AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MİLLİ MƏCLİSİN QƏRARI
Qəbul edildiyi tarix: 30.12.2011
Qeydiyyat nömrəsi: 288-IVQR
Adı: Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikasının Senatına Müraciətinin təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 05.01.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.120.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 31201112300288
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 05.01.2012


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikasının Senatına Müraciəti təsdiq edilsin.

 

 

Azərbaycan Respublikası

 

   Milli Məclisinin Sədri

O.Əsədov

 

 

 


AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN

FRANSA RESPUBLİKASININ SENATINA

MÜRACİƏTİ

 

Hörmətli həmkarlar,

Bu il dekabrın 22-də Fransa Respublikasının Milli Assambleyasında "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul olunduğu barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. Növbəti mərhələdə layihənin Fransa Respublikası Senatının müzakirəsinə çıxarılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə belə bir qanun demokratik quruluşun təməlində dayanan, insan hüquqları və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlığına zidd olacaqdır.

Hazırda dinlər və mədəniyyətlər arasında dialoqun dərinləşdirilməsi zərurətinin mövcud olduğu bir dövrdə bu cür qanunun qəbul edilməsi dünyada ikili standartların mövcudluğu barədə fikirləri təsdiqləyəcəkdir. Hər bir ölkənin tarixində axıra qədər məlum olmayan, elmi cəhətdən tədqiq edilməsinə ehtiyac olan hadisələr vardır. 1915-ci ildə Osmanlı Türkiyəsi ərazisində ermənilərin "soyqırımı"na məruz qalması barədə deyilənlər də ciddi araşdırma tələb edən ehtimallar qəbilindəndir. Yeri gəlmişkən, xatırlatmaq istərdik ki, bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlər açılmış, arzu edən hər kəs, o cümlədən erməni siyasətçiləri və alimləri XX əsrin əvvəllərinə aid tarixi sənədlərlə tanış olmağa dəvət edilmişlər. Təəssüf ki, erməni tərəfi sağlam diskussiya barəsində bu təklifə etinasızlıq göstərmişdir.

Diqqətinizə çatdırırıq ki, "erməni soyqırımı"nın baş verdiyi iddia olunan dövrdə, yəni XX əsrin əvvəllərində yüz minlərcə günahsız türk və azərbaycanlı erməni millətçiləri tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdir. Lap yaxın keçmişdə, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin yüzlərcə dinc sakini yalnız azərbaycanlı olduğuna görə Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bütün bunlar nəzərə alınarsa, yəqin, bizimlə razılaşarsınız ki, tarixi hadisələrə bir tərəfin mövqeyindən qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliyə gətirib çıxara bilər. Ayrı-ayrı siyasi qrupların və etnik lobbiçilərin bəd niyyətli fəaliyyəti nəticəsində qəbul edilə biləcək qanun 2 əsrdən də çox bundan əvvəl İnsan və vətəndaş hüquqları haqqında Bəyannaməni qəbul etmiş Fransa kimi qədim demokratik ənənələrə malik ölkənin nüfuzuna yalnız ləkə vura bilər. Bununla yanaşı, belə bir qanun Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaqdır. Ona görə də Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirir ki, Fransa Respublikasının Senatı adı çəkilən məsələnin müzakirəsi zamanı diqqətli və həssas olacaq, demokratik prinsiplərə zidd olan qanunun qəbul edilməsinə yol verməyəcəkdir.

 

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin

2011-ci il 30 dekabr tarixli iclasında qəbul edilmişdir.)