AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏHKƏMƏ HÜQUQ ŞURASİNİN QƏRARİ
Qəbul edildiyi tarix: 20.12.2011
Qeydiyyat nömrəsi: 1
Adı: Məhkəmə-Hüquq Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydalarının təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 29.12.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 380.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 24201112200001
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 28.12.2011


Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun olaraq, Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikası Qanununun 12.0.13-cü və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.1.4-cü maddələrini rəhbər tutaraq, Məhkəmə-Hüquq Şurası qərara alır:

1.               Məhkəmə-Hüquq Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydaları təsdiq edilsin (əlavə olunur).

2.               Məhkəmə-Hüquq Şurası Aparatı (C.Hüseynov) Məhkəmə-Hüquq Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydalarını Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün həmin aktın qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Sədr Fikrət Məmmədov

 

 


Məhkəmə-Hüquq Şurasının 20 dekabr 2011-ci il tarixli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

 

 

Məhkəmə-Hüquq Şurası tərəfindən

normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi

 

QAYDALARI

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən hazırlanmışdır və Məhkəmə-Hüquq Şurasının (bundan sonra Şura) normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydalarını müəyyən edir.

1.2. Şuranın normativ xarakterli aktları qanunvericiliklə ona həvalə edilmiş vəzifələrin həyata keçirilməsi və nizamlanması məqsədi ilə Şura tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi sənəddir.

1.3. Şuranın normativ xarakterli aktları qərar formasında qəbul edilir.

1.4. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra Konstitusiya Qanununu) 4.3-cü maddəsinə uyğun olaraq, Şuranın normativ xarakterli aktları normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.

1.5. Konstitusiya Qanununun 4.4-cü maddəsinə uyğun olaraq, Şuranın normativ xarakterli aktları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.

1.6. Konstitusiya Qanununun 4.2-ci maddəsinə uyğun olaraq, Şuranın normativ xarakterli aktları onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.

1.7. Bu Qaydalar Şuranın intizam icraatı üzrə qərarlarına, həmçinin digər konkret (birdəfəlik) təşkilati, sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər qeyri-normativ hüquqi aktlarına tətbiq edilmir.

 

2. Şuranın normativ xarakterli aktlarının hazırlanması

 

2.1. Şuranın normativ xarakterli aktları Konstitusiya Qanununun 50-ci maddəsinin tələblərinə uyğun hazırlanır.

2.2. Şura normativ xarakterli aktların layihələrini aidiyyəti struktur bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya və ya layihələrin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.

2.3. Normativ xarakterli aktların layihələri Şura Aparatının iştirakı ilə hazırlanır.

2.4. Konstitusiya Qanununun 46.1-ci maddəsinə uyğun olaraq, Şuranın normativ xarakterli aktları layihələrinin razılaşdırılması qanunvericiliklə məcburi olduqda, habelə normativ xarakterli aktda digər dövlət orqanları ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır.

 

3. Şuranın normativ xarakterli aktlarının qəbul edilməsi

 

3.1. Şuranın normativ xarakterli aktları Şuranın iclasında, açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Məhkəmə-Hüquq Şurasının iclasına sədrlik edən axırıncı səs verir. Şuranın normativ xarakterli aktları Şuranın sədri tərəfindən imzalanır.

3.2. Şuranın normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Dövlət Reyestri) daxil edilmək məqsədilə qəbul edildiyi gündən üç iş günü müddətində qanunverciliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.

3.3. Şuranın normativ xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

3.4. Zəruri hallarda, o cümlədən yeni hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olaraq, Şura qüvvədə olan normativ xarakterli aktlarında müvafiq dəyişikliklər edir. Normativ xarakterli aktlarının yeni qəbul edilmiş hüquqi akta uyğunlaşdırılması zərurəti olmadıqda, Şura Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müvafiq məlumat verir.

 

4. Yekun müddəa

 

Şuranın normativ xarakterli aktlarının rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi ilə bağlı digər məsələlər Konstitusiya Qanununa uyğun olaraq tənzimlənir.