AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

26.08.2011

Qeydiyyat nömrəsi

02

Adı

“Adlı investisiya qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması” Qaydalarının təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

07.09.2011

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201108260002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

06.09.2011

 

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni əsas tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

QƏRARA ALIR:

 

1. “Adlı investisiya qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması” Qaydaları təsdiq edilsin (Əlavə olunur).[1]

2. Hüquq şöbəsinə (Y.Məmmədov) tapşırılsın ki, bu Qaydaları 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Ümumi şöbəyə (S.Dadaşova) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

4. QKDK sədrinin 08 noyabr 1999-cu il tarixli 65 nömrəli Əmri ilə təsdiq edilmiş “Qiymətli kağızlarla alqı-satqı əqdlərinin qiymətli kağızlar bazarının peşəkar iştirakçıları vasitəsi ilə bağlanma və qeydiyyatı qaydaları haqqında” və 26 iyul 2002-ci il tarixli 114 nömrəli Əmri ilə təsdiq edilmiş “Qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanma qaydaları haqqında” Əsasnamələr qüvvədən düşmüş hesab edilsin.

5. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

 

Sədr                                                                                                                                     R.Aslanlı

 

 


 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 02

26 avqust 2011-ci il

 

Sədr

 

______________________

R.Aslanlı

 

 

Adlı investisiya qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 05 mart 2009-cu il tarixli 70 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində adlı investisiya qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması və qeydiyyatı, həmçinin birjadankənar əqdlər haqqında məlumatların açıqlanması qaydalarını müəyyən edir.

 

2. Qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması və qeydiyyatı

 

2.1. Qiymətli kağızların broker vasitəsi ilə alqı-satqısı brokerlə müştəri arasında tapşırıq və ya komissiya şərtləri ilə bağlanılan broker müqaviləsi əsasında həyata keçirilir.

2.2. Broker müqaviləsində nəzərdə tutulan xidmətlər müştərinin tapşırığı əsasında həyata keçirilir.

2.3. Broker müqaviləsində nəzərdə tutulduğu halda, müqavilənin bağlanıldığı andan müştərinin tapşırığı tam icra edilənədək, broker həmin müştərinin depozitarda açılmış “depo” hesabının vəziyyəti haqqında məlumatı almaq hüququna malikdir.

2.4. Broker müqaviləsində nəzərdə tutulduğu halda broker fond birjasında, qiymətli kağızların sahiblərinin reyestrsaxlayıcılarında və depozitarlarda müştərisinin vəkil edilmiş şəxsi qismində çıxış edir.

2.5. Diler tərəfindən qiymətli kağızların alqı-satqısı müqavilə əsasında həyata keçirilir.

2.6. Diler əvvəlcədən elan etdiyi şərtlərə uyğun gələn alqı-satqı müqavilələrinin bağlanılmasından həmin şərtləri dəyişdirmək yolu ilə birtərəfli qaydada imtina edə bilməz.

2.7. Qiymətli kağızlarla alqı-satqı əqdləri broker vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf müqabili diler olmadıqda, əqdlərin bağlanması yalnız qiymətli kağızlara sahiblik hüququnu təsdiqləyən qiymətli kağızın sertifikatı əsasında (qiymətli kağızlar depozitarda saxlanıldıqda sertifikat depozitar tərəfindən verilir), notarial qaydada təsdiq edilən müqavilənin imzalanması ilə həyata keçirilir.

2.8. Müqavilədə aşağıdakılar öz əksini tapmalıdır:

2.8.1. tərəflərin adları və rekvizitləri;

2.8.2. müqavilənin predmeti olan qiymətli kağızların adı, növü, onların dövlət qeydiyyat nömrəsi, sayı, nominal dəyəri;

2.8.3. bir qiymətli kağızın qiyməti;

2.8.4. bağlanılan əqd üzrə tərəflərin öhdəlikləri və onların icrası qaydası;

2.8.5. mübahisələrin həll olunması qaydası;

2.8.6. bağlanılan əqd üzrə tərəflərin hüquq və vəzifələri.

2.9. Qiymətli kağızlarla alqı-satqı əqdləri broker vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf müqabili diler olmadıqda və ya depozitar (reyestrsaxlayıcı) tərəfindən uçotu aparılmayan qiymətli kağızlarla əqd bağlandıqda, qiymətli kağızların sahibi və ya onun vəkil edilmiş nümayəndəsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (bundan sonra – QKDK) həmin qiymətli kağızların girovda olmaması haqqında arayışı əldə etməlidir.

2.10. Qiymətli kağızların girovda olmaması haqqında arayışı əldə etmək üçün onların sahibi və ya onun vəkil edilmiş nümayəndəsi QKDK-ya aşağıdakı sənədləri təqdim etməlidir:

2.10.1. yazılı müraciət;

2.10.2. satıcının şəxsiyyətini təsdiq edən sənəd (fiziki şəxslər üçün) və ya nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənəd (hüquqi şəxslər üçün).

