məbləği 01 yanvar 2011-ci il tarixdən 120,34 manat (102 manat baza hissəsi + 8,5 manat I qrup əlillərə qulluq üçün baza hissəsinə əlavə + 9,84 manat sığorta hissəsi=120,34 manat) təşkil etmişdir.

Bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq vətəndaşın 01 iyul 2011-ci il tarixdən əmək pensiyasının məbləği 30 il iş stajına əsasən 168,7 manat (102 manat baza hissəsi + 8,5 manat I qrup əlillərə qulluq üçün baza hissəsinə əlavə +58,20 manat (30 il x 1,94 manat=58,20 manat) sığorta hissəsi) məbləğində yenidən hesablanır.

2.2.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək əlilliyə görə pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır.

Misal 6. Vətəndaşa 01 sentyabr 1998-ci il tarixdən II qrup əlil kimi 30 il iş stajı nəzərə alınmaqla pensiya təyin edilmiş və 01 noyabr 2004-cü il tarixədək işləməkdə davam etmişdir. Onun öhdəsində bir nəfər azyaşlı uşaq var və pensiyasının məbləği 01 yanvar 2006-cı il tarixədək 31 manat olmuşdur. Həmin tarixdən bu məbləğin dəyişdirilmədən Qanunun 26.1-ci maddəsinə uyğun şərti çevrilməsi aparılmaqla pensiyasının baza hissəsi 25 manat, sığorta hissəsi 6 manat müəyyənləşdirilmişdir. Bundan sonra işləmədiyi üçün Qanunun 13-cü və 19-cu maddələri tətbiq edilməklə II qrup əlilliyə görə əmək pensiyasının baza hissəsi 25 manat (25 manat x 100% =25 manat) hesablanmış və onun üzərinə öhdəsində azyaşlı uşaq olduğu üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi (1,25 manat) məbləğində əlavə (işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün nəzərdə tutulmuş bu əlavə Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq sosial müavinət almayan uşaqların əmək pensiyası alan valideynlərindən yalnız birinin əmək pensiyasının üzərinə hesablanır) edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqında sərəncamlarına əsasən vətəndaşın pensiyasının baza hissəsi müvafiq qaydada artırılaraq 1 sentyabr 2010-cu il tarixdən 85 manata (85x100%=85), bir nəfər əmək qabiliyyətsiz ailə üzvünə görə baza hissəsinə əlavə 4,25 manata (85 x 5%=4,25) çatdırılmışdır.

Qanunun 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən vətəndaşın əmək pensiyasının sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələrinə uyğun olaraq müvafiq artımlar tətbiq edilərək 1 yanvar 2011-ci il tarixdən 9,84 manat (6 manat 1,083 1,167 1,208 1,015 1,057= 9,84) hesablanmışdır.

Beləliklə, vətəndaşın əmək pensiyasının məbləği 01 yanvar 2011-ci il tarixdən 99,09 manat (85 manat baza hissəsi + 4,25 manat əmək qabiliyyətsiz ailə üzvünə görə baza hissəsinə əlavə + 9,84 manat sığorta hissəsi=99,09 manat) təşkil etmişdir.

Vətəndaşın 2006-cı il yanvarın 1-dək 35 il 2 ay (30 il (pensiya təyin edilən 01 sentyabr 1998-ci il tarixədək) + 5 il 2 ay (01 sentyabr 1998-ci il tarixdən 01 noyabr 2004-cü il tarixədək)=35 il 2 ay) iş stajı toplanır. Bu Qaydaların 2.2.1-ci yarımbəndinə uyğun olaraq əmək pensiyasının məbləği 35 il 2 ay iş stajına əsasən 01 iyul 2011-ci il tarixdən 157,47 manat (85 manat baza hissəsi + 4,25 manat əmək qabiliyyətsiz ailə üzvünə görə baza hissəsinə əlavə +68,22 manat (35 il 2 ay x 1,94 manat=68,22 manat) sığorta hissəsi) məbləğində yenidən hesablanır.

2.2.3. Bu Qaydaların 2.2-ci bəndinə və 2.2.1-ci yarımbəndinə uyğun olaraq əlilliyə görə yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.