2.11. Ünvanlı satış istisna olmaqla, səhmdarların sayı 100-dən artıq olan səhmdar cəmiyyətlərinin yerləşdirilmiş səhmləri ilə alqı-satqı əqdləri fond birjası vasitəsi ilə bağlanmalıdır. Əqd üzrə tərəf müqabillərinin bir-birinə məlum olması şərti ilə və qabaqcadan razılaşdırılmış qiymətlə və şərtlərlə alqı-satqı müqaviləsinin bağlanması ünvanlı satış əqdidir.

2.12. Səhmdarların sayı 100-dən artıq olan səhmdar cəmiyyətlərinin siyahısı reyestrsaxlayıcılar tərəfindən mütəmadi olaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fond birjasına (bundan sonra - fond birjası) təqdim olunmalıdır. Həmin siyahılarda dəyişikliklər baş verdikdə reyestrsaxlayıcılar bu barədə dərhal fond birjasını məlumatlandırmalıdır. Fond birjası reyestrsaxlayıcılardan alınmış məlumatları vahid siyahıda cəmləşdirərək, QKDK-ya təqdim etməli və hamının tanış ola bilməsi üçün öz internet səhifəsində açıqlanmasını təmin etməlidir.

2.13. Qiymətli kağızlarla alqı-satqı əqdlərinin qeydiyyatı müvafiq depozitarda və ya reyestrsaxlayıcıda bu qiymətli kağızlara mülkiyyət hüquqlarının ötürülməsi yolu ilə həyata keçirilir.

2.14. Depozitarda saxlanılan qiymətli kağızların alqı-satqısı üzrə əqd həmin qiymətli kağızlara mülkiyyət hüquqlarının ötürülməsi müvafiq depozitarda həyata keçirildikdən sonra tamamlanmış hesab olunur.

2.15. Depozitarda saxlanılmayan qiymətli kağızların alqı-satqısı üzrə əqd həmin qiymətli kağızlara mülkiyyət hüquqlarının ötürülməsi üzrə qiymətli kağızların sahiblərinin reyestrində müvafiq qeydlər edildikdən sonra tamamlanmış hesab olunur.

2.16. Qiymətli kağızlarla aparılan alqı-satqı əqdlərinin qanunvericiliyə zidd bağlanması aşkar edildikdə, QKDK aşağıdakı tədbirləri həyata keçirir:

2.16.1. əqdin bağlanmasını və ya icrasını dayandırır;

2.16.2. əqdin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırır;

2.16.3. peşəkar fəaliyyət ilə məşğul olmaq üçün verilmiş lisenziyanın fəaliyyətini dayandırır və ya ləğv edilməsi üçün məhkəmədə iddia qaldırır.

 

3. Birjadankənar əqdlər haqqında məlumatların açıqlanması

 

3.1. Qiymətli kağızlar bazarında ədalətli qiymətlərin formalaşmasını, şəffaflığın artırılmasını və sui-istifadə hallarının aşkar edilməsini təmin etmək məqsədi ilə, birjadankənar əqdlər haqqında məlumat (Forma ¹1) fond birjasına təqdim edilir.

3.2. Depozitarda saxlanılan qiymətli kağızlar ilə birjadankənar əqdlər haqqında məlumat qiymətli kağızlar üzrə hüquqların ötürülməsinin qeydiyyatından sonra qeydiyyatı aparan depozitar tərəfindən 1 (bir) iş günü ərzində fond birjasına təqdim edilir.

3.3. Depozitarda saxlanılmayan qiymətli kağızlar ilə birjadankənar əqdlər haqqında məlumat qiymətli kağızlar üzrə hüquqların ötürülməsinin qeydiyyatından sonra qeydiyyatı aparan reyestrsaxlayıcı tərəfindən bu Qaydaların 3.2.-ci bəndində göstərilən müddətdə fond birjasına təqdim edilir.

3.4. Fond birjası birjadankənar əqdlər haqqında məlumatların ona təqdim edildiyi tarixdən 1 (bir) iş günü ərzində öz internet səhifəsində hamının tanış ola bilməsi üçün açıqlanmasını təmin edir.

3.5. Fond birjası birjadankənar əqdlər haqqında məlumatların açıqlanması qaydalarını qəbul etməlidir.

3.6. Fond birjasına təqdim edilən məlumatlar 5 (beş) il müddətində saxlanmalıdır. Həmin məlumatlar QKDK-nın tələbi ilə ona təqdim edilməlidir.

 

 


 

“Adlı investisiya qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması Qaydaları”na

Forma ¹ 1

 

 

Birjadankənar əqdlər haqqında məlumat

Əqdin bağlanma tarixi

Əqdin bağlanma yeri

Qiymətli kağızların növü

Qiymətli kağızların qeydiyyat nömrəsi

Qiymətli kağızların emitentinin adı

Qiymətli kağızların sayı

Qiymətli kağızların nominalı

Qiymətli kağızların qiyməti

Əqdin məbləği

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Məsul şəxs:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 21 yanvar 2016-cı il tarixli 02 nömrəli Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601210002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 fevral 2016-cı il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 yanvar 2016-cı il tarixli 02 nömrəli Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601210002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 fevral 2016-cı il) ilə “Adlı investisiya qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması” Qaydalarının təsdiq edilməsi barədə” 2011-ci il 26 avqust tarixli 02 nömrəli Qərarın 1-ci hissəsi ləğv edilmişdir.