Misal 7. I qrup gözdən əlil olan şəxsə 21 dekabr 2005-ci il tarixdən 33 il iş stajı və orta aylıq əmək haqqı nəzərə alınmaqla müraciəti əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması və əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına uyğun olaraq baza hissəsinə və sığorta hissəsinə müvafiq artımlar tətbiq edilmiş və 1 iyul 2011-ci il tarixə əmək pensiyasının məbləği 300 manat (170 manat baza hissəsi + 8,5 manat I qrup əlilə qulluq üçün əlavə + 121,5 manat sığorta hissəsi=300 manat) təşkil etmişdir.

Bu Qaydaların 2.2-ci bəndi tətbiq edilərsə 33 il iş stajına uyğun olaraq pensiyanın sığorta hissəsi 64,02 manat (33 il x 1,94 manat=64,02 manat), pensiyanın ümumi məbləği isə 242,52 manat (170 manat baza hissəsi + 8,5 manat I qrup əlilə qulluq üçün əlavə + 64,02 manat) təşkil edər ki, bu halda yenidən hesablanmış pensiya məbləği mövcud pensiya məbləğindən aşağı olduğundan daha yüksək məbləğ, yəni 300 manat əsas götürülür.

 

C) Ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanması

2.3. Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək ABİ-yə görə pensiyaya çıxmış şəxslərin (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır.

Misal 8. 32 il iş stajı olan və 10 oktyabr 2005-ci il tarixdə vəfat etmiş şəxsin öhdəsində olan 2 nəfər əmək qabiliyyətsiz ailə üzvünə ABİ-yə görə əmək pensiyası təyin edilmiş, Qanunun 26.1-ci maddəsinə uyğun şərti çevrilməsi aparılmış və Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması və əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına uyğun olaraq baza hissəsinə və sığorta hissəsinə müvafiq artımlar tətbiq edilmiş və onların ABİ-yə görə əmək pensiyasının cəmi məbləği 01 iyul 2011-ci il tarixədək 125,96 manat (85 manat baza hissəsi (42,5 manat x 2 nəfər =85 manat) + 40,96 manat 2 nəfər üçün sığorta hissəsi=125,96 manat) təşkil etmişdir.

Bu Qaydaların 2.3-cü bəndinə əsasən 01 iyul 2011-ci il tarixdən ABİ-yə görə əmək pensiyasının sığorta hissəsi vəfat edənin 32 il iş stajına əsasən 62,08 manat (32 il x1,94 manat=62,08 manat) məbləğində yenidən hesablanır.

Beləliklə, hər iki ailə üzvünün ABİ-yə görə əmək pensiyasının cəmi məbləği 1 iyul 2011-ci il tarixdən 147,08 manat (73,54 manat (42,5 manat baza hissəsi + 31,04 manat sığorta hissəsi=73,54 manat) x 2 nəfər =147,08 manat) təşkil edir.

2.3.1. Bu Qaydaların 2.3-cü bəndinə uyğun olaraq ABİ-yə görə yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.

Misal 9. 30 il iş stajı olan və 2005-ci ildə vəfat etmiş şəxsin Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvünə ABİ-yə görə əmək pensiyası təyin edilmişdir. Onun ABİ-yə görə əmək pensiyasının məbləği 01 iyul 2011-ci il tarixə 321 manat (85 manat baza hissəsi +236 manat sığorta hissəsi=321 manat) təşkil etmişdir.

Bu Qaydaların 2.3-cü bəndinə əsasən yenidən hesablama aparılarsa, 01 iyul 2011-ci il tarixdən ABİ-yə görə əmək pensiyasının sığorta hissəsi vəfat edənin 30 il iş stajına əsasən 58,2 manat (30 il x 1,94 manat=58,2 manat), pensiyasının ümumi məbləği isə 143,2 manat (85 manat baza hissəsi +58,2 manat sığorta hissəsi) təşkil edər ki, bu halda yenidən hesablanmış pensiya məbləği mövcud pensiya məbləğindən aşağı olduğundan daha yüksək məbləğ, yəni 321 manat əsas götürülür.